Xəbər lenti
“Cahangir Hacıyevin siyasi məhbus kimi tanınması mümkün deyil” - hüquq müdafiəçisi
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və daha 21 nəfər şəxsin cinayət işi icraata götürülüb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bu arada məlumatlar yayılıb ki, Cahangir Hacıyevin siyasi məhbus siyahısına daxil edilməsi və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınması üçün bəzi hüquq müdafiəçiləri və siyasətçilər iş aparırlar.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, kimlərsə Cahangir Hacıyevi siyasi məhbus kimi tanıtmaq istəyə bilər. Lakin bu, heç də o demək deyil ki, həmin istək reallaşacaq. Müsahibimiz dedi ki, Cahangir Hacıyevin həbsində siyasi motiv yoxdur: “Axı Cahangir Hacıyevi hansısa siyasi fəaliyyətinə görə həbs etməyiblər. O, siyasətlə məşğul deyildi. Onun indiyə qədər keçirilən məhkəmə prosesləri də mən bilən hüquqlarının pozulmadığı şəkildə keçib. Odur ki, Cahangir Hacıyevin siyasi məhbuslar siyahısına daxil edilməsi üçün əsaslar yoxdur. Onun nəyə görə həbs olunduğu həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara məlumdur. Məni də bir vətəndaş kimi ona qarşı əsəbləşdirən odur ki, Cahangir Hacıyev çox böyük miqdarda dövlət vəsaitini Azərbaycandan çıxarıb. Ölkənin çox böyük miqdarda pulu faktiki olaraq ölkənin əlindən çıxıb. Yəni kimlərsə istəsələr də, hansısa siyahıya yazsalar da onu siyasi məhbus hesab etmək qeyri-mümkündür. Sabiq bank sədri konkret cinayətə görə tutulub. O, siyasi motivlərlə həbs olunmayıb. Amma onu da deyim ki, təkcə hansısa hüquq müdafiəçiləri və ya siyasətçilər yox, həm də hakimiyyətdə olan hansısa güclərdən biri istəsə ki, Cahangir Hacıyev siyasi məhbus olsun, buna nail ola bilərlər. Ola bilər ki, bu, hansısa qrupun marağında olsun. Bununla belə, bunun beynəlxalq təşkilatlar tərəfindən qəbulu qeyri-mümkündür. Çünki Bakıdan göndərilən hər bir siyahıda adı olan hər kəs haqda araşdırma aparılır. Sonra qərar verilir. Cahangir Hacıyevin siyasi məhbus kimi tanınması mümkün deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar