Xəbər lenti
Ermənistanın xilas yolu
44 günlük müharibədən sonra Ermənistanın atdığı qeyri-adekvat addımlar Avropa ölkələrini də narahat etməyə başlayıb. İtaliya parlamentinin Xarici Əlaqələr Komitəsində Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı qətnamənin qəbul olunması Avropa dövlətlərinin də Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı olduğunu göstərir. İtaliya parlamentində qəbul olunmuş sənəddə Ermənistandan minalanmış ərazilərin xəritələrinin dərhal Azərbaycan tərəfinə təqdim olunması tələb olunur.
30 il ərzində işğal olunmuş ərazilərdə saysız-hesabsız müdafiə eşelonlarının qurulması və əvvəllər mülki əhalinin yaşadığı bütün ərazilərin başdan-ayağa minalanması ermənilərin bu torpaqları həmişəlik öz nəzarətində saxlamaq niyyətindən xəbər verirdi. Lakin Azərbaycan Ordusunun Qarabağa zəfər yürüşü işğalçıların bu niyyətini puça çıxardı və bütün ərazilərimiz düşmən işğalından azad edildi. Əlində minalanmış ərazilərin xəritəsindən başqa bir şey qalmayan ermənilər hətta məğlub olduqdan sonra da düşmənçilikdən əl çəkmək istəmirlər. Minalanmış ərazilərin xəritələrini verməkdən imtina edən Ermənistan bu yolla məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını gecikdirmək fikrindədir. Üstəlik “texniki yük” adı altında öz əsgərlərini gizli yolla yük maşınlarında Qarabağ ərazisinə daşımağa cəhd edən Ermənistan hərbiçiləri bölgədə gərginliyi artırmaqda davam edirlər. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan dövlətinin və bölgədə yerləşən sülhməramlı qüvvələrin ünvanına səsləndirdiyi xəbərdarlıq Ermənistan siyasi hakimiyyətində və xüsusilə erməni cəmiyyətində böyük narahatlıq doğurub və İrəvan meydanlarına çıxan vətəndaşlar övladlarının hərbi xidmət keçmək üçün qeyri-qanuni olaraq Qarabağ ərazisinə göndərilməsinə qarşı qəti etirazlarını bildiriblər.
Bütün bunlara baxmayaraq, Qarabağın əzəli sakinləri tezliklə öz doğma yaşayış yerlərinə qayıtmağa hazırlaşırlar. Minalardan təmizlənmiş ərazilərdə abadlıq-quruculuq işləri sürətlə aparılır və tezliklə bütün bölgəni əhatə edən infrastruktur layihələrinin həyata keçirilməsinə başlanacaq. 10 noyabr tarixli Üçtərəfli Bəyanatın bütün müddəalarının qeyd-şərtsiz yerinə yetirilməsi bölgənin güclü iqtisadi inkişafına yol açacağı kimi eləcə də bütövlükdə Avropada sülhün və sabitliyin təmin olunmasına böyük töhfə verəcək. Bu perspektivin Ermənistan siyasi elitası tərəfindən dərk olunması və nəhayət, düşmənçilikdən əl çəkib ümumi evimiz olan Cənubi Qafqazda sabitlik və inkişaf perspektivlərinə töhfə verməsi nəinki bölgəmizin, bütövlükdə Avropanın maraqlarına uyğundur. Ərazilərin mümkün olan ən qısa zamanda minalardan təmizlənməsi və abadlaşdırılması, regional nəqliyyat kommunikasiyalarının açılması və bölgə daxili əməkdaşlığın canlandırılması bütün qonşu dövlətlərlə yanaşı, ilk növbədə Ermənistanın özünə hava-su kimi lazımdır. 2-ci Qarabağ müharibəsinə qədər də 30 il ərzində iqtisadi blokada şəraitində yaşayan Ermənistan bütün göstəricilər üzrə bölgənin və Avropanın ən geridə qalmış ölkəsi idi. 44 günlük müharibədəki məğlubiyyətdən sonra isə Ermənistanın daha dərin iqtisadi tənəzzülə uğraması və ölkənin iqtisadi-sosial inkişaf göstəricilərinin hələ uzun müddət ən aşağı səviyyədə olacağı labüddür. Belə bir şəraitdə Ermənistanın yeganə çıxış yolu bütöv bir əsr ərzində inadla izlədiyi düşmənçilik yolundan imtina etmək, qonşu dövlətlərə qarşı əsassız iddialarını kənara qoyub səmimi regional əməkdaşlığa qoşulmaqdır. Əks təqdirdə gələcəkdə bu bölgədə Ermənistan adlı dövlətin mövcudluğu belə sual altında qalacaq.
Müasir dövrdə sülhün və sabit inkişafın ən etibarlı zəmanəti qarşılıqlı faydalı əməkdaşlıqdır. Müharibənin nəticələrinin qısa bir müddətdə aradan qaldırılması Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığının hərtərəfli inkişafına yol açmaqla Cənubi Qafqaz bölgəsini siyasi sabitlik və davamlı inkişaf regionuna çevirə bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar