Manevr.az xəbər verir ki, mayın 7-8-də paytaxt Buxarestdə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib. Azərbaycan yığma komandasının heyətində tatami üzərinə çıxan “Judoclub-2012”nin yetirməsi Mehdi Cəfərov çəkisi 66 kiloqramadək olan idmançıların mübarizəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Mötəbər yarışda Mehdinin ilk rəqibi israilli Amit Şuller olub: idmançımız rəqibinə ipponla qalib gəlib. O, növbəti rəqiblərini – portuqaliyalı Rodriqo Caneyranı, rumıniyalı Klaudiy Oançanı, həmyerlisi Nicat Nağıyevi məğlub edərək finala yüksəlib. Finalda serbiyalı həmyaşıdı Pavle Peroviçlə qarşılaşan Mehdi rəqibi üzərində tam üstünlüyə nail olub. Beləliklə, fəxri kürsünün ən yük pilləsinə yüksəlib.
Yeniyetmə cüdoçumuzun Avropa kubokunda əldə etdiyi uğur onun gələcək idman karyerasına müsbət təsir göstərəcəyinə əminlik yaradır. Mehdinin şəxsi məşqçisi - atası Mübariz Cəfərov ölkəmizdə tanınan idmançılardandır, usta cüdoçular arasında dəfələrlə Avropa və dünya çempionu olub. Hazırda o, “Judoclub-2012” idman klubunun icraçı direktoru vəzifəsində çalışır, Azərbaycan cüdosunun ümidi olan idmançıların yetişdirilməsində fəal iştirak edir.
Mübariz müəllim deyir: “Klubumuzda bir neçə idman növü üzrə bölmələr fəlaiyyət göstərir. Cüdoya maraq daha böyükdür. Klubun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının Prezidenti, prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov ümidverən gənc idmançıların yetişməsinə böyük diqqət və qayğı göstərir. Məhz bunun nəticəsidir ki, klubumuzun yetirmələri respublika və beynəlxalq səviyyəli yarışlarda uğurlar qazanırlar”.
Qeyd edək ki, Avropa kuboku yarışlarında Mehdi ilə eyni çəki dərəcəsində yarışan həmyerlilərimiz Abil Yusubov 3-cü, Nicat Nağıyev 5-ci yeri tutublar.
Yeniyetmə idmançılarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!