Xəbər lenti
Hökumət ölkə iqtisadiyyatını neftin qiymət asılılığından xilas edə bilmir - Ekspert
Artıq 2019-cu il başlayıb. Son bir neçə ildə ölkədə böhranlı vəziyyət hökm sürsə də, hələlik bu, ciddi iqtisadi problemlər yaratmayıb. Ölkəmiz neft istehsalçısı olduğundan neft pulları hesabına dövlət büdcə ilə bağlı hər hansı problem olmayıb.
Doğrudur, son bir neçə ildə əhalinin gəlirləri xeyli azalıb, bahalaşma var, aztəminatlı ailələrin sosial durumu ağırlaşıb. Lakin hökumət neft pulları hesabına yaranmış vəziyyətdən çıxmağa çalışır. Ən pisi isə odur ki, ötən ilin sonlarından dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkədə müəyyən sıxıntılar yarada bilər. Həm də nəzərə almalıyıq ki, 2019-cu ilin büdcəsində neftin qiyməti 60 dollardan götürülsə də, hazırda dünya bazarında qiymət təxminən 55 dollardır. Bu, indiki halda ciddi problem kimi görünməsə də, qarşıdakı dövrlərdə müəyyən sıxıntıların ortaya çıxması mümkündür.
Qarşıdakı dövrdə ölkədə hansı iqtisadi problemlərin yarana biləcəyi, milli valyutamızın taleyi, istehsal, xarici ticarət və digər iqtisadi proqnozları öyrənmək üçün iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət etdik.
2019-cu illə bağlı iqtisadi gözləntilərini Reyting.az-la bölüşən N. Cəfərli deyir ki, istər dünyada, istərsə də Azərbaycanda bu ilin maraqlı hadisələrlə yadda qalma ehtimalı böyükdür. Onun qənaətincə, bu il ticarət, valyuta mübadilələrində yeni qaydaların tətbiqi istiqamətində mühüm addımlar atılacaq: "Bu mübarizədə ciddi maraq toqquşmalarının yaşanacağı gözlənilir. Avropa Birliyi, Amerika və Çin arasında maraq toqquşmaları ticarət müharibələrini labüd edir”.
N. Cəfərli
N. Cəfərli qeyd edib ki, ticarət və valyuta müharibələrinin getməsi ümumdünya ticarət prosesinə mənfi təsir göstərən amilə çevrilə bilər. Çünki ümumdünya ticarətinin zəifləməsi ilə ümumdünya iqtisadi aktivliyinin azalması mümkündür: "Sözsüz ki, bunun Azərbaycana da təsirləri qaçılmaz olacaq. Ötən ilin sonlarından başlayaraq azalan neft qiymətləri, dünyada ticarət müharibəsi qızışacağı təqdirdə daha da enə bilər. Nəzərə alsaq ki, neft qiymətləri iqtisadiyyatın tənzimlənməsində həlledici rol oynayır, o zaman vəziyyətə hansı formada təsir edəcəyini təsəvvür eləmək elə də çətin deyil.
Məlum olduğu kimi, Azərbaycan büdcəsində neftin payı çox yüksəkdir, yəni bir başa Neft Fondundan transfert 50 faiz təşkil edir. Eyni zamanda, təqribən 15 faiz də neft şirkətlərindən gələn verigilər var. Xarici ticarətdə isə neft, neft məhsulları və qaz ümumilikdə ticarətin 95 faizini təşkil edir deyə, neft qiyməti ilə bağlı proseslər Azərbaycan iqtisadiyyatına təsir göstərəcək”.
N. Cəfərli diqqətə çatdırıb ki, bütün makro-iqtisadi göstəricilər, manatın məzənnəsi, iqtisadi aktivlik, ticarət dövriyyəsi, xarici ticarət dövriyyəsində müsbət, ya mənfi saldonun olması əsasən neft qiymətləri ilə bağlı olacaq. Əgər neft qiymətləri büdcədə nəzərdə tutulmuş 60 dollardan çox aşağı olsa, bu zaman müəyyən problemlərin yaşanması qaçılmazdır. Əgər qiymət 55-60 dollar civarında olsa, elə də təhlükə gözlənilmir. Manatın məzənnəsində də, makro-ioqtisadi göstəricilərdə də təhlükəli vəziyyət yaranmayacaq. Amma 55 dollardan aşağı qiymət koridoru manatın məzənnəsində ciddi problem yarada bilər. Bu zaman basqılar artar və ticarət dövriyyəsində mənfi saldo yaranar.
Ekspertin sözlərinə görə, bütün iqtisadi göstəricilərin neftdən asılı olması yaxşı hal deyil və bu, hökumətin bu günə kimi yürütdüyü siyasətin səmərəsiz olduğunu ortaya qoyur.
"Onu da qeyd edim ki, qəbul olunan bir sıra proqramların bəhrəsini 2019-dan hiss etməyə başlayacağıq. Bu səbəbdən müəyyən müsbət məqamlar da gözləniləndir. Əsasən də aqrar sektorda həm istehsalın, həm də ixracın artması mümkündür. Amma bu istehsal həcmcə o qədər kiçikdir ki, ümumi iqtisadi göstəricilərdə böyük rol oynamır. Hər halda, real vəziyyət budur, bundan sonra necə davam edəcəyini zaman göstərəcək”, – deyə N. Cəfərli fikrini tamamlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar