Xəbər lenti
Bakının brend mağazaları təşviş içində – “Müğənni zəng vurub deyir ki, biabır olmuşam…” – ŞƏKİLLƏR
Xəbər verildiyi kimi bu günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda “brend mallar” mağazası kimi məşhurlaşmış “Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup əməkdaşı saxlanılıb. Bəlli olub ki, Çindən gətirilən mallara gizli sexlərdə “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Christian Dior” kimi tanınmış firmaların saxta etiketi vurulandan sonra mağazalarda dəyərindən dəfələrlə baha qiymətə satılırmış. Habelə bu mafiozlar özləri Bakıda gizli sexlər açaraq geyimlər istehsal edib, onların üzərinə məşhur brendlərin etiketlərini vuraraq maya dəyərindən on dəfələrlə baha satıb.
Qeyd edək ki, yerli telekanallarda hər gün reklam edilən mağazalar şəbəkəsinin müştəriləri arasında şou-biznes əhli də var. Belələləri hər gün “efirlərdə”, müxtəlif iyrənc şou proqramlarda “Lady Sharm” mağazalarından aldıqları “bahalı” geyimləri ilə öyünürdülər.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, uzun illərdir müştəriləri aldadan mağazalar şəbəkəsi “Bandotdel”in keçirdiyi əməliyyata baxmayaraq hələ də fəaliyyətdədir, sex malları müsadirə edilsə də, tanınmış brendlərin reklamları vitrinlərdən yığışdırılmayıb.
“Gucci” çantası 100 manata?
…Metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Lady Sharm” mağazasında bütün mallara hazırda 50 faiz endirim təklif edilir. Satıcılar deyirlər ki, “Chanel”, yaxud “Christian Dior” firmasından olmasa da, geyimlər İtaliya və Türkiyədən gətirilib. “Sexlərdə etiketi dəyişdirilmiş mallar artıq yığışdırılıb”, – mağazanın özünü təqdim etməyən satıcısı bizi müştəri zənn edib məlumat verir.
Ayaqqabı və çanta bölməsində məşhur brendlərin reklamları sökülməyib, satıcı bununla bağlı sualımıza bir qədər sərt cavab verir: “Guya bilmirdiz ki, 100 manata “Gucci” çantası olmaz? Yaxud 50 manata təmiz dəri ayaqqabı almaq istəyirdiz? Nə fərqi var, əsas keyfiyyəti yaxşı olsun”.
Alıcılardan biri yun köynəyi noyabrda 157 manata aldığını, indi isə 35 manata endirilmə səbəbini soruşur. Satıcı deyir ki, payız-qış mövsümünün mallarına endirim var, yeni mallar gətirilməlidir.
“Siz bizim mağazalardan mal almısız”,- satıcı müştərini sakitləşdirmək üçün bizdən kömək gözləyir. Cavab veririk ki, bu mağazada brend mallar satıldığına əmin olmamışıq.
“Müğənni zəng vurub deyir ki, biabır olmuşam…”
Satıcılardan biri səs-küylü xəbərlərdən şikayətlənir. Deyir ki, dünən mağazanın müştərisi olduğu müğənnilərdən biri zəng vurub biabır olduğunu deyib. “Baxırsan, yalnız brend firmaların adını eşidiblər, amma biabrıçılıqdan danışırlar. Malın keyfiyyətinə fikir verin, brend olub-olmadığını neyləyirsiz”, -satıcı deyinir.
Deyirlər ki, rəhbərliyin hansısa əməlinə görə satıcıları qınamaq, onlara əsəbləşmək doğru deyil. “Gedin, digər mağazalara da baş çəkin, hamı belə işləyir, etiket dəyişdirilib satılır, çünki Türkiyədən, İtaliyadan, Fransadan gətirilmiş tullantını Çinin fabrik mallarından üstün tuturlar”, -satıcı əlavə edir.
47 manatlıq ayaqqabı 10 manata?
Biz də satıcının tövsiyəsinə əməl edib digər mağazalara da baş çəkirik. “Neftçilər” metrosunun yaxınlığındakı bütün mağazalarda 50-70 faiz endirim elanları yapışdırılıb, hiss olunur ki, “Lady Sharm”dakı yoxlamalar təşvişə səbəb olub, hətta yeni yaz geyimləri belə aşağı qiymətə təklif edilir.
Uşaq geyim mağzasında ötən ay 47 manata satılmış ayaqqabılar 10 manatadır. Satıcı Çindən də mal aldıqlarını gizlətmir, deyir ki, ən yaxşısı düzünü deməkdir.
“LC Waikiki” mağazalar şəbəkəsinin isə həm metronun “Neftçilər”, həm də “28 May” stansiyasının yaxınlığındakı mağazalarına baş çəkirik. Mağazalarda malların ekoloji təmiz parçalardan hazırlandığı, gigiyenik sertifikatı olduğuna dair dayanmadan elanlar səsləndirilir. Amma satıcılar gigiyenik sertifikata baxmaq üçün baş ofislə əlaqə saxlamağımızı məsləhət görürlər. Halbuki gigiyenik sertifikat mağazanın özündə olmalıdır ki, müştəri istədiyi zaman sənədlə tanış ola bilsin.
“Firmanın internetdə səhifəsi var, girib baxa bilərsiz, Türkiyədəki mağzalarda da eyni mallar satılır”, -satıcılar əlavə məlumat vermək istəmirlər.
“Əsl brend mal istəyirsəndə get “Memi” mağazalarına…”
Alıcılardan biri isə marağımızı görüb deyir ki, brend mal axtarırıqsa “Memi” mağzalarına baş çəkək. Geyinilmiş olsa da, təmiz firma malları yalnız orada satılır.
Azad İstehlakçılar Birliyininsədri Eyyub Hüseynov deyir ki, artıq uzun illərdir ki, saxta mallarla, o cümlədən “Lady Sharm” mağazasından alınan mallarla bağlı rəhbərlik etdiyi təşkilata xeyli sayda şikayət daxil olub.
“Saxta mallar brend adı altında satılır. Mallar geri qaytarılmır, müştərilərə kassa çeki verilmir. Sahibkarlar üçün yaradılmış azad bazar şəraitindən sui-istifadə olunur. Bizə dəfələrlə bununla bağlı şikayətlər olunub, aidiyati orqanlara rəsmi müraciət etmişik, amma təəssüf ki, bu problemi həll etməyiblər”, -təşkilat rəhbəri deyib.
Ekspert əlavə edib ki, Azərbaycanın əmtəə bazarındakı malların böyük hissəsi burada istehsal olunur: “Çindən və digər ölkələrdən mallar gətirilir, etiket varsa qoparılır, istədikləri etiketi yapışdırırlar. Ölkədə yerli etiket bazarı var, bunlar bahalı printerlərdə çap olunur. Azərbaycanın əmtəə bazarındakı malların böyük hissəsi burada tikilir. Məsələn, ayaqqabıların 70, kostyumların 25 faizi buradakı sexlərin məhsuludur. İstehlakçı isə məlumatı etiketdən alır, onun başqa imkanı yoxdur. Əslində isə, aldığı məhsulun ilkin qiyməti və digər sənədləri də soruşmaq hüququ var. Azərbaycanda satılan əmtəə mallarının 80 fazinin müvafiq sənədləri, məsələn ilkin qiymət sənədi yoxdur”.
Qeyd edək ki, dünən yerli mətbuatda “Femina” xəz-dəri mağazasında da yoxlamalara başlandığı haqda məlumatlar yayılıb, amma mağaza rəhbərliyi məsələ ilə bağlı açıqlama verməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar