Son vaxtlar Dövlət Gömrük Komitəsində qanunsuzluqlar və korrupsiya halları ilə bağlı silsilə həbslər baş verir. 2022-ci ildə komitə sədri Səfər Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra, gömrükdə bir sıra ciddi dəyişikliklər aparılsa da, faktiki pozuntuların qarşısı almaq mümkün olmadı. Sahibkarlar və vətəndaşlar arasında da Gömrük Komitəsinə münasibət birmənalı deyil. Bir çox iş adamı DGK-nın onların fəaliyyətinə ciddi zərbə vurmasından şikayət edirlər. Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi fəaliyyəti yersizdir:
“Birinci növbədə, Azərbaycanda Gömrük Komitəsinin müstəqil və ayrıca bir qurum kimi qalmasına ehtiyac yoxdur. Ləğv edilib ya İqtisadiyyat Nazirliyində, ya da Maliyyə Nazirliyində bir şöbə, departament kimi fəaliyyət göstərməlidir. İkincisi, Komitənin istintaq orqanları ləğv edilməlidir. Bu, vətəndaşlar üçün çox ciddi problem yaradır. Üçüncüsü isə, yeni Gömrük Məcəlləsi yazılmalıdır”.
Ekspertin fikrincə, hazırki Gömrük Məcəlləsi iş adamlarının “kabusuna” çevrilib:
“Bir çox hallarda gömrük orqanları elə həmin bir-birinə zidd maddələrlə dolu olan, sanki iş adamlarının və insanların əleyhinə yazılmış Gömrük Məcəlləsinə istinad edirlər. Vətəndaşlar və sahibkarlar da incidiləndə həmin məcəlləyə istinadən addımlar atılır. Bu məcəllə kökündən dəyişdirilməli, yenidən yazılmalıdır. Bir sözlə gömrüyün, həm idarəetməsi, həm fəlsəfəsi, həm də qanunvericilik bazası dəyişdirilməlidir ki, bundan sonra iş adamlarının kabusuna yox, dostuna çevirilsin”.