Xəbər lenti
Azərbaycan kommunistləri Kastronun ölümündən üzülüb
Rauf Qurbanov: “Fidel Kastronun vəfatı dünya sol hərəkatı üçün böyük itkidir”
Kuba inqilabının lideri Fidel Kastronun vəfatı dünya gündəminin son günlərdəki əsas mövzularından biri oldu. Dekabrın 4-də dəfn olunacaq 90 yaşlı inqilabçının ölümünü dünya kommunizminə ciddi zərbə kimi qəbul edirlər.
Heç şübhəsiz ki, 47 il Kubaya rəhbərlik etmiş bu şəxs adını dünya tarixinə yazıb və kommunistlərin öndə gedən liderlərindən sayılırdı. Bütün bunları nəzərə alaraq, onun ölümünün kommunizmə ciddi zərbə olduğunu deyənləri anlamaq çətin deyil. Bir növ Fidel Kastro bu ideyaların dünyada yaşaması və adından söz etdirməsi üçün əsas dayaqlardan biri idi. Kubada hakimiyyətdə də hazırda kommunistlərin olması bunu deməyə əsas verir. Özünün dili ilə desək, hakimiyyəti dövründə 600 dəfə Kastronu devirməyə cəhdlər olub, lakin heç biri həyata keçməyib. Bəlkə də bu cəhdlərin biri alınsaydı, Kuba hazırda kommunistlər ölkəsi olmazdı. Bu baxımdan, mərhum dövlət başçısı kommunizmin ən önəmli simalarından sayılır.
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Kastronun ölümü ilə bağlı başsağlığı verdiklərini söylədi: “Məlumat üçün bildirmək istəyirəm ki, noyabrın 27-də Kuba inqilabının liderinin ölümü ilə əlaqədar olaraq partiyamız, şəxsən öz adımdan Kubanın Azərbaycandakı səfirliyinə başsağlığı ünvanlamışıq. Bundan əlavə, Fidel Kastronun ölümü ilə bağlı Kubanın Xarici İşlər Nazirliyi iki dəfə məni Kubaya dəvət edib. Onların elektron poçtları məndə var. Eyni zamanda Fidel Kastronun ölümü ilə əlaqədar Kubanın dövlət başçısına və Xarici İşlər Nazirliyinə başsağlığı göndərmişəm. Fidel Kastronun dünyasını dəyişməsini Azərbaycanda və dünyada kommunist, sol hərəkatına hansısa bir faciə kimi qəbul etmək düzgün olmazdı.
Doğrudur, Fidel Kastro sol hərəkatının dünyada tanınmış Stalin, Lenin kimi şəxsiyyətlərinin yolunu davam etdirən lider kimi tanınmışdı. Onların qoyub getdikləri yol gələcək nəsillər üçün qalır. Onlar, sadəcə qismən dünyalarını dəyişirlər, amma ruhları daim insanların qəlbindədir. Onların yazdıqları, apardıqları mübarizə, verdikləri məsləhətlər hər zaman insanların qulaqlarındadır. Bildiyiniz kimi, bu gün gənclərin ən çox geyindikləri köynəklərin üzərində Çe Gevaranın şəkilləri var. O, uzun illərdir dünyasını dəyişib, amma ideyaları hələ də yaşayır. Faşizmə qarşı mübarizə yenə də yaşayır, nəsillərdən nəsillərə keçərək”.
Partiya sədri Kastronun ölümünün böyük itki olduğunu da qeyd etdi: “Fidel Kastronun vəfatı dünya sol hərəkatı üçün böyük itkidir. Vaxtında Stalin, Lenin kimi şəxsiyyətlərin ölümü necə kommunizmə zərbə idisə, bu da onlardan biridir. Amma Kastronun başladığı mübarizə bütün dünya üzrə davam edir, bundan sonra da davam edəcək. Əksinə, bundan sonra bu ideyalar daha da güclənəcək. Bütün kommunistlər adından sol ideyalı şəxslərin hamısına başsağlığı verir, Fidel Kastroya rəhmət diləyirəm. Bu insanlar simvoldurlar. Tarixə adlarını qızıl hərflərlə yazmış tarixi şəxsiyyətlərdirlər. Belə insanlar həyatda nadir hallarda dünyaya gəlirlər. Rauf Qurbanov və digərləri də bu dünyada yaşayır, dünyamızı da dəyişəcəyik, amma düşünmürəm ki, 40-50 ildən sonra kiminsə yaddaşında yaşayaq. Bu insanlar əsrlər keçəcək, tarix dəyişdikcə yenə də qəlblərdə yaşayacaqlar. Bu liderlərin ölümü sol hərəkatına zərbə deyil, itki olacaq, zamanı gələndə bunları hər kəs görəcək. Amma ideyalarımız davam edir”.(musavat.com)
Cavanşir ABBASLI
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar