Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ramiz Mehdiyev Həsən Zeynalovu yerində oturtmaq istəyirdi”

Tarix: 31-12-2020 22:37     Baxış: 3289 A- / A+
“Ramiz Mehdiyev Həsən Zeynalovu yerində oturtmaq istəyirdi”


Bir Həsən Zeynalov var. Vaxtilə Qarsda Azərbaycanın Baş konsulu işləyib, sonra İstanbulda Azərbaycanın Baş konsulu işləyib. Hazırda Türkmənistan və Əfqanıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridi.

Nümayəndəlikdə işləyəndə Məmməd Arazla bağlı bir tədbirdə tanış oldum Həsən Zeynalovla. Tale elə gətirdi ki, oğlum onun oğluyla bir yerdə ən çətin, ən ağır Türkiyə Polis Akademiyasında birlikdə bu çətinliyə, bu ağırlığa dözdü. Bu gün ikisi də Daxili İşlər Nazirliyində, xüsusi xidmət orqanlarında müəyyən vəzifələr tuturlar. Və öz vəzifələrini də layiqincə yerinə yetirirlər.

Başlayaq Həsən Zeynalovun Qarsdakı Baş konsul vəzifəsindən. Həmin vaxt Azərbaycan jurnalistləri, mən də içlərində olmaqla bir neçə məsələnin şahidi olmuşuq.

Bu adam Qarsda Baş konsul olarkən Kərbəlayı İsmayılın Iqdırda abidəsini götürtmüşdü.

Bilməyənlər üçün deyim. Türkiyənin müəyyən qanunları var, heç kim o qanundan çıxa bilməz. Yəni Kərbəlayı İsmayılın qəbri üzərində abidə ucaldırsansa, Türkiyə qanunlarına görə bu yasaqdır. Amma o yasağı qaldıra bildi. Təbii ki, Azərbaycanın dövlət başçısı da bu məsələdə Həsən Zeynalova yardımçı oldu. Və Həsən Zeynalov təkcə Iqdırda Kərbəlayı İsmayılın büstünü qaldırmadı, eyni zamanda həmin qəbiristanlıqda yatanların bütün məzarlarına diqqət göstərdi.

Həsən Zeynalov Qarsda Baş konsul işləyərkən orda bir erməni və türk dostluğuyla bağlı hündürlüyü təxminən 60 metr olan bir abidə ucaldılmışdı.

Həmin vaxt Azərbaycanın aparıcı mediaları Həsən Zeynalovun çağırışı ilə bağlı dövlət hesabına Qarsa getdi. Mən də o tədbirlərdə iştirak edirdim. Və məhz Həsən Zeynalovun apardığı mübarizə nəticəsində həmin abidənin tamamlanması dayandırıldı. Bu çox asan məsələ deyildi. Həmin vaxt az qalmışdı ki, Türkiyə ilə Ermənistanın sərhədi açılsın.

Türkiyə ilə Ermənistanın sərhədinin açılışı da dayandırıldı, həmin abidənin başa çatdırılması da dayandırıldı. Demək olar ki, məsələ bitmişdi.

Daha sonra sayın Rəcəb Tayyib Ərdoğan Həsən Zeynalovun Türkiyənin Kültür nazirliyinə yazdıqları məktublarını və s. nəzərə alaraq həmin abidənin «ücübə» olduğunu söylədi və həmin abidə söküldü.

Yeri gəlmişkən, Iqdırda ermənilərin yaratdıqları qətliamlarla bağlı azərbaycanlı professor, memar Cəfər Qiyasinin hazırladığı bir abidə var. Abidə beş qılıncla yaradılmış bir türk çadırıdır, özü də Boz qurd qılınclarıyla. Deməli, gün çıxanda İrəvandan həmin abidə görünür.

Yeri gəlmişkən, Cəfər Qiyasi bu abidəyə görə alacağı təxminən 300-400 min dollar qonorardan imtina edib.

Ən maraqlısı nədir? Deməli, Həsən Zeynalov Qarsda Azərbaycanın Baş konsuludur, biz bir neçə dəfə onun qonağı olduq. Bilirsiniz nəyə şahidlik etdik? Qarsda Azərbaycan türkləri üstünlük təşkil edir. Onlar hər hansı bir problem olanda Qarsın valisinə və ya bələdiyyə başqanına deyil, dərdlərini, problemlərini Həsən Zeynalova söyləyirdilər.

Şahidi olmuşam, birinin evi damır, biri uşağının təhsil haqqını ödəyə bilmir, birinin toyu var və sair və ilaxır onlar Həsən Zeynalovun yanına gəlirlər. Elə bil ki, Həsən Zeynalov Qarsın icra başçısıdı və hamısına kömək edirdi.

Qarsda Heydər Əliyev parkı yaratmışdı və Heydər Əliyevin büstünü qoydurmuşdu. Və hər gün büstün üzərinə təkcə Həsən Zeynalov yox, Baş konsuluğumuz yox, həm də qarslılar gül qoyurdular, əklil qoyurdular. Adama ləzzət edirdi.

Sonra Həsən Zeynalovu İstanbul Baş konsulluğuna göndərdilər.

Ona qədər İstanbul Baş konsulluğu İstiqlal caddəsində yerləşirdi (Allah Abbas Abdullaya rəhmət eləsin, çalışırdı ki, 1918-ci ildəki səfirliyi bərpa eləsin).

Deməli, İstanbulun bahalı yerləri var, özü də çox bahalı. Və Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə ən bahalı yerdə Azərbaycan Baş konsulluğu üçün torpaq alındı. Və Həsən Zeynalov ən qısa zamanda həmin ərazidə Baş konsulluq üçün bina tikdi.

Mən İstanbula getmişdim. Həsən müəllim məni tikilməkdə olan Baş konsulluğa apardı, möhtəşəm bir bina tikirdi, Azərbaycanın adına layiq. Və sonra da həmin binada Baş konsulluq işə başlayanda da oldum. Doğrudan Azərbaycanın adına layiq idi.

Deyə bilərsiniz ki, Möhtərəm Prezident deyib, o da tikdirib, burda nə var ki?

Var! Ağcabədidə Cənab İlham Əliyev gedən abadlıq işləriylə tanış olanda çox razı qaldı. Və mən dedim ki, Möhtərəm Prezident, bunlar hamısı Sizin diqqət ayırdığınıza görədi.

Dedi ki, mən heç bir rayona fərq qoymuram, amma hamısı Şahin Məmmədov kimi yerinə yetirmir axı.

İndi Həsən Zeynalov da Möhtərəm Prezidentin tapşırığını ləyaqətlə yerinə yetirmişdi.

İstanbuldakı fəaliyyəti çox ağır idi. Bilmirdi ki, Azərbaycan dövlətinin onun qarşısına qoyduğu vəzifələrini yerinə yetirsin, yoxsa Fətullah Gülənin Türkiyədə və Azərbaycanda yaratdığı şəbəkə ilə mübarizə aparsın. Bu, çox ağır bir məsələ idi. Və bu, hətta onun Baş konsulluq vəzifəsini itirməyi ilə başa gələ bilərdi. Amma o, vəzifəsini, bizim dillə desək, vecinə almadı, bütün gücüylə FƏTÖ-nün həm Türkiyədə, həm də Azərbaycanda fəaliyyətini ifşa etməklə məşğul oldu. Düzdür, bunlar ona çox ağır başa gəlirdi, amma bir addım da geri çəkilmirdi.

Həmin vaxt həm Ramiz Mehdiyevin, həm də XİN rəhbərlərinin Həsən Zeynalovu yerində oturtmaq üçün Baş konsulluqda ən azı ayda bir dəfə keçirtdiyi yoxlamalardan da xəbərim var. Bir-iki dəfə də mən bu yoxlamaların şahidi olmuşam. Həsən Zeynalov gülürdü, axtarın, bir şey tapsanız mənə də deyin. Təbii ki, heç bir şey tapa bilmirdilər.

Bir dəfə «KQB»-dən iki nümayəndə yoxlamaya gəlmişdi, mən də ordaydım. Həsən müəllim güldü, dedi siz Allah, möhkəm yoxlayın. Yoxladılar, yenə heç nə tapmadılar.

Ola bilərdi beş sabun artıq işlənmişdi, ya iki dənə şampun, ya da…

Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev heç kimin apardığı araşdırmalara baxmayaraq, Həsən Zeynalovu yaxşı tanıyırdı. XİN-in apardığı yoxlamalar heç bir nəticə vermədi və Möhtərəm Prezident İlham Əliyev Həsən Zeynalovun fəaliyyəti haqqında dəqiq məlumatlara malik olduğu üçün onu Türkmənistanın və Əfqanıstanın fövqəladə və səlahiyyətli səfiri təyin elədi. Yəni onun vəzifəsini daha da böyütdü. Və bu gün də Həsən Zeynalov həmin vəzifəni qeyrətlə yerinə yetirir.

Son olaraq Həsən Zeynalovun 2015-ci ildə Türkiyənin «Yeni çağ» qəzetinə verdiyi bir müsahibə ilə bitirmək istəyirəm.

«Biz torpaqlarımızı bir günə erməni işğalından qurtara bilərik. Azərbaycan bir dövlətə yaraşanı edir. Beynəlxalq hüquq və normalara uyğun olaraq əlaqələr qurur, həqiqəti anlatmağa çalışır. Biz qan tökmək istəmirik, yoxsa Qarabağı bir gündə ala bilərik. İrəvana da gedə bilərik. İqtisadi gücümüz də, hüquq da buna imkan verir. ATƏT-in Minsk qrupu davamlı olaraq «müharibə olmasın» deyir. Ermənistan hər dəfə növbəti provakasiyaya əl atır. Səbrimiz qalmayıb. Dövlətimizin də, xalqımızın da… Çox gözlədik.

İşğal bitsin, o torpaqlara gedim, ayağım dəysin, yetər. İnsan özünü günahkar hesab edir. Mənim torpağım işğal altındadırsa, dik gəzə bilmərəm. Bu ləkəni siləcəyik. Bunun başqa yolu yoxdur. Bir qarış torpağımız da Ermənistana qalmayacaq».

Həsən Zeynalovun beş il bundan əvvəl Türkiyənin «Yeni çağ» qəzetinə verdiyi müsahibə həyata keçdi. Ali Baş Komandan və qəhrəman Milli Ordumuz torpaqları işğaldan azad etdi.

Həsən müəllim, indi işğaldan azad olunmuş torpaqlarda dik gəzə bilərsən, arzun həyata keçdi.

Həsən Zeynalov! Yanvarın 1-i sənin 70 yaşın tamam olur. «Sən» dediyimə görə bağışla, çünki biz qardaşıq, qardaş qardaşa «siz» deməz, «sən» deyər. Sənin 70 yaşın ən xoşbəxt ilin oldu!

Həsən müəllim, bir gün sənin haqqında gözəl bir əsər yazacam.

Nə isə…

Həsən müəllim, səni, səninlə birlikdə yanvarın 1-də doğulan bütün azərbaycanlıları təbrik edirəm.

Və bir də Həsən müəllim, 2021-ci ilin mayın 16-da Ağdamda özümə yenidən bir toy edəcəm və həmin toya səni bütün balalarınla, nəvələrinlə dəvət edirəm. Özü də Həzrət Abbas haqqı, pul yazdırmaq olmayacaq.

Sən də bizi Naxçıvanda keçirəcəyin xoş günlərə dəvət edərsən, biz də gələrik.

Aqil Abbas
Milli Məclisin deputatı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar