Xəbər lenti
Mətbuat Şurasından Fransa KİV-lərinə müraciət
Azərbaycan Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib.
Manevr.az xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, dövlət və hökumət qurumları, qeyri-hökumət təşkilatları kimi, ölkəmizin media ictimaiyyətinin nümayəndələri, müstəqil jurnalistləri də Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnaməsindən narahatlıq keçirdiklərini və təəssüfləndiklərini bildirir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri daim diqqət mərkəzində saxlayan Azərbaycan jurnalistləri hesab edirlər ki, belə bir sənədin qəbulu nəinki ölkəmizin beynəlxalq səviyyədə, o cümlədən Fransa dövləti tərəfindən tanınmış ərazi bütövlüyünün nəzərə alınmamasına, habelə münaqişənin ədalətli həllinə maneçilik törətməyə hesablanmış hərəkətdir. Qətnamə eyni zamanda bölgədə davamlı sülhün, sabitliyin və əminamanlığın, Azərbaycan və erməni xalqlarının eyni coğrafiyada dinc şəraitdə yaşamalarına yol verməməyi hədəf seçən, gələcəkdə təxribatlar üçün zəmin yaradan məsuliyyətsiz davranışdır.
Aydındır ki, sözügedən sənəd Fransa Senatında təmsil olunan ermənipərəst çoxluğun lobbiçiliyinin məhsuludur. Erməni lobbi və diaspor təşkilatları Fransanın ən müxtəlif dairələrində kifayət qədər aktiv təmsil olunurlar. Vəziyyətin obyektiv səbəblərinin olması reallığını, müəyyən tarixə, keçilmiş yola əsaslandığını qəbul edirik. Ancaq hesab edirik ki, bu, hadisə və proseslərə baxışda aşkar qeyri-obyektivliyə, ədalətsizliyə, heç bir ölçüyə sığmayan yanaşmaya gətirib çıxarmamalıdır. Mediamız məlum qətnamənin qəbulu ilə Azərbaycana münasibətdə məhz bu ayrıseçkiliyi görür.
Təəssüf ki, Fransanın kütləvi informasiya vasitələrinin bir çoxunun da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri söyləmədiklərinə, yalanları yaydıqlarına dair kifayət qədər əsaslar var. Biz münaqişəsi bölgəsindən obyektiv reportaj hazırlayan “TF1” telekanalının əməkdaşı Liseron Budulun erməni lobbisinin təmsilçiləri tərəfindən təzyiqə, hədə-qorxuya, aşağılayıcı rəftara məruz qalmasına Fransanın media ictimaiyyətinin, ümumən vətəndaş cəmiyyəti institutlarının böyük ölçüdə susqunluq nümayiş etdirdiklərini görmüşük. Jurnalistikaya təzyiq kimi ikrah doğuracaq davranışı həyata keçirənlərin Fransanın tarixi şəxsiyyətlərinin, mütəfəkkirlərinin baxışlarının təntənəsi kimi meydana çıxan demokratizmi, bəşəri prinsipləri təhdid etmə “cəsarətindən” hiddətlənmişik. Bir qrup erməninin qədim tarixə, ənənəyə malik ölkənin yaşatdığı dəyərləri asanlıqla, hər hansı hədd bilmədən heçə sayması həqiqətən çox üzücüdür. Bilmənizi istərdik ki, üzüntümüz, təəccübümüz və təəssüfümüz Fransa Senatının məlum qətnaməsi ilə daha da artdı.
Biz, ölkəmizin tanınmış media orqanlarını sıralarında birləşdirən Azərbaycan Mətbuat Şurasına üzv kütləvi informasiya vasitələri, ümumilikdə Azərbaycan jurnalistləri Fransa mediasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalət nümayişinə çağırırıq.
Biz, Azərbaycan jurnalistləri bütün dünyada mütərəqqi ictimai təsisat kimi qəbul edilən jurnalistikanın bəşəri dəyər və prinsiplər naminə səfərbərlik missiyasına inanırıq. Arzu edərdik ki, eyni səfərbərliyi Fransa mediası Dağlıq Qarabağ həqiqətlərinə münasibətdə də həyata keçirsin. Sizləri əmin edirik ki, bu, dünyada mürəkkəb bölgə kimi qəbul edilən Cənubi Qafqaz regionunda yaşayan insanların gələcək taleyi baxımından olduqca vacibdir. Siyasilərin avantürist baxışlarının bəşəri dəyər və prinsipləri təhdid etməsinə, etnik separatizmi alovlandırmasına meydan verməyin! Nəzərə alın ki, Fransa da Azərbaycan kimi ən müxtəlif dindən də dildən olan insanların birgə yaşadıqları ölkədir və heç bir fransalı istəməz ki, onun Vətəni bölünsün! Heç bir azərbaycanlı, çoxmillətli Azərbaycan xalqının heç bir nümayəndəsi də bunu istəmir!
Biz bu bölgədəki həqiqətlərin öyrənilməsi, ictimai maraqların, xalqların mənafelərinin qorunması ilə bağlı təsəvvürlərinizin genişlənməsi üçün sizinlə hər cür əməkdaşlığa, fikir mübadiləsinə, açıq müzakirələrin aparılmasına hazırıq. Belə bir istək və məramı ifadə etmənizdən yalnız məmnun ola bilər, köməyimizi əsirgəmərik.
Nəhayət, biz sizlərin Fransa Senatının Dağlıq Qarabağla bağlı çıxardığı ədalətsiz qəntaməsinə ictimai reaksiyanın formalaşması üçün dəstək göstərmənizdən məmnun olardıq. Bunun haqqa, ilahi ədalətə əsaslanan mövqe olduğuna inanırıq. İstərdik ki, siz də inanasınız. Bu mövqe eyni zamanda Fransa və Azərbaycan xalqları arasındakı dostluq və əməkdaşlığın qorunmasına və inkişaf etdirilməsinə yönələn mövqedir. Bunu da nəzərə almağınızı xahiş edir, hər birinizə uğurlar, möhkəm cansağlığı arzulayırıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar