Xəbər lenti
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Son illərə qədər Azərbaycanda saxta əlilliyin geniş vüsət almasında, dövlət büdcəsində sosial təminat və sosial müdafiə xərclərinin şişirdilməsində, Dövlət Sosial Müdafiəsi Fondunda izafi xərclərin yaradılmasında Səlim Müslümovun böyük "xidmət”ləri olub.
S.Müslümov 2013-cü ilin oktyabrın 22-dən 2018-ci ilin aprelin 21-nə kimi Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. Nazir təyin edilənə qədər isə Dövlət sosial müdafiə fondunun sədri olub. O, bu vəzifədə 2002-ci ilin dekabrın 17-dən çalışıb.
2013-cü ildə nazir olan Müslümov ən böyük sosial qrupla işləmək imkanı qazanıb. Bu nazirlik təxminən 6 milyona yaxın vətəndaşın sosial məsələləri ilə məşğul olub. Onların arasında fərdi uçot sistemində qeydiyyatda olanlar, pensiyaçılar, müavinət alan əlillər, sosial qayğıya ehtiyacı olan şəxslər var. Fərdi uçot sistemində qeydiyyatda olanlar dövlətin sosial müdafiə və sosial təminat xərclərindən bəhrələnməsə də digərləri üçün hər il dövlət büdcəsindən və "pensiya fondu”ndan böyük məbləğdə vəsait ayrılır.
S.Müslümovun nazir işlədiyi 5 illik dövrdə sosial təminat və sosial müdafiə xərcləri sürətlə artırılıb. Bu artımın məqsədi heç də sosial müdafiəni və təminatı yaxşılaşdırmaq yox, korrupsiya üçün yaxşı yem mənbəyi yaratmaq idi. Dövlət vəsaitinin korrupsiya yeminə çevrilməsi sahəsində böyük məharət göstərən Müslümov müxtəlif əsaslandırmalarla sosial təminat və sosial müdafiə xərclərinin sürətlə artırılmasına nail olur.
2013-cü ildə sosial müdafiə və sosial təminat xərclərinə 1,75 milyard manat vəsiat ayrılmışdı və bu, büdcə xərclərinin 9,2 faizinə bərabər idi. S.Müslümov nazir olduqdan sonra, yəni 2014-cü ildə sosial müdafiə və sosial təminat xərclərinə 2 milyard manat və ya büdcənin 10,5 faizi, 2016-cı ildə 2,645 milyard manat və ya büdcənin 14,9 faizi, 2017-ci ildə 2,35 milyard manat və ya büdcənin 13,3 faizi qədərində vəsait xərclənib.
Vəsaitlərin bu qədər artırılması sosial müdafiə və sosial təminat istiqamətində müxtəlif layihələrin reallaşdırılması, əlillik təyin edilən şəxslərin sayının artması hesabına mümkün olmuşdu. Əlillik təyin edilən şəxslərin sayının artırılmasında Müslümov xüsusi "bacarıq” nümayiş etdirə bildi. Həmin illərdə S.Müslümov "Azərbaycanda əlillərin sayı azdır” faktına istinad edərək əlillik təyinatını "asanlaşdırdı”.
Həmin dövrdə Müslümov belə bir fikri daha çox qabardırdı ki, ölkəmizdə əhalinin 5 faizi əlil olduğu halda Rusiyada, Avropada bu göstərici 10 faizdən böyükdür. O, bu müqayisəni əsas götürərək daha çox insanın saxta əlillik almasına şərait yaratdı. Nəticədə 5 il ərzində əlillərin sayı 100 min nəfər artaraq 600 mini ötdü. 2013-cü ilə qədər əlillərin sayı 506 min olduğu halda 2017-ci ilin sonunda 613 min təşkil etdi. Qısa müddətdə əlillərin sayı 18 faizə qədər artdı. Nəticədə pensiya alan əlillərin sayında 331 mindən 384 minə qədər artım baş verdi.
Azərbaycanda sonrakı illərdə də əlillərin sayı artıb. Amma son 3 ildəki artım əvvəlki kimi yüksək deyil. Müslümov nazir postundan uzaqlaşdırılanda 614 min olan əlil sayı hazırda 634 mindir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki rəhbər dəyişiklikdən sonra ölkəmizdə çoxlu sayda insanın əsassız şəkildə əlil statusu aldığı aşkarlandı. İndiyə qədər 6500-dən çox saxta əlillik təyinatı aşkarlanıb ki, bu işlərin də ümumi maliyyə yükü 30 milyon manatdan artıqdır. Əgər həmin şəxslərin saxta əlilliyi aşkarlanmasaydı, onlara yaşadıqları dövrdə 735 milyon manat vəsait ödənilməliydi. Onun "peşəkarlığı” sayəsində minlərlə, on minlərlə əlilin haqqı tapdandı, əvəzində çoxlu sayda fırıldaqçı haqqı olmadığı halda müavinət və pensiya aldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri, şəhid ailələrini mənzil və avtomobillərlə, əlilləri reabilitasiya vasitələri ilə təmin edir, əmək, məşğulluq və digər sosial müdafiə məsələləri ilə də məşğul olur. Müslümov bu istiqamətlərdə də izafi xərclər yaratmaqla dövlət vəsaitinin mənimsənilməsində, onun korrupsiya yeminə çevrilməsində xüsusi "bacarıq” göstərib.
Bu cür fəaliyyətin nəticəsidir ki, S.Müslümova qarşı cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai və məhkəmə istintaqı zamanı hələ bizlərə məlum olmayan başqa faktların aşkarlanacağı yəqindir.
Nazirliyin fəaliyyətinin sağlamlaşdırılmasından sonra sosial müdafiə və sosial təminat xərcləri xeyli artırılıb. Ötən il bu istiqamətdə 3,108 milyard manat vəsait ayrılıb ki, bu da 2019-cu illə müqayisədə 828 milyon manat, yəni 36,2 faiz çoxdur. Bu dinamikanın 2021-ci ildə də qorunması gözlənilir. Cari ildə sosial müdafiə və sosial təminat xərcləri 3,693 milyard manat olmaqla ötənilki icradan 585 milyon manat artıq olacaq./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar