Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı niyə qorunmadı?...

Tarix: 25-02-2022 22:13     Baxış: 4246 A- / A+
Daşnak həmlələrindən müdafiə olunmaq üçün hələ 1988-ci ildə Xocalıda döyüş topu da hazırlanmışdı

Ancaq o vaxtlar ölkə rəhbərliyi müdafiə üçün xocalılara adi tüfəng də vermədi
...1988-ci ilin aprel ayının sonları idi. Daşnakların ardıcıl davam edən "miatsum" mitinqlərindən, Ağdamdan Əskərana yürüş zamanı ermənilər tərəfindən iki gəncin qətlə yetirilməsindən, Sumqayıtda törədilmiş erməni təxribatlarından sonra "Vışka" qəzetinin Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) üzrə xüsusi müxbiri kimi əvvəllər də olduğum Stepanakertə ilk səfərim idi. Yolüstü Ağdam rayon Partiya Komitəsinə baş çəkərək, vilayətdəki vəziyyəti öyrənib, ordan Stepanakertə (hələlik o şəhərin adı bu cürdür, nə vaxt öz bayrağımızı orda dalğalandırsaq, bax, onda olacaq əsl Xankəndi!) getməyi planlaşdırmışdım. Raykomda ermənilərin son günlərdə hədsiz azğınlaşdıqlarını, ona görə də mənim Stepanakertə getməyimin təhlükəli olduğunu nəzərə çatdıraraq, buna qəti etiraz bildirməklə mənə maşın verməyə də razı olmadılar. "Qonağımızsınız, qalın Ağdamda, ora başqa vaxt gedərsiniz. Hələlik olmaz. Sizin həyatınızı risq qarşısında qoyub, düşmən yuvasına göndərə bilmərik, təkid etməyin", - dedilər.
"Düşmən yuvası"na redaksiyanın tapşırığı ilə, həm də öz istəyimlə hökmən getməli olduğumu bildirərək, dönə-dönə xahiş etsəm də, mümkün olmadı. Əlacsız qalıb, raykomdan çıxaraq, əvvəlcə bir taksi sürücüsündən, sonra digərindən məni Stepanakertə aparmalarını xahiş etsəm də, heç bir şey alınmadı, heç kəs risq etmək istəmirdi - həm qonağa, həm də özlərinə görə. "Qardaş oğlu, qoy bir az ara sakitləşsin, nə vaxt istəsəniz, o qədər gedərik ki ora...", - dedilər. (Ancaq sonralar ara heç sakitləşmədi, ARA it uşağı da getdikcə quduzlaşdı...)
Təbii ki, mən geri - Bakıya qətiyyən əliboş qayıtmaq fikrində deyildim. Bu, bir jurnalist kimi mənim xarakterimə yad idi. Yaxşı ki bir çıxış yolum qalırdı, son ümid yerim - Ağdam Dövlət Dram Teatrı idi. Daha doğrusu, Teatrın direktoru və baş rejissoru, Sumqayıt Dövlət Teatrından tanıyıb-dostlaşdığım Ağalar İdrisoğlu. O, mənim gəlişimdən, görüşümüzdən xoşhal olsa da, niyyətimi bilib, narahat oldu.
- Qardaş, gəl sən daşı ətəyindən tök, o xarabaya getməyi təxirə sal, çox qarışıqlıqdır orda, it yiyəsini tanımır. Həm də bilsələr ki, sən Sumqayıtdansan, dava-qırğın düşəcək. Gəl həyatınla oynama, - dedi.
Qərarımın qəti olduğunu görərək, Teatrın foyesində aktyorları da başına yığıb, məni çaya dəvət etdi ki, bəlkə birazdan mənim "ağlım başıma gəldi" və mən fikrimdən daşındım. Lakin mən onu, o da məni çox dilə tutduqdan sonra bir şey alınmayacağını görüb, Teatrın sürücülərindən birini yanına çağırıb soruşdu ki, mənim bu jurnalist dostumu Stepanakertə apara bilərsənmi? Sürücü diqqətlə məni süzərək, nigaranlığımı duyub, qayıtdı ki, niyə aparmıram ki, apararam. Belə olduqda Ağalar müəllim:
- Bax, dostumu sənə tapşırıram. Necə varsa da, onu aparıb “Obkoma” çatdırıb, geri dönürsən, oldu? Yaxşı yol, Allah amanında! - deyib, bizimlə "kamikadze"ləri yola salırmış kimi xudahafizləşdi.
...Stepanakertdə təhlükəli anlar yaşamalı olsam da, məni... öldürmədilər. Hətta bir gün orda qalıb (mehmanxanada yer də ala bilmişdim), "obkom"da, xalça fabrikində, öz mənfur ideyalarını daha geniş təbliğ etmək üçün yenicə yaratdıqları telestudiyada olmuş (sən demə, zalım uşağı öz istəklərini həyata keçirmək üçün çoxdan idi ki, "əl altından" kompleks hazırlıq işləri aparırmışlar), ermənilərin Qarabağ məsələsinə münasibətlərini öyrənə bilmişdim (bu haqda başqa bir məqalədə).
Səhərisi gün geri - Ağdama qayıdarkən yolüstü Stepanakertə və erməni kəndlərinə yaxın olan Xocalıda (o vaxt hələ şəhər deyil, qəsəbə idi) dayandım. Qəsəbə sovetinin sədri Elman Məmmədovu tapıb, Xocalıdakı vəziyyətlə, yaranmış gərgin şəraitdə camaatın güzəranı ilə maraqlandım, kəndə erməni hücumu, digər təxribatlar olub-olmadığını öyrənməyə çalışdım. Bildirdi ki, Novruz bayramında ermənilərin qəsəbəyə hücum cəhdləri olsa da, burunları əzilib, geri qayıtmalı olmuşdular.
- Necə, silahınız varmı qorunmağa? - soruşdum.
"Topumuz da var!", - deyəndə bu gözləmədiyim cavabdan heyrətlənərək, sevinc, qürur hissi keçirdim. Erməni əhatəsində olan adi bir Azərbaycan kəndinin belə bir silaha malik olması o qədər də inandırıcı görünmədiyindən, təkrar soruşdum:
- Topunuz var? Nə yaxşı, hardandır?
- Dəmirçi emalatxanamızda özümüz düzəltmişik, - deyəndə bir daha fərəhləndim.
- Bəs atırmı?
- "Atır" da sözdür? Dağım-dağım dağıdır! - deyə Elman müəllim qürurla cavab verdi. – Elə onun gücünə qovmuşuq da o dığaları Novruz bayramı günlərində.
- Bəs mərmini hardan tapmısınız?
- Tapmamışıq, onu da kəndin bacarıqlı oğulları ilə birgə özümüz düzəltmişik. Ancaq əsl mərmi yox, bolt-qaykadan yığıb-düzəltdiyimiz bir şeydir, - deyəndə ikimiz də güldük. - Bir gurultu qopardır ki, gəl görəsən. Odur ki, ermənilər bayram gecəsi silahlı hücum etmək istəsələr də, niyyətləri baş tutmadı, bizim top-tüfəng atəşindən sonra qorxub geri çəkildilər.
Elman müəllimlə söhbət edə-edə gedib, kəndin kənarındakı bir çökək yerdə gizlədilmiş o "unikal" topu görəndə xocalıların taleyindən nigarançılığım bir qədər azaldı. Sən demə, xalq çıxılmaz vəziyyətə, dara düşəndə ağlı-zəkası daha güclü olurmuş, beyni daha iti işləyirmiş. Məhz Elman müəllimin kənd camaatını ermənilərə qarşı mübarizəyə səfərbər edə bilməsi, xocalıların mərdliyi, qorxmazlığı sayəsində Xocalı düşmən əhatəsində 1992-ci ilin fevralına qədər - 4 ildən də artıq mətinliklə dayana bildi, baxmayaraq ki, respublika rəhbərliyi blokada vəziyyətində olan, strateji əhəmiyyətli o "plasdarm" üçün lazımi müdafiə tədbirləri görmək üçün heç bir qətiyyətli addım atmamış, 10 minlik əhalinin təhlükəsizliyini təmin etmək barədə ciddi düşünmək belə istəməmişdi. Nəticəsi isə çox ağır olmuş, Azərbaycanın sinəsinə bütün gələcək əsrlər boyu davam edəcək, göynərtisi xalqımızı daim ağrıdacaq çalın-çarpaz dağlar çəkilmişdi.
Vikipediyadan: Erməni faşistlərinin 1992-ci ilin 25-26 fevralında törətdikləri Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsirlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

İndi xəyalən artıq 30 il arxada qalmış o müdhiş günlərə qayıdaraq, o vaxtkı respublika rəhbərlərindən soruşmaq istərdim ki, sizin oğlunuz-qızınız, qoca ata-ananız Xocalıda mühasirədə qalmış olsaydı, siz onların xilası üçün bütün gücünüz-imkanlarınızla əzizlərinizin xilasına çalışmazdınızmı? Axı, niyə 4 il ərzində ordakı minlərlə bacı-qardaşlarımızın harayına yetmədiniz? 1-2 nəfərin yox, 613 (!) nəfər azərbaycanlının qətlə yetirilməsi, aralarında azyaşlı uşaqlar, qız-gəlinlər və qocalar da olmaqla 1275 (!) həmvətənimizin əsir götürülməsi sizin vicdanınızı heç azca da olsa, silkələmədimi?..
Axı, Xocalı və onun günahsız sakinləri niyə sizin daş laqeydliyinizin, biganəliyinizin qurbanı olmalı idi? Siz deyildinizmi Konstitusiyaya və müqəddəs Qurana əl basıb, Dövlət bayrağımızı öpüb, xalq qarşısında and içən ki, Azərbaycan vətəndaşlarının hüquqlarını qoruyacaq, onların təhlükəsizliyini təmin edəcəksiniz? Yoxsa, sizin üçün xalq qarşısında and içmək milyonlarla rüşvət almaq qədər "xırda", əhəmiyyətsiz bir şey idi?
Niyə başa düşmək istəmədiniz ki, 4 il ərzində düşmənlə üz-üzə qalan, Dağlıq Qarabağda 10 min nəfərlik ordu kimi dayanmış xocalıları necə varsa da, silah-sursatla təmin etmək lazım idi? Niyə anlamaq istəmədiniz ki, 1991-ci ilin avqustunda SSRİ dağıldıqdan cəmi üç ay sonra - 20 noyabrda Qaradağlı səmasında vurulan hərbi vertolyotda Məhəmməd Əsədov, İsmət Qayıbov, Vaqif Cəfərov kimi cəngavərlərin, İqor Plavski, Osman Mirzəyev, Vəli Məmmədov kimi vətənpərvər dövlət rəsmilərinin qətlə yetirilməsi, bununla da ölkə rəhbərliyinin zəiflədilməsi ilə erməni neofaşistləri Qarabağı bütünlüklə işğal etmək üçün viran qoyduqları Qaradağlı kəndindən sonra ilk növbədə Xocalını aradan götürəcəklər? Bəs dövlət başçısı kimi sizin "müdrik"liyiniz, tədbirliliyiniz niyə özünü zərrəcə də olsa, göstərmədi?.. Niyə, niyə?..
Respublikanın keçmiş rəhbərlərinin səhvləri, Dağlıq Qarabağda
yaşayan azərbaycanlılara qarşı anlaşılmaz laqeyd münasibət
Təəssüf ki, 1921-ci ilin iyulunda xalqımızın dahi, vətənpərvər oğlu Nəriman Nərimanovun təkbaşına, cəmi iki gün ərzində o vaxtkı Zaqfederasiyada heç bir silah işlətmədən, ordusuz-filansız ermənilərin caynağından qopardıb, geri aldığı Dağlıq Qarabağı biz - 9-10 milyonluq bir xalq 30 ildən (!) artıq müddətdə özümüzə qaytara bilmədik. (Ulu öndər Heydər Əliyev Bakının ən hündür yerində N.Nərimanovun əzəmətli heykəlini təsadüfən ucaltmamışdı! Hətta ermənilər o zaman açıq-aşkar etiraz da etmişdilər ki, orda onların gorbagor olmuş ermənisi, qatı daşnak olan, minlərlə azərbaycanlının amansız qətlinə səbəb olmuş S.Şaumyana heykəl qoyulmalıydı. Erməni azğınlığına bir baxın!..)
Çox şükür ki, xalqımızın vətənpərvər oğlu, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli, müdrik rəhbərliyi ilə Milli ordumuzun cəngavər, igid döyüşçüləri 2020-ci ilin payızında ağır, lakin uğurlu döyüşlər keçirərək, Qarabağımızın yağı düşməndən xilasına nail oldular. Ancaq bunu etiraf etmək ağır olsa da, acınacaqlı fakfdır ki, torpaqlarımızın işğalında ermənilərlə yanaşı özümüz də günahkarıq. Çünki ermənilərin düşmənçiliyinə, hiyləgərliklərinə illərlə məhəl qoymamış, naşılıqla, ya da bilərəkdən onların əl-qol açmalarına imkan yaratmışdıq. Nəinki adi müəssisələrdə, hətta dövlət orqanlarında da
erməni qızlarına katibədən tutmuş daha yüksək vəzifələrədək yer verib, "gözümüz üstdə" saxlayırdıq (hətta 1988-ci ilin fevralında daşnakların Sumqayıtda törətdikləri qırğınlardan sonra da şəhərdəki müəssisələrdən birinin direktoru günorta fasiləsi vaxtı işçilərin gözü qarşısında üç erməni "axçi"si - katibəsi və digər iki qızla birgə kombinatın foyesində həmişəki kimi deyib-gülməkdən, zarafatlaşmaqdan da çəkinmir, utanmırdı). Respublikanın keçmiş rəhbərlərindən biri Ermənistanda özünün doktorluq dissertasiyası naminə ermənilərə rayonlarımızdan birinin "kiçik" bir torpaq sahəsini də "peşkəş" etmişdi...
Onu da necə başa düşmək olar ki, xalqımızın qatı düşməni, minlərlə azərbaycanlının qətlinə səbəb olmuş Stepan Şaumyanın adı 1930-cu ildə respublikanın bir kənd rayonuna, həm də 1937-ci ildə (M.Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi olduğu dövrdə - 1933-1953) Bakının ən böyük rayonlarından birinə verilmişdi. Bu, nə "sevgi", nə vurğunluq idi bizlərdə ermənilərə qarşı? Məgər onun murdar adının 1923-cü ildə - S.Orconikidzenin Zaqafqaziya Vilayət Partiya Komitəsinin sədri (1922-26), Qəzənfər Musabəyovun isə Azərbayacan Xalq Komissarları Sovetinin sədri (1922-1930) olduğu dövrdə Dağlıq Qarabağın mərkəzi olan Stepanakertə verilməsi az idimi? Və o xain daşnakın 1918-ci ildə ingilislərin Ağcaqum çöllərinə güllələməyə apardığı, lakin nə yollasa cərgələrindən qoparaq Hindistana qaçdığı, tərkibində 6-7 erməninin olduğu 26 Bakı komissarlarının adının daha sonra - 1965-ci ildə (Vəli Axundovun dövründə) paytaxtımızın daha bir rayonuna verilməsi o qədər vacib idimi?
Daha bir səhv isə həm də onda idi ki, ermənilərin təşəbbüsü, xahişi ilə Ağdamın bir-neçə kəndi "peşkəş" edilməklə Əskəran rayonunun yaradılmasına razılıq verilmişdi. Ən bağışlanılmaz səhv isə DQMV-nin başlı-başına buraxılması, Qarabağın əzəli sakinləri olan azərbaycanlıların yaşayışı, güzəranları ilə vaxtaşırı maraqlanılmaması idi. Onun nəticəsi idi ki, Bakının bəzi rayonlarında raykom katiblərindən biri azərbaycanlı, biri rus və biri də hökmən erməni olduğu halda (sayca az olmalarına baxmayaraq!) DQMV-də üç katibdən heç biri azərbaycanlı deyildi - ikisi erməni, biri də rus idi (orda rusların sayı heç 1% də olmadığı halda). 1945-ci ildən sonra orda heç vaxt hətta üçüncü katib də azərbaycanlı olmamışdı. Əlbəttə, əgər Azərbaycan rəhbərliyi illərlə DQMV-yə getməyib, Şuşada və azərbaycanlıların yaşadıqları kəndlərdə onların vəziyyəti ilə yerindəcə tanış olmurdusa, hər şey ermənilərin ümidinə buraxılmışdısa, daha nə gözləməliydik ki?
Və təsadüfi deyil ki, DQMV-də iğtişaşların, mitinqlərin başlandığı ilk günlərdə, elə ondan əvvəl də respublika rəhbəri K.Bağırovun Stepanakertə getməyə cəsarəti çatmadı (və deyə bilərəm ki, vətənpərvərlik duyğusu zəif olan, yalnız Kremlin diqtəsi ilə oturub-duran, təşəbbüskarlığı və sözünün kəsəri olmayan, qətiyyətsiz Kamran Bağırovun yerinə o günlərdə digər Bağırov - Mircəfər Bağırov olsaydı, erməniləri elə mitinqə toplaşdıqları yerdəcə güllədən keçirtdirib, "yerlərində oturtdurardı").
Bəli, təəssüf ki, ümumiyyətlə respublika rəhbərləri çox zaman Dağlıq Qarabağa getmir (onların "işinə qarışmamaq üçün"), ordakı vəziyyətlə maraqlanmırdılar. Vilayət həqiqətən başlı-başına buraxılmışdı. Ancaq DQMV-yə daha çox, tez-tez baş çəkilsəydi, yəqin ki əhalinin, o cümlədən Qarabağ ermənilərinin də rəğbətini qazanmaq mümkün olardı və bəlkə də onların diqqətini Ermənistandan yayındırmaq, Azərbaycana
meylləndirmək çox da çətinlik törətməzdi. Bəlkə onda 1988-ci il ixtişaşları da baş verməz, ya da onun məcrasını başqa səmtə yönəltmək olardı.
Respublika rəhbərliyinin Dağlıq Qarabağa kifayət qədər diqqət yetirməməsinin, ordakı vəziyyətlə maraqlanmamasının nəticəsi idi ki, həm vilayət mərkəzində, həm də Martuni, Mardakert və Hadrutda dövlət müəssisə və təşkilatlarının önündəki lövhələr ancaq erməni dilində idi, heç bütün SSRİ üçün qəbul edilmiş rus dilində də verilmirdi (Stepanakerti gəzərkən adama elə gəlirdi ki, Azərbaycanda yox, Ermənistandasan), orda azərbaycanlılar əsasən aşağı dərəcəli, az məvacibli, ağır işlərdə çalışmaqla dolanmalı olurdu, Qarabağ İpək Kombinatının baramaaçma sexində ən çətin sahəyə cəlb edilənlər - qaynar su altında işləyən qadın və qızlar da yalnız Xocalının qız-gəlinləri (o ağır, nəfəs almaq belə mümkün olmayan sexdə bir nəfər də olsun erməni qadın işləmirdi), heyvandarlığın yolsuz-rizsiz, qışı-yayı şəraitsiz fermalarında ən aşağı maaşla "QUL"luq edənlər də azərbaycanlılar idi.
Xocalı həm də ona görə qurban getdi ki, vaxtilə Qarabağ xanının vəziri Molla Pənah Vaqif ancaq özümüzün və ermənilərin gözəllərinə şeir qoşmaqla məşğul idi, erməni məliklərinin məkrli niyyətlərinə əhəmiyyət vermirdi, bizim 15-18 yaşlı oğlanlar o zamanlar da, hətta son illərə qədər də kənddə-kəsəkdə "ənzəli", "dirədöymə" oynamaqla başlarını qatırdılar, erməni dığaları isə gecə-gündüz top-tüfənglə əlləşirdilər, bizimkilərin çoxu xəncər-qılıncı bellərinə əsasən "kişi bəzəyi", kişi atributu kimi bağlayırdı, ermənilər isə öz silahları ilə orda-burda əllərinə keçən azərbaycanlıların başlarını üzürdülər. Bizim gənclər Sovet ordusunda daha çox inşaat batalyonlarında xidmət etməyə, "günlərini keçirməyə" üstünlük verir, erməni dığaları isə artilleriya-raket hissələrində hərbin sirrlərini öyrənirdilər.
Kiçik bir haşiyə 1987-ci ilin dekabrında Mardakertdə ezamiyyətdə olarkən ordakı mağazaların birindən 2 yaşlı oğlum Orxan üçün uşaq dəsmalları almışdım. O zaman həmin dəsmallardan biri xüsusilə xoşuma gəlmişdi - üstündə döyüş topu və mərmilərlə yanaşı dayanmış rus kazakının rəsmi verilmişdi. Yalnız DQMV-də erməni iğtişaşları başladıqdan sonra başa düşdüm ki, bu, sadəcə cib dəsmalı deyilmiş, ermənilərin öz uşaqlarını hələ kiçik yaşlarından döyüşçü, "canavar" olmağa səsləyən bir təbliğat vasitəsi imiş. Yəni ki, daşnaklar öz dığalarını hələ kiçik yaşlarından bizlərlə mübarizəyə, döyüşə hazırlaşdırır, biz isə ən yaxşı halda bir-birimizə daş atıb, baş yarmaqla (özümüzünkülərin! - bəzən də erməni qızları üstündə) məşğul olurduq.
Bəlkə, özümüz günahkar deyilik?..
Qeyd etdiyim kimi, Xocalı soyqırımı Stepanakertdə erməni ixtişaşları başladıqdan 4 il sonra baş verdi. 1988-ci ilin yanvarından 1992-ci ilin fevralınadək - 4 ildən artıq vaxt ötmüşdü! 4 il! Nələr etmək olmazdı həmin o 4 ildə? Heç nə etmədik, etmək istəmədik... Vaxtiıə Stalin 4 il ərzində Hitlerin başını əzib, geri oturtmuşdu. Biz isə sayca bizdən qat-qat az olan ermənilərin öhdəsindən gələ bilmədik (düzdür, burda "rus" faktoru mühüm rol oynayıb. Bütün müsibətləri başımıza onlar ermənilərlə əlbir olaraq gətiriblər...).
Həmin 4 il müddətində respublika rəhbərliyi sanki başını əlləri arasına alıb çarəsizliklə gözlədi ki, görək, Qarabağın taleyi necə olacaq? Hadisələri qabaqlamadıq, daim baş verənlərin arxasınca süründük... Ermənilər düz 4 il "gözlədi" ki, görək, bu
"musurman"ın ağlına nəsə gələcəkmi, nəsə edə biləcəkmi? Ancaq o 4 ildə respublika rəhbərlərinin ağlına heç nə gəlmədi və Moskvadan tələb edə bilmədilər ki, erməni kənd-kəsəyi Sovetin, rusun əsgərləri tərəfindən qorunduğu kimi, Xocalı da, digər şəhər və kəndlərimiz də eləcə qorunsun. Buna nail olmaq mümkün deyildimi? Mümkün idi, ancaq Bakıdan belə bir israrlı tələb (heç olmasa, pul, rüşvət gücünə!) olmadı. Olsa da belə, yəqin ki, israrsız, səmərəsiz...
Və azğın erməni də, rus əsgəri də görəndə ki, "musurman"da üsyankar hərəkət, tərpəniş yoxdur, yəqin düşündü ki, Qarabağ ona lazım deyil və Xocalıdan başlayaraq Şuşanı, Laçını, Kəlbəcəri və daha 5 rayonumuzu bir-birinin ardınca zəbt elədi (nədənsə biz ilkin tələb olaraq uzun illər elə hey "5 rayon" deyib dururduq, bəs Dağlıq Qarabağda ermənilərin 170 il əvvəl bura köçürülərək məskən saldıqları ərazilərimiz - daha 5 rayon, qovulduğumuz Göyçə, Zəngəzur elləri bizim deyildimi?).
Təəssüflər ki, ötən 30 ildən də artıq müddətdə torpaqlarımız da işğal edildi, minlərlə igid-igid, cavan-cavan oğullarımız da Vətən yolunda şəhid oldu. Xocalı aeroportunun cəsur komendantı, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev və digər oğullarımız, Xocalı igidləri erməni-rus birləşmələrinə qarşı son damla qanlarınadək mərdliklə vuruşdular. Ancaq Ağdamın qəhrəman oğlu Allahverdi Bağırovu, 16 yaşında ikən "Ata, ana, mənə halallıq verin, məni Vətən çağırır!" deyə Şəkidən birbaşa cəbhəyə yola düşən, sonralar Xocalının müdafiəsində dayanaraq, döyüşçülərə, yaralılara kömək edən balaca boylu, lakin geniş qəlbli, vətən sevgili Könül Qəhrəmanovanı arxadan güllə ilə vuran xainlər, Elçibəydən onun əvəzinə Azərbaycan prezidenti olacağına zəmanət ala bilmədiyinə görə öz silahlı dəstələrini Stepanakertin 9-10 kilometrliyindən xəyanətkarcasına geri çəkən Surət Hüseynov kimi dönüklər, satqınlar olmasaydı, bəlkə də indi Stepanakertdə yox, adını özünə qaytarmaq istədiyimiz XANKƏNDİdə Azərbaycan bayrağı dalğalanardı. Ancaq heyf ki, bu, hələ bu gün də reallaşdıra bilmədiyimiz bir arzu olaraq qalır...
Lakin çox yaxşı ki, elə bir gün gəldi ki, Ali Baş Komandanımız İlham Əliyevin hücum əmri ilə rəşadətli Milli Ordumuz Qarabağa doğru böyük QƏLƏBƏ yürüşü başlayaraq, işğal altındakı torpaqlarımızın böyük hissəsini azad edərək, nəhayət, şəhidlərimizin ruhunu və xalqımızı sevindirə bildi! İnanırıq ki, çox keçməz, Azərbaycanın üçrəngli bayrağı Xankəndidə də dalğalanacaq.

Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti,
1987-1989-cı illərdə "Вышка" qəzetinin
Dağlıq Qarabağ üzrə xüsusi müxbiri.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar