Xəbər lenti
Sumqayıt spirti - MİPS "Covid-19"a qarşı mübarizədə köməyə gəlir -ŞƏKİLLƏR
Bəs ABŞ və Avropa ölkələrinin də vaxtilə idxal etdiyi, dünyada ən yüksək kefiyyətə malik olan MİPS-in alınma texnologiyasına nail olmuş sumqayıtlı alim niyə unudulur?
Bir müddət əvvəl ölkə saytları xəbər vermişdi ki, "Azərikimya" İstehsalat Birliyində indi bütün dünyanı cənginə almış ölüm saçan bəlanın - koronavirusun qarşısının alınmasında mühüm kimyəvi vasitə olan mütləqləşdirilmiş izopropil spirtinin (MİPS) istehsalı yenidən bərpa olunub. Əlbəttə, bəşəriyyətin üzləşdiyi amansız pandemiyaya - "COVİD-19"a qarşı Sumqayıt istehsalı olan qiymətli kimyəvi məhsulun istifadəsi faydalıdırsa, bu, təbii ki məmnunluq doğurur. Deməli, Sumqayıt kimyaçıları da bu dəhşətli bəlanın ram edilməsinə öz mühüm töhfəsini verir. Bu, alqışa layiq bir haldır.
Ancaq bir jurnalist kimi həmin xəbərlə bağlı məni qane etməyən məqam dünyada təmizliyi ən yüksək olan Sumqayıt spirtinin - MİPS-in sənaye üsulu ilə bütün keçmiş SSRİ-də ilk dəfə olaraq istehsal texnologiyasına nail olan (buna ermənilər müvəffəq olsaydılar, indi bütün dünyaya car çəkmişdilər) azərbaycanlı kimyaçı alimin - professor Əbülfəz BABAYEVin xidmətinin, onun adının xatırlanmamasıdır. Yaxşı yadımdadır ki, hələ 24 il əvvəl - 1996-cı ildə Sumqayıtın o vaxtkı "Sintezkauçuk" zavodunda MİPS-in sənaye üsulu ilə istehsal texnologiyasının mənimsənilməsi ilə bağlı "Vışka" qəzetində geniş bir yazı verilmişdi. Və orada bildirilirdi ki, dünyada 4 nüfuzlu şirkətin - "Hels", "Condea", "Shell", "Ekson" şirkətlərinin istehsal etdikləri MİPS-in təmizlik dərəcəsi 99,9 faiz olduğu halda yalnız Sumqayıtın "Sintezkauçuk" zavodunda bu göstərici ən yüksək dərəcəyə - 99,99 %-ə (buna "dörd 9" da deyilir) çatdırılmışdı. Hətta Fransanın dünyada olduqca məşhur, növbənöv, əl-əl axtarılan ətriyyat məhsullarının istehsalında istifadə edilən MİPS-in keyfiyyət göstərici belə 99,9 faizdən yuxarı deyildi. Məhz daha yüksək keyfiyyətinə görə Sumqayıtda istehsal edilən bu qiymətli kimyəvi məhsul dünyanın o 4 nəhəng şirkətinin hökmranlıq etdiyi MİPS bazarına daxil ola bilmişdi və 1996-cı ildən başlayaraq dünyanın aparıcı ətriyyat firmaları parfümeriyada əsas komponentlərdən biri kimi istifadə edilən MİPS-i məhz Sumqayıtdan idxal etməyə başlamışdılar.
Təsadüfi deyil ki, Azərbaycan kimyaçılarının həmin dövrdə istehsalını ilk dəfə olaraq mənimsədiyi bu məhsul Beynəlxalq qızıl "Arka Avropa" mükafatına layiq görülmüşdü. Belə bir beynəlxalq uğurun qazanılması isə o zaman "Sintezkauçuk" zavodunun baş mühəndisi olmuş istedadlı kimyaçı alim, texnika elmləri doktoru (hazırda həm də professor) Əbülfəz Babayevin rəhbərliyi ilə aparılmış gərgin elmi-texniki axtarışların nəticəsində mümkün olmuşdu.
Əslində xalq arasında SK zavodu kimi tanınan keçmiş "Sintezkauçuk" zavodu əvvəllər 40 addan çox qiymətli kimyəvi məhsul istehsal edir və onları yüz min tonlarla keçmiş Sovet İttifaqının və bir sıra xarici ölkələrin kimya müəssisələrinə ixrac edirdi. Lakin 1991-ci ildə SSRİ-nin süqutu iqtisadi əlaqələrin pozulmasına, bir çox kimyəvi məhsullara tələbatın kəskin azalmasına, ayrı-ayrı istehsal proseslərinin dayandırilmasına səbəb olmuşdu. Həmin dövrdə SK-nın yeganə olaraq fəaliyyət göstərən bir sexində yalnız MDB müəssisələrinin müxtəlif texnoloji proseslərində xammal kimin istfadə edilən texniki izopropil spirti (TİS) istehsal olunurdu. O dövrdə həmin məhsula tələbatın yüksək olduğunu nəzərə alan baş mühəndis Əbülfəz Babayev müəssisəni iqtisadi çətinliklərdən qurtarmaq üçün TİS-in istehsalının artırılmasını öz üzərinə mühüm bir vəzifə kimi götürməli olur. Zavodun 5 minə yaxın işçisinin aylarla ödənilməyən maaşlarının verilməsinin vacibliyi də onu həm baş mühəndis, həm də kimyaçı-alim kimi gərgin elmi-yaradıcılıq axtarışlarına sövq etmişdi. Mövcud texnologiyanın təkmilləşdirilməsi üçün onun günlərlə davam edən gərgin mühəndis axtarışlarından sonra texnoloji xətlərdə tətbiq edilən bir sıra yeniliklər, qurğu üzərində aparılan texniki rekonstruksiya işləri, nəhayət, öz bəhrəsini verdi - aylıq istehsal gücü 60 ton olan qurğunun məhsul buraxılışı
artırılaraq ilk dəfə 80 tona çatdırıldı ki, bu da baş mühəndisin yüksək elmi-texniki yaradıcılıq potensialına malik olduğunu sübut edən böyük bir uğur idi.
Lakin bir müddət sonra MDB ölkələri arasında iqtisadi əlaqələrin kəskin şəkildə zəifləməsi kimyaçıların yeganə gəlir mənbəyinə olan ümidinə də son qoydu - TİSə olan tələbat və onun satışı heçə endi. Əslində, istehsal davam etdirilə bilərdi, ancaq hər yerdə iqtisadiyyat tənəzzülə doğru getdiyindən daha heç bir xarici firma və müəssisə TİSi böyük həcmdə almaq istəyində və imkanında deyildi. Bu səbəbdən də kimyaçıların əmək haqqını vermək üçün daha hansısa bir gəlir yeri qalmamışdı. Müharibə vəziyyətində olan ölkədə tədricən siyasi stabilliyin yaranmağa başladığı, gələcəyə az-çox ümüdlər bəslənildiyi bir zamanda bu cox üzücü bir hal idi.
Müəssisənin və onun çətin şəraitdə çalışan əməkçilərinin taleyinə biganə qalmağı bacarmayan Əbülfəz Babayev bu dəfə çıxış yolunu yalnız dünya bazarina cıxa biləcək yeni məhsul istehsalının yaradılmasında görərək, bu işi mövcud imkanlar daxilində yerinə yetirməyi qərara almış və respublikanın onsuz da ağır, çətin iqtisadi vəziyyətində yeni avadanlıq almağın mümkün olmadığını reallıq kimi qəbul edərək, istehsal prosesinin yaradilmasının müvafiq yollarını aramalı olmuşdu. Çıxılmaz görünən vəziyyət Ə.Babayevi TİS-in keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırılması naminə mövcud texnologiyanın təkmilləşdirilməsinə vadar etmişdi. Onun günlərlə davam edən gərgin mühəndis axtarışlarından sonra qurğu üzərində aparılan texniki rekonstruksiya işləri nəticəsində müəssisə və respublika tərəfindən heç bir ciddi kapital qoyuluşu olmadan, yalnız istismardan çıxarılmış qurğulardan birinin avadanliqlardan düşünülmüş, səmərəli şəkildə, yaradıcılıq və peşəkarlıqla istifadə etməklə tamamilə yeni bir istehsalat sahəsi olan mütləqləşdirilmiş izopropil spirti - MİPS istehsalatı yaradılmışdı.
Ötən çətin, ağır illəri yada salaraq demək lazımdır ki, Azərbayacan sənayesinin süquta doğru getdiyi bir vaxtda belə bir uğurun qazanılmasına öz zəngin təcrübəsi və dərin elmi biliyi sayəsində nail olmuş, daha sonra isə dünyada ən yüksək keyfiyyətli MİPS-in texnologiyasını işləyib-hazırlamış, onu uğurla istehsalata tətbir etmiş belə bir yenilikçi alimin xidmətlərini unutmaq ən azı ədalətsizlik olardı.
Ona görə də mən neçə illərdir ki Azərbaycan Sənaye Universitetində gələcək kimyaçılara elmin sirrlərini öyrədən, hələ ötən ilə qədər təcrübəli bir kimyaçı-texnoloq, mühəndis kimi həm də ARDNŞ-də (SOCAR-da) məsul vəzifədə çalışmış professor, Beynəlxalq Mühəndislik Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü olan Əbülfəz Babayevi soraqlaşmaq qərarına gəldim və kimyaçı dostlarımın köməyi ilə bugünlərdə onunla görüşməyə nail oldum.
Öz yüksək elmi təfəkkürü ilə son günlər COVİD-19-a qarşı mübarizə məqsədilə istifadə edilən MİPS-in müəllifi, artıq 72 yaşı olan Əbülfəz müəllimi sağlam və gümrah görməyim, onunla ötən illəri xatırlamağım mənim üçün çox xoş oldu. İlk olaraq özü haqqında bir qədər ətraflı məlumat verməsini xahiş etdim. Bir qədər təvazökarlıq etsə də, öyrəndim ki, Sumqayıt Sintetik Kauçuk zavoduna (o vaxt belə adlanırdı) 1972-ci ildə Neft və Kimya İnstitutunu mühəndis-kimyaçı-texnoloq ixtisası üzrə bitirərək təyinatla gəlibmiş.
Hələ tələbəlik illərindən elmi işə həvəsi olduğundan bir müddət müəssisənin Mərkəzi laboratoriyasında, sonralar özünü istedadlı mühəndis kimi göstərərək, zavodun baş mühəndisliyinə qədər çoxillik bir istehsalat yolu keçmişdir. 1980-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunun Elmi Şurasında "İzobutilen-izopropen sopolimerlərinin oksigen tərkibli monimerlərlə modifikasiyası" mövzusunda namizədlik, 1991-ci ildə isə "Piroliz məhsullarının sənaye texnologiyası ilə ayrılması və təmizlənməsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-96-cı illərdə Beynəlxalq Mühəndislik Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü - akademik seçilmişdir. 325-çox elmi məqaləsi SSRİ-də, eləcə də ABŞ, Almaniya, İtaliya, Çexoslovakiya, İran və Türkiyədə çap olunub. 100-dən artıq ixtira və patentlərin müəllifidir. İstehsalata tətbiq edilən bir çox elmi
uğurlarının sayəsində Azərbaycanın bir sıra neft-kimya məhsulunun dünya bazarına çıxarılmasına nail olub.
Görüşərkən jurnalist kimi marağımı gizlədə bilməyərək, ilk olaraq soruşdum:
- Əbülfəz müəllim, siz 40 ilə yaxın Sumqayıtın kimya müəssisəllərində çalışmızınız, bir müddət o vaxtkı "Azərikimya" Dövlət Şirkətinin elm və istehsalat üzrə vitse-prezidenti olmusunuz. Yəni ki, Sumqayıt kimyaçıları sizi və siz də onları yaxşı tanıyırsınız. Bəs, görəsən, məhz sizin sayənizdə dünyada ilk dəfə ancaq Sumqayıtda istehsalına nail olunmuş 99,99 faizli mütləq izopropil spirti istehsalının yenidən bərpası ilə bağlı məlumatlarda Sizin adınız niyə çəkilməyib?
- Bilirsiniz, o məlumatla mən də tanışam. Ancaq orda qətiyyən hansısa qərəzli, qeyri-adi bir şey görmürəm. Axı, həmin xəbərlərdə əsas mövzu COVİD-19 kimi bir dəhşətli bəlanın Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə mütləq izopropil spirtinin istehsalının bərpa olunmasından gedir. Onun ilk dəfə nə vaxt, hansı şəraitdə, necə alınması başqa bir söhbətin mövzusudur.
- Niyə də yox? Əlbəttə, olar. Ondan başlayım ki, əvvəllər - 1994-cü ilə qədər "Sintezkauçuk" zavodunda texniki izopropil spirti (TİPS) istehsal edilirdi ki, o da yalnız keçmiş İttifaqin daxili bazarında digər istehsal prosesləri üçün xammal rolunu oynayırdı, onun dunya bazarına çıxışı yox idi. SSRİ dağıldıqdan sonra texniki izopropil spirtinə tələbat olmadığından o dövrdə zavodda yeganə işləyən texniki izopropil istehsalı sexinin dayandirılması, əslində bütün zavodun fəaliyyətinin dayandırılması təhlükəsi yaranmışdı.
Gərgin vəziyyətdən çıxmaq üçün biz ancaq dünya bazarına çıxarıla biləcək məhsul istehsal etməli idik. Və, təbii ki, zavodun baş mühəndisi kimi bu işi başlamaq və uğurla başa çatdırmaq mənim öhdəmə düşürdü. Odur ki, zavodumuzun təcrübəli texnoloqlarından, mühəndis-texniki işçilərindən ibarət işçi qrupu yaradaraq, belə qərara gəldik ki, mövcud texniki izopropil spirti istehsalatına toxunmadan daha yüksək keyfiyyətli mütləqləşdirilmiş izopropil spirti almaq üçün yeni bir texnoloji xətt yaradaq. Əlbəttə, bu, heç də asan məsələ deyildi. Məqsədimizə çatmaq üçün ilk növbədə dünya standartlarına cavab verə bilən texnologiya hazırlamaq lazım idi. Sonra texniki-texnoloji layihəni hazırlayıb, başa çatdırmalı və son olaraq həmin layihə üzrə müvafiq avadanlıq quraşdırılmalı, texnoloji prosesin mənimsənilməsi təmin edilməli idi.
Bir müddət elmi-texniki araşdırma apardıqdan, MİPS-in alınma texnologiyasını və texniki layihələri işləyib-hazırladıqdan sonra quraşdırma işlərinə başlamağı qərara aldıq. Həvəs, bacarıq, entuziazm vardı, ancaq problemimiz də yox deyildi - nə hansısa bir kapital qoyuluşu vardı, nə də müvafiq texnoloji avadanlıq. Ancaq bunları elə əvvəlcədən nəzərə almışdıq. Zavodun mühəndis-texniki işçiləri ilə birgə belə qərara gəlmişdik ki, problemin həlli ücün 1957-cı ildən fəaliyyət göstərmiş, lakin son vaxtlar istismardan çıxarılmış stirol sexinin avadanlıqlarından istifadə edək. İşə yaradıcılıqla yanaşaraq, hər şeyi diqqətlə araşdırıb, götür-qoy edərək, istəyimizə nail olduq. Və ilkin olaraq mütləqləşdirilmiş izopropil spirtinin illik 24.400 tondan artıq istehsalına nail olduq. Təsadüfi deyil ki, keyfiyyət göstəricisi 99,99 % olan Sumqayıt MİPS-inin alıcıları sırasına tədricən Avstriya, Hollandiya, İsveçrə, Türkiyə, İran, hətta ABŞ da qoşuldu. Okeanın o tayına - Amerikaya hər dəfə 1000 ton olmaqla bir-neçə ay Sumqayıt MİPS-i göndərilmişdi. Bu işin iqtisadi tərəfi ilə yanaşı həm də mənəvi tərəfi bizim üçün çox əhəmiyyətli idi. Çünki biz o işi uğurla başa çatdırmaqla respublikamızın neft-kimya elmi və sənayesi sahəsində nələrə qadir olduğunu nümayiş etdirə bilmişdik.
Onu da qeyd edim ki, yeni məhsulun istehsalının təşkilini avadanlığın quraşdırılmasından başlayaraq cəmi altı aya yoluna qoymağa nail olduq. Ancaq MİPS-in keyfiyyətlərini xarakterizə edən 12 göstəricinin bir-bir dünya bazarında təsdiqlənməsi - onun "tanıdılması" üçün 1995-ci ildən 1999-cu ilə qədər uzun bir yol keçməli olduq. Yalnız bundan sonra onun dünya bazarına geniş, kütləvi çıxışına nail ola bildik.
- Əbülfəz müəllim, mənim bildiyimə görə, o dövrdə belə fundamental işə, müəssisənin uğurlu fəaliyyətinin təmininə görə Dövlət mükafatı və ya "Əməkdar mühəndis" adı verilirdi. Siz də belə təltiflərə layiq görüldünüzmü?
- Düzünü deyim ki, o vaxtlar belə şeylər heç yada da düşmürdü. Çünki SSRİ dağılmışdı, müharibə vəziyyətində olan Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Ona görə də hansısa təltif, mükafat barədə düşünmürdük. Mənim ən böyük mükafatım o oldu ki, SSRİ-də ilk dəfə olaraq sənaye üsulu ilə istehsalına nail olduğumuz nitril lateksindən sonra "Sintezkauçuk" zavodunun fəaliyyətini davam etdirməsinə, daha bir yeni qiymətli kimyəvi məhsulun - MİPS-n istehsalı sayəsində minlərlə işçinin borc olaraq aylarla yığılıb-qalmış maaşlarının ödənilməsinə, ailələrinin çətin vəziyyətdən çıxmalarına, onların iş yerlərinin qorunub-saxlanmasına nail olduq. Bu, mənim ən mühüm, ən yüksək mükafatım idi.
***
...Heyf ki, karantindən icazə vaxtımız sona yetdiyindən xalqımızın bu çox maraqlı ziyalısı, Azərbaycanın kimya sənayesinin inkişafında böyük xidmətləri olmuş görkəmli istehsalatçı-alim, professor Əbülfəz Babayevlə daha geniş söhbət edə bilmədik. Sağlıq olsun!..
Qadir SULTANOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Azərboru" ASC-nin sabiq
Mətbuat xidməti rəhbəri.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar