Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ya siz müsəlman deyilsiniz, ya da… - CAVAB

Tarix: 16-12-2016 22:01     Baxış: 4447 A- / A+
Ya siz müsəlman deyilsiniz, ya da…


Azər HƏSRƏT

Bir yazı yazdıq, milli adlarımızın arxa plana keçirilməsilə bağlı həyəcan təbili çaldıq. “Mənə nə ərəbin Məhəmmədindən, Hüseynindən?” deyib sual etdik, sanki yer yerindən oynadı.

Doğrudan da oynadımı? Əslində, oynamadı. Sadəcə bəzi kəsimlər bunu da fürsətə çevirib öz cahil təbliğatlarını apardılar, məni də hər cür günahı işləməkdə suçladılar.

Hazırda oxuduğunuz yazımı yazmaqdaykən adı keçən yazımın olke.az saytında durumuna nəzər saldım. 57 min 5 yüzdən çox oxunma və 3,6 mindən çox bəyənmə sayı, 76 şərh var. Bu, təkcə saytın özündəki rəqəmlərdir. Sosial şəbəkələrdə isə əməlli-başlı ajiotaj var. Yüzlərlə şərh və paylaşımla bu yazım bir neçə gün ərzində ən geniş müzakirə edilən yazılar arasında oldu.

Buna sevindimmi? Sevindim. Çünki bir yazar yazdıqlarının rezonans doğurmasını, gerçəklərin üzə çıxması üçün müzakirəyə səbəb olmasını istər ki, mən də istisna deyiləm.

Yazının mahiyyətinə təkrar qayıtmaq istəmirəm. Çünki oxuyanlar zatən oxuyub, rəy bildirənlər də, dediyim kimi, yüzlərlədir. Təbii ki, mənə bəlli olanları.

Elə bu yazımı da o rəylərdən çıxış edərək qələmə alıram. Bu arada onu da əlavə edim ki, yazılan rəylərin çoxluğu ucbatından çatdırıb onların hamısını oxuya bilməmişəm.

Qeyd etdim, yazımın belə geniş müzakirə edilməsinə sevinirəm. Amma bu müzakirələrdə həm də məni üzən məqamlar yox deyil.

Bir sıra şəxslər mənimlə həmfikirdir, yazıdakı əsas mənanı anlaya biliblər və ona görə də fikir yürüdüblər. Yəni biz müsəlman olmaqla bərabər türk olduğumuz üçün ərəb deyil, türk adlarına üstünlük verməliyik. Təbii ki, bu, bir çağırışdır və biz öz çağırışımızla kimsəni məcbur etmirik, edə də bilmərik.

Başqa bir kəsim isə mənimlə əsla razı deyil, özlərinin arqumentlərini irəli sürür. Ərəb – onların iddiasına görə, məhz islam müqəddəslərinin adlarının uşaqlara verilməsi nəinki pis bir şey deyil, əksinə, uşaqların gələcəyi üçün faydalıdır da.

Olsun. İşim yox bunlarla. Mən elə düşünmürəmsə o demək deyil ki, başqa cür düşünənləri topa tutmalıyam. Əsla. Onlar öz düşündüklərinə inanır, mən də öz düşündüklərimə inanıram.

Daha bir kəsim isə özünə əl qatıb əməlli-başlı məni təhqir etməyə, öz ağıllarınca islam dinini məndən qorumağa meylli olduğunu nümayiş etdirənlərdəndir. Elə problem də bu kəsimlə bağlıdır.

Bunların bir çoxunun sosial şəbəkələrdəki profillərinə baxanda bəlli olur ki, mənə hücumları təsadüfi deyil. Çünki onların çoxu saqqallı, ərəb və fars aşiqliyi, etnik bölücülüyü hər hallarından bəlli olan kəslərdir. Açın profillərini, baxın. Görəcəksiniz ki, ya hansısa fars mollasının, ya da özünü şeyx kimi qələmə verən ərəb lotusunun fikirlərini – “elmi mülahizələrini” tirajlamaqla məşğuldurlar. Hələ mən məlum Nardaran çetesilə bağlı paylaşımları demirəm. Belələrinin mənə hücum etməsi, təhqir atəşinə tutması təsadüf ola bilərmi? Təbii ki, yox. Onların təhqir və insan şəxsiyyətini aşağılayan fikirlərinə cavab vermək istəyindən uzağam.

Bəzi dostlarımız məndən xahiş edirdilər ki, ünvanlanan suallara cavab verim, müzakirələrdə iştirak edim. Amma mən nəzakətli bir şəkildə bundan imtina edərək bildirirdim ki, sonda hamıya cavab kimi bir yazı yazaraq bütün suallara aydınlıq gətirməyə çalışacağam. Dediyim yazı da elə budur. Ona görə də bir-bir ünvanlanan suallara cavab verirəm.

1. İddia edilir ki, mən ərəb adı dediyim Məhəmməd, Ömər, Hüseyn kimi adlardan imtinaya çağırmaqla islama xəyanət edirəm. Hətta məni yəhudi və buddist hesab edənlər də var. Məsələnin əsli necədir? Sadəcə mən bir türkəm və istərdim ki, uşaqlarımıza türk adları verilsin. İslama xəyanətdən isə söhbət gedə bilməz. Çünki mənim islam dini qarşısında hər hansı öhdəliyim yoxdur ki, ona xəyanət də edəm. Hə, sual edilə bilər ki, islama münasibətim necədir? Çox sadə cavabım var: müsəlmanam, hər cür cəhalətə qarşıyam və uşaqbaz fars mollalarını, lotu ərəb şeyxlərini mənim millətimə alim, din fədaisi kimi sırıyanlara qarşıyam.

2. Millətlə ümməti eyni tutanlar var. Onlar iddia edir ki, ümmət elə millətdir. Təbii ki, belə deyil. Ümməti birləşdirən dəyər dindirsə, milləti birləşdirən dəyər milli kimlikdir. Yəni bir ərəblə bir türk eyni millət deyil. Amma müsəlman ərəblə müsəlman türk eyni ümmətdir.

3. Məhəmməd və bənzəri adların uşaqlara verilməsinin çox faydalı olduğunu iddia edənlər var. Bir adın bir uşağa nə faydası ola bilər axı? Düzdür, adların insan taleyində müəyyən rolu haqqında nəzəriyyələrdən xəbərim var. Amma bunu elə də ciddiyə almıram. Çünki insan taleyini, islam dininin öyrətdiyi kimi, Tanrı müəyyən edirsə, adların elə də bir rolu olmasın gərək.

4. “Uşağımıza Məhəmməd, Əli, Ömər adı qoymayaq, bəs nə adı qoyaq: Artur, Traktor, Kombayn və s.”, deyə sual edənlər də var. Bunlar əlbəttə ki, mənim yazımın məğzini anladıqları halda özlərini anlamazlığa qoyaraq ictimai rəyi azdırmaq istəyənlərdir. Təbii ki, mən türk adlarının təəssübünü çəkirəmsə və bunu da yazımda qırmızı xətlə vurğulayıramsa, uşaqlarınıza Əlinin, Məhəmmədin yerinə Artur, Traktor kimi adlar qoymağı təklif etmədiyimi anlamaq çətin olmasın gərək.

5. Daha bir iddia mənim adımla, eyni zamanda mənim mövqeyimi dəstəkləyən, lakin adları türkcə olmayan şəxslərin adlarıyla bağlıdır. Çağırış edir, bizə irad tuturlar ki, bəs, sizin adlarınız guya türkcədir? Dəxli varmı? Təbii ki, yox. Çünki mən o yazımda mövcud adları dəyişməyə çağırış etmirəm. Anlayıram ki, bu mümkün deyil. Sadəcə yeni doğulan uşaqlarımıza ad seçərkən diqqətli olaq. Amma o adamlar bunu da anladıqları halda arabanı üzü yoxuşa sürərək məni guya öz ağıllarınca topa tuturlar.

6. Türk kimliyimizə dil uzadanlar da var. Özü də bunlar əsasən türk olmayanlardır. İddia edirlər ki, biz türk deyilik. Sizin türk olub-olmamağınızın mənə nə dəxli var axı? Məgər mən yazımda sizin adınızı çəkərək türk olduğunuzu iddia etmişəm? Mən özümdən və öz millətimdən – türk millətindən söz edirəm. Mənim dərdim siz deyilsiniz ki. Ümumiyyətlə isə, mənim türk olmayanlarla bağlı heç bir iddiam da yoxdur. Bu ad məsələsində yalnız özünün türklüyünü dərk edənlərə üz tutmuşam və bundan türk olmayanların niyə rahatsız olduğunu, özlərinin türk olmadıqlarını gözümün içinə bağırmalarını anlaya bilmirəm. Mənim millətimin probleminin sizə, ümumiyyətlə, nə dəxli var?

7. Bir qrup da iddia edir ki, biz türk yox, azərbaycanlıyıq. Azərbaycanlı olmağımız doğrudur, amma kimin türk, kimin qeyri-türk olduğunu hər kəs özü daha yaxşı bilər, deyilmi? Azərbaycanlı məsələsinə gəlincə, biz hamımız bu ölkənin vətəndaşı olaraq azərbaycanlıyıq. Özü də burada kimsə kimsədən nə üstün, nə də aşağı deyil. Bərabərik, iç-içəyik və kimsənin də bizi bölməsinə izn vermərik. Amma və lakin elə məsələlər var ki, o məsələlərdə bir-birimizin işinə qarışmağa haqqımız yoxdur. Örnək üçün, bir talış qalxıb talış kimliyilə bağlı müzakirə açar, mənim türk kimliyimə və dövlətim Azərbaycanın mənafelərinə toxunmadan fikirlər səsləndirərsə, ona sayğılı və dözümlü yanaşaram. Eləcə də bir ləzginin, bir avarın, bir kürdün, bir tatın, bir rusun və başqasının öz milli-etnik kimliyilə bağlı açacağı müzakirələrdə.

Haşiyə: 1926-cı ildə Bakıda keçirilmiş 1-ci Türkoloji Qurultayda rus alimləri də iştirak edirmiş. Türk xalqlarının latın əlifbasına keçidi səsə qoyulanda bunlar məsələyə qarışmır. Səsvermədən sonra bunlardan soruşanda ki, niyə kənarda qaldınız, cavab verirlər ki, bu məsələ türklərin işidir və biz də türk olmadığımız üçün qarışmağa haqqımız yoxdur.

8. İslam dininə aid olan saytların birində mənə cavab kimi müəllifi bəlli olmayan bir yazı verilib. Yazımda Üzeyir Hacıbəylidən gətirdiyim sitatı nəzərdə tutaraq məchul müəllif çağırış edir ki, “yüz il əvvəldə ilişib qalmağına dəyməz, müasirləşin bir az”. Mən, Üzeyir bəyin yüz il öncə qələmə aldığı problemi dilə gətirməklə, ola bilsin o dövrdə ilişib qalıram. Məndən asılı olmayan səbəbdən əlbəttə. Amma sizin təmsil etdiyiniz kəsimin min dörd yüz il öncəyə ilişib qalmağını, hələ də baş yarıb qan tökməyini hara yazaq bəs?

9. Bir kəsim də iddia edir ki, ümumiyyətlə türk dili ərəb və fars dillərinin hesabına ayaqdadır. O dillərdən alınma sözləri çıxarsaq, türkcəmiz kasad olar. Hətta ərəb adlarından imtina etsək türkcədə uşaqlarımıza qoymağa ad tapmarıq. Bax, bunu heç cür qəbul edə bilmərəm. Təbiidir, dilimiz ərəb və fars sözlərilə zəngindir. Yüzillər boyu ərəb və fars kültürünün işğalı altında olmağımız buna səbəb də olmalıydı. Amma bu heç də o demək deyil ki, türk dili ad və söz baxımından kasaddır. Sadəcə türk olanların öz dilinə, milli kimliyinə bir balaca həssas olması yetər ki, çətinliklə üzləşməsin.

10. Məhəmməd peyğəmbərin, imamların türk olduğunu iddia edənlərə də rast gəldik. Geniş müzakirə açmadan demək istərdim ki, bu şəxslərin türklüklə əsla əlaqəsi yoxdur.

Sonda ayrıca vurğulamaq istədiyim bir məsələ var. Təhqir yazanların əksəriyyəti özünü islam təəssübkeşi kimi təqdim edənlərdir. Onların bəzilərini araşdırdım. Qarşıma çıxan səhnə acınacaqlıdır. Çünki birmənalı olaraq savadsız və cahillərdən ibarətdir bunlar. İslam və onun qoruyucuları budursa, üzr istəyirəm, mənim islamla işim olmaz. Bu adamların küçə səviyyəsində, savadsız, təhqir dolu, rabitəsiz cümlələrlə yazdıqlarını oxuyan istənilən şəxs deyər ki, əgər müsəlmanlar belələrindən ibarətdirsə, vay o dinin halına.

Bu adamlara üz tutub demək istərdim: əgər siz doğrudan da islamın qayğısına qalanlarsınızsa, bu küçə təfəkküründən əl çəkin, tərbiyə və əxlaq çərçivəsində, nəzakətli bir dildə özünüzü ifadə edin. Belə etməyəcəyiniz təqdirdə, əmin olun ki, insanlar sizinlə eyni dini paylaşmaqdan çəkinəcəklər. Doğrudan da əsl islam, müsəlman sizin kimilərdirsə, mən o dində yoxam. Mən başqalarına dözümlü yanaşan, yanlışı olsa belə insanlara münasibətdə əxlaq həddini aşmayanlarla eyni dinin daşıyıcısı olmaq istərdim. Sizsə belələri deyilsiniz. Ya siz müsəlman deyilsiniz, ya da islam doğrudan da budur…

Acı bir gerçək: Milliyyətçi kəsimdə hər kəsin tanıdığı biri var. Oğullarının adını Məhəmmədəmin və Elçibəy qoymuşdu. Adam çox çətin şəraitdə yaşayırdı (indi də elədir). Günlərin bir günü Rey Kərimoğluyla “Elmlər Akademiyası” metrosunda bu adama rast gəldik. Xoş-beşdən sonra Rey soruşdu ki, uşaqların necədir? Cavab verdi ki, Məhəmmədəmin tum satır, Elçibəy isə dondurma. Açığı, bilmədik gülək, ya ağlayaq. Adamın o böyük şəxsiyyətlərin adını verdiyi uşaqları küçədə tum, dondurma satırdı. Halbuki bizim üçün Məhəmmədəmin adı Azərbaycan Xalq Cümhuriyyətini quran bir şəxslə, Elçibəy adı isə Milli Azadlıq Hərəkatıyla assosiasiya olunur. Tutulub qaldıq, bir söz demədik. Yəni hər iki ad Azərbaycan dövlətçiliyi tarixində möhtəşəm səslənsə də, o adları daşıyan uşaqlar ya zəlzələdən, ya vəlvələdən küçə ticarətilə məşğul idi. Bir neçə il sonra isə həmin o tum satan Məhəmmədəminin intihar xəbəri medianın gündəminə oturmuşdu. Bunu da uşaqlarına Məhəmməd, Hüseyn kimi adları verməklə onların ömrünə işıq tutmaq istəyənlər üçün əlavə etdim…

(Ölkə.Az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar