Xəbər lenti
Həqiqət anı: Dostluq və xəyanət nümunələri
“İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin. Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün”.
Bu sözləri Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə Mərkəzi Hərbi Klinik Hospitalında yaralı hərbçilərimizi ziyarət edərkən, sentyabrın 30-da deyib.
Cənab Prezidentin səsləndirdiyi bu suallar ritorik suallar deyildi. Onların bir çoxunun cavabı dövlətimizin başçısına artıq məlumdur. Son 30 ildə gördüklərimizdən, xüsusən Ermənistanın Tovuz rayonu istiqamətindəki hərbi təxribatından sonra şahidi olduqlarımızdan müəyyən nəticələri biz də çıxara bilərik. Lakin onlar tam və dolğun olmaya da bilər. Çünki, yalnız üzdə olanları müşahidə etmək imkanımız var. Pərdə arxasında baş verənləri, siyasi oyun və riyakarlıqları isə dövlətimizin başçısı bilir və görür. Elə bu səbəbdən, Prezidentin sualları ritorik deyildi. O, suallarını kimə, hansı beynəlxalq təşkilatlara, hansı dövlət və hökumət başçılarına ünvanlayırdı, bu ünvanlar da artıq ona məlumdur.
Cənab Prezidentin “Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir” ifadəsi təsadüfi deyildi...
Həqiqət anından irəli gələn nəticələrdən biri budur ki, sözlərinə ağalıq edə bilməyənlərin səmimiyyətinə bundan sonra cəmiyyətimizdə inam olmayacaq, onların vəd və bəyanatları heç vaxt ciddiyə alınmayacaq. Gələcəkdə ədalətli mövqe tutmağa cəhd etsələr belə, artıq onlar şübhə ilə qarşılanacaq, faydasız və mənasız olacaq...
Prezident yaşadığımız tarixi dönəmin həqiqət anlarından bəzilərini cəmiyyətimizə açdı, bu çətin günlərdə Azərbaycanla həqiqi mənada qardaşlıq və dostluq edənlərin ünvanını konkret göstərdi: Türkiyə, Pakistan, Əfqanıstan. Dövlətimizin başçısı diplomatik davranışına sadiq qalıb, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT kimi beynəlxalq təşkilatlara bəyanatlarına görə təşəkkürünü bildirdi...
Cənab Prezident bu həqiqətləri tarix üçün, xalqımızın və gələcək nəsillərin bilməsi, unudulmaması üçün dedi. Onlardan biri də budur ki, həyatda olduğu kimi, böyük siyasətdə də dostların, ələlxüsus qardaşların sayı çox olmur. Dost cildinə girənlər, münasibətdə oynayanlar, şəxsi çıxarlarını güdənlər məişətdə olduğu kimi, təəssüf ki, siyasət səhnəsində də var. Fərq ondadır ki, ikincisi daha təhlükəlidir. Çünki birinci halda söhbət yalnız fərdlərin münasibətindən, ayrı-ayrı şəxslərin dostluqda üzləşdikləri xainliyə görə çəkdiyi şəxsi mənəvi sıxıntıdan gedir.
Böyük siyasətdə isə, xalqların və millətlərin, cəmiyyət və dövlətlərin, hətta gələcək nəsillərin münasibətindəki etibarlılıq sual altına alınır. Çox zaman buna onunla haqq qazandırırlar ki, böyük siyasətdə daimi dost axtarışı mənasız işdir, burada daimi olan yalnız dövlət marağıdır.
Lakin tarix göstərir ki, həyatda olduğu kimi, böyük siyasətdə də həqiqət anına bağlı olan istisnalar var: Türkiyə, Pakistan, Əfqanıstan və başqa dövlətlər kimi...
Cəmiyyətimizin şahidi olduğu həqiqətlərdən biri də budur ki, riyakarlıq edib işğalçı Ermənistana açıq və ya gizli şəkildə siyasi dəstək verənlər də az deyil. Bəzən onların arasında dost hesab etdiklərimizin siyasi kölgəsi görünür. Təəssüf ki, belələri işğalçıya təkcə siyasi dəstəklə kifayətlənmirlər...
Demokratiyanın beşiyində demokrat pərdəsi altında gizlənməyə macal tapan “Asala” kimi erməni terror təşkilatının üzvlərindən bir çoxu bu gün biznesmen, lobbist libasında iş başındadır.
Ermənistanı tarixən “kiçik bacı”, “sevimli bacı” gözündə görənlər, Qriboyedovun tarixi həqiqətlərdən ibarət xatirələrini, yaddaş yazılarını unudanlar, bəlkə də nə vaxtsa ayıldılar.
Himayə etdikləri, altdan-altdan və ya açıq şəkildə dəstək verdikləri işğalçının mayasının xəyanətlə yoğrulduğunu, bəlkə nə zamansa anladılar. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında “bərabərlik” işarəsi qoyanlar, “balanslı” münasibət sərgiləyənlər, tərəfləri yenidən danışıqlar masasına dəvət edənlər, bəlkə nə vaxtsa öz qərarlarına hörmət əlaməti olaraq Ermənistandan tələb edəcəklər ki, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etsin. Təəssüf ki, hələ də bunu görmürük. Səslənən beynəlxalq çağırışların kökündə beynəlxalq hüquqa xidmət cəhdinin dayandığına, nə qədər çətin olsa da, özümüz-özümüzü inandırmağa çalışırıq. Alınacaqmı?
Yaşadığımız tarixi dönəmdə dəyər verməli olduğumuz ali həqiqətin bu anı da var. Bütün dünya əmin oldu ki, siyasi riyakarlıqlara, Ermənistanın imitasiya oyunlarına və işğalına göz yumulmasına, erməni işğalı ilə bağlı yaşadığımız mənəvi və fiziki iztirablara, milyona yaxın qaçqın və məcburi köçkünümüzə, ən başlıcası verdiyimiz şəhidlərə baxmayaraq, Qarabağ Azərbaycanın milli qürur məsələsi olaraq qalır. Erməni işğalındakı torpaqlarımızı əvvəllər heç görməyən yeni nəslimiz Vətən, Torpaq uğrunda ölüm-dirim, Vətən müharibəsinə hazırdır, “ya Qarabağ, ya ölüm” bu nəslin də seçimidir. Dünya birliyi nəhayət şübhə etməməlidir ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını heç kimə bağışlayan və müstəqillik yolundan dönən deyil.
Heç kimin torpağında, mal və mülkündə gözümüz yoxdur. Azərbaycan dövləti və xalqı bu illər ərzində sübut etdi ki, 30 illik dözüm və səbrlə yanaşı, dostluq və düşmənçiliyi də yalnız mərdi-mərdanə aparmağa qadirdir...
Ən böyük həqiqət anı isə odur ki, tarixən haqq və ədalətin yanında olan Azərbaycan xalqı Milli siyasi iradəsini ortaya qoyan Ali Baş Komandanı və Ordusu ilə qürur duyur.
Müasir müstəqillik tarixində heç vaxt indiki qədər monolit olmamış Azərbaycan xalqı öz Prezidentinin və Ordusunun arxasındadır. Hospitalda hərbçilərimizlə görüşdə kövrələn Birinci vitse-prezident Mehriban Əliyeva çox keçməz ki, qədim Şuşamızda, Cıdır Düzündə xalqımızla bir yerdə böyük qələbə sevincini inşəallah yaşayar. Əsl həqiqət anı məhz onda olacaq, şəhidlərimizin ruhu onda rahatlıq tapacaq. Bu zirvəyə aparan yolu Ali Baş Komandan İlham Əliyev xalqımızın istəyi ilə artıq müəyyən edib: “Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır”.
Biz bu həqiqət anını-Böyük Qələbəmizi mütləq yaşayacağıq. Allah xalqımıza və Ordumuza yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri daim qorusun!
Milli Məclisin deputatı
Ülvi Quliyev
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar