Xəbər lenti
Amerikalı jurnalistin sensasion araşdırması: Ermənistan Bundestaqın deputatlarını belə satın alır
Amerikanın müstəqil nəşri “The USA Tribune” Robert Horovitzin Almaniyadakı erməni lobbi fəaliyyəti ilə bağlı məqaləsini dərc edib. “Alman deputatları vasitəsi ilə effektiv olmayan erməni lobbiçiliyi” başlıqlı məqalədə ermənipərəst lobbiçilər tərəfindən həm federal, həm də yerli səviyyədə alman parlamentarilərinə çoxsaylı rüşvət verilməsi faktlarından bəhs olunur.
"The USA Tribune" erməni lobbisi tərəfindən ələ alınmış Bundestaq üzvlərinin adlarını açıqlayır...
Bu maraqlı araşdırmanın tam mətnini oxucularımıza təqdim edirik.
***
Siyasi təcrübə kimi separatizm - xüsusən də bu proksi- hərəkat olarsa - ən azından hansısa legitimlik əldə etmək üçün xarici dəstəyə çox ehtiyac duyur. Separaçı hərəkatların liderləri əlaqələrini kəsdikləri ölkədən müstəqillik hüquqlarının olduğuna inandırmaq üçün Qərb ölkələrində qanunvericilərlə əlaqələr qurmağa çalışırlar.
Postsovet məkanında və keçmiş Varşava Müqaviləsi ölkələrində bu hərəkatlar regional güclər tərəfindən ötən əsrdə malik olduqları təsir dairələrinə nəzarət etmək üçün təşviq olunur və gücləndirilir. Məsələn, Yuqoslaviya, 1990-cı illərdə Balkanlarda “Böyük Serbiya” hesab etdiyi ərazilərdə bir sıra separatçı hərəkatlar başladıb və dəstəkləyib. Yaxud Yeltsin Rusiyasının özü Gürcüstan, Moldova, Azərbaycanda separatçı hərəkatların başında dururdu.
Azərbaycan 1993-cü ildə Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri almaq üçün 2020-ci ilin payızında kifayət qədər uğurlu hücuma başladı. Həmin müharibələrdən əvvəl də dünyanın bu qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar Avropadan olan deputatları muzdla ələ alaraq öz mövcudluqlarına legitimlik donu geyindirməyə çalışırdılar, həmin muzdlu deputatlar seçkilər zamanı və ya digər hallarda separatçı qurumların kvazipaytaxtlarında görünürdülər.
Azərbaycan ordusu tərəfindən darmadağın edilmiş Ermənistan ordusunun qalıqları. Ermənistanın məğlubiyyəti avropalı deputatların münaqişənin özünə baxışlarını dəyişdi.
Məsələn, “Almaniya üçün Alternativ” adlı ifrat sağçı partiyanın bir neçə üzvü bəll olduğu kimi, işğal edilmiş Dağlıq Qarabağda 1992-ci ildən sonra Ermənistanın qurduğu qanunsuz rejimi dəstəkləyirdi. 2017-ci ildən etibarən Almaniyanın Baden-Vyurtemberg, Türingiya, Meklenburg-Pomeraniya, Brandenburq federal torpaqlarının yerli qanunverici orqanlarının üzvləri, habelə “Almaniya üçün Alternativ” hərəkatından Bundestaqın deputatları və Avropa Parlamentinin üzvləri Azərbaycanın işğal edilmiş ərazilərinə bir neçə qanunsuz səfərlər həyata keçirmişdilər. Həmin hərəkatın Bundestaqdakı fraksiyasının nümayəndələri Dağlıq Qarabağın qondarma parlamentinin deputatlarını 2018-ci ildə Almaniyaya səfər zamanı qəbul etmişdilər. Və onları Brandenburq əyalətind 2019-cu il sentyabrın 1-də keçirilən seçkiləri izləməyə dəvət etmişdilər.
Erməni KİV-ləri xəbər verirdi ki, həmin seçkilərdə “Dağlıq Qarabağ respublikasından” müşahidəçilər qismində nümayəndələr iştirak ediblər. Hərçənd Almaniyada yerli seçkilərə xarici müşahidəçiləri adətən dəvət etmirlər.
Ötən il oktyabrın 18-də, döyüş əməliyyatlarının qızğın vaxtında "Almaniya üçün Alternativ" hərəkatının nümayəndə heyətinin üzvləri Qarabağda göründü. Nümayəndə heyətinin tərkibinə Şteffen Kotre, Bandenburq əyalət məclisinin vitse-prezidenti Andreas Qallau və deputat Andreas kalbits daxil idilər.
“Almaniya üçün Alternativ” islamofob, antisemit, irqçi, antidemokratik və antiavropa meylli siyasi qüvvədir, alman xüsusi xidmət orqanları bu hərəkatı ekstremist təmayüllü olduğu üçün izləyir. Almaniyanın bütün digər partiyaları “Almaniya üçün Alternativ” hərəkatı ilə həm federal, həm yerli hökumətlərin formalaşdırılması zamanı koalisiyaya girməkdən imtina edirlər. Və bu partiya ilə hər hansı əməkdaşlıq qurmurlar. Hərəkatın üzvləri Ermənistanla və postsovet məkanındakı ərazi münaqişələri nəticəsində yaranmış separatçı rejimlərlə əməkdaşlıq edirlər. Partiyanın üzvləri tez-tez həmin separatçı regionlara və Krıma səfərlər edirlər, xüsusən də “seçki müşahidəçiləri” qismində.
“Almaniya üçün Alternativ” hərəkatının Ermənistanın maraqlarına xidmət edən üzvlərindən bir qismi aşağıdakılardır:
1. Bundestaqın üzvü, 2019-cu ildə və 2020-ci ilin payızında müharibə zamanı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən Stefan Koyter. O, alman cəmiyyətində özünün fəal nasist və antisemit mövqeyi ilə tanınır.
2.Brandenburq əyalət məclisinin üzvü Andreas Kalbis. O da 2019-cu ildə və 2020-ci ilin payızında müharibə zamanı qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib, “Almaniya üçün Alternativ” hərəkatının sağ qanadı-Flügel-i (bu qanad hərəkatın daxilində ən nüfuzlu və eyni zamanda ən radikal fraksiyadır,-red.) təmsil edir. O, 2020-ci ilin mayında neonasist keçmişinə görə partiyadan xaric olunub. Lakin Brandenburq əyalət məclisində “Almaniya üçün Alternativ” fraksiyasının üzvü olaraq qalır. Kalbits Qarabağ müharibəsini “xristian mədəniyyətinin islam ekspaniyasına qarşı mübarizəsi” adlandırmışdı.
3. Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Şteffen Kotre. O da 2019-cu ildə və 2020-ci ilin payızında müharibə zamanı qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib. Parlament qrupu daxilində ermənilərin xeyrinə kampaniya aparıb. Sağçı ekstremistdir, miqrantlara qarşı çıxış edir.
4. Andreas Qalau, sağçı ekstremist, Brandenburq əyalət məclisinin vitse-sədri. 2019-cu ildə və 2020-ci ilin payızında müharibə zamanı Dağlıq Qarabağa qanunsuz səfər edib. Partiyadan xaric olunan Andreas Kalbitsi dəstəkləyir.
5. Lars Patrik Berq-2017-ci ildə Baden-Vyutemberq əyalət məclisinin deputatı qismində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib, daha sonra Avropa Parlamentinə seçilib. O, Ermənistanın xeyrinə müntəzəm təbliğatı və özünün islamofob, antitürk və antiazərbaycan mövqeyi ilə tanınır.
6.Enriko Komninq-2016-cı ildə Maklenburq-Ön Pemeraniya federal torpağının məclisinin deputatı qismində Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib. Sonra Bundestaqa üzv seçilib. 2016-cı ildə KİV-lər onun partiya üzvləri ilə qalmaqallı səs yazısını yaymışdı: “Biz parlament dövləti və ya demokratiya adlandırılan bu sistemi istəmirik. Biz onu ləğv etmək istəyirik”.
7. Holger Arppe-Meklenburq-Ön Pomeraniya federal torpağının yerli qanunvericilik orqanının üzvü. 2016-cı ildə Dağlıq Qarabağa qanunsuz səfər edib, 2017-ci ildə rasist, pedofil və zorakı baxışları mətbuatda ifşa ediləndən sonra “Almaniya üçün Alternativ” hərəkatının yerli parlamentdəki fraksiyasından çıxıb. 2020-ci ilin payızında Qarabağda gedən müharibə zamanı erməni tərəfini fəal dəstəkləyib, Türkiyənin müharibədə “iştirakına” istinad edərək Avropada “islamlaşma təhdidi” barədə çıxışlar edib.
8. Tomas Rudi-Türingiya federal torpağının yerli məclisinin üzvü. 2016-cı ildə Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib. “Almaniya üçün Alternativ” hərəkatının ifrat sağçı qanadının üzvüdür. Özünün nasist, irqçi, qomofob çağırışları və şüarları, bəyanatları ilə tanınır. 2020-ci ildə Qarabağda müharibə zamanı erməni tərəfinin xeyrinə təbliğati fəaliyyətlə məşğul olub.
9. Manuel Oksenrayter-ifrat sağçı jurnalist. Sözügedən hərəkatın üzvlərini 2016-cı ildə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər zamanı müşaiyət edib, 2004-2011-ci illərdə “Deutsche Militärzeitrschrift” nəşrinə və 2011-ci ildə “Zuerest” nəşrinə baş redaktorluq edib. Hər iki nəşr sağçı-ekstremist meyllidir. 2014-cü ildə Tehranda təşkil edilən “Almaniyadakı yəhudi lobbisi” adlı antisemit konfransda çıxış edib. 2018-2019-cu illərdə Bundestaqın üzvü Markus Fronmayer Ukraynanın Ujqorod şəhərində macar azlığın nümayəndələrinə qarşı terror aktında iştirakına görə Bundestaqdakı işindən azad olunub. Alman mətbuatı yazırdı ki, Markus Fronmayer Rusiya rəsmi şəxslərindən təlimat alıb. Bundan əlavə, məlumat var ki, Oksenrayter və Fronmayer postsovet məkanındakı separatçı bölgələrə seriya qanunsuz səfərlərin təşkilatçılarıdır, üstəlik onlar Rusiya xüsusi xidmət orqanları ilə bu işdə əməkdaşlıq edirlər. Həmin şəbəkənin daha bir mühüm fiquru Mateuş Piskorski Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə həbs edilib.
“Almaniya üçün Alternativ” hərəkatının işğal altında olan Dağlıq Qarabağ regionuna o vaxtkı səfərlərinin xərclərini oradakı qanunsuz rejimin “parlamenti” ödəyirdi. Qonaqlar bu faktı gizlətməyə çalışırdılar və məsələ ilə bağlı müxtəlif ziddiyətli bəyanatlar verirdilər.
Hərəkatın nümayəndələrinin ötən ilki müharibə zamanı Dağlıq Qarabağa etdikləri səfərdə qanunsuz rejimin başçısı Araik Arutyunyan deyirdi ki, “Almaniya üçün Alternativ” hərəkatı ilə beş ildir fəal əməkdaşlıq edir.
Erməni lobbi qrupları və əlbətdə ki, Berlindəki səfirlik Almaniya parlamentinin radikal solçu fraksiyaları ilə də uğurlu əməkdaşlıq qurublar. Həmin korrupsiyalaşmış alman məmurlarının arasında Bundestaqın ifrat solçu fraksiyasının aşağıdakı üzvləri yer alır:
Sevim Dağdelen-Bundestaqın xarici işlər üzrə komitəsinin üzvü. Türk mənşəlidir, yarı kürddür. Radikal antitürk mövqeyi ilə tanınır.
Sevim Dagdelen-2020-ci ilin iyulunda Berlində antiazərbaycan isteriyası başlatmışdı
İndiki çağırış Bundestaqda Almaniya-Türkiyə parlament qrupuna başçılıq edib və qrupun fəaliyyətini tam iflic edə bilmişdi. Onun antiazərbaycan mövqeyi 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində baş vermiş toqquşmalardan sonra başladı. O zaman deputat Türkiyənin Azərbaycana siyasi dəstəyini özünün yeni antitürk kampaniyası üçün istifadə edirdi. Və həmin dövrdə Almaniyadakı seçkilər zamanı hökm sürən güclü antitürk əhval-ruhiyyəsindən yararlanırdı. O vaxtdan bəri o, Azərbaycanın ünvanına populist, absurd və əsassız iddialar irəli sürməkdədir.
Fraksiyanın xarici siyasət üzrə nümayəndəsi, doktor Greqor Gizi 2017-ci ilə qədər fraksiyanın xarici siyasət üzrə həmsədri olub. Həmin vaxtdan o, münaqişə ilə bağlı özünün ardıcıl mövqeyi ilə tanınıb. O, Azərbaycan diasporunun sorğularına cavab verərkən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. Sol fraksiya həmişə münaqişə ilə bağlı obyektiv mövqeyə malik olub, bu fraksiyanın rəhbərliyinin qəbul etdiyi sənədlərdə həmişə əksini tapıb. 2017-ci il seçkilərindən sonra o, fraksiyanın xarici siyasət üzrə qrupuna başçılıq etməyə başlayıb. Azərbaycan səfirliyində görüş zamanı hətta münaqişənin ədalətli həlli naminə özünün lobbiçilik xidmətlərini də təklif edib.
Lakin son Qarabağ müharibəsi başlayan kimi onun mövqeyi kökündən dəyişdi. O vaxtdan bəri Gizi ermənipərəst bəyanatlarla çıxış edir. Ölkəsinin Türkiyəyə münasibətini tənqid edir, qeyd edir ki, Azərbaycan Türkiyənin “hərbi dəstəyi” ilə Qarabağ ermənilərinə hücum edib.
Ulla Elpke-Bundestaqın daxili işlər üzrə komitəsində sol fraksiyadan məruzəçidir. Fraksiyanın Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən yeganə üzvüdür. Tovuz döyüşlərindən sonra o, Almaniya hökumətinə “Almaniyada ermənilərə hücumlar” adlı kiçik sorğu göndərib. Və erməni diaspor təşkilatlarının məlumatlarına əsaslanaraq Azərbaycan, Türkiyə xüsusi xidmət orqanlarına qarşı əsassız iddialar irəli sürüb. Hökumətin deputatın hansısa ittihamlarını təsdiqləməkdən imtina etməsi və Azərbaycan diasporu tərəfindən onun ermənipərəst fəaliyyətinin ifşa olunması Elpkeni ikinci plana keçməyə məcbur etdi. Və o fəal təbliğatdan kulislərdə lobbiçiliyə keçdi.
Siyahını Bundestaqın Xristian-demokrat ittifaqı və Bavariya Xristian-sosial ittifaqı fraksiyalarından olan üzvləri tamamlayır:
Albert Veyleri Dağlıq Qarabağa dartıb gətirən səbəblər nə idi...
Albert Veyler-Almaniya-Cənubi Qafqaz Forumunun sədr müavini. Almaniyada ermənilərin fəal siyasi lobbiçilərindən biridir, Alman-Erməni forumunun həmtəsisçisi və həmsədridir. Alman-Erməni Forumunun hüquqi ünvanı Bundestaqın ofisi göstərilib. Onun ofisində işləyən Alla Serobyan da bu forumun idarə heyətinin üzvüdür. Veyler Türingiya federal əyalətindən seçilib. 2018-2019-cu illərdə Almaniyada, xüsusən də Türingiya əyalətində erməni mütəşəkkil mafiyasının mövcudluğu, onun Alman-Erməni Forumu ilə əlaqələri haqda xəbərlər yayılmışdı. Forumun üzvləri erməni əsilli peşəkar boksçular Artur Abraham və Karo Murat bu mafiyanın tərkibinə daxildir. Veyler 2013-cü ildən Bundestaqın deputatı olub. O vaxta qədər əyalət səviyyəsində siyasətlə məşğul idi. Təxmin etmək olar ki, onun federal siyasətdə meydana çıxması erməni mafiyasının dəstəyi ilə bağlıdır. 2014-cü ildə o, Azərbaycanın işğal edilmiş ərazilərinə ilk qanunsuz səfərini edib. Daha sonra Alman-Erməni Forumunu təsis edib.
Bundestaqa seçilənən sonra o, habelə “Almaniya-Cənubi Qafqaz” forumunun sədr müavini olub, Almaniya kanslerinin Azərbaycana səfəri zamanı özünü nümayəndə heyətinin tərkibinə daxil etməyə çalışaraq qalmaqal yaratmaq istəyib. Hərçənd Xristian-demokrat ittifaqı və Bavariya Xristian-sosial ittifaqının bloku bütün sahələrdə “Almaniya üçün Alternativ” hərəkatı ilə əməkdaşlıqdan imtina edib, buna baxmayaraq parlament qrupunun sədr müavinləri Albert Veyler və Şteffen Kotre (“Almaniya üçün Alternativ”) əməkdaşlıq etməkdə davam edirlər. Onlar Bundestaqda Azərbaycan səfiri ilə görüş keçiriblər. Görüşü Veylerin ofisinin işçisi Alla Serobyan təşkil edib.
Bu da Bundestaqın ermənipərəst üzvü Ulla Elpke
Manfered Qrund-Bundestaqın xarici işlər üzrə komitəsinin üzvü, Azərbaycanla yaxşı münasibətlərə malik olsa da 2014-cü ildə Albert Veylerlə birlikdə işğal edilmiş ərazilərə səfər edəndən sonra Ermənistanın xeyrinə fəal lobbiçilik etməyə başlayıb. O, Bundestaqın fəal deputatlarından biridir və 2020-ci ildə Qarabağdakı müharibə zamanı Ermənistanın tərəfində çıxış edib. Bundan əlavə, o Türingiya əyalətindən seçildiyi üçün təxmin etmək olar ki, Ermənistanla əməkdaşlığı erməni mafiyası üzərindən qurulub. Onun ofisində (təsdiqlənməmiş məlumata görə) Dağlıq Qarabağdan olan erməni Andranik Aslanyan işləyir. Aslanyan «ELASE Real Estate GmbH» şirkətinin baş direktorudur və separatçı rejimin ünsürlərinin pullarının Almaniyada yuyulması ilə məşğuldur.
Till Mansman-Azad demokratlar partiyasının fraksiya üzvüdür, Bundestaqın deputatıdır. Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavinidir. O da Alman-Erməni Forumunun sədr müavinidir və erməni lobbiçisidir. İstisna deyil ki, Mansmanın erməni lobbisinə qoşulmasını Albert Veyler təşkil edib. Bundan əlavə seçildiyi Berqştrasse seçki dairəsi 2013-cü ildən Qarabağdakı qanunsuz rejimlə əməkdaşlıq edir.
Cem Özdemir-Bundestaqda Yaşıllar fraksiyasının üzvüdür, nəqliyyat və rəqəmsal infrastruktur üzrə komitənin sədridir. 2008-2018-ci illərdə Yaşıllar partiyasının həmsədri olub. 2015-ci ildən “erməni genosidi”nin tanınmasını təbliğ edir. Özdemir Bundestaqın 2016-cı ildə “erməni genosidi” ilə bağlı qəbul etdiyi qətnamənin müəlliflərindən biridir.
Erməni ilə evli olan Bundestaq üzvü Martin Sonneborn-özünün ermənipərəst mövqeyini gizlətmir
Martin Sonneborn-Die PARTEI -satirik, klounların üzv olduğu populist partiyanın sədridir. Erməni qadınla evlidir və erməni məsələsini fəal müdafiə edir. O, 2018 və 2019-cu illərd Qarabağa qanunsuz səfərlər edib. İkinci səfərdə onu partiya yoldaşları da müşaiyət edirdi. Siyasətə ciddi yanaşmayan və Avropa Parlamentində şou təşkil edən (bir dəfə lehinə, bir dəfə əleyhinə səs verməklə) Sonneborn erməni təbliğatı ilə ciddi məşğul olur. 2021-ci ilin yanvarında sosial şəbəkələrdə Çinlə bağlı “lətifə” yayıb, hansı ki, bu “lətifə” asiyalarılara qarşı rasizm kimi dəyərləndirilmişdi. Sərt tənqid dalğasından sonra o, üzr istəməli olub. Sonnebornun bu postuna etiraz olaraq partiyanın fraksiyasının ikinci üzvü (Die PARTEI Avropa Parlamentində cəmi iki üzvlə təmsil olunur) Niko Semsrott istefa verib.
Ermənistanın digər lobbiçiləri arasında“Haypress.de” xəbər saytı, altı fəxri konsul- Saşa Duerkop, Otto Luçterhandt, Tessa Hoffman və başqaları da var. Tamamilə ağlabatandır ki, biznesmenlər olan həmin fəxri konsullar başqa erməni lobbiçilərini də maliyyələşdirir.
1. Gunter Pilarski – Karlsrue şəhərindəki Cronimet Korporasiyasının prezidenti, 2006-cı ildən bəri Ermənistanın Baden-Vürttemberg əyalətindəki fəxri konsulu vəzifəsində çalışır. O, eyni zamanda “Karlsrue SC “Futbol Klubunun vitse-prezidenti və sponsorudur. 2020-ci ilə qədər klubun prezidenti CDU / CSU fraksiyasınınvüzvü İngo Vellenreuter idi. İddialara görə Pilarski Vellenreuterin siyasi əlaqələrindən istifadə edir.
2. Doktor Stefen Brayan Fera- «Wicom Germany GmbH» şirkətinin sahibi və Almaniyanın Hessendəki fəxri konsulu. O, 2013-cü ildə Berqştrasse bələdiyyəsinin başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə səfərini təşkil edib. Ehtimal ki, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Till Mansmannla əməkdaşlıq edir.
Saşa Dyuerkop-2020-ci ilə qədər FİFA ilə bağlı olmayan futbol komandaları üçün beynəlxalq rəhbər təşkilat olan CONFİA-nın “baş katibi” işləyib. Hazırda sosial şəbəkələrdə ermənilərin lehinə təbliğat aparır və Azərbaycanla təmasları olan alman siyasətçilərinə təzyiq etməklə məşğuldur. Erməni diasporu ilə sıx əməkdaşlıq edir.
Doktor Otto Luhterhandt-pensiyada olan beynəlxalq hüquq professorudur və Ermənistanın maraqlarını elm dairələri üzərindən müdafiə edən əsas fiqurdur. Öz məqalələrində Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq haqqının olduğunu sübut etməyə çalışır. Erməni diasporu ilə sıx əməkdaşlıq edir.
Tessa Hoffman-publisistdir, öz araşdırmalarında Ermənistanın saxta tarixini təbliğ etməklə məşğuldur. Erməni diasporu ilə sıx əməkdaşlıq edir.
Maraqlıdır ki, bütün bu adamlar ermənilərin ikinci Qarabağ müharibəsində uduzmasından sonra erməni işinə maraqlarını itirməyə başlayıblar.
Ermənistanın kapitulyasiyası korrupsiyalaşmış deputatların erməni lobbisi ilə əlaqələrində dönüş nöqtəsi oldu. Uduzulmuş işə görə riskə getməyə hazır olan az tapılar...
Rusiya, Azərbaycan və Ermənistan arasında tanınmayan “DQR”-in taleyini təyin edən 9 noyabr üçtərəfli razılaşması, erməni dairələri ilə korrupsiyalaşmış Avropa parlamentariləri arasında münasibətlərdə də dönüş nöqtəsi oldu.
Azərbaycanın işğal altındakı ərazilərində erməni ilhaqçı siyasətinin sona çatması ilə bu qanunvericilər yararsız hala düşdülər, çünki onların məqsədləri yalnız Avropa paytaxtlarında Ermənistanın millətçi baxışlarını müdafiə etmək idi. Lakin maliyyə mənbəyinin bitdiyi yerdə başqa bir başlanğıc yaranır.
Ermənistan tərəfindən dəstəklənən qanunsuz rejim mövcud olmasa da, digərləri hələ də qalmaqdadır. Və bu utilizasiya olunan - daha yaxşı söz olmadığına görə bu ifadəni işlətməyə məcburuq - qanunvericilər digər separatçı və işğalçı rejimlər, məsələn Ukraynadakı separatçı rejimlər üçün işləməyə başlayacaqlar.
Məsələ bundadır ki, bəzi Avropa parlamentariləri, göründüyü kimi, digər ölkələrin maraqlarına xidmət etmək üçün öz hökumətlərində vəzifələr tutmağa davam edirlər. Bu olduqca gəlirli həyat tərzi kimi görünür. Avropada dövlət məmuru statusu və başqa ölkənin milli maraqlarına xidmət etmək məsələsi böyük ölçüdə tənzimlənmir.
Ola bilsin korrupsiya, neo-nasizm və dövləti xəyanətə qarşı mübarizə üçün bu hərəkətlərlə bağlı daha sərt qanun və qaydalara ehtiyac ola bilər./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar