Manevr.az xəbər verir ki, bunu tanınmış idman jurnalisti, aparıcı Sənan Şəfizadə deyib. O, H.Heydərovun məhz E.Məmmədlinin taktikasıyla qalib olduğunu bildirib:
“Elnurla yaxın olduğumuzdan qələbədə nə qədər önəmli pay sahibi olduğunu bilirəm. Cəmi iki il öncə istedadlı Hidayət bu səviyyədə mübarizə sərgiləmirdi. 2023-cü ildə Dohada dünya çempionatında cüdoçu indiki vəziyyətdə deyildi. Məmmədli ilk növbədə Hidayətin özünə qalib gəlməsinə nail oldu. İntizamı pozmasına imkan vermədi, gərgin qrafikdə çalışmasına öyrəşdirdi. Mənə görə, Məmmədli cüdoda fenomendir, müəyyən səhvlər olmasaydı, olimpiya zirvəsinə ikinci dəfə qalxacaqdı. Bax, o səhvləri Hidayətin etməsinə imkan vermədi, ümid edirəm, bundan sonra da imkan verməyəcək.
Avropa, dünya çempionatı və nəhayət, Parisdə məhz Məmmədlinin taktikasıyla mübarizə apardı, çempion oldu. Elnur ilin əvvəlindən hər telefon danışığımızda təkrar edirdi: “Hido çempion olacaq. Baxarsan”. Çox inamlı sözlərin arxasında həm də məşqçi və psixoloqu görürdüm. 18 ildi tanıdığım Elnur böyüyüb, onun kimi çempionluğun düsturunu əzbər biləni tanımıram. Ərköyünlük azalıb, sanki müdrikləşib”.
Aparıcının sözlərinə görə, E.Məmmədli son illər hər yerdə H.Heydərovun kölgəsinə çevrilib:
“Səhvlərini düzəltdi, rəqibləri təhlil edib zəif nöqtələrini Hidoya çatdırdı.
Finaldan öncə Hidayətə verdiyi dəstəyi bilirəm. İnanın, Elnur motivasiya verməkdə rəqib tanımır. Hidayət bütün görüşləri qorxmadan, arxayın keçirdi. Çünki çempion (öz aramızda Elnuru həmişə belə çağırıram) yanında idi. Hidonun əvəzinə Elnur həyəcanlanırdı, amma yetirməsinə bildirmirdi.
Mükafatlandırmada Hidayət özünü təmkinli apardı. Əvəzində son 18 ayda müəllimi olan Elnur doyunca ağladı və bizi ağlatdı. Hidonun çempionluğuyla Elnur Məmmədli illər öncə etdiyi səhvləri unutdurdu. Hidayətin qələbəsi həm də Elnurun çempionluğudur.
Əziz Elnur, səni artıq ikiqat olimpiya çempionu sayıram. Dedin və elədin. Xahiş edirəm, bundan sonra Hidayəti tək qoyma".
Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Ölkə.Az