Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Yeməyə ölü toyuqların başını verirdi”- Azərbaycana gələn Asilxanın fermada iki uşağı oldu, girov saxlanıldı TƏFƏRRÜAT

Tarix: 26-12-2021 18:56     Baxış: 3198 A- / A+

Mahaçqaladan Azərbaycana yaşamaq ümidi ilə gələn qadının başına illər boyu zülm gəlib. 20 ilə yaxın bir müddətdə Azərbaycanda fermalarda çalışıb, fermalarda iki uşaq dünyaya gətirib, elə həmin fermalardan birində də girov kimi saxlanılıb. Döyülüb, söyülüb, işgəncə görüb…
Manevr.az xəbər verir ki, bütün bu deyilənlər Rusiya vətəndaşı Asilxan Askerovanın başına gəlib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edib ki, 1960-cı il təvəllüdlü Məhəmməd Babakişiyev Rusiya vətəndaşı Asilxan Askerovanı və onun 2007, 2009-cu il təvəllüdlü övladlarını Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan dəmir vaqonda bağlı halda saxlayıb, fərdi təsərrüfatındakı iri və xırda buynuzlu heyvanlara gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərində çalışdırıb.
Bu faktla bağlı cinayət işi açılıb və araşdırmalar başlayıb. Məhkəmə istintaqında isə baş verən hadisənin təfərrüatları məlum olub.
Təqsirləndirilən şəxs Məhəmməd Babakişiyev bildirib ki, qadın və iki uşağına qarşı heç bir zorakılıq etməyib. Onun sözlərinə görə qadın və iki uşağını Taleh adlı şəxs gətirərək birlikdə onun fermasında qalacaqlarını, işləyəcəklərini deyib. Lakin sonradan Taleh adlı şəxs fermadan gedərək qadını və uşaqlarını orada qoyub.
“Taleh gedəndən sonra qadın və uşaqları sahibsiz qaldı. Asilxan gedəcək yerlərinin olmadığını dedi. Mən də onlara kömək etdim. Fermada qalmalarına icazə verdim. Onları heç vaxt işə məcbur etməmişəm. Asilxan işləyib, uşaqlarına baxıb. Amma uşaqlar işləməyiblər. Taleh olan müddətdə uşaqlar bəzən ona kömək edirdilər. Asilxan və uşaqları istədikləri vaxt fermadan çıxa, istədikləri yerə gedə bilərdilər. Amma onların gedəcək yerləri yox idi. Mən onları heç nəyə məcbur etməmişəm. Hadisə 2019-cu ildə baş verib.
Həmin ərəfədə polis əməkdaşları fermaya gələndə onları görüb. Mən qanuna həmişə hörmətlə yanaşan adam olmuşam”,- deyə təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində göstərib.
Amma Asilxan ifadəsində Məhəmmədin dediklərinin əksini söyləyib. Qeyd edib ki, Məhəmməd və həyat yoldaşı ona və uşaqlarına qarşı pis rəftar edib.
“Məhəmmədin qorxusundan heç yerə gedə bilmirdik. Deyirdi ki, hara getsək də, bizi tapacaq. Arvadı da özü də bizi döyürdü. Bir dəfə heyvan xəstəlikdən ölmüşdü. Günahkar məni bilib buna görə də döydü”- deyən zərərçəkmiş Asilxan Məhəmməddən şikayətçi olduğunu qeyd edib.
Asilxanın ifadəsindən məlum olub ki, onları Məhəmmədin fermasına gətirən şəxsin adı Taleh yox, Ayaz olub.
“Biz çıxıb getmək istəyəndə qoymadılar. Mən malların saxlandığı yeri səhər-axşam təmizləyirdim. Məhəmmədin yoldaşı bizə yeməyə xəstə, ölmüş toyuqların başını kəsib verirdi. Oğlum qoyun-quzu, qızım isə mal-qara otarırdı. Oğlum səhv edən kimi Məhəmməd onu döyürdü. Qızımı da döyürdü. Mənə telefon işlətməyə icazə vermirdi. Fermaya polis gələndə bizi gizlədirdi. Məhəmməd deyirdi ki, bizim ucbatımızdan polis əməkdaşlarına quzu verib”- deyən zərərçəkmiş övladları ilə şəraitsiz vaqonda saxlanıldıqlarını deyib.
Asilxan Bakıya necə gəlməsi haqda danışarkən bildirib ki, 1999-cu ildə Mahaçqalada olan zaman bazarda tanış olduğu dilənçi bir qadın onu oğluna alacağını deyib. O da razılaşaraq, bir dilənçi qadının sözünə inanaraq Bakıya gəlib. Hekayənin bu hissəsi inandırıcı gəlməsə də Asilxan belə deyir…
“İranla sərhəddə olan rayonlardan birində qaldıq. Qadının yenə dilənçilik etdiyini görüb oradan qaçdım. Məni də diləndirəcəklərini düşündüm. Bakıya gəlib “Baksol” yolunda kafedə işləyən dağıstanlı qadınla tanış oldum. O mənə Tofiq adlı şəxsin fermasında işləməyi təklif etdi. Tofiq yaxşı insan idi. Mənə iş və qalmağa yer verdi. Fermada işləyən zaman Boris adlı şəxslə tanış oldum və onunla ər-arvad kimi yaşamağa başladıq. Boris ferma sahibləri ilə yola getmədiyi üçün tez-tez iş yerlərini dəyişirdik. Mənim Borisdən iki övladım dünyaya gəldi. Uşaqlar fermada doğulduğu üçün heç bir sənədləri yox idi.
Bir müddət sonra Borislə yola getmədiyimiz üçün ondan ayrılıb Bakıya gəldim. “28 May” metrosunun yaxınlığında tanımadığım bir nəfərə yaxınlaşaraq ondan Xoşqədəmin verilişinə çıxmağıma kömək etməsini istədim. Ailəmi tapmaq istəyirdim. Verilişdən çıxandan sonra Boris mənim arxamca gəldi. Sonra yenidən birlikdə yaşamağa başladıq. Amma Borislə yenə yola getmədik. Ondan ayrılıb Yevlaxa gəldim. Orada iş axtarmağa başladım”.
Bütün bunları danışan Asilxan Xoşqədəm Hidayətqızının verilişində ailəsini tapıb-tapmaması haqda heç nə deməyib.
Asilxan ifadəsinin davamında bildirib ki, Yevlaxda bir nəfər ona Zərdabda Məhəmməd adlı şəxsin fermasında işləyə biləcəyini deyib:
“Ayaz adlı şəxslə tanış olandan sonra onunla birlikdə Məhəmmədin fermasında qalmağa başladıq. Məhəmməd bizə dedi ki, şəraitimizin yaxşılaşmasına kömək edəcək. Amma Ayaz gedəndən sonra hər şey dəyişdi. O bizə qarşı kobudluq etməyə başladı. Arvadı və oğlu bizə kömək etmək istəsə də imkan vermirdi. Onlar da Məhəmməddən qorxduğu üçün susurdular. Yediyimiz kartof və soğan idi. Bir də Məhəmmədgilin evində artıq qalan yeməklər bizə verilirdi.
Dəfələrlə onların evindən getmək istəsək də Məhəmməd icazə vermirdi. Məhəmməd ölən inəyin pulunu məndən tələb edirdi. Əks halda getməyə icazə vermirdi. Uşaqları da işə məcbur edirdi. Onları nar çubuğu, məni isə qalın taxa ilə döyürdü. Xəsarətlər öz-özünə sağalırdı. Məhəmmədin oğlu otlaq sahəsinə gedəndə məcbur elədi ki, mənim uşaqlarım onun üçün yemək aparsın. Mən buna razı olmadım. Amma yenə də bizi döydü. Bir gün uşaqlar yemək aparandan sonra evə qayıdanda yanlarında polis var idi. Mən polisləri görəndə qorxdum. Polislər dedi ki, bizi xilas etməyə gəliblər”.

Zərərçəkmiş qadın istintaqdakı ifadəsində Məhəmmədin oğlu Allahyardan da şikayətçi olub. Amma məhkəmədə bu fikrindən daşınıb. Bildirib ki, Allahyarın uşaqlarına otlaq sahəsində əziyyət verdiyini düşünsə də sonradan bunun səhv olması qənaətinə gəlib. Həmçinin Məhəmmədin arvadından da şikayətçi olmayıb.

Məhkəmədə Asilxanın övladları da ifadə verib və analarının dediklərini təsdiq ediblər.
Məhkəmə Məhəmməd Babakişiyevi qeyd edilən əməllərdə təqsirli bilib. Ona qarşı Cinayət Məcəlləsinin 144-2.2.1 (hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə - iki və ya daha çox şəxs barəsində törədildikdə) və 144-2.2.3-cü ( eyni əməl yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Məhəmməd Babakişiyev həmin əməlləri törətməkdə ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar