Xəbər lenti
Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
İşğalçı Ermənistan bütün cəbhələrdə ard-arda ciddi məğlubiyyətlərə uğramaqdadır. “Qalib ədası” sindromu, boş təkəbbür və hüquqtanımazlığı cəm olub, öz başında çatlamış Paşinyan hökuməti bataqlıqda çabalamaqdadır. Müzəffər Azərbaycan Ordusunun polad iradəsi, qətiyyəti düşmənin gözlədiyindən daha tez, daha keyfiyyətli və daha miqyaslı yeni şəkillənmə yaradıb.
“Qalib erməni ordusu” artıq “siyasi mif”, “erməni siyasi folkloru”, erməni yalan ədəbiyyatı üçün də yararsızdır. Ədəbiyyat demiş, dünən sosial şəbəkənin Azərbaycan seqmentində belə bir paylaşım dolaşırdı: Nizami yurdunun yaralarını Füzuli zəfəri sardı…
Çox anlamlıdır! Bəli, Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən istismarçı, işğalçı ordunun müqavimətindən “m” hərfi də qalmayıb. Orda-burda başıpozuq, rabitəsiz atışları da müqavimət deyil, öz canının hayında çabalamaq, quru canını xilas etmək, zaman qazanmaqçün çırpınışlardır. İstismarçı, işğalçı Ermənistan ordusu iflic durumuna düşüb, şəxsiyyətsiz şəxsi heyətləri arasında ruh düşkünlüyü ən yüksək həddə çatıb.
Ən müxtəlif qaynaqlardan gələn, KİV-də tirajlanan bilgilər “qalib ordu”nun bütün cəbhə boyu ağ bayraq qaldıraraq, Azərbaycan Ordusuna təslim olmaq ərəfəsində olmasını ifadə edir. Olsun, ağ bayraq qaldırana imdad etmək əcdadımızdan gələn milli xarakterimizdir; lakin o ağ bayraq ləkəli olmamalıdır; o bayraq ağ rəngə boyanmış qaramat niyyətlər daşımamalıdır. Bizim imdadımız, amanımız yenidən Gəncədə körpələrin, Tərtərdə dəfn iştirakçılarının, yaxud məktəblilərin, həkimlərin raket atəşinə tutulması ilə üzərimizə qayıtmamalıdır.
Müharibənin də öz qayda-qanunu, hərbçinin öz əxlaqı olmalıdır; hərb meydanında uduzub, ön cəbhədən uzaqlardakı dinc insanları, uşaqları, qadınları, qocaları hədəf almaq, özü də məhz onlar yatarkən raket atəşinə tutmaq rəzilliyin ötəsidir.
Dinc əhalinin sadə evləri zirehdən deyil; orada hərb planları cızılmır! Belə qeyri-insani hərəkətlərlə Azərbaycanın haqlı davasını sarsıtmaq mümkünsüzdür!
Hələ XIX yüzilin sonlarında Aleksandr Dümanın Qafqaz səfəri zamanı təsbit etdiyi kimi, öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz ermənilərlə müqavilə bağladıqdan sonra da inanmaq, ehtiyatı əldə vermək olmaz. Azərbaycan Ordusunun tibb maşınlarını atəşə tutmadığını bildiyindən, onları “Komanda idarəetmə maşını”na çevirmək, tabut içində silah daşımaq kimi hiyləgərliklərlə uzağa getmək mümkün olmayacaq. Ermənistanda bunu anlamalı və nəhayət qəbul etməlidirlər.
Çox uzağa getməyək – 10 oktybarda Moskvada elan olunmuş “Humanitar atəşkəs” bəyanatının mürəkkəbi qurumamış Ermənistanın nə hoqqalardan çıxdığını gördük. İndi də Minsk Qrupunun həmsədr ölkələri prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli Bəyanatına, Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli Bəyanatına əsasən və 10 oktyabr tarixli Moskva Bəyanatına uyğun olaraq, 18 oktyabr gecə saat 00.00-dan yeni “Humanitar atəşkəs” qüvvəyə minməliydi. Özü də bunun məhz Ermənistan tərəfinin təkidli xahişlərinin nəticəsi olduğunu bilməyən yoxuydu.
Bəs nə oldu?!
Mən bilərəkdən “qüvvəyə minib” yerinə “qüvvəyə minməliydi” yazdım – çünki Ermənistan hərbi-siyasi rəhbərliyi hüququn, razılaşmanın qüvvəsini tanıya bilmir, o, yalnız tankın-topun, PUA-nın qüvvəsini, gücünü tanıyır. Mən bu sətirləri yazarkən KİV məlumat yaydı: “Ermənistanın silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir…”
İşğalçı Ermənistanda hökm sürən xaos cəbhəyanı bölgədə yerləşən Tərtərdə daha çox hiss olunur. Hərbi-siyasi hakimiyyətləri cidd-cəhdlə humanitar atəşkəs əldə olunması üçün yalvardığı halda, Ermənistan silahlı qüvvələri atəşi kəsmir. İşğalçı ordu növbəti dəfə razılaşmanı kobud surətdə pozaraq, səhər tezdən Tərtərə mərmilər yağdırmaqda davam edir. Müzəffər Ordumuz düşmənə layiqli qarşılıq verir, atəşi kəsməyən atəş nöqtələri sıradan çıxarılır.
Sentyabrın 27-dən bəri artıq ikinci dəfədir, istismarçı və işğalçı düşmən humanitar atəşkəs üçün yalvarır, sonra əldə edilmiş razılaşmanı kobud şəkildə pozur. O zaman Azərbaycan Ordusunun üzərinə düşən vəzifə aydındır: Düşmənin pozuculuq fəaliyyətinin qarşısını qətiyyətlə almaq!
***
Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyevin nüfuzlu xarici TV-lərə son günlər ardıcıl şəkildə verdiyi müsahibələrdə Ermənistanın iç üzü bütün incəlikləri ilə beynəlxalq ictimaiyyətə çatdırılmaqdadır. Bilməyənlər də bilir, bilənlər əlavə bilgilər əldə edir, düşmənin arasıkəsilməz yalan istehsalı zay olur…
Prezidentin Füzuli şəhərinin azad olunduğunu elan etməsindən öncə, qardaş Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalına verdiyi müsahibə də Ermənistanın hərbi cinayətlərini göstərmək, Ordumuzun məhz xilaskarlıq missiyası həyata keçirdiyini təsbit etmək baxımından səciyyəvi idi. Nəzərə alsaq ki, qardaş ölkə TV-ləri yalnız Türkiyədə deyil, türksoylu ölkə və topluluqlarda, ərəb ölkələrində, Balkanlarda və b. yerlərdə geniş izləyici auditoriyasına malikdir, o zaman “A Haber”ə müsahibənin özünəxas önəmini bir daha vurğulamış olarıq. Burada vurğulanmalı bir mühüm məqam da Prezidentin istər “A Haber”ə, istər digər TV-lərə müsahibələrdə etdiyi uyarıların, verdiyi ismarışların, bir sözlə, proseslərin inkişaf trayektoriyası ilə bağlı dediklərinin həyatda hərfbəhərf öz əksini tapmasıdır.
Prezident “A Haber”ə nə demişdi?
Qısaca özətləməyə çalışaq:
- Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açır. Bu, Ermənistanın yırtıcı xislətidir;
- Azərbaycan Ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmayıb, bu gün də açmır;
- Baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar olur, vətəndaşlarımız öz torpağında qürurla yaşayır, çətinliklərə dözür. Onları ərazi bütövlüyümüzün bərpa edilməsi, bayrağımızın işğal edilmiş bütün torpaqlarda qaldırılması amalı birləşdirir;
- Ermənistan məğlub olduğunu görüb atəşkəs istəyir; ancaq görünür ki, Ermənistan atəşkəsdən sui-istifadə edir;
- “Qalib erməni ordusu” mifi müharibə meydanında çox qısa zaman içində əridi, yox oldu. Bu günlər ərzində Ermənistan ordusuna dəyən ziyan 2 milyardı keçib;
- Ermənistan Qarabağa muzdlu döyüşçülər gətirir. Hərbi əməliyyatlar başlamazdan öncə PKK-çılar orada düşərgə qurub;
- İşğal altındakı Dağlıq Qarabağ rəsmi nəzarətdən kənar bir ərazi idi; orada qaçaqmalçılıq, narkoticarət, qanunsuz məskunlaşma, təbii sərvətlərin talan edilməsi və s. bədnam olaylar baş verirdi;
- Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır. …Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin;
- Azərbaycan “status-kvo”nu dəyişdi. “Status-kvo” Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanılmasına xidmət edirdi;
- Azərbaycanın işi haqq işidir, biz beynəlxalq hüquqa uyğun davranırıq və haqlı, ədalətli mübarizəmiz dəstəklənir.
- Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdi.
Qonşu ölkələr tərəfsizliyini qoruyur. İran və Gürcüstan öz hava məkanını, quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı;
- Həmsədr ölkələr tərəfsizliklərini qorumalıdır.
Təbii ki, qardaş Türkiyədən, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğandan həmişə sevgi ilə, övgü ilə danışan Azərbaycan dövlət başçısı, öz mövqeyini, məhəbbətini “A Haber” efirində də ifadə etdi:
“Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir”.
Cənab Ali Baş Komandanın “A Haber”ə hadisə kimi müsahibəsindən bir məqama da diqqət edib, başqa mövzuya toxunmaq istəyirəm: bu, milli həmrəylik mövzusudur:
“Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir – siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik”.
Respublikamızda fəaliyyət göstərən 50 siyasi partiyanın dünən beynəlxalq və regional təşkilatlara Müraciət ünvanlamasını cənab İlham Əliyevin çağırışına operativ və konkret münasibət hesab edirəm. Partiyalar BMT, NATO, Avropa Birliyinə, Avropa Şurası, ATƏT, İƏT, Sərhədsiz Jurnalistlər və Sərhədsiz Həkimlər təşkilatları daxil olmaqla, toplam 30 beynəlxalq ünvana müraciət ünvanlayaraq, onları Ermənistanın 2020-ci il oktyabrın 17-də Gəncədə törətdiyi növbəti terror aktı barədə bilgiləndirib və ədalətli mövqe bildirməyə çağırıb. Müraciətdə, müharibəni bir vasitə kimi qəbul etməyən, mülki əhalinin, uşaqların öldürülməməsini tələb edən humanist mövqeli beynəlxalq təşkilatların və dövlətlərin diqqəti, Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasına, bölgə və beynəlxalq təhlükəsizliyi ciddi təhdid yaratmasına cəlb edilir. Baxmayaraq ki, bu silahlanma əsasən Azərbaycana qarşı yönəlib və yeni ərazilərin işğal edilməsi planı ilə bağlı olub, bununla belə, beynəlxalq sülh və təhlükəsizliyi pozduğu da danılmazdır. Ümid edirik ki, sülhsevər dünya ictimaiyyəti bu müraciətə səssiz qalmayacaq.
Burada iki məqam çox önəmlidir. Birincisi, yuxarıda da vurğuladığımız kimi, milli həmrəylik amilidir ki, bu, belə bir həssas məqamda xüsusi önəm ərz edir. İkincisi, demokratiya, fikir müxtəlifliyi kimi məsələləri ön plana çıxaran bir çox dövlətlərin və beynəlxalq qurumların məhz fərqli siyasi partiyalardan Müraciət almasıdır. Bu, dövlət orqanının müraciəti olsaydı da, cavab verilməli bir müraciətdi, əlbəttə, bununla belə, keçən dəfəki Gəncə terrorunda susqunluq nümayiş etdirən bir çox ünvanlar budəfəki terrora və 50 partiyanın Müraciətinə səssiz qalmaqla, özlərini biabır etmiş olar. Belə bir münasibətsizlik Ermənistana yeni terror üçün vəsiqə vermək qədər vahim məzmun daşıyar.
Fərqli mövzuları ümumiləşdirərkən, daha bir məqama da diqqət etmək istərdim. Ümidvaram, hər kəs fərqindədir ki, aktiv müharibənin getdiyi, həlledici önəm daşıyan bir çox situasiyadan, dövrdən fərqli olaraq, indi dövlət və cəmiyyətin çox yüksək həmrəyliyini, dövlət və siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının mükəmməl saat mexanizmi dəqiq çalışdığını və beynəlxalq ictimaiyyətin fasiləsiz olaraq, düzgün məlumatlandırıldığını görürük.
Bu, İlham Əliyevin dövlət idarəetmə istedadının təntənəsidir!
DÖVLƏTİMİZ VAR OLSUN!
Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar