Xəbər lenti
Deputatdan 30 min istəyən başçı haqda yeni məlumatlar
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov neçə gündür mətbuatın gündəmindən düşmür. Onun adı deputatdan 30 min manat rüşvət istəməkdə hallandırılır.
Milli Məclisin üzvü Adil Əliyev "Yeni Müsavat”ın canlı yayınında çıxış edərkən bildirmişdi ki, Bakı rayonlarından birinin icra başçısı vətəndaşdan bir qapı açmaq üçün 30 min manat rüşvət tələb edib. Həmin rüşvət verilmədikdə, qapı açmağa icazə verməyib. Vətəndaşın bu xahişini isə başçıya deputat şəxsən çatdırıbmış.
Adil Əliyev bildirib ki, əgər bir icra başçısı millət vəkilinin sözünü eşitmirsə, üstəlik, onun xahişinə, müraciətinə rəğmən rüşvət tələb edirsə, görün onda sıravi vətəndaşlarla necə davranılır. Deputat ad çəkməsə də mətbuatın araşdırması zamanı bəlli olub ki, sözü gedən icra başçı Asif Əsgərovdur.
Manevr.az xəbər verir ki, "Yeni Müsavat” bu günlərdə məsələ ilə bağlı yeni bilgilər əldə edib. Mənbənin redaksiyaya bildirdiyinə görə, həqiqətən də Adil Əliyev seçicilərindən birinin Nəsimi rayon ərazisindəki evinə əlavə qapı açılması üçün icra hakimiyyətinə müraciət edib. Mənbə bildirir ki, başçı deputatdan bu iş üçün 50 min manat "şirinlik” istəyib. Sonra isə "sənin xətrinə, bu işi 30 minə həll edərəm” deyib. Deputat isə onun bu cavabından xeyli təəccüblənib və başçı ilə arasında kəskin mübahisə yaranıb. İş o həddə çatıb ki, deputatla başçı arasında az qalsın, əlbəyaxa dava düşəcəkmiş. Onların ortaq dostlarından biri araya girib, münaqişəni yatırda bilib.
Adı bu cür qalmaqalda hallanan icra başçısı isə hələ də bu haqda mətbuata açıqlama verməyib. Asif Əsgərov indiyədək bu iddiaları, ittihamları nə təsdiq edib, nə təkzib.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti başçısı ilə danışmaq üçün dəfələrlə cəhd edilib, lakin qarşı tərəfin kontaktdan yayınması ucbatından bu mümkün olmayıb.
Asif Əsgərovun 1-ci müavini Qurban İsmayılov
Bu günlərdə saytın əməkdaşı Asif Əsgərovun 1-ci müavini Qurban İsmayılovla danışıb, məsələyə münasibət öyrənmək istəyib. Q.İsmayılov əməkdaşa kobud danışaraq, telefonu onun üzünə qapadıb.
Fürsətdən istifadə edib, Qurban müəllimin diqqətinə bəzi məqamları çatdırmaq istəyirik. Əvvəla, vəzifəli şəxs qanunun tələblərinə görə jurnalistin suallarına cavab verməyə borcludur. İkincisi, vəzifəli şəxs özünü tutduğu posta uyğun aparmalıdır. Ən pis halda, ona verilən sualı axıra kimi dinlədikdən sonra cavab verib-verməyəcəyini qərarlaşdırmalıdır. Ona müraciət edən mətbuat orqanının nümayəndəsindən cavab üçün vaxt istəməlidir. Jurnalistin sözünü yarımçıq qoyub, telefonu qapatmaq yolverilməzdir. Üçüncüsü, icra hakimiyyəti başçısı, onun müavinləri yerlərdə prezidenti təmsil edirlər. Onları prezident o vəzifəyə ona görə təyin edir ki, xalqla işləsinlər, narazılıq olanda həll etsinlər, problemləri yoluna qoysunlar. Onların vəzifələrinin siyahısına mətbuatla normal əməkdaşlıq da daxildir. Qurban İsmayılov isə sadalanan halların hamısını kobud şəkildə pozur.
Ölkə prezidenti dəfələrlə məmurlara təvazökar olmaları ilə bağlı tövsiyələr verib. Prezident hər fürsətdə məmurlara deyir ki, xalqla normal rəftar edin, insanları incitməyin, xalqın xidmətçisi olun. Ölkə başçısının məmurlara əsas tövsiyələrindən biri də mətbuatla, jurnalistlərlə normal şəkildə əməkdaşlıq etmələri haqda olur. Prezidentin bu tövsiyələrinə əməl edən məmurlar da var, Qurban İsmayılovun timsalında bu tövsiyələri qulaqardı edənlər də.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar