Xəbər lenti
Avropa yeni COVID “müharibəsinə” hazırlaşır? – Qoca qitənin azərbaycanlı sakinləri anladır
Avropa İttifaqının (Aİ) Səhiyyə məsələləri üzrə Komissarı Stella Kiriakides bugünlərdə mətbuata müsahibəsində deyib ki, pandemiyanın pisləşməsi ilə əlaqədar İttifaqın sərhədlərinin keçilməsi ilə bağlı qaydalar tezliklə dəyişəcək. Çünki Avropada pandemiya ilə bağlı vəziyyət narahatedicidir və son vaxtlar yoluxmada artım müşahidə olunur.
O, həmçinin qeyd edib ki, COVID-19-a yoluxanların əksəriyyəti peyvənd vurdurmayan insanlardır: “Dekabr və yanvar aylarında xəstəxanalarda yüklənmə olacaq. Ölkə əhalisinin 80%-i vaksinasiya olunmayan bütün ölkələr ciddi, eyni zamanda cəmiyyət üçün çətin addımlar atmalıdır”.
Ümumilikdə son günlərdə rəsmi şəxslərin açıqlamalarından belə görünür ki, Avropa ölkələrində karantin rejimi yenidən sərtləşdiriləcək, məhdudiyyətlər artacaq.
Manevr.az xəbər verir ki, AYNA bir sıra Avropa ölkələrində yaşayan həmyerlilərimizlə həmsöhbət olub, hazırda karantin rejiminin, tətbiq olunan qayda və məhdudiyyətlərin hansı formada olduğu ilə maraqlanıb. Beləliklə:
Vahid İmanov: “İspaniyada vəziyyət o qədər də pis deyil. Sadəcə ilin sonuna kimi turist vizası ləğv edilib, başqa hər şey normaldır. Hotellərdə peyvənd pasportu tələbi qüvvədə qalır, amma bəzi yerlər var ki, heç tələb etmirlər. Ümumilikdə peyvənd pasportuna görə ciddi bir məhdudiyyətlə üz-üzə qalmırıq. Hətta dost-tanışlarım arasında hələ də peyvənd olunmayanlar var, onlar da ölkə daxilində rahat hərəkət edirlər. Mən işimlə bağlı ölkə xaricinə çıxıram deyə, iki doza peyvənd qəbul etmişəm. Tibbi maska tələbinə qaldıqda isə, barlarda, kafelərdə tibbi maskadan istifadə edilməlidir, amma əksəriyyət buna əməl etmir. Bir neçə gün olar ki, Portuqaliyadan gəlmişəm. Orada bütün qapalı məkanlarda COVID-19 pasportu tələb olunur. İspaniyada isə düşünürəm ki, yeni il ərəfəsində tələblər və qaydalar sərtləşdirilə bilinər”.
Şəhriyar Əlizadə: “Statistikaya görə, Almaniyada yoluxma sayı yüksəkdir və hər gün də artır. Mən də daxil olmaqla tanıdığım çox adam yoluxub və sağalıb. Bu gündən peyvənd olunmayanlar avtobusa, qatara belə, minə bilməyəcəklər. Belə bir qərar qəbul edildi. Hər dəfə test edib nəticəni göstərmək lazımdır. Qaydalara əməl etməyənlər böyük məbləğdə cərimələnəcəklər. Bundan başqa, iş yerlərində peyvənd olunmayanlarla bağlı qərar sərtləşdirilib. Onlar da hər gün 24 saatdan gec olmayan test nəticələri göstərməlidirlər. Bu testlər evdə yox, mərkəzdə edilməlidir və xərci şəxs özü qarşılamalıdır. Fitness salonlarına, restoranlara da girişdə peyvənd pasportunu göstərməlisən və ya test verməlisən. Tələblərə demək olar ki, əməl edilir. Burada qayda pozmaq o qədər də xoş qarşılanmır. Dövlətin tələbi odur ki, hər kəs peyvənd olunsun və maska taxsın, məsafə saxlanılsın. Artıq üçüncü doza peyvənd vurduranlar var. Peyvənd xərclərini dövlət qarşılayır. Onu da deyim ki, hazırda uşaqların da peyvənd olunması gündəmdədir. Yaxın vaxtlarda beş yaşından başlayaraq hər kəs peyvənd oluna biləcək. Bu istiqamətdə artıq sınaq keçirilib”.
Vüqar Abbasov: “Niderlandda pandemiya ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Virusa yoluxma ilə bağlı rəqəmlər bunu deməyə əsas verir. Gündəlik yoluxmaların sayı 20 000-dən yuxarıdır. Mütəxəssislərin bəziləri bunu hökumətin bir neçə ay öncə verdiyi qərarla əlaqələndirirlər. Həmin vaxt hökumət qaydalarda çox yumşaltma etdi. Məsələn, 1,5 metr məsafə saxlamaq, məhdud sayda qonaq qəbul etmək və s. kimi qaydalar ləğv olundu. Əlbəttə ki, bütün bunların olmamasını hamımız istəyirik. Amma qərarlar qəbul olunanda da nəyəsə əsaslanmalıdır. Görünür ki, hökumətin o zamankı qərarı o qədər də əsaslı deyilmiş. Onun nəticəsi idi ki, bir neçə həftə öncə hökumət yenidən qaydaları sərtləşdirməli oldu. Yenidən 1,5 metr məsafə, məhdud sayda qonaq qəbul etmə və s. barədə qərar qəbul etdi. Bu gün, yəni 26 noyabrda Baş nazirin və səhiyyə nazirinin mətbuat konfransı olmalıdır. Gözlənilir ki, qaydalar daha da sərtləşdiriləcək. Məsələn, dükanların, restoranların, kinoteatrların və s. saat 17:00-da bağlanacağı gözlənilir. Bu gün səhər bir çox qəzetlərin başlıqlarına baxdım və demək olar başlıqlar eyni mənanı verirdi: “Hər yer vaxtından tez bağlanacaq”, “Qaydalar sərtləşdiriləcək”. TV-lərdə bütün günü bunu müzakirə edirlər. Bir çox şəhərlərdə vətəndaşlar etiraz mitinqləri keçirdi və təəssüf ki, bəzi hallarda bu, polislə insidentlə, xuliqanlıqla, polisə, dövlət və şəxsi əmlaka qarşı vəhşiliklə müşayiət olundu”.
Çiçək Məmmədova: “Hazırda Romada (İtaliyanın paytaxtı – A.N.) vəziyyət normaldır. Sadəcə universitetdən “mail” adresimizə məktub göndərilib ki, koronavirusla bağlı vəziyyəti nəzərə alaraq, qaydalara riayət edin. “Green pass”la rahat hərəkət etmək olur. Restoran, klublar fəaliyyətini davam etdirir. Qapalı məkanlarda isə maska taxmaq mütləqdir. Onu qeyd edim ki, burada əhali maskadan 98 faiz halda düzgün istifadə edir. Dekabrın 6-dan “Super green pass” qüvvəyə minəcək. “Green pass”ı həm yoluxub sağalanlara verirdilər, həm də vaksin olunanlara. “Super green pass” isə yalnız vaksin olunanlara veriləcək. Onu da qeyd edim ki, burada vəziyyət regionlara görə də dəyişir. Ola bilsin, bəzi regionlarda sərt qapanmalar olduğu halda, digər regionlarda sərt məhdudiyyətlər və qaydalar olmasın”.
Ramil İbrahimov: “Hazırda real rəqəmləri dəqiq bilmirəm, amma mənim yaşadığım Almaniyanın Bavariya əyalətində universitetlərdə, peşə məktəblərində, hətta peyvənd olunanlar belə, gündəlik COVID-19 testi verməlidirlər. Test üçün ödəniş tələb olunmur. Dövlət hesabına həyata keçirilir. Qatar və ya avtobusla səyahətlərdə peyvənd kifayət edir. Amma peyvənd olunmayanlar mütləq test verməlidirlər. Bu qaydalar noyabrın 24-dən qüvvəyə mindi. Qapalı məkanlarda, eyni zamanda ictimai nəqliyyatda mütləq FFP-2 maskalardan istifadə olunmalıdır. Bu tələb yalnız Bavariya əyalətindədir. Azyaşlılar adi tibbi maskadan və ya parça maskalardan istifadə edə bilərlər. 6 yaşına qədər olan uşaqlar maska taxmaya bilərlər. Yoluxanların sayı artarsa, təhsilin yenidən distant formaya keçəcəyi gözlənilir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar