Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Hərbi prokurorluğunun səmərəli fəaliyyəti nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır" - Firad Əliyev

Tarix: 14-08-2020 13:56     Baxış: 3426 A- / A+
"Hərbi prokurorluğunun səmərəli fəaliyyəti nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır" - Firad Əliyev


Gündən-günə qüdrətlənən və hərtərəfli inkişaf edən dövlətimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci yarımilini də uğurla başa vurmuşdur.
Dünyada baş verən neqativ proseslərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, çoxsaylı qlobal çətinliklərə, o cümlədən planetimizdə tüğyan edən koronavirus (COVID-19) pandemiyasına rəğmən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mükəmməl və zamanı qabaqlayan siyasətini, müasir tələblərə uyğun yüksək məharətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürmüş, bütün sahələrdə ardıcıl uğurlar əldə edilmiş, mütəmadi həyata keçirilən hərtərəfli islahatların davamlılığı, həmçinin regionların tarazlı tərəqqisi təmin olunmuş və sair nəhəng işlər görülmüşdür. Qlobal iqtisadi böhranın fəsadları Azərbaycan iqtisadiyyatına az da olsa sirayət etsə də, qürurverici və sevindirici haldır ki, dövlət başçısının çevik və səmərəli iqtisadi siyasəti, bilavasitə onun tapşırığı ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkə iqtisadiyyatına ciddi təsir göstərməmişdir. Reallaşdırılması nəzərdə tutulan tədbirlərdən və işlərdən heç birinin, o cümlədən hər hansı bir sosial layihənin icrasının təxirə salınmaması da bunun təcəssümüdür. Bir sözlə, ötən dövrlərdə olduğu kimi, bu ilin birinci yarımilində də dövlətimizin daha da inkişafı və xalqın rifahının hərtərəfli yaxşılaşdırılması prosesinin davamlılığı təmin edilmişdir. Qeyd edilməlidir ki, ölkəmizdə gedən sürətli inkişaf beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir. Belə ki, BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatında Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşmış və bu göstərici ilə regionun lideri olmuşdur. Bundan başqa, Davos Ümumdünya İqtisadi Forumuna əsasən islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə Azərbaycan dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur. Vurğulanmalıdır ki, qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin mühüm rolu və xüsusi əhəmiyyəti olmuşdur.

2020-ci ilin birinci yarımili prokurorluq orqanları üçün də əlamətdar olmaqla prokurorluğun tərəqqi dövrü kimi tarixin yaddaşına həkk olunmuşdur. Möhtərəm cənab Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və mühüm dövlət postuna gətirilən II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni, islahatlar və səmərəli dəyişikliklər mərhələsi başlamışdır.

Belə ki, dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə aparılan islahatların davamı olaraq, ölkə Prezidentinin göstəriş və tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, bununla da, Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunmuş, həmçinin mərkəzi aparatın yeni, Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Bundan əlavə, cənab Prezidentin sözügedən Sərəncamına əsasən, Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis olunmuş, Kriminalistika və informasiya texnologiyaları idarəsi, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, həmçinin Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi yaradılmış, bəzi idarə və şöbələrlə əlaqədar müvafiq dəyişikliklər edilmişdir.

Qeyd etmək lazımdır ki, dövlət başçısının rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, o cümlədən prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə prokurorluğun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Cari ilin birinci yarımili Hərbi prokurorluq orqanları üçün də uğurlu olmuşdur. Əvvəlcə qeyd olunmalıdır ki, Möhtərəm cənab Prezident İlham Əliyev ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin etmişdir. Sözügedən təyinat, Hərbi Prokurorluğa və kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin və onun rəhbərinə göstərilən növbəti etimadın təzahürü idi. Ali qiymətləndirməni dəyərləndirmək və böyük etimadı yenidən doğrultmaq məqsədilə hərbi prokurorluq əməkdaşları əzmlə çalışmağı və xidməti vəzifələrini daha məsuliyyətlə yerinə yetirməyi qarşıya məqsəd qoyduqları üçün bu istiqamətdə fəaliyyətlərini uğurla davam etdirirlər.

Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarının fəaliyyəti ötən dövrlərdə olduğu kimi 2020-ci ilin birinci yarımilində də səmərəli olmaqla, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və qanun pozuntularının qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin Silahlı Qüvvələrimizin qüdrətinə xələl gətirə biləcək hüquqazidd əməllərin və digər nöqsanların aradan qaldırılmasına yönəldilmişdir.

Vurğulanmalıdır ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır.

Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilmiş, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürməklə, dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan bütün prokurorluq əməkdaşları kimi Hərbi Prokurorluq əməkdaşları da qeyd olunan dövrdə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla, özlərinə isə yüksək nəzakətlə yanaşmış, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilmiş, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilmiş, hüquqları izah edilmiş və həyata keçirilməsi üçün hər cür şərait yaradılaraq bütün zəruri tədbirlər görülmüşdür.

Ötən dövrlərdəki kimi, 2020-ci ilin birinci yarımilində də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilmiş, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmiş, bu qəbildən olan cinayətlərin də qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Vurğulanmalıdır ki, Silahlı Qüvvələrdə baş vermiş ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunmuşdur.

Qeyd olunmalıdır ki, hərbi prokurorluqlarda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı, cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq təşkilatın və ya vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməlində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş bütün şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, kollegiyaların qərarlarına əsasən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər dövlət orqanlarının rəhbərlərinə cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir.

Vurğulanmalıdır ki, nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olmuşdur. Belə ki, fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülmüşdür. Bütün bunların nəticəsində də 2020-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalmışdır. Xüsusi vurğulanmalıdır ki, hesabat dövründə hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə və fərarilik cinayəti ümumiyyətlə qeydə alınmamışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi ilə bağlı da 2020-ci ilin birinci yarımilində xeyli işlər görülərək, obyektiv həqiqətlər-Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə və digər cinayətlər, o cümlədən xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasəti, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi, gənclərin və hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətəndaşlarımızda milli ruhun daha da yüksəldilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və ictimai təşkilatlara muzeyi ziyarətlə əlaqədar müvafiq məktublar göndərilmiş və ziyarətə gələn 5000 nəfərdən çox şəxsin ekskursiyası təmin olunmuşdur (Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi elan edilənədək).

Bundan başqa, ötən il Hərbi Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı müasir tələblərə cavab verən səviyyədə qurulmaqla, bu sahədə işin səmərəliliyi daha da artırılmış, o cümlədən prokurorluğun fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, cinayətkarlığın vəziyyəti, ictimai maraq doğuran cinayət işlərinin istintaqı barədə dövri mətbu nəşrlər, televiziya və teleradio vasitələri, informasiya agentlikləri və saytlar vasitəsi ilə ictimaiyyətə müntəzəm olaraq məlumatların verilməsi təmin edilmiş, həmçinin kütləvi informasiya vasitələrinin sorğuları qanunvericiliyin tələbləri çərçivəsində mütəmadi olaraq cavablandırılmış, habelə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçiləri tərəfindən “20 yanvar” faciəsi və “Xocalı” soyqırımı, ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi, Azərbaycan Xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102 illiyi, eləcə də, yeni qanunvericiliyin, hərbi qulluqçuların hüquq və vəzifələrinin izahı ilə bağlı və digər müxtəlif mövzularda kütləvi informasiya vasitələrində çıxışlar edilmişdir.

Təbii ki, yuxarıda sadalananlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 2020-ci ilin birinci yarımilindəki fəaliyyətini tam ehtiva etmir və qeyd olunan dövr ərzində, hərbi prokurorluq orqanları tərəfindən qanunun aliliyi prinsipi rəhbər tutulmaqla başqa işlər də görülmüş, eləcə də insan hüquqlarının etibarlı müdafiə olunması, cinayətkarlığa və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılması üçün müxtəlif zəruri tədbirlər həyata keçirilmişdir.

24 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Baş prokuror, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilmiş və 2020-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Əməliyyat müşavirəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki: “...Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir...”.

Qətiyyətlə deyə bilərəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prokurorluğa, o cümlədən hərbi prokurorluğa hər zaman göstərilən xüsusi diqqət və qayğının layiqincə dəyərləndirilməsi, eləcə də bu orqana olan yüksək etimadın doğruldulması, həmçinin verilən vədə əməl edilməsi üçün Hərbi Prokurorluq əməkdaşları xidməti vəzifələrinin icrasına vicdanlı münasibət bəsləməklə bütün güclərini səfərbər edərək qanunların keşiyində daha mətin dayanacaqlar.

Firad Əliyev,
Azərbaycan Respublikası Hərbi prokurorunun
böyük köməkçisi-Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri,
ədliyyə müşaviri, hüquq üzrə magistr

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar