Xəbər lenti
Aqil Abbas: “Koronavirus dünyanın siyasi oyunudur”
Dünyanın nəhəng beynəlxalq idman yarışları koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Bu yay hamının həvəslə gözlədiyi futbol üzrə Avropa Çempionatının gələn il keçirilməsi qərara alınıb.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, Avro-2020 finalının 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcəkdi. Həmin oyunlardan ikisi Türkiyənin qrup oyunları, biri Uels - İsveçrə görüşü, digəri isə 4/1 finalı matçı olacaqdı. Təxirə salınan və 2021-ci ildə keçirilməsi qərara alınan digər böyük yarış isə Tokio Yay Olimpiada Oyunlarıdır. Eyni zamanda, Çempionlar Liqası və Avropa Liqası oyunları yarımçıq qalıb. Ehtimal olunur ki, bu qarşılaşmalar virus təhlükəsi Avropada sovuşandan sonra azarkeşsiz də olsa keçiriləcək və ilə yekun vurulacaq.
Bakıda keçiriləcək Formula 1 yarışı da təxirə salınıb. Lakin tamaşaçısız baş tutması istisna edilmir. Amma insanların ən çox izlədiyi populyar idman yarışı futboldur. Bu il bütün dünya Avropa Çempionatına özünü kökləmişdi, o cümlədən azərbaycanlılar qardaş Türkiyənin Bakıdakı oyunlarına hazırlaşırdı, artıq biletlər də onlayn satışda idi. Koronavirus isə bütün planları alt-üst elədi.
Bəs pandemiya öləziməyə doğru gedərsə, gələn il keçirilməsi nəzərdə tutulan yarışların yenidən bu mövsüm təşkili mümkündürmü?
Futbol fanatı olan və bu sahəni yaxşı bilən deputat Aqil Abbas bildirdi ki, yarışların təxirə salınması qərarı ilə razılaşmır. Onun sözlərinə görə, azarkeşsiz də oyunlar təşkil oluna bilərdi: “11 nəfərlə 11 nəfər üz-üzə mübarizə aparacaqdı, tamaşçısız oynaya bilərdilər. Düzdür, azarkeşsiz oyun mənasız futboldur. Çünki futbolçular formadan düşürlər. İstər Ronaldo, istərsə Mahir olsun, oyunçu formasını itirir. Ona görə mən deyərdim ki, koronavirus ucbatından dünyada futbol məhv oldu”.
A.Abbasın fikrincə, futbolun bərpasına 2-3 il lazımdır: “Oyunçular məşq edəndə bir-birindən aralı dayanırlar. Bu da formanın itməsinə, dünya futbolunda nizamın pozulmasına səbəb olur. Odur ki, futbolun düzəlməsi üçün vaxt lazımdır”.
Deputat hesab edir ki, koronavirus pandemiyası dünyanın siyasi oyunudur: “Mayın axırı qurtaracaq, dünyanın bir siyasi oyunudur, o da oyunlara təsir edib. Adi bir futbolçu zədələnir, üç ay oynaya bilmir. İndi bu da belədir, futbolun özünə gəlməsi çətin məsələdir. Dünya hər şeysiz, həm də futbolsuz qalıb. Ola bilsin ki, iqtisadiyyat, həyat öz axarına düşəcək, amma futbolun düzəlməsi uzun çəkəcək”.
Tanınmış idman yazarı Natiq Muxtarlı isə hesab edir ki, Avro-2020 və olimpiadanın bu yay keçirilməsi məsələsi artıq gündəmə gələ bilməz.
“Çünki praktiki olaraq, bundan sonra bu yarışlara hazırlığı bərpa etmək mümkün deyil. Olimpiadaya vəsiqə qazanmaq üçün idmançılar lisenziya yarışlarında iştirak etməli idilər. Bu turnirlərin hamısı təxirə salındı. Bundan sonrakı dövrdə vaxt azlığından onları keçirmək mümkün deyil”, - deyə N.Muxtarlı qeyd etdi.
Jurnalistin dediyinə görə, pandemiya bəzi ölkələrdə səngiməyə doğru gedirsə, bəzi ölkələrdə pik həddinə yaxınlaşır: “Yəni dünyanın koronavirusdan sonrakı dövr üçün özünə gəlməsinə də xeyli vaxt lazımdır. Avropa çempionatı yayda keçirilsə, böyük ehtimalla, oyunlar boş tribunalar önündə olar. Bu pandemiya iqtisadiyyatın bütün sferalarına təsir edib. Üstəlik, turizm sektorunu tamamilə iflic edib. Bundan əlavə, insanların psixologiyasına da ciddi zərbə dəyib. Təsəvvür etmək olmur ki, iyun ayında koronavirusu ram edən bir ölkənin azarkeşləri iyulda Avropa çempionatının oyunu üçün Bakıya gəlsinlər. Bu zədənin sağalması üçün zamana ehtiyac var. Ona görə də bu yarışların bu il keçirilməyəcəyi birmənalıdır. Pandemiyanın zərəri o qədər böyükdür ki, sonrakı bir il müddətində bu böyük turnirlərə hazırlaşmaq da asan olmayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar