Xəbər lenti
İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxışı - TAM MƏTN
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.
Manevr.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış edib:
“Hörmətli cənab Sədr.
Hörmətli cənab Baş katib.
Hörmətli dövlət və hökumət başçıları.
BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının təşkilində göstərdikləri səylərinə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT Baş Assambleyasının Sədri cənab Volkan Bozkıra öz minnətdarlığımı ifadə edirəm.
Xüsusi sessiyanın təşkil olunması təşəbbüsünü dəstəkləyən bütün üzv dövlətlərə də təşəkkürümü bildirirəm.
Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var.
Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olmuşdur. Mən Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdim. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləmişdir. Bu, onların “Bandunq Prinsipləri”, Hərəkatın dəyərləri, multilateralizm və beynəlxalq həmrəyliyə sadiqliyini bir daha vurğulamış oldu. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsü dəstəkləmişdir.
Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır.
Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır.
Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilmişdir.
Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib.
Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Cənab Sədr, Azərbaycan pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü dəstəkləmişdir. Lakin həmin çağırış 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bütün ərazilərimizdən qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan Ermənistan tərəfindən eşidilməmişdir.
Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv etmişdir. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoymuşdur. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etmişdir.
Cari ilin iyul ayında Ermənistan regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə dövlət sərhədində hərbi təxribat törətmişdir.
Daha sonra, avqust ayında Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir.
Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başlamışdır. Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalmışdır. Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən istifadə etmişdir. Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etmişdir. Nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır.
Azərbaycan Ordusu bunun layiqli cavabını vermiş, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlamış və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etmişdir. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etmişdir. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilmişdir.
O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır.
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.
Bu, Ermənistanın destruktiv yanaşmasının yeganə nümunəsi olmamışdır. Ermənistan BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etmişdir. Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışmışdır. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olmuşdur.
İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir. Sağ olun”./AzərTac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar