Xəbər lenti
Naxçıvanın həbs olunan Daxili İşlər nazirinin cinayət dosyesi - İlginc detallar
17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov və muxtar respublikanın sabiq təhsil naziri Məmməd Qəribov həbs olunublar. 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışmış Məmməd Qəribov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham edilir.
Onu Əhməd Əhmədovun həbsindən 2 gün sonra həbsə alıblar. Məmməd Qəribov nazir işlədiyi 2 il ərzində Naxçıvanda təhsilə ayrılan külli miqdarda bücdə vəsaitini ələ keçirib.
Əhməd Əhmədova gəlincə isə Baş Prokurorluq martın 9-da onun həbs olunması xəbərini təsdiqləyib. Amma sabiq nazirə qarşı irəli sürülən ittihamlar haqda məlumat verilməyib. Əhməd Əhmədov 2017-ci il iyulun 28-də vəzifəsindən azad edilib. Bundan sonra bir müddət onun faktiki olaraq hərəkət sərbəstliyi olmayıb. Ona qeyri-rəsmi olaraq Naxçıvan ərazisini tərk etmək qadağan olunmuşdu. Sonradan isə sabiq nazirə qarşı bir qədər yumşalma oldu, onu Naxçıvandan Bakıya gəlməyə izn vermişdilər. Bir neçə gün əvvəl isə Əhməd Əhmədovun həbsi üçün Naxçıvandan Bakıya xüsusi qrup göndərilib. Onu Bakıxanovda yerləşən obyektlərindən birində həbs ediblər. Qoluna qandal vurulan sabiq nazir xüsusi kobudluqla Naxçıvana aparılıb. Belə məlumatlar var ki, sabiq naziri korrupsiyada və rüşvətxorluqda günahlandırırlar.
Digər bir xəbərə görə, Əhməd Əhmədovun həbsi onun yaxın çevrəsində dediyi və Naxçıvan rəhbərliyinə xoş getməyən fikirlərlə əlaqəlidir. Unikal.org adını açıqlamadığı ekspertə istinadla yazıb ki, Naxçıvanda sabiq məmurların cəzalanması praktikası var və Əhməd Əhmədovla Məmməd Qəribovun həbsləri də bu praktikadan qaynaqlanır.
İndiyədək işdən azad edildikdən sonra barmaqlıqlar arxasına göndərilən MR rəsmilərinin siyahısı isə belədir:
Keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov, həbsdədir;
Keçmiş təhsil naziri Məmməd Qəribov, həbsdədir;
Keçmiş daxili işlər naziri Əhməd Əhmədov, həbsdədir.
İşdən çıxarılan və hazırda istintaqa çağırılan MR rəsmilərinin siyahısı:
1.Keçmiş maliyyə naziri Xalid İsgəndərov;
İqtisadiyyat naziri Famil Seyidov;
Keçmiş Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov;
Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov;
Vergilər naziri Əli Mahmudov;
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev;
Baş nazirin birinci müavini Asəf Məmmədov.
Əhməd Əhmədovun həbsinin 2017-ci ildə işdən çıxarılandan sonra yayılan xəbərlərlə əlaqəli ola biləcəyi də istisna edilmir. Həmin vaxt belə xəbər var idi ki, Əhməd Əhmədovun işdən çıxarılması ilə muxtar respublika gömrükçüləri tərəfindən 2017-ci ilin iyun ayında tutulan 93 kiloqram heroin arasında bağlılıq ola bilər. O zaman bu məlumatı Virtualaz.org saytının Naxçıvandakı mənbələri vermişdi. Bildirilirdi ki, Naxçıvana iri həcmdə narkotikin keçirilməsi cəhdinin təhqiqatı zamanı bu işin arxasında daxili işlər naziri Əhməd Əhmədovun dayandığına dair ciddi qənaət ortaya çıxıb. Nəticədə general Əhməd Əhmədov əvvəlcə de-fakto vəzifəsinin icrasından kənarlaşdırılıb və bir müddət nəzarət altında olub. Həmin müddətdə nazirin barəsində toplanmış dosye Bakıya göndərilib və Əhməd Əhmədovun vəzifədən kənarlaşdırılması üçün ciddi əsaslar olduğundan mərkəz Naxçıvan rəhbərliyinin bu qərarına etiraz etməyib. Xəbər verildiyi kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov daxili işlər naziri Əhməd Əhmədovun işdən azad edilməsinə dair sərəncamı iyulun 29-da imzalayıb. Lakin həmin sərəncamdan iki həftə əvvəldən xəbərlər yayılmışdı ki, Əhməd Əhmədov işdən kənarlaşdrılıb, hətta ev dustağı kimi saxlanılır.
17 ildir Naxçıvanın daxili işlər naziri vəzifəsini tutan Əhməd Əhmədov özünün qəddarlıqları ilə ad çıxarmışdı və son vaxtlar isə deyilənlərə görə, hətta Ali Məclis sədrinə də faktiki tabesizlik nümayiş etdirirmiş. Naxçıvan gömrükçüləri tərəfindən külli miqdarda narkotik qaçaqmalçılığının qarşısının alınması 2017-ci il iyunun 18-də baş vermişdi. Həmin gün Naxçıvanın İranla sərhəd Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində Türkiyə Respublikası vətəndaş, 1967-ci ildə anadan olmuş Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93,6 kq olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Narkotik yüklü TIR-ın Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran üzərindən Türkiyəyə gedəcəyi müəyyən olunub. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən cinayət işi açılıb. Təhqiqat aparılıb. Böyük miqdarda heroinin sərhəddən keçirilməsinin qarşısının alınmasında iştirak edən gömrük əməkdaşları Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tərəfindən mükafatlandırılıb. Maraqlıdır ki, həmin narkotik qaçaqmalçılığı cəhdindən dərhal sonra Naxçıvanın Türkiyə ilə sərhəddəki Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidov işdən çıxarılıb. Seyidov 2013-cü ildə Türkiyədə Naxçıvanla sərhəd gömrüyünün əməkdaşlarının korrupsiya və rüşvət işi üzrə həbs edilmişdi, daha sonra azadlığa buraxılmışdı və vəzifəsinə geri qaytarılmışdı. Mənbələrimiz bildirir ki, Seydovun işdən çıxarılması da həmin 93 kq narkotiklə əlaqəlidir. Çünki Şahtaxtı gömrüyündən Naxçıvana keçirilən narkotik daha sonra Sədərək gömrüyündən keçirilməklə Türkiyəyə aparılmalıydı. Lakin təhqiqat zamanı Naxçıvan üzərindən narkotik qaçaqmalçılığı işinin general Əhmədova gedib çıxdığı məlum olub. Və bu fakt Əhmədovun işdən çıxarılmasında həlledici rol oynayıb. Xatırladaq ki, 2018-ci ildə Mirməhəmməd Seyidov odlu silahdan atəş açmaqla özünü öldürüb.
O zaman Əhməd Əhmədov artıq Bakıda idi. Bakıxanov qəsəbəsinin ərazisində biznesini əsasən onun qardaşı Əvəz Əhmədov və qardaşı oğlu Fuad Əhmədov idarə edirdi. Hansı ki, gənc Fuad Əhmədov digər oliqarx-məmur övladları kimi kifayət qədər zəngin həyat tərzi keçirir, sosial şəbəkələrdə tez-tez bu barədə fotolar paylaşırdı. Məsələn, onun İnstagram hesabındakı fotolarda “paçka”larla dollar, Azərbaycan manatı ilə dolu seyf və gəncin pul içində üzdüyünü əks etdirən digər fotolara rast gəlmək olardı. Hazırda isə Fuad Əhmədovun İnstagram hesabı silinib. Mətbuatın bir müddət əvvəl yazdığına görə, Əhməd Əhmədovun Naxçıvanda, Araz çayının sahilində böyük mal-qara ferması da olub, həmin fermada 6-7 mindən çox iribuynuzlu heyvan, o cümlədən camış sürüləri saxlanılır. Ferma az qala hərbi baza kimi qorunurmuş və onun həndəvərindən heç quş da səkə bilməzmiş. İddia olunur ki, həmin fermanın həm də generalın qaçaqmalçılıq işlərinə də dəxli ola bilər. Naxçıvandakı mənbələr Əhməd Əhmədovun işdən çıxarılmasından sonra fermanın da onun əlindən alındığını bildirirlər.
Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov 2018-ci ilin yayında həbs edilmişdi. Gömrük, sərhəd xidməti və başqa dövlət orqanlarında çalışmış Əvəz Əhmədov CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu. İttihama görə o, 2016-cı ilin iyununda polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Əvəz Əhmədov onu öz ofisinə çağırıb, döyüb, deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. Haradansa öyrənib ki, Hörmət Əsgərovun Rəşad adlı qohumu onun əvəzinə pulu verə bilər. Çünki Hörmətin Rəşadda pulu var. Ona görə də dəfələrlə Rəşad Tahirova zəng edib, mesaj yazaraq onu və ailə üzvlərini hədələyib. Son nəticədə Rəşad Tahirovdan 140 min dollar pul alıb.
Əvəz Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılmışdı. Zərərçəkən Hörmət Əsgərov məhkəmədə demişdi ki, Əvəz Əhmədov tərəfindən döyülüb. Amma polisə bununla əlaqədar şikayət etməyib: “Bədənimdə döyüldüyüm vaxtdan qalan yaranın çapığı var”.
Zərərçəkən Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin rəisi, tibb xidməti polkovniki olub. Bu söz-söhbətlərdən sonra vəzifəsindən azad edilib. Daha sonra digər zərərçəkən Rəşad Tahirovdan 1 milyon alıb qaytarmamaqda suçlanaraq, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesin sonunda Əvəz Əhmədovun əməli Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsinə tövsif edilib. Əvəz Əhmədov barəsində 2 min manat cərimə cəzası çıxarılmaqla məhkəmə zalından azadlığa buraxılmışdı. Qeyd edək ki, prokuror Əvəz Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Belə görünür ki, Əhmədovlar yenidən “qara zolaq”dadırlar və keçmişdə aktivlərinə yazılan qanunazidd əməllər yenidən gündəmdədir./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar