Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanı “şiə ölkəsi” hesab edən İranın GERÇƏK ÜZÜ

Tarix: 24-09-2022 09:42     Baxış: 3315 A- / A+

İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci iclası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan sərhədində baş verənlər idi və Paşinyan Rəisiyə Bakıdan şikayət etdi. Rəisi də öz növbəsində ənənəvi “qırmızı xətt” açıqlamasını təkrarlayıb və qeyd edib ki, Ermənistanın təhlükəsizliyi İran üçün çox önəmlidir.

Rəisi Paşinyanı Nyu-Yorkda təsəlli etdiyi ərəfədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri “Sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik” təhdidini səsləndirdi. Bu təhdidin Azərbaycana ünvanlandığı bəllidi və İran hərbi-siyasi rəhbərliyi səfini açıq şəkildə Ermənistanın yanında tutur. İran Sərhəd Qoşunlarının Xudafərin sərhəd zolağında “terrorçu qruplaşmaların iki üzvünü silah-sursatla həbs etdiklərinə” dair iddialı məlumatı da bu ölkənin təhdidlərini praktiki mərhələyə keçirmək cəhdindən xəbər verir.

Ermənistan sərhədlərini “qırmızı xətt” elan edən rəsmi Tehranın təzyiq siyasətini iki iddia üzərində quracağı bəlli idi.

- Bölgədə “sionizm” fəaliyyətləri var;
- Bölgədə terrorçu qruplaşmalar yerləşir;


Hələ 44 günlük müharibə dövründə ortaya atılan bu iddiaların indi – sərhəddə toqquşmaların baş verməsindən və İranda hicab aksiyasının kütləvi hal almasından sonra aktuallaşdırılması təsadüfi deyil. Və bəllidir ki, İran bu iddialarla cari dövrdə daxildəki etiraz atmosferini “sərhədlərimizə təhlükə var” iddiası ilə səngitmək, strateji planda isə Ermənistanın müdafiəsini üzərinə götürmək niyyətindədir.

Şiəliyin müdafiəçisi olduğunu deyən İslam Respublikası İranın müsəlman ölkəsi Azərbaycana qarşı İslamı düşmən elan etmiş, bir müsəlmanın belə yaşamadığı, məscidləri murdarlayan Ermənistanı niyə müdafiə etməsi sualı zaman-zaman olduğu kimi, yenə ön plana çıxır: axı Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi, işğal dövründə ermənilərin zəbt etdiyi dövlət sərhədini bərpa etmək istəyi, hətta cənubdakı kulislərdə az qala “şeytani əməl” kimi təqdim edilən Zəngəzur dəhlizi İranın nə təhlükəsizliyinə, nə də bölgədəki maraqlarına ziddir, əksinə, yeni reallıqlarda bu ölkə daha çox siyasi-iqtisadi dividentlər əldə edə bilər.

Buna rəğmən, İran müsəlman azərbaycanlıları yox, İslam dəyərlərini təhqir edən erməniləri açıq və israrla dəstəkləyir. Azərbaycan torpaqlarının işğalda olduğu 30 il ərzində bu siyasəti aparıb, 44 günlük müharibədə daha açıq müstəviyə keçirib və post-müharibə dövründə də əl çəkmir. İranın Ermənistana dəstəyi o qədər böyükdür ki, şübhəyə düşməmək mümkün deyil: bəlkə Tehranda Ermənistanı şiə ölkəsi, yaxud erməniləri şiə məzhəbinə məxsus xalq hesab edirlər, çünki bütün siyasətində şiəlik məzhəbini “qırmızı xətt” kimi götürən İran Ermənistanı da bu xəttin içinə daxil edir;

Və bu məqam iki fərqli tezisə diqqət çəkir:

- ya bu ölkədə ermənilərin şiə məzhəbinə mənsub olması ilə bağlı əminlik yaranıb;
- ya da bu ölkənin şiəliyi “qırmızı xətti” elan etməsi yeri gələndə yararlandığı siyasi alətdən başqa bir şey deyil;


Ermənistanın şiə məzhəbinə mənsub olduğunu iddia etmək şizofreniya əlamətidir. Cənubdakı dini-hərbi-siyasi dairələrin bu xəstəliyə mübtəla olduğuna dair ortada dəlil olmadığı üçün ikinci tezis daha real görünür və bunu isbatlayan tarixi təcrübə var.

1979-cu il İslam inqilabından sonra Tehran din üzərindən təsir dairəsini genişləndirmək siyasətində məhz şiələri hədəfə alıb.

- Səkkiz illik İran-İraq müharibəsində məqsəd “Əhli Beyt”in müqəddəs məkanlarından olan Kərbəla və Nəcəfə nəzarət idi: bu siyasi məqsəd uğrunda bir milyondan çox şiə həyatını itirdi.

- 1980-ci illərdə siyasiləşmiş dini ideologiyasını Livana daşıyan İran məsədinə nail olmaq üçün elə şiələrin birliyinə - “Amal”a qarşı siyasət aparırdı. 1985-ci ildə “Hizbullah”ın yaradılması ilə başlayan şiələrin parçalanması günümüzdə də davam edir.

- Əfqanıstanda İranın siyasi-dini ideologiyasını qəbul etmək istəməyən “xəzər şiə”lərinə (qızılbaşlar) qarşı solçu “Maoist” qruplaşmasını dəstəklədi. “Xəzər şiələri”nin İran tərəfindən fiziki təzyiqi hələ də davam edir.

- Şiəlik adı altında həyata keçirilən siyasət Suriya, Yəmən və Bəhreyndə də elə şiə məzhəbinə mənsublara qarşı tətbiq edildi.


Və Azərbaycan-Ermənistan münasibətlərində İranın müdafiəçisi olduğunu iddia etdiyi şiəliyi siyasi alət kimi ortaya atdığı tam çılpaqlığı ilə ortaya çıxıb: I Qarabağ müharibəsində müsəlman azərbaycanlılara qarşı soyqırımlar həyata keçirən Ermənistanı dəstəklədi; münaqişənin mövcud olduğu dövrdə Qarabağdakı işğalın davam etməsi üçün Ermənistana dəstək verdi; II Qarabağ müharibəsində həm siyasi, həm də hərbi-iqtisadi müstəvidə əhalisinin böyük qismi şiə məzhəbinə mənsub olan Azərbaycana yox, İslam düşməni olan Ermənistanı dəstəklədi;

Bu gün də eyni dstəyi daha açıq müstəvidə davam etdirməklə İran təsdiq etmiş olur ki, şiə məzhəbi onun üçün hədəfə çatmaq üçün istifadə edilən alətdir və lazım olanda İslamı təhqir edən, tapdalayan qriqorian ermənilər belə onun gözünə “şiələr” kimi görünə bilir...

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar