Xəbər lenti
“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə
Manevr.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, sabiq millət vəkili Maksim Musayevin yenisabah.az saytına müsahibəsin təqdim edir.
- Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayının keçiriləcəyinə dair mediada məlumat yayılıb. Hakim partiya bu məlumatı nə təsdiq, nə də təkzib edib. Siz bu barədə nə isə bilirsinizmi? Əgər deyilənlər doğrudursa, YAP-ın yaradıcılarından biri olaraq Siz də Qurultayda iştirak edəcəksinizmi? Belə bir dəvət gözləyirsinizmi?
- Mən də eşitmişəm ki, belə bir tədbir gözlənilir. Ancaq partiyadan bu barədə heç kim mənə nə isə deməyib. 10-15 il olar ki, YAP məni partiyanın fəal həyatından uzaqlaşdırıb. Bunu bilərəkdən ediblər. Çünki, partiyada olan çatışmazlıqları, nöqsanları, əyər-əksiyi birbaşa tribunadan onlara deyirəm və demək istəyirəm. Onlar özləri də bu barədə məlumatlıdırlar. Məhz bu kimi səbəblərdən tapşırıq verilib ki, məni partiyanın tədbirlərinə dəvət etməsinlər.
Qurultayın çağırılmasına təkrar qayıdaraq demək istəyirəm ki, pandemiya dövründə belə bir tədbirin keçirilib-keçirilməyəcəyi bir qədər sual doğurur. Hətta qurultay keçirilsə belə, inanmıram ki, məni ora dəvət edələr. Bilirlər ki, dəvət etsələr çıxış edib partiyadakı nöqsanları olduğu kimi söyləyəcəyəm. Son 10-15 ildə YAP-a kənar partiyalardan soxulanlar, YAP-ın yaradıcılarını, qabiliyyətli üzvlərini partiyanın fəal həyatından uzaqlaşdıranlar buna imkan verməzlər. Halbuki, YAP yarananda Naxçıvanda keçirilən təsis konfransında cəmi 3 nəfər çıxış edib. Onlardan birincisi Samur Novruzov, digəri keçmiş spiker Murtuz Ələsgərov, üçüncüsü mən idim. Biz üç nəfərdən başqa heç kim çıxış etməyib. Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndindən iki nəfər bu təsis konfransında iştirak edirdi. Biri mən idim, ikincisi isə sabiq millət vəkili, ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı və dəstəkçilərindən biri sayılan Səfiyar Musayev idi. YAP Siyasi Şuranın 51 nəfərlik ilk üzvləri sırasında da biz ikimiz yer almışdıq. Bu siyahını ulu öndər Heydər Əliyev özü şəxsən nəzarətdən keçirmiş, daha sonra səsverməyə təqdim etmişdi.
Digər üzvlər kimi Nərimanlı kəndindən olan biz iki nəfər də YAP-ın yaradılmasında canla-başla iştirak etmişik, partiyanın güclənməsinə əməli xidmət göstərmişik. Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Bakıya gəlməsi ilə nəticələnən uzun bir prosesdə öz imkanlarımızla yaxından iştirak etmişik.
- Qurultayda ciddi dəyişikliklərin olacağı barədə məlumatlar yayılıb. Sizcə YAP-da nə dəyişməlidir? Kimlər dəyişməlidir?
- YAP-da təmsil olunan korrupsionerlər var ki, yeyib yağlanıb, villalanıb, pullanıb, vəzifələrindən sui-istifadə ediblər. Onlar vəzifə pilləsinə yüksələndən sonra xalqı, milləti unudub, yalnız öz mənfəətlərini, ailəsini, xaricə çıxardıqları pullarını düşünüblər. YAP belələrindən təmizlənməlidir. Daha doğrusu YAP belə adamları – vəzifə sahiblərini tarixin zibilliyinə atmalıdır. YAP-ın tarixində də bilinməlidir ki, belə sui-istifadəçilər olub və partiya onlardan təmizlənib. Adlarını çəkmək istəmirəm, onsuz da hamısı bəllidir. Onlar arasında elələri var ki, artıq rüşvət və korrupsiyada ittiham olunaraq həbsə atılıblar. Elələri də var ki, vəzifədən çıxarılıblar və hazırda evlərində oturublar. Həyəcanla gözləyirlər ki, bu gün sabah onları da istintaqa çağıracaqlar. Allah kəssin elə çörəyi ki, YAP-ın üzvü olmağından, vəsiqəsindən çörək kartı kimi yararlanıb, vəzifə səlahiyyətlərindən sui-istifadə edib həm YAP-ın nüfuzuna, partiya təmsilçilərinin adına xələl gətirirsən, həm də Siyasi Şuranın üzvlərinə böyük zərbə vurursan.
- İddia olunur ki, Qurultay YAP-ı akademik Ramiz Mehdiyevin kadrlarından təmizləmək üçün çağırılır. Necə düşünürsünüz, partiyada Ramiz Mehdiyevin kadrları çoxdurmu?
- Biz YAP-ı yaradanda bilmirdim ki, Ramiz Mehdiyev ayrıca partiya yaratmaq istəyir. Mənə təklif edildi ki, onunla söhbət edim. Çox böyük məmnuniyyətlə onunla görüşməyə razılaşdım. O zaman Ramiz Mehdiyev mənimlə yaşıd sayılırdı və ikimiz də vaxtilə bir yerdə işləmişdik. Hərçənd ki, o, məndən yaşda çox böyük idi. Məlum səbəblərdən yaşını sənədlərdə çox azaltmışdı, bunu rəsmiləşdirmişdi. Sovet dövrünün Ramiz Mehdiyevi indikindən çox fərqlənirdi. İndiki Ramiz Mehdiyevdən o zaman əsər-əlamət yox idi. Son 17-20 il ərzində onun xasiyyəti, tamahı tamam dəyişib. YAP-ı yaradanda iki dəfə onunla görüşüb söhbət etdim, onu da partiyanın yaradılması prosesinə dəvət etdim. O, hər iki halda bundan imtina etdi. Bildirdi ki, siyasi məsələlərə ümumiyyətlə qarışmaq istəmir.
Onun dediklərini olduğu kimi YAP-ın yaradıcıları sayılan kollektivə - Sirus Təbrizli, Murtuz Ələsgərov və başqalarına çatdırdım. Onlar da dedilər ki, bizə qarışmaq istəmirsə özü bilər, bu, onun seçimidir. Lakin 1990-ci illərin sonlarına doğru Ramiz Mehdiyev dövlət idarəçiliyində vacib post tutandan sonra ulu öndər Heydər Əliyevin ətrafında olan, ona rəğbət bəsləyən, xalqına və dövlətinə bağlı olan, YAP-ın qurulmasında yaxından iştirak edən, vətənpərvərliyi ilə tanınan insanları partiyadan uzaqlaşdırmaq siyasəti həyata keçirdi. Təəssüf ki, tədricən buna nail ola bildi. 1992-98-ci illərdə YAP-ın Siyasi Şurasının üzvü olanlar növbəti qurultay çağırılana qədər partiyadan uzaqlaşdırıldı. Ramiz Mehdiyev bunu çox böyük ustalıqla edirdi. Ardınca da ictimaiyyətdə belə bir rəy yaradırdı ki, guya həmin şəxsləri ulu öndər Heydər Əliyev partiyadan uzaqlaşdırıb. Halbuki, Heydər Əliyev onu dəstəkləyən, etimadını doğruldan, ən çətin günlərdə onunla bir yerdə olan heç bir kəsə qarşı diqqətsiz olmayıb. O, heç vaxt bizim kimi insanları ətrafından uzaqlaşdırmazdı.
Heydər Əliyev biz 51 nəfər Siyasi Şura üzvünü partiyanın “Qızıl fondu” hesab edirdi. Ulu öndər bilirdi ki, bu 51 nəfər Heydər Əliyevin ən çətin günlərində boyunlarına kəfən keçirib, onun ətrafında sıx birləşib, partiyanı qurulmasında böyük xidmətlər göstəriblər. O zamankı hakimiyyət təmsilçilərinin bizləri həbs edə bilmələrini, ölüm təhdidlərini göz önünə alaraq YAP-ın qurulmasına çalışırdıq. əllərinə düşən hər fürsətdə bizi sıxışdırır, YAP-ın yaradılmasına mane olmağa çalışırdılar. Belə ağır sınaqlardan keçib YAP-ın qurulmasına nail olduq.
Partiyanı yaradandan cəmi 7 ay sonra Heydər Əliyevin rəhbərliyi ilə hakimiyyətə gəldik, onun siyasi hakimiyyətinin möhkəmlənməsi üçün bütün qüvvələrimizi səfərbər etdik. O ki, qaldı Ramiz Mehdiyevin YAP-dakı kadrlarına, hazırda Siyasi Şuranın üzvlərinin dəqiq sayını bilmirəm. Ancaq bununla belə, əminliklə deyə bilərəm ki, Siyasi Şurada təmsil olunanların mütləq əksəriyyəti Ramiz Mehdiyev və Əli Əhmədovun kadrlarıdır. Bu iki nəfər birləşərək yalnız özlərinə yaxın adamları Siyasi Şuranın üzvü ediblər.
- Söylədiklərinizdən belə məlum olur ki, YAP İcra katibi Əli Əhmədov akademik Ramiz Mehdiyevlə ortaq fikrin, əməlin daşıyıcısıdır?
- Əli Əhmədov qabiliyyətsiz, olduqca ikiüzlü, qeyri-müstəqil şəxsdir. Əli Əhmədov bir gün bolşevik, bir gün menşevik olan adamdır. O, əvvəlcə AMİP-in üzvü olub, iki il orada işləyib. Bu iki ildə özünü doğrultmadığından, yaxşı işləmədiyindən AMİP sədri Etibar Məmmədov onu partiyadan qovdu. Sonradan YAP-a gəldi. Onun haqqında çox faktları bilirəm. İndi bunları dilə gətirməyi düzgün hesab etmirəm. Bu bir həqiqətdir ki, YAP-ın bu günə düşməsində, partiyanın üzvü olan sanballı, qabiliyyətli, mötəbər kadrların pis vəziyyətə düşməsində Ramiz Mehdiyevlə Əli Əhmədovun çox böyük rolu və günahı var.
- YAP-ın ölkənin siyasi həyatındakı rolunu necə qiymətləndirirsiniz?
- Partiyanın son zamanlardakı fəaliyyətindən ümumiyyətlə narazıyam. YAP-ın ölkənin siyasi həyatındakı rolunu sıfırla qiymətləndirərdim. Partiya fəaliyyətsizdir. Fəaliyyətsizliyini onunla sübut edir ki, rüşvətxorlar, korrupsionerlər, məhz bu əməllərinə görə görə həbsə atılanlar YAP-ın üzvləridir. Həmin şəxslər həbs olunana qədər YAP onlar barəsində heç bir tədbir görməyib. Partiya kadrlarının formalaşması, tərbiyə olunması üçün partiya daxilində, xüsusən də katiblik səviyyəsində heç bir iş görülməyib.
Belə məsələlərlə sırf katiblik məşğul olmalıdır, bu, orada təmsil olunanların bilavasitə vəzifəsidir. Təəssüf ki, onlar vəzifələrinin öhdəsindən gələ bilməyiblər. Halbuki, partiya üçün rəhbərlik çox böyük imkanlar yaradıb. Hər bir rayon təşkilatı üçün yüksək səviyyədə, ən müasir texnika və avadanlıqlarla təmin olunan qərargah binası tikilib. Orada işləyənlər yüksək əməkhaqqı alırlar. Amma bunun müqabilində əməli fəaliyyət sıfır səviyyəsindədir. Ortada iş yoxdursa, deməli tələbkarlıq, özünütənqid yoxdur.
Bu kimi səbəblərdən partiya pis günə qalıb. Bunu hər zaman cəsarətlə demişəm, deyirəm və deyəcəyəm. Partiyanı pis günə qoyanlar bunu məqsədli şəkildə edirlər. Partiya daxilindəki qeyrətli, qoçaq, cəsarətli, bacarıqlı, təşkilatçılığı bilən, ulu ödər Heydər Əliyevə, Prezident İlham Əliyevə sədaqətli olan, sidq-ürəklə dəstək verən insanları uzaqlaşdırıb rüşvətxorları, korrupsionerləri YAP-a doldurublar. Buna görə İcra katibliyində təmsil olunanlara nifrətimi bildirirəm. Partiyanın belə ağır vəziyyətə düşməsində onlar günahkardırlar. Utanmalıdırlar.
- Sizcə hakim partiya Prezident İlham Əliyevə yetərincə siyasi dəstək verə bilirmi?
- Qətiyyən verə bilmir. Bir faktı xatırladım. 44 günlük Vətən Müharibəsi yenicə başladığı günlərdə YAP-ın yaradıcıları olan insanlar bir-birimizə zəng edir, hansısa formada prosesə dəstəyimizi ifadə etmək üçün fikir mübadiləsi aparırdıq. Bizlər ulu öndər Heydər Əliyevə görə özümüzü ölümə atmağa hazır olan insanlarıq. Azərbaycanının taleyinin həll olunduğu vaxtlarda Heydər Əliyevin ətrafında birləşib onun yanında olmuşuq. Vətən Müharibəsində də Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyevə, Ordumuza mənəvi və əməli dəstəyimizi bildirmək üçün müzakirələr edirdik.
Biz görürdük ki, YAP hər hansı rol oynamır, Prezidentə real dəstək ola bilmir. Belə qərar gəldik ki, YAP-ın yaradıcıları adından Müzəffər Ali Baş Komandan, Partiyamızın sədri, Prezident İlham Əliyevə müraciət ünvanlayaq. Bu müraciəti mediada da yaydıq. Yaşımızdan asılı olmayaraq istər ön cəbhədə, istərsə də arxa cəbhədə bizə veriləcək tapşırığı, göstərişi canla-başla yerinə yetirməyə hazır idik.
Elə ki, bu müraciətimiz mediada yayıldı, orada adı çəkilən, imzası olan şəxslər incidilməyə başladıldı. Onlara qarşı təzyiqlər oldu. Mən idim, Arif Rəhimzadə, Asya Manafova və qeyriləri. Sonradan mənə bildirdilər ki, müraciətə imza atan 20-yə yaxın şəxsin YAP-ın mərkəzi aparatına dəvət edilib dinlənilməsi, təkliflərinin qeydə alınması barədə Prezident İlham Əliyevin tapşırığı olub. Lakin bizi nə YAP-a çağıran oldu, nə də fikrimizi, təklifimizi dinləyən. Yəni, YAP-da oturan şəxslər öz fəaliyyətsizlikləri ilə Prezident İlham Əliyevə daim ziyan vururlar.
- YAP-ın əvvəlki nüfuzunu qaytarmaq üçün nə etmək lazımdır?
- İlk növbədə YAP-ın sağ-salamat olan elit qrupu mərkəzi aparata dəvət edilməli, məsləhətləşmələr aparılmalıdır. Birlikdə düşünək görək, necə etmək olar ki, partiyanın nüfuzunu bərpa edək. Onlar doğru yolu göstərə biləcəklər. Çünki, onlar YAP-ın yaradılmasında can-qan qoyublar, böyük əmək sərf ediblər.
Hazırda partiyada elə eybəcərliklər olur ki, biz YAP qurucuları bir-birimizlə zəngləşib bunu ürək ağrısı ilə danışır, köksümüzü ötürürük. Partiyanın Siyasi Şurasına elə adamlar üzv seçilməlidir ki, onların əli rüşvətə dəyib murdarlaşmasın. Rüşvətə kimin əli dəyirsə o murdarlanır. YAP Siyasi Şurasının üzvləri Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev siyasətinə saxtakarlıqla, üzdə bir, arxada ayrı deyil, sədaqətlə xidmət edənlərdən formalaşmalıdır. Azərbaycanın bu cür yüksək səviyyəyə qalxmasında, Vətən Müharibəsində qələbə qazanmasında, ölkəmizin, xalqımızın beynəlxalq aləmdə nüfuzunun artmasında Heydər Əliyev və İlham Əliyev şəxsiyyətlərinin çox böyük rolu var.
Ən nəhayət, YAP-ın strukturlarında elə adamlar təmsil olunmalıdır ki, onlar şəxsi maraqlarını deyil, xalqını, ölkəsini, dövlətini, Vətənini düşünsünlər, bu amala xidmət etsinlər. Siyasi savadı, dünyagörüşü, siyasi yaradıcılığı olan, Azərbaycanı yaxından tanıyan, əyər-əskiklərin aradan qaldırılmasında maraqlı olan şəxslər YAP-a cəlb edilməlidir. Partiya ayda bir və ya iki dəfə özünün iclaslarını keçirməli, funksionerlər qarşısında məsələlər qoyulmalı, tənqid, özünütənqidə yer verilməlidir. Partiyanın rayon, şəhər, ilk ərazi təşkilatlarında həll edilməsi mümkün olan məsələlər problemə çevrilib yuxarılara qalxmamalıdır. Elə məsələlər var ki, onları aşağılarda çox asanlıqla həll etmək mümkündür. Maşın, villa, şadlıq evi, market kolleksiyaları toplayanlardan YAP təmizlənməlidir.
Oğuz ƏRTÜRK
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar