Xəbər lenti
“AZGRANATA”nın bu addımı qranat kimi "partladı"
Fürsətcillər yenə başlayıblar hər şeydən mənfəət götürməyə. Ən böyük mənəvi dəyərə çevrilən amillərdən də pul qazanmağa çalışırlar.
44 günlük müqəddəs Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıq nümunələri dillərdə dastana çevrilib. Belə dastana çevrilən görüntülərdən biri də qəhrəman topçumuz Vüsal Şahkərəmovun top atışı ilə bağlı məşhur fotosudur. “AZGRANATA” MMC həmin şəkli “Topçu” adı ilə istehsal etdiyi araq şüşələrindən birinin üzərinə həkk edib. Əlbəttə, ilk baxışda burada qeyri-adi bir hadisə yoxmuş kimi görünə bilər. Hətta, düşünmək olardı ki, Azərbaycanın şirkətlərindən birinin əsgərlərimizin qəhrəmanlıq nümunəsini öz məhsullarında istifadə etməsi xeyli təbiidir. Burada mənəvi dəyərlərə zidd bir hal yoxdur. Onu da nəzərə alsaq ki, sözügedən halda “AZGRANATA” MMC fotoşəklin sahibi olan əsgərimizin atasından bunun üçün rəsmən icazə almağı da unutmayıb. Ancaq məsələ bununla bitirmi? Bu icazə şirkətə xalqın milli dəyərinə çevrilmiş, qəhrəmanlıq rəmzinə dönmüş bir şəkli ticarət markasına çevirməyə, ondan pul qazanmağa bəraət qazandırırmı?
Fakt cəmiyyətdə birmənalı qarşılanmayıb və haqlı olaraq ciddi narazılıqlar yaradıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da məsələyə mənfi münasibətini açıqlayıb. Ə. Amaşov sözügedən fotoşəklin araq şüşəsi üzərinə yapışdırılmasını nəzərdə tutaraq yazıb:
“44 günlük müharibə xalqımıza yalnız qələbə gətirmədi, yalnız düşmən tapdağında inləyən torpaqlarımızı özümüzə qaytarmadı, bizi mənən dəyişdi, başqalaşdırdı, yeni dəyərlər formalaşdırdı. Gələcək yaşamımız, inkişafımız üçün o dəyərləri həyat kredomuza çevirməliyik. Yoxsa Vətən üçün, idealar üçün canından keçən Topçumuzun qəhrəmanlığına şərik olanlarımız az olmayacaq. Şəkildəki kimi...”.
Şirkətin sözçüsü isə insanların narahatlığını dəf etmək üçün çox həvəslə bildirib ki, heç bir narahatçılığa əsas yoxdur. Çünki şirkət “Vüsal Şahkərəmovun atası Şahkərəmov İslam Hacıağa oğlu ilə danışaraq, ondan rəsmi olaraq icazə almışdır”.
Bununla da öz işləri bitmiş hesab edirlər və düşünürlər ki, belə olan halda xalqın istənilən mənəvi dəyərini bir çoxları üçün haram hesab edilən alkollu içkilərin markasına çevirmək olar.
Tutaq ki, qəhrəman əsgərin atasının sizə "yox" deməyə üzü gəlməyib, yaxud məsələnin mahiyyətini doğru qiymətləndirə bilməyib. Yumşaq desək, bəs sizin özünüzün insafınız? Axı 30 illik Vətən, yurd həsrətimizə son qoyan bu müqəddəs Vətən savaşında yüzlərlə gəncimizin qanı tökülüb, bu böyük qələbə onların qanı, canı bahasına əldə edilib. Cəsur topçu Vüsalın məlum fotosu da bu qələbənin rəmzlərindən birinə çevrilib, təbii ki, gələcək nəsillərə çatdırılmaq üçün kitabların, dərsliklərin üz qabığını bəzəyəcək, digər qəhrəmanlarımızın fotoları kimi... O şəkil İslam kişinin oğlunun şəkli olmaqdan çıxıb artıq, bütöv bir xalqın milli dəyərinə çevrilib. Bunu anlamaq bu qədərmi çətindir?...
Şirkət rəsmisi bu hərəkətə haqq qazandırmaq məqsədilə savaş dövründə Orduya göstərdikləri maddi dəstəyi də xatırlatmağı “unutmayıb”... Göstərdikləri yardımı cəmiyyətin gözünə soxmaqla narazıları susdurmağa çalışırlar. Ancaq unudurlar ki, o vəsaiti, milyonları elə bu xalqın hesabına qazanırlar və gərəkdiyində də bu xalqın yolunda xərcləməyə borcludurlar. Bunun üçün kiməsə minnət vurmağa lüzum yox idi...
Digər tərəfdən, Azərbaycan həm də bir müsəlman ölkəsidir. Gənclərə örnək olacaq belə bir mənəvi dəyərin İslami baxımdan haram olan alkollu məhsulun üzərində istifadə edilməsi əxlaqi baxımdan da düzgün hesab edilə bilməz.
Ona görə də şirkətin bu addımının cəmiyyətdə birmənalı qarşılanmaması gözlənilən idi.
Taleh Şahməmmədli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar