Xəbər lenti
“Tapançanı göstərib, dedi öldürəcəyəm...” - “MTN işi”
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə yeni təfərrüatlar üzə çıxır.
İş üzrə zərərçəkmiş şəxs qismində istintaq zamanı ifadə verən Bədəlov Zakir Dilənçi oğlu ifadəsində göstərib ki, 1990-cı ildən Azərbaycanda yaşayır. Qohumu, Gürcüstan vətəndaşı Zakir Mustafayevlə münasibətləri hər zaman yaxşı olub, hər hansı ədavəti, düşmənçilik münasibətləri olmayıb. 2006-cı ildə o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi, ev 23, mənzil 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evini tikib, evin III mərtəbəsində ailəsi ilə birlikdə yaşayıb. I və II mərtəbələrində isə kafe işlədib. Həmin ildə qohumu Zakir Mustafayev onun evinə qonaq gələrkən evinin birinci və ikinci mərtəbəsində olan kafeni işlətməməyinin səbəbini soruşduqda o, Zakir Mustafayevə kafenin avadanlıqlarını almağa maddi imkanının olmadığını deyib. Z. Mustafayev isə ona maddi köməklik göstərə biləcəyini, Gürcüstan Respublikasında yaşayan bir nəfər tanışından borc alıb ona verəcəyini bildirib. 20 may 2006-cı il tarixdə o, arvadı Nazilə Ramazanova ilə birlikdə Zakir Mustafayevin Gürcüstan Respublikasındakı evinə gedib. Həmin gün Zakir Mustafayev 60.000 ABŞ dolları pulu ona borc verib. 21 may 2006-cı il tarixdə isə o, Azərbaycan Respublikasına qayıdıb. Zakir Mustafayevdən aldığı 60.000 ABŞ dollar məbləğində pula işlətdiyi kafe üçün inventar alsa da, həmin pul onu qane etməyib. Zakir Mustafayev bir daha ona zəng edərək vəziyyəti barədə maraqlandıqda o, Zakir Mustafayevin ona borc verdiyi pulun onu təmin etmədiyini deyib. Zakir Mustafayev ona 30.000 ABŞ dolları da verəcəyini bildirib. Buna görə o, 27 iyun 2006-cı il tarixdə Qırmızı Körpü adlanan gömrük postuna tərəf gedərək İsmayılov Paşa Ramiz oğlu ilə görüşüb. P. İsmayılov postu keçərək ona Zakir Mustafayevin verdiyi 30.000 ABŞ dolları pulu verib. O, həmin pul vasitəsilə də işlətdiyi kafe üçün avadanlıq alıb. 1 sentyabr 2006-cı il tarixdə Zakir Mustafayev onun Bakı şəhərindəki yaşadığı evə gəlib, işləri ilə maraqlanıb. O isə yenə də maddi cəhətdən çətinliyinin olduğunu bildirib. Zakir Mustafayev isə cibində 10.000 ABŞ dolları olduğunu deyib həmin pulu ona borc verib. Zakir Mustafayevə olan borcunun konkret olaraq 100.000 ABŞ dolları olmasını bildirib. Zakir Mustafayev borclu olduğu pulları ayına 5% olmaqla qaytarmasını bildirdikdə o da razı olub. Zakir Mustafayev isə ona bildirib ki, Bakıxanov qəsəbəsindəki evini söküb yeni ev tikdikdə o da Zakir Mustafayevə 150.000 ABŞ dolları məbləğində köməklik göstərər. Zakir Mustafayev ona verəcəyi pulu dayısı oğlu Abdul Həbibova verməsini istəyib.
2007-ci ilin aprel-may aylarında Zakir Bədəlov yaşadığı evi girov qoyaraq “Azərbaycan Kredit Bank”ından 200.000 ABŞ dolları məbləğində kredit pul götürüb, həmin puldan 125.0000 ABŞ dollarının Zakir Mustafayevə verməsi üçün bir-iki gün sonra Abdul Həbibova verib.
Daha sonra 2007-ci ildə Abdul Həbibov onu mütəmadi olaraq narahat etməklə onun Zakir Mustafayevə 150.000 ABŞ dolları pul verməli olduğunu bildirib. O isə Abdul Həbibova etirazını bildirərək borcunu artıqlaması ilə qaytardığını bildirib. Abdul Həbibov isə onun da, Zakir Mustafayevin də onun dostu olduğunu bildirib onu bu söhbətə qatmamağını xahiş edib. 2008-ci ildə Abdul Həbibov bir daha onun yanına gələrək Zakir Mustafayevə 150.000 ABŞ dolları verməli olduğunu deyib. O buna etiraz etdikdə Abdul Həbibov ona əgər ailəsinin sağ qalmasını istəyirsə və əgər Gürcüstan Respublikasına deportasiya olunmaq istəmirsə, tələb edilən pulu verməli olduğunu bildirib. 2008-ci ilin yanvar-fevral aylarında Zakir Mustafayev ona zəng edərək Sabunçu rayon İcra hakimiyyətinin inzibati binasının qarşısına çağırıb. O isə Zakir Mustafayevlə görüşməyə qohumu Vaqif İsmayılovla birlikdə gedib. Qohumundan başqa avtomaşında oturub onu izləməsini xahiş edib. Zakir Mustafayev özünə məxsus “VAZ-21099” markalı avtomaşınında olarkən o Zakir Mustafayevə yaxınlaşıb. Zakir ondan avtomaşına əyləşməsini tələb edib. O isə buna etiraz etdikdə Zakir Mustafayev avtomaşından düşərək əli ilə belindəki tapançanı tutub ondan avtomaşına oturmasını tələb edib. O, avtomaşına oturduqdan sonra Zakir Mustafayevə onu uşaq oyuncağı ilə aldatmamasını dedikdə sonuncu tapançasını ona göstərib, onu öldürəcəyi ilə hədələyib və pulunu tələb edib. O isə Zakir Mustafayevdən möhlət istəyərək pulunu qaytaracağını bildirib. 2008-ci ilin iyun-avqust aylarında o, yenə də “Azərbaycan Kredit Bank”ına kredit götürmək üçün müraciət edib. Bankdan 360.000 ABŞ dolları məbləğində kredit götürüb. Həmin puldan 200.000 ABŞ dolları ilə köhnə kreditini bağladıqdan sonra əlində 158.000 ABŞ dolları məbləğində pul qalıb. Bundan sonra Zakir Mustafayevə zəng edərək pulu özünün gətirəcəyini və ya kiminsə götürəcəyini soruşub. Zakir Mustafayev isə pulu Abdul Həbibova verməsini deyib. 28 avqust 2008-ci il tarixdə o, Zakir Mustafayevə verməsi üçün 150.000 ABŞ dollarını Abdul Həbibova verib. Daha sonra Abdul Həbibov Mübariz adlı şəxslə və adlarını bilmədiyi başqa şəxslərlə birlikdə Zakir Bədəlovun kafesinə gələrək ona Zakir Mustafayevə 200.000 ABŞ dolları da verməli olduğunu bildirdikdə o bundan imtina edib. Bu söhbət zamanı onun işlətdiyi kafeyə bitişik ev alqı-satqısı ilə məşğul olan tanışı Elxan Əliyev də onların yanında olub. Söhbət zamanı o, Elxan Əliyevdən söhbətə qoşulmasını istəsə də, sonuncu imtina edərək oradan ayrılıb. 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev ona onu MTN-in əməkdaşı Səlim adlı şəxsin axtardığını deyib. Səlim adlı şəxsin mobil telefon nömrəsini ona verib.
Bundan sonra o, Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb. Səlimlə birlikdə MTN-ə qohumu olan Akif Çovdarovun otağına daxil olub. Akif Çovdarov ondan Zakir Mustafayevə 200.000 ABŞ dolları borclu olduğunu, pulu qaytarmasa, onu əcnəbi kimi qeydiyyata aldırıb ölkədən Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə onu həbs edəcəklərini bildirsə də, o, Akif Çovdarovla razılaşmayıb. Buna görə Akif Çovdarov onun şəxsiyyət vəsiqəsini alıb. Lakin o, Sabunçu rayon Pİ-nə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi alıb. Bu barədə Səlim adlı şəxsə bildirməsi üçün qonşusu Tofiq Əliyevə deyib. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edilib və ölkə xaricinə çıxışına qadağa qoyulub. Ölkə prezidentinə etdiyi müraciətdən sonra şəxsiyyət vəsiqəsini bərpa edə bilib. Daha sonra o, Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun ondan 175.000 ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsə də, iddiası təmin edilməyib. Bununla bağlı Sabunçu rayon Pİ-nə müraciət edib, orada cinayət işi istintaq edilib və Sabunçu rayon prokurorluğuna göndərilib. Akif Çovdarov və Səlim Məmmədov onun şəxsiyyət vəsiqəsini əlindən aldıqdan sonra o, qorxduğuna görə DİN-ə müraciət edərkən şəxsiyyət vəsiqəsinin itirildiyini bildirib. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başlayıb.
İstintaq zamanı Akif Çovdarov zərərçəkmiş Zakir Bədəlovla üzləşmədən imtina edib.
Zakir Mustafeyev isə iş üzrə şahid qismində dindirilib. O ifadəsində göstərib ki, Zakir Bədəlov onun qohumudur. Zakir Bədəlov ona tikdiyi restoranın üçüncü mərtəbəsini tikmək üçün kifayət qədər vəsaitinin olmamasını deyərək borca təcili olaraq pul lazım olduğunu, həmin borcu isə Moskva şəhərində yaşayan qohumunun ona pul göndərdikdən sonra ödəyəcəyini bildirib. O isə qardaşı, Ukraynada alverlə məşğul olan Gürcüstan vətəndaşı Cemaldan bu barədə xahiş edib və Zakir Bədəlovun qısa müddət ərzində həmin pulu qaytaracağını bildirib. Bundan sonra o, həmin pulu Cemaldan alıb Zakir Bədəlova verib. Zakir Bədəlovun borcları qaytarmaq vaxtı çatarkən Cemal adlı şəxs ona zəng edərək verdiyi pulların qaytarılma məsələsinin nə yerdə qaldığını soruşub. O isə bu barədə Zakir Bədəlovdan soruşduqda sonuncu borcları qaytara bilmədiyini, bu gün, sabah qaytaracağını deyərək vaxt qazanıb. O, Zakir Bədəlovun pulları qaytarmadığını görüb konkret olaraq bu barədə Zakir Bədəlovdan soruşduqda sonuncu ondan xahiş edib ki, Cemal onu sıxmasın, vaxt versin, borc aldığı pulları ayına 5/% olmaq şərti ilə qaytaracaq. O da Zakir Bədəlovun sözlərini Cemala deyib.
2007-ci ildə Zakir Bədəlov ona zəng edərək 125.000 ABŞ dollarını düzəltdiyini və borcundan çıxmaq istədiyini bildirdikdə, o, həmin ərəfələrdə Gürcüstan Respublikasının hüquq-mühafizə orqanlarında işlədiyinə görə sərhədi tez-tez keçə bilmədiyindən Zakir Bədəlovun dediyi pulu dayısı oğlu Abdul Həbibovun ondan götürəcəyini bildirib. Həmin ərəfələrdə də Abdul Həbibov Zakir Bədəlovu tanıyıb. Zakir Bədəlovun qaytarmalı olduğu 500.000 ABŞ dollarından 225.000 ABŞ dolları borcu qalıb. Zakir Bədəlov həmin məbləği ödəmədiyindən o, məcbur olub özü həmin məbləği borc aldığı şəxslərə ödəyib. Zakir Mustafayev əlavə olaraq göstərib ki, o, Zakir Bədəlova hər hansı silahla hədə-qorxu gəlməyib, belə ki, o, Zakir Bədəlovla 2008-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinin binasının yanında restoranda görüşüb, Zakir Bədəlovu avtomaşınına otuzdurub harasa aparmayıb, ona silahla hədə-qorxu gəlməyib. O, Səlim Məmmədovu üzdən Zakir Bədəlova görə tanısa da, Səlim Məmmədovla hər hansı münasibəti və ya əlaqələri olmayıb, nə Akif Çovdarova, nə də Səlim Məmmədova Zakir Bədəlovun ona olan borcu barədə nəsə danışmayıb.(APA)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar