Xəbər lenti
Nəcməddin Sadıkov “növbədə” gözləyir - qaçarsa...
Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib, ona o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi
Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Şirin oğlu Orucov və Ramil Bəşir oğlu Əhmədov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bəkir Orucov
Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia olunur. Bəkir Orucov ötən ilin sentyabr ayının 27-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsindən azad edilib, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib. O, hərbi liseyin rəisi olarkən, orada rüşvət faktları ilə bağlı narazılıqlar olub və bu barədə mediada məlumatlar dərc edilib.
Xatırladaq ki, “Tərtər işi” ilə bağlı yenilənən cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Rəşid Ağaşərif oğlu Niftəliyev, Ruslan Məhəmmədəli oğlu Mikayılov, Sənan Səxavət oğlu Maşıyev, Cabir Babaxan oğlu Qəhrəmanov, Polad Seyfəddin oğlu Əzizov, Elçin Kalam oğlu Əliyev və İntiqam Şərif oğlu Məmmədov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.
Uzun müddətdir Azərbaycanın ictimaiyyətində bu işlə bağlı müzakirə aparılır. Qeyd edilir ki, bu işdə Müdafiə Nazirliyinin sabiq Qərargah rəisi Nəcməddin Sadıkovun da əli var. Artıq bu işlə bağlı yüksək rütbəli bir general həbs edilibsə, izlərin həqiqətən də Nəcməddin Sadıkova aparıldığı qənaətinə gəlmək olarmı? Onun ölkədən qaçışı nə dərəcədə realdır?
Hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, Tərtər hadisələri əslində Beyləqan korpusundan başlayıb: “İlk dəfə hələ 2008-ci ildə Beyləqan korpusunda oxşar hadisələr olmuşdu. Orada 2-3 nəfərə qarşı belə işgəncələri sınaqdan çıxarıblar. Nəcməddin Sadıkov başda olmaqla bu işi sonradan, 2017-ci ildə daha kütləvi şəkildə Beyləqanda, 2-ci korpus üzrə etdilər. İlk ölüm hadisəsi də orada oldu. Bəkir Orucov həmin vaxt 2-ci korpusun qərargah rəisi olub. O, orada işgəncə məkanı qurub. İşgəncə verənləri ora gətiriblər. 90-a yaxın hərbçimizə orada işgəncə veriblər. Orada işgəncələrlə hərbçilərimizidən izahatlar alıblar. Ona görə də "Tərtər işi"ndə işgəncəyə məruz qalan hərbçilərimiz Bəkir Orucovun, hüquqşünas Rahib Məmmədovun adını çəkirlər. Bir də bir təhqiqatçının adı çəkilib. Onları da həbs ediblər. Aydın məsələdir ki, Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib. Ona korpus komandiri və ya o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi. O, bu iki nəfərdən birinin əmrini yerinə yetirib. Bu gün istintaq lazımı səviyyədə aparılmır. Bu işlərin başında Nəcməddin Sadıkov dayanır, onu həbs etmədən obyektiv araşdırma aparmaq mümkün deyil".
Telman Əbilov deyir ki, “Tərtər işi”ndə zərərçəkənlərin böyük əksəriyyətini üzə çıxmasında müstəsna xidmətləri olan ictimai şəxslərin həbsi də yolverilməzdir: “İlham Aslanoğlunun, partiya rəhbəri Əli Əliyevin həbsləri də ”Tərtər işi"nin nə dərəcədə obyektiv aparılmasının göstəricisidir. Bu adamlar ortaya mövqe qoyub işin obyektiv aparılmasını tələb edirdilər. Beyləqan korpusundan 2-3 nəfərin həbsi ilə kifayətlənmək olmaz. “Tərtər işi” Beyləqan korpusundan başlayıb. Bunu hamı bilsin. Nəcməddin Sadıkovun rəhbərliyi altında bu işlər baş tutub. Ən son xəbər budur ki, Tərtərdə məlum hadisələrlə bağlı ilk iclas Prezident Administrasiyasında Ramiz Mehdiyevin rəhbərliyi altında keçirilib. Həmin iclasda bu işin başlanmasına göstəriş verib. İclasda Ramiz Mehdiyevin göstərişi ilə 4 nazirliyin rəhbərləri iştirak ediblər. Sonradan həmin nazirliklərin birgə bəyanat verməsi də Mehdiyevin təşəbbüsü ilə olub. Bu gün bu məsələlər açıqlanmır. Deyilmir ki, Tərtər hadisələri bizim Milli Ordumuzun qüdrətini sarsıtmaq, aprel döyüşlərində göstərilən döyüş ruhunu qırmaq, İkinci Qarabağ müharibəsində Azərbaycanının məğlubiyyətini təmin etməyə hesablanmışdı. Açıq-aşkar Azərbaycanın müdafiə qüdrətini məhv etməyə hesablanan addımlar idi. Allaha şükür ki, buna nail olmadılar. Göydə Allah, yerdə ordumuz və qardaş Türkiyə dövlətinin dəstəyi bu planları alt-üst etdi. Bizə düşmən kəsilən Rusiya bunları hesablaya bilməmişdi, səhvə yol vermişdi. Bizə verdikləri badalaqdan yıxılmadıq, torpaqlarımızı geri ala bildik. Rusiyanın istəyi vardı ki, Azərbaycandakı vassalları vasitəsilə Ukaynadan əvvəl ölkəmizi daha dərin işğala məruz qoysun. Planları vardı ki, Gəncə dəhlizini bağlasınlar. Tovuz hadisələri də bu planın tərkib hissəsi idi. Azərbaycanın qərbə çıxışını bağlamaq niyyətində idilər. Bu işi Rusiyanın iki vassalı - Azərbaycanda yüksək vəzifələrdə olan Ramiz Mehdiyevlə Nəcməddin Sadıkovun vasitəsilə həyata keçirməyə cəhdlər etdilər. Məqsəd Azərbaycanın müstəqilliyinə son qoymaq idi. Tərtər məsələsinin xeyir-duasını Ramiz Mehdiyev vermişdi. Hər iki şəxs Azərbaycana xəyanətə görə həbsə alınmalı, Azərbaycan məhkəməsi qarşısında cavab verməlidir"./Yeni Müsavat
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar