Xəbər lenti
İnsanı ölümə aparan BÖYÜK TƏHLÜKƏ: hər gün ondan istifadə edirik, amma... - ARAŞDIRMA
İndoneziyanın Vakatobi Milli Parkı ərazisində bu günlərdə sahilə çıxan 9.5 metrlik balinanın qarnından 6 kiloqram zibil tapılıb.
Tailand sularında ölən balinanın qarnından 8 kiloqram (80 ədəd plastik paket) plastik zibil aşkarlanıb.Səbəb?
Çünki hər il 13 milyon ton plastik tullantı dənizlərə və okeanlara boşaldılır. Təqribi hesablamalara görə, dənizlərə hər saniyə bir zibil maşınının daşıyacağı qədər zibil atılır.
Niyə?
Çünki dünya əhalisi hər gün 9.6 min ton, ildə təxminən 5 trilyon plastik tullantı istehsal edir. Bu rəqəmdən belə təxmin etmək olar ki, dünyada istehsal edilən plastik tullantılar istehsal olunan bütün tullantıların 10 faizə qədərini təşkil edir.
Bəs Azərbaycan?
Azərbaycan da dünyaya sürətlə artan plastik tullantılara "tövhə"sini verməkdədir. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış təhlilə görə, adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir. Azərbaycanda Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idxalı isə 5 dəfəyə qədər artıb.
Nə üçün?..
Birləşmiş Millətlər Təşkilatının hesabatında plastik tullantılar idarə olunmasa (təkrar emala göndərilməsə), çay və dənizlərin təbii yolla həll olunmayan zibillə dolacağı ilə bağlı xəbərdarlıq edilir.
Çünki sadəcə, bir plastik qabın təbiətdə əriyərək "yox olması" üçün 450-500 il vaxt lazımdır.
Bu gün Çinin Tyanjin şəhərinin havası və torpağında metalın konsentrasiyası mümkün normanı dəfələrlə ötür. Məsələn, şəhərin yaxınlığında əkilən buğdada qurğuşunun miqdarı Çin standartları ilə icazə verilən normadan 24 dəfə çoxdur.
Dünyada ən böyük metallurgiya komplekslərdən birinin yerləşdiyi Norilsk Rusiyanın ən çirkli şəhərlərindən biridir. Şəhərin 130 mindən çox sakini respirator xəstəliklərindən əziyyət çəkir. Şəhər o qədər çirklənib ki, hökumət 2001-ci ildə əcnəbilərin şəhərə girişini qadağan edib.
Rusiya Cerjinsk - Şəhərində ötən əsrdə 200 min tondan çox ən təhlükəli kimyəvi tullantılar basdırılıb. Şəhər sakinlərində orta yaş həddi 45 il təşkil edir.
400 canlı təhlükə ilə üz-üzə
"Ocean Conservancy" təşkilatının təxminlərinə görə dənizlərdə yaxın gələcəkdə plastik tullantıların miqdarı 250 milyon tona çatacaq. 2050-ci ildə dənizlərdə balıqdan çox plastik tullantı olacaq.
Plastik istifadəyə yararlı maddə olsa da, əslində bir dəfəlik istifadə üçün istehsal edilir. Buna görə də istehsal edilən plastik məhsulların təxminən yarısı zibilə çevrilir.
Bu maddələr canlı aləmin həyatını təhlükə qarşısında qoyur. 400-dən çox canlı plastik maddələrinin zərərli təsirlərinə məruz qalır. 400 canlıdan biri də bizik – insanlar.
"Ocean Conservancy" tərəfindən açıqlanan rəqəmlərə görə, dəniz quşlarının 60 faizi, tısbağaların hamısı plastik yeyir. Balıqların da tərkibində plastik maddələr var. Balıqlar dənizdəki plastik tullantıları qida sanaraq qəbul edir.
Ən çox plastik istehsal edənlər…
Nə qədər zərərli olsa da, plastik məhsulların istehsalı durmadan artır. Dünya plastik sənayesində istehsal olunan məhsulun böyük hissəsi Çin, Yaxın Şərq və Şimali Amerika ölkələri tərəfindən istehsal olunur.
2013-cü ildə Rusiya 397 min ton polietilen ixrac edib. Rusiyadan sonra Belarus 104 min ton və Azərbaycan 47 min ton polietilen ixrac edib.
Düzdür, plastik qabların təkrar emalı mümkündür. Bu zaman ondan qida sənayesi üçün nəzərdə tutulmayan meyvələrin daşınması üçün tarlalar, gül qabları, yumurtanın daşınması üçün qablar, kanalizasiya boruları və s. əşyalar hazırlana bilər. Lakin plastiklərdən təkrar istifadə istənilən səviyyədə deyil.
Müqayisə üçün qeyd edək ki, bir şüşə qabın təkrar istifadəsi, ildə 240-dan artıq plastik qabın satın alınmasının və istehsalının qarşısını alar.
Bununla yanaşı, dünyanın 50 ölkəsi plastik tullantıların azaldılması üzrə müxtəlif addımlar atır: Bəzi şəhər və ölkələrdə plastik qablardan istifadəyə ümumiyyətlə, qadağa qoyulub.
Azərbaycanda da plastik qablardan istifadə olunur və bu vasitələr marketlərdə pulsuz verilir. Bu qablar vergiyə cəlb olunmur. Plastik tullantılar yığılmır.
Bəs plastiklər, polietilen torbalar nə üçün zərərlidir?
Araşdırmalara görə, plastik qabların içərisinə 70-90 dərəcədə içkilər töküləndə istiliyin təsiri ilə onun tərkibindəki monomerlər ayrılır. Monomerlər insan sağlamlığı üçün zərərli, kanserogen maddələrdir. Yəni plastik qabın içərisinə tökülən isti su, çay vasitəsilə bədənimizə toksik maddə qəbul etmiş oluruq. Uzun müddət bu formada qidalananlar isə xərçəng təhlükəsi ilə üz-üzədir.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi, Kimya üzrə elmlər doktoru, ekoloq Zemfira Ağayeva bildirir ki, bu maddələrdən hazırlanan məhsullardan istifadə edərkən ilk şərt qaydalara əməl etməkdir.
"Plastik qutuların arxasında hazırlandığı material yazılır. Təkcə HDPE işarəsi bir rəqəmlə ifadə edilirsə, bu həmin qablarda bir dəfə istifadə üçün su saxlanıla biləcəyinə işarədir. Həmin qabda piyvə, günəbaxan yağının saxlanılması doğru deyil. Həmin qabları ikinci dəfə istifadə etmək olmaz. Bu qablar isti təsirə məruz qalanda onlardan fenol, formaldehit (zəhərli qaz), stirol (yüksək toksiki) ayrılır. Bu maddələrdən tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilən fenol buxarı ilə nəfəs aldıqda selikli qişanı xəstələndirir, dəriyə dəydikdə yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dır. Bu da həmin qablardan ikinci dəfə istifadə etməyin nə qədər təhlükəli olduğunu göstərir. Çünki bu zaman həmin maddədən suyun tərkibinə polimerlər daxil olur. Vakumlu qablaşdırmaları belə uzun müddət saxladıqda onların tərkibində stafilokok, salmonella bakteriyaları əmələ gəlir. Bu da məhsulu məhv edir. Ümumiyyətlə, məhsulları plastik qablarda uzun müddət saxlayanda onlardan sianid, benzol kimi toksiki maddələr ayrılır.
Əgər qabın üzərində PVH yazılıbsa, onlarda mineral suyu uzun müddət saxladıqda venol xlorid suyun tərkibinə qarışır. Bu maddə bədəndə şiş xəstəliklərinin yaranmasına səbəb olub, sinir hüceyrələrini, orqanizmi tədricən məhv edir".
Alim bəzi yağların, yoqurt, ağartı məhsullarının bu cür qablarda saxlanmasının təhlükəsinə də aydınlıq gətirib:
"Məsələn, mən maye yağı marketdən alan kimi onları evdə şüşə qablara tökürəm. Şüşə qabda məhsulu müəyyən müddət saxlamaq olar. Lakin plastik qabda olan maye yağı açandan sonra günəş şüalarının təsiri altında saxlamaq çox təhlükəlidir. Bu zaman yenə də əvvəldə sadaladığım kimyəvi maddələr qidanın tərkibinə keçir. Məhsulun polietilen torbada soyuducuya yerləşdirilməsi də təhlükəlidir. Xüsusən, nazik torbalar daha təhlükəlidir. Bəzən deyilir ki, soyuq mühitdə zərərli olmaz. Lakin istər soyuq, istərsə də isti mühitdə bu məhsulların tərkibi eyni formada dəyişir, polimerlər çevrilir məhsulu məhv edir. Polimerlər sinir sistemini sıradan çıxarır. Bəzi ölkələrdə soyuducuda məhsulların saxlanılması üçün xüsusi paketlər var. Soyuducuya qalın paketlərdən istifadə etmək olar. Uşaqların qidalanması üçün ümumiyyətlə, plastik qablardan istifadə yolverilməzdir".
Z.Ağayeva plastik və polietilen torbaların tərkibindən ayrılan maddələrin nəticələrinin artıq müşahidə edildiyini deyir:
"Bu gün gənclərdə sonsuzluq, cinsi zəiflik, hormonal problemlər plastik qablardan düzgün istifadə ilə əlaqədardır".
Təbii ki, bu məlumatları oxuyarkən ilk ağla gələn həmin məhsullardan istifadəni qadağan etmək və ya məhdudlaşdırmaqdır. Lakin bunu tətbiq etmək o qədər də asan deyil.
Əhali imtina etməlidir...
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, bu mallardan istifadəni adminstrativ yolla məhdudlaşdırmaq mümkün deyil.
"İlk növbədə islehlakçının bu mallara təlabatı azalmalıdır. Bununla yanaşı Müstəqil Dövlətlər Birliyi ölkələrində istifadə edilən təcrübədən yararlana bilərik. Yəni istehlakçılara məhsulların qablaşdırılması üçün daha nazik və şəffaf torbalar verilir, həmin torbalar pulla satılır. Azərbaycanda bu təcrübənin tətbiqinin tərəfdarıyıq. Əhali üçün bazar torbası olaraq ən uğurlu seçimi "talış zənbil"i ola bilər. Həsirdən hazırlanan bu çantalar çox uğurludur. Hətta xarici ölkələrə də satıla bilər.
Polietilen torbalardan istifadəni məhdudlaşdırmaq üçün sahibkarlar, dövlət qurumları və ictimaiyyət birlikdə mübarizə aparmalıdır. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atılır. Lakin ilk növbədə əhali bundan imtina etməlidir. Əvəzində parça torbalardan da istifadə edilə bilər".
E.Hüseynov bildirib ki, "streçlərlə bağlı Azad İstehlakçılar Birliyi tərəfindən ayrıca tədqiqat aparılıb:
"Azərbaycanda iki cür "streçlər" satılır. Onlardan biri sarı rəngli, azca yağlılığı olan və azca qoxu gələnlər təhlükəli hesab edilir. Şəffaf, qoxu gəlməyən "streçlər" isə daha təhlükəsiz hesab edilir. Biz dəfələrlə dövlət orqanları, biznes qurumlarına toyuqları təhlükəli "streç"ə bükməmək barədə xəbərdarlıq etmişik. Çox təəssüf ki, bütün broyler şirkətləri məhsullarını təhlükəli streçə bükür. Avropa İttifaqının həmin streçlərin təhlükəli olması ilə bağlı ayrıca direktiv sənədləri pozurlar. Ən təhlükəli məqam plastik qablara körpə qidalarının yerləşdirilməsidir. Bəzən uşaq qidalarını da bu qablarda verirlər. Bazarlarda plastik qablara şoraba qoyur, içərisinə üzüm yarpağı doldurub üzərində kimyəvi maddələr əlavə edirlər. Hesab edirəm ki, ən qorxulu məqamlar bunlardır".
Vergiyə cəlb edilə bilər...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev son 20-25 il ərzində bütün dünyada plastik materiallardan hazırlanan məhsulların istifadə dairəsi genişlənməsinin narahatlıq doğurduğunu deyir:
"Artıq məişət əşyaları arasında plastik məhsulların sayı artır. Ucuz və asan başa gəldiyindən qablaşdırmada çox dən istifadə edilir. Nəticədə çoxlu tullantı yaranır. Ona görə də dünyada bu məhsullardan istifadənin azaltmaq üzərində düşünürlür. Bunun üçün ilkin şərt istifadəni məhdudlaşdırmaqdır. Hər bir ölkənin bununla bağlı müxtəlif strategiyası var. Məsələn, tərkibində plastik materialın daha az olduğu məhsullar istehsal etmək, ya da marketlərdə ərzaqların yığıldığı torbaların vergiyə cəlb edilməsini nümunə göstərə bilərik. Polietilen torbalar əvəzində kağız və ya parça torbalardan istifadə edilir. Türkiyədə 15-50 mikronluq torbalar, Gürcüstanda 15 mikrona qədər torbalar qadağan edilib. Bu məhsullardan istifadəni tam qadağa edə bilmirik. Amma məhdudiyyət ola bilər".
Nazirlik rəsmisi deyir ki, Azərbaycanda tullantının çoxalmasını ən çox təbiət qoynunda, meşələrdə hiss etmək olur:
"Bu torbalar təbiəti çirkləndirir, korlayır, həm də təbiətə düşəndə uzun illər həll olmur. Bu zaman torpağın tərkibinə, mikroorqanizmlərin inkişafına ziyan vurur".
Hamısı zərərlidir deyərək, imtina edə bilmərik
Qanunvericilikdə bu məhsullardan istifadəni məhdudlaşdırmaq üçün ilk növbədə ictimai rəyin öyrənilməsini vacib hesab edən millət vəkili Musa Quliyev sosial tələb öyrənildikdən sonra dəyişikliyin təklif edilə biləcəyini deyir:
"Mediada bu mövzulara yer ayrılması, ictimailəşdirilməsi son dərəcə vacibdir. İctimaiyyətdə müəyyən müzakirələr aparıldıqdan sonra qanunda dəyişikliyin edilməsi üçün müəyyən forma tapıla bilər. Dünyanın bir sıra ölkələrində polietilen torbalar marketlərdə pullu satılır, bəzi ölkələrdə bu məhsullarla ətraf mühiti çirkləndirməyə görə cərimələr müəyyən edilib. Bir sıra ölkələrdə bu məhsulların istehsalı və istifadəsi qadağandır. Əvəzində kağız və ya parça materiallardan istifadə edilir. Biz də bu üsullardan birini tətbiq edə bilərik".
Millət vəkili bildirib ki, insanlar özləri də bu məsələdə diqqətli olmalıdır:
"Məsələn, marketə, bazara gedəndə çoxistifadəli zənbillərdən istifadə edə bilərlər. Ötən əsrin 60-70-ci illərində qamışdan hörülən səbətlər istifadə edilirdi. İndi onların yenidən dəbə mindirmək olar. Bu həm də kənd təsərrüfatında bir canlanmaya səbəb ola bilər. Kənddə yaşayanlar üçün məsuliyyət və qazanc yeri olar. Həm də ekoloji baxımdan təmizdir".
Plastik qablarda qablaşdırmalara məhdudiyyətin qoyulmasına gəldikdə, millət vəkili bildirib ki, bu cür məhsulların hamısına qadağa qoymağın çətinlik yarada biləcəyini deyib: "Şüşə və ya emallı qabların istehsalı çox məsrəfli olur. Bu da həm istehsalçı, həm də alıcılar üçün sərfəli deyil. Bu məsələni qısa zamanda həll edə bilmərik. Bunların hamısı zərərlidir deyərək, imtina edə bilmərik"./"publika.az"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar