Xəbər lenti
“Təcili seçəcəyimiz iki yol var…” - Millət vəkilindən TƏKLİFLƏR
Milli Məclisin üzvü Fazil Mustafa, "facebook" hesabında bir neçə təklif qeyd edib.
Manevr.az həmin paylaşımı sizə təqdim edir.
“Space” telekanalında çox maraqlı veriliş var: "İki dost". İki telejurnalist ayrı-ayrılıqda insanlara yaxınlaşıb bəsit çaşdırıcı sual verirlər: "Azərbaycana Böyük Britaniya yaxındır, yoxsa İngiltərə?", "Azərbaycana Kitay yaxındır, yoxsa Çin?", "Azərbaycana yoxuş çoxdur, yoxsa eniş?", "Bakıya Şabran yaxındır, yoxsa Dəvəçi?".
Mütləq əksəriyyət cavablaya bilmir. Kimsə də demir ki, bilmirəm, dərhal müdrik görkəm alıb deyir ki, Çin, yaxud İngiltərə yaxındır. Hamısının əlində müasir telefon var, geyimləri müasir, fəqət qızlı-oğlanlı, qadınlı- kişili kütləvi savadsızlığın, nadanlığın son nöqtəsində durmuşlar!
Bunlar coğrafiya dərsində xəritəyə göz atmayıblar, kitab üzü açmayıblar, ancaq hamısı meyxanaları, prikolları, əyləncə mahnılarını əzbər bilirlər, türk dönərinin tamını “Makdonals”ın “hot-doq”undan ayırd edə bilirlər, maşınların markalarını və nömrə təsnifatlarını əzbər bilirlər, ancaq bəsit sualları cavablandıracaq qədər dünyagörüşü əldə etməyiblər. Hələ sadəlövhcəsinə gözləyirsiniz ki, informatika yarışında hansısa nəticə əldə edək? Özümüzü yalandan ovundurmayaq, təhsildə geriyik - Rusiyadan da, Türkiyədən də, İrandan da, Gürcüstandan da, Ukraynadan da...
Qonşu Gürcüstanın, İranın Bakıdakı informatika çempionatında medallarına baxın və anlayın ki, yaxın qonşularımızdan da çox-çox geridəyik. İki yolumuz var, həm də təcili seçəcəyimiz iki yol.
Birincisi, bütün qız uşaqlarının istər dövlət, istər özəl müəssisələrdə təhsil almasını məcburi şəkildə təmin etmək. Qızlar üçün əsas etibariylə bütün təhsil müəssisələrində imtiyazlar tanımaq və mümkün qədər ödənişsiz təhsil imkanı yaratmaq. Bu məmləkətdə ən böyük problem anaların savadsızlığı problemidir, bu da uşaqların bəri-başdan evdə doğru istiqamətə yönləndirilməsinə təsir edən əsas amildir.
İkincisi, peşə təhsilinin stimullaşdırmaq, burada məktəblilərin həm ümumi bilik, həm də peşə qazanmasını təmin edən kadr və infrastruktur bazasını yerləşdirmək;
Üçüncüsü, bütün məktəblərdən, bunun qohumu, onun yaxını prinsipi ilə müdir, direktor təyinatından imtina edərək daha hazırlıqlı, bilikli və vicdanlı insanları rəhbərliyə gətirərək, təhsil və təlim prosesini sağlamlaşdırmaq;
Dördüncüsü isə, müəllimin üzərindən basqıları götürmək, şagirdin qarşısında müəllimi qorxaq duruma salmaqdan uzaqlaşmaq, imkan yaratmaq ki, kiminə yumşaq, kiminə də xarakterinə görə sərt üslubda tələbkarlıq göstərərk onları oxumağa məcbur etsinlər. Burada söhbət qətiyyən fiziki güc tətbiqindən getmir, ancaq elə aura yaranıb ki, müəllim şikayət edərlər deyə, qorxusundan şagirdin bütün davranışlarına biganə qalmağa məhkum olub;
Beşincisi isə, müəllimə büdcəmizin imkan verdiyi həddə ən yüksək maaş verilməsini təmin etməliyik ki, savadlı insanlar bu peşəyə axın etsinlər.
"Space" kanalının rəhbərliyinə bu verilişə görə təşəkkür edirəm, kütləvi savadsızlıq faciəmizi çılpaq şəkildə göz önünə gətirdi, bu məsələyə duyarsız qalmamız daha acı nəticələrə yol aça bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar