Xəbər lenti
Jalə Əliyeva:"Görüşlərdə bir daha vətəndaş-dövlət birliyinin şahidi olduq"- ŞƏKİL/VİDEO
Aprel ayının 18,19 və 20-si tarixlərində, deputatı olduğum Zərdab rayonuna, Parlament seçkilərdən sonra növbəti dəfə səfər etdim. Koronavirus pandemiyasının başlandığı dövrdən isə bu, ilk səfərim idi. Bölgəyə sonuncu dəfə mart ayının ortalarında, hələ karantin elan edilməmişdən getmişdim. Məlum səbəblərlə son bir ayda hər iki rayonla-həm Zərdabla, həm də Ucarla ancaq telefon vasitəsilə və ya online əlaqə saxlaya bilirdim...
Nəhayət, Milli Məclis deputatlarına karantin şərtlərinin tətbiq edilməməsi haqqında qanun qəbul ediləndən dərhal sonra yola düşdüm... Üç günlük səfərim ərzində köməkçim Firdovsi Eyvazovla birlikdə Zərdab rayon mərkəzində, eləcə də Gəlmə, Alıbəyli, Şəftəhal, Aşağı Seyidlər, Mehdililər, İsaqbağı, Ağabağı, Qaravəlli, Dəliquşçu, Təzəkənd, Alıcanlı, Burunlu, Məlikli kəndlərində, mövcud karantin və sosial izolyasiya (məsafə) şərtləri nəzərə alınaraq, silsilə görüşlər keçirdik. Rayon ərzasində yaşayan imkansız, maddi, sosial yardıma ehtiyacı olan, eləcə də, kimsəsiz, təhna yaşayan şəxslərə, ahıllara, valideynlik himayəsindən məhrum olan uşaqlara baş çəkib, onların ehtiyacları ilə maraqlandıq. Gətirdiyimiz növbəti ərzaq yardımını və tibbi maskaları payladıq. Yeri gəlmişkən, yardım çağırışımıza qoşularaq bu işdə bizə növbəti dəfə yaxından kömək edən, maddi və fiziki dəstəyini əsirgıməyən gənc iş adamı Ramil Mehdiyevə və onun ailə üzvlərinə təşəkkür edirik. Getdiyimiz bütün evlərdə xoş, səmimi bir əhval-ruhiyyə ilə qarşılaşırdıq. İlk müşahidəm o oldu ki, insanlar, hazırki karantin vəziyyətini, yaranan çətinlikləri anlayışla qəbul edir və öz davranışları ilə dövlətə yardımçı olmağa çalışırlar. Görüşlərdə bir daha vətəndaş-dövlət birliyinin, məmnunluğunun, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin sevginin bir daha şahidi olduq. Və hər bir ev yaddaşımda təbii ki, fərqli şəkildə qaldı... Zərdab rayonunun Aşağı Seyidlər kəndində qarşılaşdığım bir səhnəni isə heç vaxt unutmayacağam... Aşağı Seyidlər kəndində getdiyim bir evdə Məsudə nənə ilə Xamis baba tək yaşayırlar. Həyətə girən kimi ətrafdakı səliqə-səhman, təmizlik diqqətimi çəkdi. Bir az irəliləyib sadə evin gül-çiçəkli eyvanına yaxınlaşdıq. Baxdım ki, iki ixtiyar eyvanın ortasında qurulmuş masa arxasında mehriban-mehriban oturub söhbətləşirlər, çay içirlər. Onların əhvalından ətrafa inanılmaz müsbət bir enerji yayılırdı. Bizi görüb ayağa qalxdılar. El adətiylə yaxınlaşıb görüşüb, öpüşmək istədilər... amma, bir anda dayandılar. Məsudə nənə şirin bir dillə, a bala, incimə, dövlətimiz deyib ki, hələlik görüşmək olmaz, qadan alım, dedi. Hamımız gülüşürük. "Gəldim sizə baş çəkim. Maşallah nə gözəl, abad ev-eşiyiniz var! Vəziyyətiniz necədir, bir sözünüz, tapşırığınız varmı?" deyə soruşuram. Bu dəfə Xamis baba, 70 illik ömürgün yoldaşının fikirlərini davam etdirir: "A qızım, bu dövlət yaxşı dövlətdir" deyib arxaya dönür, əliylə divara işarə edir. Bu zaman yaxşı mənada təəccüblənirəm, gözlərim heyrət içində böyüyür... Divarda ölkə prezidenti cənab İlham Əliyevin böyük bir rəsmi asılıb! Hansısa dövlət adamının, siyasətçinin, məmurun, ictimai fəalın yox, bir daha vurğulamaq istəyirəm ki, dünyanın hər yaxşısını, pisini görmüş, hər istisini, soyuğunu dadmış, beləcə ağı qaradan seçməyi yaxşı öyrənmiş iki ixtiyarın evidir bu! Xamis baba davam edir:"Biz prezidentimizdən çox razıyıq. Allah onu saxlasın. Bax, bu gördüyün şəraiti də o yaradıb bizə" deyir. Eşitdiklərim və gördüklərim məni o qədər sevindirir ki, elə riqqətə gətirir ki... bu koronavirus zəhrimarının qadağası olmasa hər ikisini qucaqlayıb, öpəsim gəlir... Sonra üz tuturuq digər ünvanlara. Həmin ünvanlarda da, səmimiyət, gülərüz, mehribanlıq və məmnuniyət... Ayaqüstü həyət və məhəllə görüşlərimiz zamanı hal-əhval tuturuq, vəziyyəti öyrənirik, bütün dünyanı bürüyən virus böhranı günlərində əhalinin sağlamlığının təmin edilməsi, ölkədə koronavirus pandemiyasının yayılmasının və təhlükəli hala çevrilməsinin qarşısının alınması istiqmətində görülən işləri, atılan addımları, qəbul edilən qərarları, Fərman və Sərəncamları sadə kənd insanlarının diqqətinə çatdırırıq... Görüşlərdə bütün bu misilsiz xidmətlərin, ölçüyəgəlməz fəaliyyətin arxasında dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın imzalarının dayandığı dönə-dönə vurğulanırdı. Rayon sakinləri, görülən işlərə görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə təşəkkürlərini bildirirdilər, dövlətin gücünü və iradəsini hər zaman hiss etməyin böyük bir qürur qaynağı olduğunu ifadə edirdilər. Biz isə, xalqın öz dövləti ilə həmrəyliyinə, dövlət başçısını ən böyük himayədarları olaraq gördüklərinə bir daha şahid olaraq, böyük bir sevinc duyğusu ilə Bakıya geri döndük.
Jalə Əliyeva, Millət vəkili,
Ailə, Qadın və Uşaq məsələləri
komitəsinin Sədr müavini, professor
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar