Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rafiq Yuifoğlunun oxucularla yeni görüşü - "Cəh-Cəh"

Tarix: 05-01-2021 18:35     Baxış: 1402 A- / A+
Rafiq Yuifoğlunun oxucularla yeni görüşü - "Cəh-Cəh"

Ədəbi mühitdə kifayət qədər sayılıb-seçilən və sevilən tanınmış imzalarından olan filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlunun "Cəh-Cəh" kitabını oxucularımıza gözəl bir ədəbiyyat nümunəsi kimi təqdim edirəm.
Bu kitab haqqında yazmaq məsuliyyətinin vahiməsi məni üstələsə də, öz fikirlərimi ifadə etmək həvəsi mənə qalib gəldi. Digər kitablarında olduğu kimi, bu topludakı şeirlərində də hadisələri, əhvalatları təkcə insan amili ilə yekunlaşdırmır, insanın mənəvi dünyası ilə əlaqədar özünəməxsus şərhlər verir, sətraltı informasiyalarla oxucuya müəyyən eyham vurur. Kitabı mütaliyə etdikdən sonra görürsən ki, R.Yusifoğlunun dil ehtiyatı zəngindir, çünki şairin insan kimi tələbkar, təvazökar, istdedadlı və zəhmətkeş ruhu onun üslubuna və ədəbi lüğətinə təsir göstərmişdir.

Bu kitabı əvvəldən axıra kimi 2-3 dəfə heca-heca, misra-misra oxumağıma baxmayaraq, növbəti dəfə oxuyarkən ilk dəfə oxuyurmuş, tamamilə dərk etmədiyim fikirlərə rast gəlirəm. Sadəcə şairin fərqli deyim tərzinə, orijinal üslubuna heyran qalıram. Şairin ürəyimizə nüfuz edən sətraltı mənalarında, acı eyhamlarında, həzin ovqatında, oxucuda tanış olmayan duyğuları oyatmaq bacarığında - insan münasibətindəki ziddiyyətləri duymaq, oxucu qəlbinin qaranlıq guşələrinə nüfuz etmək, fərqlilik, orijinallıq və şairin heç kimə bənzəməyən dəsti-xətti və imzası var. Səbəbi? Səbəb birdir: istedadı, eləcə də xalq həyatını, folkloru, tariximizi, insan təbiətinin dərinliyini bilməsi və əlbəttə gözəl qələmi... Bir nümunəyə diqqət edək:

Üzünə təbəssüm qonub,
Ruhu çevrilib kölgəyə.
O, ucadan nəzər salır
Qurub tikdiyi ölkəyə...
Kimin həddi var ki,
burda Ağac kəsə,
ya gül dərə...
Sanki rəhbərin heykəli
Keşik çəkir çiçəklərə...

- şairin Ulu Öndərə rəğbətinin kökündə də yenə Vətənə tükənməz sevgisi dayanır. O, misralarında Ulu Öndəri əzizləyir, onun məğrur heykəlini əzəmət simvolu kimi təqdim edir, göstərir ki, hətta ölümündən sonra da Ulu Öndərin ruhu xalqına bağlıdır, parkda ucaldılan abidəsi belə, sanki vətəninin hər daşına, hər çiçəyinə, xalqına keşik çəkir, onun təbiətini, gözəlliyini qoruyur.

Rafiq Yuifoğlunun oxucularla yeni görüşü - "Cəh-Cəh"

R.Yusifoğlu əsərlərindəki vətənpərvərlik motivini ayrı-ayrı şeirlərində təkrarən, lakin hər dəfə yeni fikirlərlə ifdəsini görürük. Məni bir oxucu və Azərbaycan vətəndaşı kimi mütəəssir edən daha bir şeirinə diqqət edək:

Xoş gəlmisən, təzə il,
Bizim odlar elinə!
Ümidimiz sənədi,
Dön zəfərlər ilinə!

Düşməni çör-çöp kimi
Aparsın dəli sellər.
Qayıtsın yuvasına
Bizim obalar, ellər...

Bu şeirin yazılma tarixinə baxsaq, bir il öncə qələmə aldığını görərik. Burada məni ən çox şairin uzagörənliyi duyğulandırdı, doğrudan da, 3000-ə yaxın şəhidin qanı, canı bahasına zəfər ilinə döndü bu il, tariximizi qızıl hərflərlə yenidən yazdıq, Bu şeirində də, obrazlılığa, bədiiliyə, sətiraltı mənaya xüsusi tələbkarlıqla yanaşan şair həssas uzaqgörənliyi ilə bədii zövqümüzü, duyğularımızı qidalandırır və cilalayır.

Dik dur, şəhid balası!
Ucalt nifrət qalası.
Tökülən bir gilə qan
Deyil yerdə qalası.

Bu şeirdə də eyni etirazı, eyni münasibəti görürük.. Bu sətirlərin zahirən sakit görünüşü arxasında şair qəlbinin ağrıları, sızıltılarını və düşmənə nifrətini duyuruq, gözlərimizin qarşısına böynübükük, gözü yaşlı, isti yuvası pərən-pərən olmuş şəhid balası gəlir, düşmənə nifrət hissimiz alovlanır, şairlə birgə ağlayır, şəhid övladının halına acı-acı yanırıq.

Sayır vətənsiz keçən
Həftələri, ayları...
Yaddaşında kükrəyir
Hey xatirə çayları...

Mən Sakit okeanda
Xəzərimi düşündüm.
Həsrət yelləri əsdi,
Yay günündə üşüdüm...

Babalar düz deyirmiş:
Vətən olmaz qürbətdən.
Okean kiçik imiş
Qəlbimdəki həsrətdən...

Burada sənətkarın milli qüruru hiss olunur. Vətənindən ayrı qalan müəllifin Sakit okean boyda yurd həsrətini görürük, dünyanın harasında olur-olsun cənnətini vətənində arayan şairin qəriblik hissini duyuruq, çünki onun üçün Vətən heç nə ilə, dünyanın heç bir gözəlliyi ilə müqayisə oluna bilməz. Yaxud da:

Vurulmuşam sənə mən,
Qürur dolur sinəmə,
Seyr etdikcə səni mən,
Yorulmaz gözüm, vətən!

Müqayisə üçün başqa bir nümunəyə diqqət edək:

Elə bil ki, bu körpə
O şarla alır nəfəs...
Bilirsiniz hardandı
Bu sonsuz sevgi, həvəs?

Püləyərək doldurub,
Həmin şarı atası.
Döyüşdə şəhid olub,
Bu qız qalıb atasız... –

Burada kiçik qızcığazın bədii portretindəki təsvirdə gərginlik sona qədər bizi incidir, şəhid balasının ömürlük mənəvi iztirabını görürük. Bu hadisə şairin ürəyini ağrıtmış, onu şeirə köçürmüşdür.

Elə bil ki, oxucunun həyata münasibəti, psixoloji durumu, sevdiyi bədii təsvirlər, xalq deyimləri həssas bir ustalıqla şairin yaradıcılığındakı ifadələrlə qaynayıb qarışmışdır.

Aldansaq bu sükutun,
Səssizliyin səsinə,
Küçədə tuş gələrik
Biz virus gülləsinə....

Ön cəbhədə həkimlər
Gecə-gündüz döyüşür!
Onlar xəstə dünyanın
Havasını dəyişir...

“Qərib yaz” şeirində isə oxuyuruq:

Qorxunc virusa
Sinə gəribdir.
– Bu il gələn yaz
Sanki qəribdir...

Dağlara gedən
Yollar bağlanıb.
Çəmən ananın
Köksü dağlanıb. –

***

Dikilib uzaqlara,
Yol çəkən gözlər dolur...
Şəkildən nə oğul, qız
Nə də ki, nəvə olur...

Ancaq gözəldi ömrün
Qışı da, baharı da...
Şəkillər də xoşbəxtdi,
Elə onlara baxan
Qoca ilə qarı da...

***

Pillə-pillə rəflərdə
Düzülüb qatar-qatar.
Elə bil ki, sehrlı
Pillələrdi kitablar.

Onlarla qalxmaq olar
Göyün yeddi qatına.
Ancaq kitab qoyulmaz
Ayaqların altına...

Bu pillələri yalnız
Gözlərlə qalxmaq olar...
Hikmət mərtəbəsinə
Sözlərlə qalxmaq olar...

Ayrı-ayrı şeirlərdən götürdüyümüz bu misralar oxucunu düşündürür, həyəcanlandırır.

Kitabla tanışlıqdan sonra bir daha əmin oluraq ki, şairin ədəbi tərbiyə aldığı mühit onun şeirlərinin bədiiliyini bu qədər güclü edən vasitəyə çevrilmişdir. Bildiyimiz kimi, R. Yusifoğlunun tələbəlik illəri İsmayıl Şıxlı, Məmməd Araz, H.Hüseynzadə, Qasım Qasımzadə, Xəlil Rza, Tofiq Bayram, Qabil, Fikrət Sadıq kimi görkəmli qələm adamlarının əhatəsində keçmişdir, babası Nuşirəvan müəllim dövrünün sayılıb-seçilən ziyalısı olmuş, "Molla Nəsrəddin" satirik jurnalında "İstiot" təxəllüsü ilə çıxış etmişdir. Onun üçündür ki, şeirlərində xüsusi sətiraltı məna, axıcılıq, dərinlik, gözəllik və fərqlilik var. Onun hər ifadəsində sanki hər oxucunun duya bilməyəcəyi alt qatı var, ona görə üç nöqtəni bol-bol istifadə edir. Şeirlərin sonuna baxsaq, bunu aydın görə bilərik. Bəzi odlu-alovlu girişlə başlayan şeirlər belə, sonda üç nöqtə ilə bitir. Diqqət edək:

Mən Koroğluyam, Nəbiyəm,
Mən Əlyaram, Mübarizəm...
Nə qədər ki, haqsızlıq var,
Bitməyəcək mübarizəm!

Əvvəl-axır Qarabağda
Qara əllər yox olacaq.
Mübarizə bitməyincə,
Mübarizlər doğulacaq...

Fəlsəfi məzmunlu şeirlərində belə şair mövqeyini, ürəyini, ruhunu görmək olur. Özünü söz meydanında Koroğlu, Nəbi, Əlyar, Mübariz hesab edən şairin haqsızlıqla mübarizəsinin bitməyəcəyini deyir. O qeyd edir ki, mübarizə bitməyincə Mübariz kimi Vətəni üçün canından keçən qəhrəmanlarımızın sayı çox olacaq.

"Cəh-cəh" kitabında bütün mövzulara dair şerlərə rast gəldik. Bu da toplunu rəngarəng, oxunaqlı və maraqlı edir. Oxucunu düşündürən, mənəvi aləmini əks etdirən, onu maraqlandıran və ifadə edən hansı mövzular varsa, gözəl şairimiz Rafiq Yusifoğlu bunu sənətkar dəqiqliyi ilə duymuş və kitabda gedən şeirlərdə yüksək sənətkarlıqla əks etdirmişdir.

“Cəh-cəh” kitabın bədii imkanları və xarakterik cizgiləri barədə daha çox yaza bilərdim, lakin bir məqalədə onu ifadə etməyimiz üçün geniş meydan olmadığından düşünürəm ki, oxucularda ilkin təsəvvür yaratmaq üçün bu yazılanlar yetərlidir. Növbəti əbədi topluları həvəslə gözləyəcəyik. Gözəl və iti qələminiz ovxardan düşməsin, gözəl və istedadlı şairimiz Rafiq Yusifoğlu!

Günel Hüseynova


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar