Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Gözlərimin giləsinə bir damla yaş keşik çəkir" - Rafiq ODAY

Tarix: 23-07-2022 11:43     Baxış: 2637 A- / A+


                                          Rafiq ODAY 

Bu gün tanınmış şair-publisist, Əməkdar jurnalist Rafiq ODAYın növbəti doğum günüdü. Rafiq ODAYın doğum günü Ağdamın işğalı ilə eyni günə təsadüf etdiyi üçün, o, otuz ilə yaxın bu özəl gününü qeyd etmədi. Bəzi hallarda isə, bir-iki gün rəqəmlərin yerini "irəli-geri" çəkməklə dostların xətrinə dəymədi. Artıq biz Ağdamın iğşal gününü deyil, yağıdan azad olunduğu tarixi bayram kimi qeyd edirik. Və iki ildi Rafiq Odayın rəqəmləri "alt-üst" etməyinə ehtiyac qalmır. Doğum gününü öz vaxtında - 23 iyulda qeyd edir. 

Manevr.az ailəsi olaraq, Rafiq ODAYı doğum günü münasibətilə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları diləyirik. Bir neçə şeirini oxuculara təqdim edirik.

 

İLAHİ

Hələ bir yol tutmamış
Əlimiz dən, İlahi,
Son ümid də alındı
Əlimizdən, İlahi.

Susduq kara çəkildik,
Hardan-hara çəkildik…
Dindik dara çəkildik
Dilimizdən, İlahi.

Haqq-divandan əsər yox,
Ha de, zərrə əsər yox…
Daha doğru xəbər yox
Dəlimizdən, İlahi.

Viran ömür arşında,
Müti quluq qarşıda.
Papaq Əli başında,
Haqq-hesabı sorulur
Vəlimizdən, İlahi.

Çatmır səbir, hövsələ,
Özün sovur, əfsələ…
Bu milləti hifz elə
Nəfsinə qul öz milli
Zəlimizdən, İlahi.

27.05.2022



DƏYİŞİR

(Fazil Yusif - qardaş, səhərki əməliyyat bundan o yana keçmədi, üzürlü say)

Dəyişir dünyanın donu,
Hər kəsin donu dəyişir.
Gözəllik daha on deyil,
Onun da onu dəyişir. 

Nənəsi ölsün Turanın,
Dilindən düşmür duranın.
Din-imandan dəm vuranın 
Qibləsi, yönü  dəyişir. 

Suya həsrət Su pərisi, 
Dinmə, Arazdı bərisi. 
Kiminin incə dərisi, 
Kiminin gönü dəyişir. 

17.06.2022 .


 DİL VARDISA “KAŞ”A, YAHU 

Ruhsuz canda sazaq gəzər, - 
Baxmaz yaya, qışa, Yahu.
Dost-tanışlar uzaq gəzər, 
Bəxt ilişsə xışa, Yahu. 

Dəyişər dərdin cilidi, 
Açılmaz bəxtin kilidi, 
Bu kül haranın külüdü, - 
Ələndi bu başa, Yahu?! 

Ağır olar yolda şələ, 
Keçilməz ki – yol daş elə...
Yolçu elə, yoldaş elə 
Bu dərvişi quşa, Yahu! 

Yığıbsa gər, işdə yığıb, 
Dövranı-gərdişdə yığıb. 
Bu baş çox səriştə yığıb, - 
Bu daşdan o daşa, Yahu.

 Ağ gün bir ağ don biçmədi, 
Qarasız bir gün keçmədi.
Gözü gözdən su içmədi, 
Ölüm baxdı qaşa, Yahu. 

Küsmə ötən aydan, ildən, 
Bu su arınmaz ta lildən.
Demək ki, çıxıbdı əldən, -
Dil vardısa “kaş”a, Yahu.

 26.05.2022


 ÖZÜN BAĞIŞLA

Tanrım, TƏKliyinə xatir 
Cütləri özün bağışla. 
Günahı bütpərəstə yaz, 
Bütləri özün bağışla. 

Bağışla ac-yalavacı,
Göstər yolu-yolağacı. 
Əl ağacı – yol ağacı – 
Lütləri özün bağışla. 

Ümid əldi, divan ətək,
Kimdi gəzən divanətək?!
Aqilləri divana çək, 
Kütləri özün bağışla!


QARANLIQ ADAM 

Sən hardan çıxdın yenə də
Qarşıma, qaranlıq adam? 
Gör necə zülmət bürüdü 
Dövrəmi biranlıq, adam. 

Qudurub, susama qana, 
Diş qıcartma dördbir yana.
Yaxın durma gülüstana, - 
Xisləti viranlıq adam.

Yerin bir təpəyə dəyməz,
Gerin bir təpiyə dəyməz. 
Dərin bir qəpiyə dəyməz, 
Ağlı bir qranlıq adam. 

Yaralardan duzun bitməz,
Saymaq ilə üzün bitməz.
Yüz don geyin, yenə örtməz
Abrını, üryanlıq adam.


QALMADI
Bu gün olanlar oldu ta,
Sabaha nəsə qalmadı.
Yollar yoxuşa dirəndi,
Getməyə kəsə qalmadı.

Son ümid də axtalandı,
Gözlərdə qan laxtalandı.
Fələk satan, bəxt alandı, –
Biz düşdük nəhsə, qalmadı.

Dan söküldü, qürub getdi,
Yalandan vay qurub getdi.
Gedənlər hayqırıb getdi,
Bir söz də pəsə qalmadı.

Gülüm, saçların qulacdı,
Baxdım – gözümdə gül açdı.
Dünya yaxşıya qol açdı, –
Heç zaman pisə qalmadı.

Bu son bir başlanğıc ola,
Eşidən başdan qıc ola,
Kim görüb ki, eşq qocala, –
Adəmdən bizə qalmadı..


NƏ DANIM

Daha titrək əllərindən
Üzülüb əlim, nə danım?!
Hamıdan ağıllı olan,
Hamıdan dəlim, nə danım?

Qəlb didən oxun yox idi,
Sevgisiz yuxun yox idi,
Bir kərə “yox”un yox idi,
Ay mənim “bəli”m, nə danım?!

Aramıza iblis girdi,
Girdi, özü də pis girdi.
Seryağublar şər püsgürdü,
Vuruldu pəlim, nə danım?!

Daha düşmür pay qarmağa,
Baxıb gülür çay qarmağa,
Heymi qalıb hayqırmağa? –
Olmuşam həlim, nə danım?!

Hanı o xoş anlı çağım,
Ötüb dəliqanlı çağım,
Ömürlə qanlıbıçağam,
Gülür əcəlim, nə danım?!

Hər tərəf kor, hər yan sağır,
Göydən həsrət, nisgil yağır,
Bəlkə son deyil, sən çağır,
Mən donüm gəlim… nə danım


TAPDIM SƏNİ
 
Gələn yazın həlim-həlim,
Nəfəsində tapdım səni.
Yarpaq-yarpaq, çiçək-çiçək,
Həvəsində tapdım səni.
 
Adaq-adaq nalçasında,
Budaq-budaq alçasında,
Naxış-naxış xalçasında,
Gəbəsində tapdım səni.
 
Yerdən, göydən qor umduğu,
Qızmar yayda qar umduğu,
Gəncliyimin qorunduğu,
Həbəsində tapdım səni.
 
Mələklərin qanadında,
Ruhlar yanar eşq odunda.
Bu dünyanın eşq adında
Kəbəsində tapdım səni.
 
AĞLAYAQ GETSİN 
 
Gəl bu günə də bir ad
Qoyaq, ağlayaq getsin.
Yumsaq, kirpikdən olluq,
Oyaq ağlayaq getsin.
 
O kimdi, yolun azır? -
Üst-başı yalın azır.
Çox "qəbrəqoyulmaz"ı,
Qoyaq, ağlayaq getsin.
 
Küllük olub toy yeri,
"Qaragöz boy-boy" yeri,
Nəsimilər boy verir, -
Soyaq, ağlayaq getsin.
 


KEŞİK ÇƏKİR
 
Qucaq açdı gülə sinəm,
Bəlkə bir az gülə sinəm.
Gözlərimin giləsinə
Bir damla yaş keşik çəkir.
 
Həyadan yana tər sinə,
Üz qızara, tər isinə.
Yaxşı ki, deyil tərsinə, -
Ayağa baş keşik çəkir.
 
Üzdü xəyanət canımı,
Yurda əmanət canımı.
Namərd kəsdirib yanımı,
Əlində daş keşik çəkir.
 
Alsa ruhunu dərd ələ,
Budur ən böyük dərd elə,
Olub bir sürü dərd ilə,
Bağrım badaş, keşik çəkir.
 
Ahım haradan haraya...
Yetiş, Yaradan, haraya,
Ölümü qoyub araya,
Göz ilə qaş keşik çəkir.
 


AĞRIYIR
 
Dərd əkib, qəm biçməkdən,
Qol yerindən ağrıyır.
Kasıb yoxdan, harınsa
Bol yerindən ağrıyır.
 
Gözlərim oyum-oyum,
Nə baxdım ki, nə doyum?!
Canımı hara qoyum? -
Sol yerindən ağrıyır.
 
İçimə damcılayır
Çölümün qançırları.
Kürəyim qamçıların
Zol yerindən ağrıyır.
 
Dünya məhbəs, qəfəs dar,
Ya al, ya ver - nəfəs dar.
Cəmi yaranmış ki var -
"Ol" yerindən ağrıyır.

Rafiq ODAY 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar