Manevr.az xəbər verir ki, məlumatda deyilir:
Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.
İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir.
2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (“Instagram”, “Facebook”, “Telegram”, “Twitter”) vasitəsilə əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur.
Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilmiş apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, həmçinin birinci instansiya məhkəmələri tərəfindən qeyd olunan işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul edilib. Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcək.
Bununla yanaşı, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla digər cinayətlərə görə məhkum olunmuş daha 10 şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən həmin işlər üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.
Eyni zamanda istintaqla mərhum Quliyev Elçin Mətləb oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onun əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi) xitam verilməsi haqqında qərar qəbul edilib.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, həmçinin Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.
Eyni zamanda hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan edilib.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.