yazıçı-publisist
Bir vaxt Ulu öndərin ona hədiyyə etdiyi 3 otaqlı mənzili şəhid olmuş əsgərinin ailəsinə bağışlayan komandirdir o!
44 günlük Vətən Müharibəsi və 8 noyabr Zəfər bayramına qədər davam edən, sevinc və kədərlə keçən günlərimiz!.. Və 10 dekabr müzəffər ordumuzun Zəfər paradı! Qələbəmizin ölçüyə-çəkiyə sığmayan sevinci, 200 illik tarixdə ilk dəfə qürurla, baş ucalığıyla özümüzü xoşbəxt hiss etdiyimiz an! Artıq Azərbaycan itirilmiş torpaqlarını qaytarmaqdadır və söz yox ki, tamamilə qaytaracaq!
Bəli, biz Dövlət, Millət, Vətəndaş olaraq birləşməyi bacardıq və qalib gəldik! Bu Qələbədə kiçiyindən böyüyünə qədər hər kəsin bacarığına, özünə görə payı var (düşünürəm ki, qəlbən sevinmək də elə paydır).
30 ildən çox həsrətində olduğumuz bu böyük Qələbəni bizə bəxş edən, yurdumuzu bütün varlıqları ilə sevərək, döyüşlərə nər kimi, hünərlə atılan, cəsarətlə, ürəklə döyüşən Vətən övladlarıni bir an belə yaddan çıxartmamalıyıq! Hər biri haqqında əsərlər yazılmalı, adları tarixə qızıl hərflərlə düşməlidir.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Bizim qələbə qazanmağımızın başlıca səbəblərindən biri gənclərimizin Vətən, torpaq sevgisi, əzmikarlığı, cəsarəti, qorxmazlığı, düşmənə olan sonsuz nifrət hissidir”.
Bəli, o qəhrəman oğullardan biri də Vətən müharibəsinə hərbi Birlik Komandiri kimi döyüşlərin ön cərgəsində olan general-mayor Mayis Şükür oğlu Bərxudarovdur!..
Hamımız müharibədə bilavasitə iştirak etməsək də, hadisələrin gedişini izləyə-izləyə, KİV xəbərlərini dinləyə-dinləyə özümüzü elə cəbhədəymiş kimi hiss etmişik. Adi vaxtlarda peşəkarlıqlarından xəbərimiz olmayan nə qədər igidlərimizi tanıdıq. Eləcə də gənc, döyüşkən generalımız Mayis Bərxudarovu!
Düzdür M.Bərxudarovu daha öncədən, Lələtəpə qələbəsindən tanıyırdıq. Kifayət qədər döyüş təcrübəsi olduğunu bilərək, onun yeni qələbələr qazanacağına dərin inamımız vardı.
Vikipediyadan. Mayis Şükür oğlu Bərxudarov 1976-cı ildə Qubadlı rayonunun Dəmirçilər kəndində zəhmətkeş bir ailədə doğulmuş, orta təhsilini də orda almışdır. Uşaqlıqdan hərb sənətinə olan həvəsi onu Cəmşid Naxçıvanski adına hərbi liseyə aparmışdı. O, hərbçi taleyində qazandığı uğurlarda bir vaxtlar idman müəllimi olmuş Milli Qəhrəman Əliyar Əliyevin və hərbi liseyin rəhbəri general-leytenant Valeh Bərşadlının əməyini xüsusilə yüksək qiymətləndirir. Məhz V.Bərşadlı vaxtilə - 1993-cü ildə hərbi liseyin kursantı olan Bərxudarın bir qrup dostları ilə vətənpərvərlik duyğularının təsiri altında xəlvətcə döyüşə yollanmasının qarşısını almış, ona hərbi təhsilini davam etdirməyi, hərb peşəsinə dərindən yiyələnməyi tövsiyə etmişdi.
General-mayor Mayis Bərxudarov peşəkar hərbiçidir və Qarabağ döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. Aprel döyüşlərində korpus komandiri olan general, döyüşlər başlayan kimi özü də əsgərlərlə bərabər birbaşa döyüşlərdə iştirak edib. Şahidlərin dediklərinə görə, o, tankın üzərində, öndə olmaqla bütün əsgərlərini ruhlandıraraq: “Arxamca, irəli!!!” komandası verir və böyük qələbəyə nail olur!
1998-ci ildən mayor kimi daim ön cəbhədə, döyüş xəttində xidmətdə olan Mayis Bərxudarovu Ulu öndər Heydər Əliyev şəxsən özü “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmiş, həm də ona 3 otaqlı mənzil hədiyyə etmişdi. Lakin böyük ürək sahibi olan Mayis Bərxudarov Ulu öndərə minnətdarlığını bildirmiş və o böyük şəxsiyyəti təəccübdə qoyaraq, həmin evin döyüş zamanı şəhid olmuş əsgərinin ailəsinə verilməsini xahiş etmişdi.
2012-ci ildə Prezident İlham Əliyev tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif edilən Mayis Bərxudarov 4 il sonra - 2016-cı ilin Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərmiş, Lələtəpənin düşməndən azad edilməsində şəxsən iştirak etmiş, az sayda zabit heyəti və əsgərləri ilə erməni silahlı qüvvələrini məhv edib, sıradan çıxarmışdı. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə vəzifə borcunu yüksək peşəkarlıq və ləyaqətlə yerinə yetirən, Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə düşmənə qan udduran Mayis Bərxudarova göstərdiyi hərbi şücaətə və igidliyə görə general-mayor hərbi rütbəsi verilmişdir. Xüsusilə diqqətəlayiqdir ki, bu, son 20 ildə ilk dəfə olaraq bilavasitə döyüşlərdə göstərilən igidliyə, şücaətə görə verilən general rütbəsidir.
Qarabağ uğrunda gedən ağır döyüşlərdə yükək general peşəkarlığı, böyük rəşadət nümunələri göstərən hərbi birlik komandiri, general-mayor Mayis Bərxudarovun Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasında müstəsna xidmətləri olmuşdur. Təsadüfi deyil ki, bu igid general “Qarabağ” ordeni ilə, eləcə də Şuşanın, Xocavəndin, Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azad edilməsinə görə döyüş medalları ilə təltif olunub.
Bəli, general Mayis Bərxudarovun son dövrlərdə hərb meydanında Vətən adına bütün fəaliyyəti, yaşadıqları çox çətin, lakin şərəfli bir hərbçi ömrüdür.
44 günlük Vətən müharibəsi tamamilə başqa, xalqımıza sevincli-təlatümlü hisslər, çox böyük bir qələbə eşqi, aşıb-daşan qəhrəmanlıq duyğuları yaşatmış bir savaş olmuşdur. Gizli deyil ki, müharibəyə qərar vermək bir günün, bir ilin işi deyil. Müharibənin gedişini, onun aqibətini, sonluğunu uzun illərin hazırlığı, döyüş peşəkarlığı, döyüş təcrübəsi həll edir. Bu baxımdan döyüş meydanlarında öz təcrübəsi, peşəkarlığı ilə düşmənə hər addımda üstün gələn, əsgərlərinin önündə gedən zabitlərimizə, generallarımıza halal olsun!
Onu xüsusilə diqqətə çatdırmaq lazımdır ki, hərbçinin seçdiyi peşəsinin vurğunu olması, olduğu yerdə seçilməyi bacarması, sevilə bilməsi hər kəsin şəxsi keyfiyyətlərinin nəticəsi, döyüş bacarığının yüksək olması, vətənə olan sevgisi ilə bağlıdır! Bu sevgidir hər kəsi, elə Mayis Bərxudarovu da qətiyyətlə, inadkar bir qüvvəylə qələbəyə aparan! Bəli, hər qarış torpağın azad edilməsinə sevinən, itirdiyi döyüşçüsünə görə sarsılan, üzülən, bəzən göz yaşlarını belə gizlədə bilməyən bu Vətən oğluna - Mayis Bərxudarova Qələbə qazandıran müqəddəs Vətən sevgisidir!
Hər itirdiyi döyüşçüsünun qisasını almaq, onların canı-qanı bahasına alınan torpaqları qorumaq gücündədir Mayis Bərxudarov! Onun bəzi döyüş epizodlarının şahidləri olan əsgərlərin, qazilərin dediklərindən bu qənaətə gəlirsən..:
“Şiddətli döyüş gedirdi, mən ağır yaralandım. Baxdım ki, qolum yoxdur. Sol tərəfimdə vuruşan general Mayis Bərxudarov idi. Məni tez döyüş bölgəsindən çıxartdılar. Allah onu qorusun!”.
“Generalımız sıldırım qayalıqda yaralanmış döyüşçünü kənara çıxartmağa bizə macal vermədi, özü onu çiyninə alaraq bir qədər arxaya, döyüşdən kənara çıxartdı".
“Komutanımız çox güclü kəşfiyyatçıdır. Qubadlı istiqamətində hücum zamanı bir dəstə döyüşçü ilə 8 saatdan çox “yoxa” çıxdı. Gizli yollarla 20-25 km qət edərək, düşmən istehkamlarının yerini dəqiqləşdirmiş və onları məhv etmişdi...".
“Mayıs Bərxudarov işıni bilən, cəsur döyüşçüdür!”
“O, Kişidir! Ona sadə söz demək, söhbətə tutmaq onun vaxtın almaqdır...”
Müharibənin ilk günlərində çox ağır qəlpə yaraları almış, lakin bunu bacardığı qədər gizlətməyə çalışmışdır. Kürəyində, böynunda, qolunda, ayağında kəsilmiş, deşilmiş yaralarla döyüşə davam etmişdir.
Həkimin dediklərindən: ”Əslində bu yaralarla o, qospitalda yatmalıydı. Lakin o, buna qəti etiraz etmişdi. Məcburən döyüş bölgəsində, sığınacaqlarda yarası sarınırdı. Bəzən saatlarla gözləyirdik ki, onun yaralarının sarğısını dəyişək, bəzən gecə saatlarına qədər imkan olmurdu, bəzən də o qədər yorğun olurdu ki, elə yaralar təmizlənib, sarınığı vaxt yuxuya gedirdi. Bu ağır yara ilə ona hərəkət etmək çətin olsa da, o, bunu bacarırdı. Bir gün də olsun yataqda qalmadı, elə bil ağrını da hiss etmirdi” .
Belə bir mühüm məqam da diqqəti çəkir: "Sovet dövründə müharibə zamanı komandir öz əsgərlərinə “irəli!” deyə əmr edirdisə, Azərbaycan zabiti, generalı “arxamca” deyərək, əsgərinin önündə gedirdi. Bunun bir səbəbi də generalından tutmuş əsgərinə qədər ürəklərdə olan Vətən sevgisi, vətən yanğısı, düşmənə olan nifrət hissi idi.
General B.Bərxudarov bir müsahibəsində etiraf edir ki, “hərbçi peşəsi çox çətin bir peşədir...”. Bəli, cənab General! Çox çətin, ancaq çox şərəfli peşədir. Bu peşəni axıracan şərəflə, qeyrətlə davam etdirmək, əsgərinin, xalqının nəzərində sevimli olmaq, hörmət qazanmaq da hər kəsin hünəri deyil. Burda halal torpaq, halal çörək, halal ocaq, halal süd də çox önəmlidir. Bunu mən demirəm. Bu fikir ata-babalarımzın sınanmış həyat təcrübələrindən qaynaqlanır. Bəli! Sən əliqabarlı, öz zəhmətilə çörək qazanan Şükür kişinin, ağzı dualı bir ananın halal çörəyilə böyümüsən.
Bu fikirləri söylədikcə gözlərimin qarşısında qəhrəmanımızın anası, mələk simalı Mahirə xanım canlanır. Başı daima örpəkli, asta danışıqlı, bir az utancaq, sözsüz-sovsuz, xanım-xatın Ana! Hər zaman əli dəstəmazlı, ağzı dualı Mahirə xanım!
Bir dəyərli əsərdən oxuduğum, uzun zamandır ağlıma, beynimə sancılıb qalan son dərəcə maraqlı və dəyərli bir fikir məni çox təsirləndirmişdir. Azərbaycanlı böyük sufi, mütəfəkkir şairi Mir Həmzə Nigarinin həyat-yaradıcılığından bəhs edən, türkiyəli Mirzadə Mustafa Fəxrəddin Ağabali əfəndinin müəllifi olduğu “Hümayi-ərş" əsərində Mir Həmzə Nigarinin anasının: ”Həmzə, sənin tərbiyən üçün heç bir şeydə qüsur etmədim, əsla dəstəmazsız bir loxma yedirmədim, körpəliyində dəstəmazsız süd vermədim...”
“Dəstəmazsız yemək bişirmədim, süd vermədim..." - Əsl türk qadınının böyüklüyü, aliliyi. XVlll əsrin axırı, XlX əsrin əvvəllərində bir türk qadınının düşüncə tərzi.
Bəli, türk qadını, türk anası budur. Tarix boyu türk qadınının qeyrəti, saflığı, sədaqəti, inancı dillərdə dastana çevrilmiş və çevrilməkdədir. O qəhrəmanları dünyaya gətirib tərbiyyə edən, “təmiz süd” verən Analar var. Bu, çox önəmli, sınanılmış bir aksiomdur. Bu gün də göz önümdə yaşamış, hər addımıyla hörmət qazanmış Qəhrəmanımızın anasını xatırlayaraq deyirəm: “Ruhunuz şad olsun, Mahirə xanım! Azərbaycana belə mərd, vətənpərvər, bütün insani keyfiyyətləri özündə toplayan bir oğul verdiyinizə görə! General-mayor Mayis Bərxudarova görə! Məkanın cənnət olsun, Mahirə xanım!”
Mən bir də tarixi həqiqətlərə əsaslanaraq və bu gün də onun təsdiqini görərək deyərdim ki, Azərbaycanın füsunkar diyarı olan Qubadlı torpağı ziyalılar, sərkərdələr, qəhrəmanlar yetişdirir... Bu gün də bu ənənəni davam etdirən, ləyaqətlə, şərəflə xalqına xidmət edən övladları var Qubadlının! O övladlar ki, bütün həyatlarını Azərbaycana xidmətdə görürlər.
Bu gün o övladlardan biri olan Mayis Şükür oğlu Bərxudarovla qürur duyuruq!
Allahın əmanətində olun, cənab General!
Təqdim etdi: Rəhman ORXAN