Xəbər lenti
Rus ordusu Ukrayna paytaxtını işğal etsə, onu nə gözləyir - ilginc ehtimallar
Putinin 48-72 saat ərzində Kiyevi diz çökdürməklə bağlı əmri reallaşacaqmı?
Vladimir Putin Kiyev hədəfini açıq şəkildə bəyan edib. Rusiya prezidenti ötən gün Kiyevə birbaşa hücum əmrini verib. Bu barədə Almaniya KİV-ləri məlumat yayıb. Məlumatda qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin Kiyevə birbaşa hücum əmri səsləndirib. Əmrə əsasən Ukraynanın böyük şəhərləri yaxın 48-72 saat ərzində ağır şəkildə bombalanacaq. Bundan başqa, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Volodimir Zelenskiyə sui-qəsdə cəhd edildiyini açıqlayıb. “Ukrayna rəhbərliyi Çeçenistan prezidenti Ramzan Kadırovun dəstəsinin prezident Volodimir Zelenskiyə sui-qəsd etmək üçün keçirdiyi xüsusi əməliyyatdan öncədən xəbər tutub və Kadırovçuların elit qrupu zərərsizləşdirilib. Digər qrup üzvləri də atəş altındadır. Biz nə prezidentimizi, nə də ölkəmizi heç kimə verməyəcəyik. Bura bizim torpağımızdır, rədd olun buradan”, - deyə xəbərdə qeyd edilir.Yayılan sputnik məlumatlarına əsasən, Kiyevə doğru 64 km-lik bir hərbi texnika kolonu irəliləyir. Paytaxta aparan bəzi yollarda körpülər partladılsa da, səngərlər qazılsa da, Rusiyanın öz məqsədinə çatmaq üçün ölüm-dirim savaşına girəcəyini deməyə əsaslar var. Baxmayaraq ki, danışıqların ikinci raundu haqda da razılaşma əldə olundu, lakin raket “yağışı” altında aparılan danışıqların nəticə verməyəcəyi barədə rəylər üstünlük təşkil edir.
Hazırda prezident Zelenski başda olmaqla, bütün Ukrayna hakimiyyəti paytaxtdadır və Kiyevi tərk etməklə bağlı hətta Qərbin təkliflərinə də mənfi cavab verilib. Bəs ən pis halda Rusiya ordusu Ukrayna paytaxtını işğal etsə, onu nə gözləyir? Belə ehtimal olunur ki, kollektiv Qərb Putinə Kiyevi götürməyə imkan tanıya bilər. Sonra isə oradaca onun ordusunu məhv etmək üçün hərəkətə keçilə bilər. NATO əsgəri qüvvələri qeyri-leqal olaraq Kiyevdə rus ordusu ilə döyüşə başlaya bilərmi? Çünki Zelenski əcnəbi vətəndaşları da döyüşmək üçün Ukraynaya dəvət edib. 24 fevraldan isə xaricdə yaşayan 80 min ukraynalının da ölkələrini müdafiə etmək üçün Vətənə döndükləri xəbərləri yayılıb. Bəs bu sayda qayıdanların sırasında NATO əsgərlərinin də Ukraynaya sızması mümkün ola bilərmi?
Üzeyir Cəfərov: “Rusiya bir həftədir ki, Ukraynada ”canı ilə əlləşir"
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Ukrayna-Rusiya cəbhəsində baş verənlər miqyasına görə o qədər geniş, o qədər dərin proseslərdir ki, vəziyyət anbaan dəyişə bilər: “Hər şey ola bilər. Amma bu bir həftə ərzində baş verən hadisələr, proseslər bütün dünyaya açıq şəkildə bəyan etdi ki, kim kimdir və qana susamış Rusiya siyasi-hərbi rəhbərliyinin məqsədi-məramı nədir. Yaxın bir neçə günə hadisələrdə elə məqamlar baş verəcək ki, dünya az qala lərzəyə gələcək. Ukraynaya qarşı açıq şəkildə təcavüzə başlayan Putin və avantürist generalları-siyasətçiləri görünür ki, düşünürlərmiş ki, az qala əlləri ciblərində gedib Kiyevdə oturacaqlar və dünya ilə zor gücündə danışacaq və ultimatumlar, tələblər irəli sürəcəklər. Putin bir şey unutdu ki, dünya 21-ci əsrdə yaşayır və çox şeylər dəyişib. Dəyişməyən isə Rusiyanın ambisioz yekəxanalığı və imperiya xülyalarıdır. Bu isə hazırkı dönəmdə və dövrdə mümkünsüzdür”. Polkovnik dedi ki, artıq Rusiyanın çox kobud və bağışlanılmaz addımlarına qarşı dünya gec də olsa, hərəkətə keçib: “Nə olursa-olsun, Rusiya nə siyasi, nə də hərbi hədəflərinə çata biməyəcək. Görün özünü dünyanın söz sahiblərindən biri sayan dövləti qısa müddətdə hansı rəzil iqtisadi, siyasi və hərbi blokadaya alıblar. Bu proses get-gedə lap dərinləşəcək. Rusiya 1 həftədir ki, Ukraynada ”canı ilə əlləşir". Heç nəyə nail ola bilmir və bundan sonra ümumiyyətlə nail ola bilməyəcək. Amerika prezidentinin sözləri ilə desək, Putin hələ nə etdiyini və bundan sonra hansı fəlakətlərin olacağını başa düşmür və ya qəbul edə bilmir.
NATO demək olar ki, proseslərdə bu və ya digər şəkildə iştirak edir. Mütləq deyil ki, orada alyansın əsgər və zabitləri birbaşa iştirak etsin. Onlar təlimatçı kimi öz bilik və bacarıqlarını ukraynalı həmkarları ilə aktiv şəkildə bölüşür və əllərindən gələn dəstəyi verirlər. Hesab edirəm ki, yaxın günlərdə Rusiya ağılsızlığını etiraf edəcək və hansısa formada vəziyyətdən çıxmağa çalışacaq. Olmayacaqsa, bu, Putinin sonunu tezləşdirəcək. Hər halda, Ukrayna xalqı və ordusu müharibəyə cəlb olunandan sonra daha güclü və əzmkardır". Ü.Cəfərov deyir ki, Rusiyanın gücdən düşdüyü isə açıq hiss olunur: “Əgər onun yeganə arxalandığı Belarus ordusu da kömək üçün hərəkətə keçibsə, demək, vəziyyət həddən artıq kritikləşməyə doğru gedir. Qəzəbdən Xarkovu, Kiyevi və digər şəhərləri də ağır raketlərdən, qadağan olunmuş kaset bombalarından, vakuum silahlardan vurması da acizliyin və gücsüzlüyün işarələridir. Ancaq Ukrayna xalqı bu varvarlığı və hərbi cinayəti Putin-Lukaşenko cütlüyünə, onların ağılsız generallarına heç vaxt bağışlamayacaq. Maraqlı hadisələr yaxın dönəmlərdə bizi gözləyir. Tanrı Ukrayna xalqının haqq işində onlara yardımçı olacaq. Mən buna varlığım qədər inanıram və əminəm”.
QAT sədri Akif Nağı bildirdi ki, Rusiya Ukraynada istədiyinə nail ola bilmədi: “Ola bilərdi ki, ”ildırımsürətli hücum"la nəyəsə nail olsun, Kiyevi, Xarkovu götürsün. Ondan sonra Putin nələrsə diktə edə bilərdi. Amma vaxt uzandı. Nə Kiyev, nə Xarkov Putinin nəzarətində deyil. Hazırda Rusiya prezidenti çətin durumdadır. Amma vəziyyətdən çıxmaq üçün bəlkə də onun yeganə çıxış yolu nəyin bahasına olursa-olsun, Kiyevi ələ keçirməkdir. Lakin belə görünür ki, bu, asan başa gəlməyəcək, yaxud qeyri-mümkündür, gücü çatmır. Yəqin ki, müəyyən başqa amillərin də təsiri var. İndiki durumda hər kəsin gözlədiyi odur ki, Putin situasiyaya düzgün qiymət verməlidir və yanlış yolun yarısından geri qayıtmalıdır. Amma Putin iddialıdır, hikkəlidir və onun da planları var. Ona görə də geri çəkilməyə yönəlik əlamətlər görünmür. Getdikcə də Ukraynanın müqaviməti güclənir. Ukrayna vaxt qazandı və qüvvələrini səfərbər edə bildi.
Akif Nağı: “Hazırda Rusiya prezidenti çətin durumdadır”
Eyni zamanda xarici qüvvələrə müraciət təsadüfi deyildi. Ukrayna prezidenti Zelenski əbəs yerə müraciət etmədi ki, xaricdən kim istəyirsə, demokratiyanın müdafiəsi üçün gəlsin. Böyük ehtimalla artıq müəyyən qüvvəllər, o cümlədən NATO qüvvələri Ukraynada çalışır. Bu, Ukrayna ordusu adı altında da ola bilər. Hər halda, Ukrayna ordusu sıralarında nizam hiss olunur. Proseslər onu göstərir ki, Rusiya çox böyük məğlubiyyətə uğrayacaq. Amma variantlardan biri belə ola bilər ki, rusları Kiyevə buraxsınlar. Belə olan halda dünyanın bütün nifrəti Rusiyaya, Putinə yönələcək. Bunun ardınca rus qoşunlarına ciddi tələfatlar yaşatmaqla onları yenidən Kiyevdən çıxara bilərlər. İstənilən halda görünür ki, Rusiya onun üçün qurulan tələyə düşdü və hər şey Qərbin, ABŞ-ın ssenarisi ilə gedir, mənim düşündüyüm budur".
Qeyd edək ki, Ukrayna xalqı qəhrəmancasına döyüşür. Qızğın döyüşlərin getdiyi məntəqələrdən biri, Xerson şəhərinin Rusiya ordusu tərəfindən ələ keçirilməsi barədə xəbər təsdiqlənməyib. Bu barədə Xerson meri açıqlama yayaraq, Rusiya Müdafiə Nazirliyinin məlumatını tıəkzib edib. Musavat.com-a son hadisələr barədə özəl açıqlama verən Ukraynadakı həmvətənimiz Əli Quliyev bildirdi ki, Xerson meri müraciət yayaraq vəziyyətin gərgin olduğunu, dərman, qida çatışmadığını bildirib: “Xerson meri çıxış etdi ki, yaralıları çıxartmaq lazımdır, bizə kömək edin! Bir həftədir kişi kimi döyüşürlər. Bu dəfə də rus qoşununu geri oturdublar. Odur ki, Rusiyanın yaydığı xəbər səhvdir”.
Ə.Quliyev dedi ki, kiçik şəhər olan Melitopoldan başqa heç bir şəhər işğal olunmayıb. Ötən gün rus ordusu Kiyevdəki teleqülləni vursa da, televiziya işləyir: “İndicə məlumat verdilər ki, əgər yayımda hər hansı problem olsa, bütün verilişləri onlayın, youtub üzərindən yayacaqlar”.
Həmyerlimiz dedi ki, Xarkovda da vəziyyət çox ağırdır: “Dünən ruslar hərbi hospitalı tutmaq istəyirmiş. Şəhərə desant töküblər, Ukrayna ordusu bütün desantları məhv edib. Əvvəlki günlərdə gecələr bombalar yağdırılırdısa, artıq gündüzlər də raketlər atırlar. Məlumata görə, ötən gecə tam şəkildə Xarkov atəş altında olub. Xarkov şəhərinin mərkəzi ”Qrad"larla vurulub.
Bu gün paytaxt Kiyevdə sakitlikdir. Dünən qüllə tərəfdə itkilər olub. Gecə 12-dən sonra sakitlikdir. Atəş nöqtələri susdurulub”. Ə.Quliyev paytaxta doğru 64 km-lik rus kolonunun irəliləməsi barədə məlumatı da panika yaratmaq cəhdi adlandırdı: “Boş söhbətdir. 64 km-lik kolon olsaydı, onu zərərsizləşdirmək üçün hərəkətə keçilərdi”.
Ə.Quliyev dedi ki, əsas problem azərbaycanlıların durumudur: “Bütün gecə boyunca zənglər olub, həmvətənlərimiz kömək istəyir, deyirlər uşaqlarımız həlak olacaq. Açığı, mən heç bilmirəm nə edim. Bu günədək 8 azərbaycanlı həlak olub. Kömək gözləyən insanlarımız isə həddən artıq çoxdur. Necə olur ki, Türkiyə bütün vətəndaşlarını sistemli şəkildə təxliyə edir, biz bunu bacarmırıq? Xahiş edirəm, əlaqədar qurumlar hərəkətə keçsinlər”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar