Xəbər lenti
Kür çayının qoynunda böyüyüb gözəlləşən Mingəçevir
Bu işdə ən çox əməyi olanlardan biri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektividir
Qədimliyi və müasirliyi vəhdət təşkil edən, səliqə-səhmanı və yaşıllığıyla secilən Mingəçevir bu gün təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın sürətlə böyüyən və gözəlləşən şəhərlərindən biridir. Mingəçevirin müasir bir şəhər kimi formalaşmasında zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına dövlətin diqqəti böyükdür. Müasir infrastrukturu, qabaqcıl texnologiyaları, mədəni-məişət şəbəkəsi olan coğrafi məkana çevrilən şəhərin artıq özünəməxsus ekoloji standartları formalaşıb. Bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş şəhərin abadlaşdırılmasında və quruculuğunda ən çox əməyi olanlardan biri və bəlkə də birincisi heç şübhəsiz Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektividir. Kollektivə gənc olmasına rəğmən şəhər təsərrüfatına yaxından bələd olan Şəhriyar Mustafayev başçılıq edir.
Qısa haşiyə çıxaraq qeyd edək ki, Ş.Mustafayevin atası mərhum Yolçu Mustafayev də birbaşa şəhər təsərrüfatıyla bağlı bir insan olub. Nisbətən yaşlı sakinlərin bu gün də dərin hörmət və ehtiramla xatırladıqları Yolçu müəllim vaxtilə Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinə rəhbərlik edib. Necə deyərlər, ot kökü üstündə bitib.
Bəri başdan qeyd edək ki, Şəhriyar müəllim şəhərdə kabinet adamı hesab olunmayan nadir məmurlardandır. Ona görə də onu daim iş başında, şəhərin ən müxtəlif nöqtələrində - təmir-bərpa, təmizlik və abadlıq işlərinin aparıldığı Mingəçevir su anbarının, şəhərin bağlar yaşayış massivində, Bozdağın ətəyində yerləşən və şəhəri sel sularından mühafizə kanalının ərazisində və s. çalışan işçilərin yanında görmək mümkündür. Yaranmış istənilən vəziyyətlə yerindəcə şəxsən tanış olub tapşırıq və tövsiyələrini vermək Ş.Mustafayevin ən böyük məziyyətlərindəndir.
Sel sularından mühafizə kanalından söz düşmüşkən. Vaxt vardı güclü və aramsız yağışlar yağanda mingəçevirliləri ilk narahat edən məsələ bu olurdu: görəsən, evimizi sel basmayacaq ki? Bu da təbiidir. Çünki ötən illər ərzində - istər sovet dövründə, istərsə müstəqillik illərində şəhər camaatı, idarə və müəssisələr bu ağrının acısını çox dadıblar. Elə günlər olub ki, bir neçə saat ərzində Bozdağın gili, palçığı evlərin həyətlərinə, zirzəmilərə, küçələrdəki mühəndis-kommunikasiya xətlərinə dolub. Bəzən təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün aylar, böyük işçi qüvvəsi və milyonlarla vəsait tələb olunub.
Lakin bu gün artıq bütün bunlar keçmişdə qalıb. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları daim şəhərin şimalındakı Bozdağın ətəyində sel sularını axıtmaq üçün nəzərdə tutulan və 13 kilometr uzunluğu olan əsas kanalın lil və çöküntülərdən təmizlənməsi işlərinə nəzarət edir. Birliyin işçiləri tərəfindən kanalın dərinləşdirilməsi və ərazisinin genişləndirilməsi, köməkçi sel suları ötürücüsünün təmizlənməsi, güclü yağışlardan sonra ortaya çıxa biləcək sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi prosesi diqqətdə saxlanılır. Yeraltı sulardan mühafizə məqsədilə nəzərdə tutulan xətlər xüsusi texnikalar vasitəsilə mütəmadi olaraq təmizlənir. Əminliklə söyləmək olar ki, kanalın sel-su axıtma imkanları normal vəziyyətdədir. Amma buna baxmayaraq, bəzi bağ sahələri və fərdi yaşayış evlərinin kanalın üstündə olması və kanalizasiya sularını birbaşa bura axıdılması, eləcə də yüksək gərginlikli elektrik xətlərinin altında evlərin inşası və qanunsuz tikililərin aparılması kanalın təmizlənməsinə maneçilik törədir. Şəhriyar Mustafayev bildirib ki, birliyin sərəncamında olan texnika – traktor, kran və yük maşını kanalı daima təmizləməyə və nəzarətdə saxlamağa imkan versə də, ərazidə inşa edilmiş qanunsuz tikililər üzündən hər an "fors-major" vəziyyət yarana bilər: "Bu isə təbii ki, ilk növbədə insanların özlərinin həyatı, həmçinin əmlakı üçün çox təhlükəlidir". Birlik rəisi əlavə edib ki, mütəmadi olaraq sakinlərlə görüşlər keçirilir, qarşıdan gələn payız-qış aylarında üzləşə biləcəkləri problemin həm onların, həm də Mingəçevirin sel sularının mühafizəsinə cavabdeh olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işinə əngəl yaratması izah olunur.
Ümumilikdə isə MKT İB-in Təmir-Tikinti, Mənzil Bağlar Kommunal Xidməti, Sel-Su Kanallarının və Yeraltı Sel Sularından Mühafizə Quyularının İstismarı Sahələrinin işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, park və xiyabanlarında, sel-su kanallarında abadlıq və təmizlik işləri ara vermədən davam etdirilir. Şəhərin müxtəlif ərazilərinin ot-alaqdan və məişət tullantılarından təmizlənməsi, Samux küçəsindən keçən köməkçi sel-su kanalının içinin və ətrafının təmizlənməsi, təmirə ehtiyac olan şəbəkəli sel-su xətlərinin cari təmir-bərpası, küçə və prospektlərdə, şose yolunda piyadalar üçün nəzərdə tutulmuş keçidlərin və digər yol nişanlarının rənglənməsi, Kur çayı hövzəsinin İstirahət Parkı sahili boyunca ərazinin yosunlardan, çillərdən təmizlənməsi işləri aparılır. Çoxmənzilli binaların həyətləri abadlaşdırılır, yol kənarındakı yaşıllıq zolaqları yenilənir, qazon səpilir. Ağaclara aqrotexniki qulluq göstərilir, yola tərəf əyilərək yol nişanlarının qarşısını kəsən budaqlar budanır. Bununla yanaşı, səkilərdə səliqə-səhman yaradılır, yeni bardür daşları düzülür, ehtiyac olan hissələrin asfalt örtüyü bərpa edilir.
Bütün bu işlərin aparılmasına MKT İB-nin xeyli sayda canlı qüvvəsi və texnikası səfərbər olunub.
Yeri gəlmişkən, bütün dünyanı cənginə almış COVİD-19 pandemiyası dövründə belə MKT İB-nin əməkdaşları ikiqat əzmlə çalışaraq şəhərin gözəlliyinə və abadlığına xələl gəlməməsi üçün əllərindən gələni əsirgəməyibrlər.
Ş.Mustafayevlə söhbət zamanı onu da öyrəndik ki, Mingəçevirdə 3 mühüm ekoloji və innovativ layihənin icrasına başlanıb: "Mingəçevir şəhəri 16 iyul 2017-ci il tarixdə Avropa İttifaqının Merlər Razılaşması Şərq təşəbbüsünə qoşulub. Razılaşmaya əsasən yerli və beynəlxalq və yerli məsləhətçilərin iştirakı ilə şəhərin 2030-cu ilədək Davamlı Enerji və İqlim Tədbirlər Planı (DEİTP) 2019-cu ilin sonunda hazırlanaraq tamamlanıb. Plan üzrə həyata keçirilməli olan layihələrin maliyyələşməsi Beynəlxalq təşkilatlar və donorlar, Bələdiyyə, yerli İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən kommunal təşkilatlar və bu sahəyə maraq göstərən sahibkarlar (Enerji Səmərəlliyi Şirkətləri) tərəfindən nəzərdə tutulsa da, 2020-ci ilin əvvəllərindən COVİD-19 pandemiyasının yayılması və digər subyektiv səbəblər üzündən layihələrin icrası üçün heç bir maliyyə dəstəyi göstərilməyib. Lakin buna baxmayaraq daxili imkanlar hesabına planda nəzərdə tutulmuş işlərin icrasına başlanılıb".
Layihə çərçivəsində şəhərin 32 ha ərazisini əhatə edən parklar üçün damcılı suvarma ilə səmərəli su təchizatı sistemini qurmaq, suya qənaət etmək və yaşıllıq zolaqlarını artıraraq CO2 emissiyasını azaltmaq, yaşayış binalarının enerji səmərəliliyinə nail olmaq və vegetasiya dövrünü başa vurmuş ağacların, kolların və onların qalıqlarının emalı nəzərdə tutulub".
Ş.Mustafayev onu da əlavə edib ki, layihənin uğurla həyata keçirilməsi nəticəsində şəhərin suvarma sisteminin yenidən qurmaq, park və xiyabanlar üçün mövcud su sərfiyyatını 70 % azaltmaq, kommunal təşkilatların yanacaq və amortizasiya xərclərinin azalmasını təmin etməklə yanaşı, ən əsası yeni iş yerlərinin yaradılması hədəflənib.
Azər TAĞIYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Mingəçevir şəhəri
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar