Xəbər lenti
Daha bir deputat səfiri topa tutdu: "Ay yoldaş, sən niyə erməni nazirə şikayət edirsən?!"
Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı qalmaqallı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı modern.az saytı uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun fikirlərini öyrənib.
E. İbrahimov bildirib ki, eks-səfir Tələt Əliyev uzun illərdir ki, Ukraynada yaşayır: "O, orada diaspor rəhbəri olub. Çox yaxşı yadımdadır ki, 2000-ci ildə ulu öndər Heydər Əliyev Ukraynaya səfər edərkən oradakı diaspor nümayəndələri ilə görüşmüşdü. Həmin görüş zamanı ulu öndərin Tələt Əliyevlə də söhbətləri olub. Ulu öndər onun bacarıqlı, savadlı şəxs olduğunu görüb və səfir təyin edib. Ukraynadakı Azərbaycan səfirləri arasında ən uzun müddət işləyəni də məhz Tələt Əliyev olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub”.
Eldar İbrahimov xatırladıb ki, özü uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub: "O zaman tez-tez Ukraynaya səfərlər etmişəm. Ukraynada keçirilən prezident və parlament seçkilərində iştirak etmişəm. Səfərlər zamanı Tələt Əliyevlə də görüşlərim olub. O, Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko, Viktor Yanukoviçlə, o cümlədən digər yüksək vəzifəli şəxslərlə əlaqələr quran biri olub. Hesab edirəm ki, səfir kimi vəzifəsinin öhdəsindən layiqincə də gəlib. Bir səfir kimi Ukraynada azərbaycanlıların himayədarı, dayağı olub. Ancaq indi Tələt Əliyev səfir olduğu dövrdə yəni, 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyinə, binanın təmir olunmadığına görə ittiham olunur. Əgər belə bir hal olubsa da, ay yoldaş Azər Xudiyev, səni ora səfir göndəriblər, sən Azərbaycanın səfirisən, Ukraynanın səfiri deyilsən ki… Sən niyə orada Azərbaycanla bağlı məsələ haqda Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova şikayət edirsən? Demək ki, sənin şikayətin məqsədlidir. Buradan da görünür ki, Azər Xudiyevin bu hərəkətləri şəxsi qərəzlilikdir”.
E.İbrahimov bildirib ki, diplomat, məmur qərəzli olmamalıdır:"Hər şeyə düzgün qiymət verməli və seçməlidir. İndi, ay Azər Xudiyev, sən uzun illər orada çalışmış azərbaycanlı diplomatı aparıb erməni əsilli daxili işlər nazirinin əlinə verirsən ki, bunu məhv elə. Düzünü deyim ki, mən Azər Xudiyevin bu hərəkətlərini bir azərbaycanlı kimi qəbul edə bilmirəm. Mətbuatdan da tanış oldum ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırırılır. Əgər belə bir hallar olubsa, Azər Xudiyev Azərbaycanın müvafiq orqanlarına məlumat verməliydi. Sənin əgər damarlarında azərbaycanlı qanı axırsa, belə etməliydin. Hesab edirəm ki, hər bir səfir təmsil etdiyi bölgədə Azərbaycanın güzgüsüdür. O, təmsil etdiyi ölkədə azərbaycanlılarla görüşməli, problemləri ilə yaxından maraqlanmalıdır. Ta aparıb bir azərbaycanlını erməni əsilli daxili işlər nazirinin əlinə verməməlidir.
Düşünürəm ki, Xarici İşlər Nazirliyi bu məsələni şəffaf şəkildə araşdıracaq. Mən burada ona görə Tələt Əliyevi müdafiə edirəm ki, onu tanıyıram. Əgər kiminsə bu işdə günahı varsa, cəzasını çəkməlidir. Amma o cəzanı azərbaycanlı verməlidir, erməni yox. Bunu Azər Xudiyev başa düşməli idi. Ona görə də mən belə adamların səfir olmasına təəssüf edirəm. Yəqin ki, Xarici İşlər Nazirliyi gələcəkdə bizim diplomatik korpuslarda çalışan bu cür adamlarla bağlı ciddi tədbirlər görəcək”.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev sabiq səfir Tələt Əliyevlə bağlı həmin ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. A.Xudiyev T.Əliyevin səfir olduğu dövrdə – 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb.
A.Xudiyevi qərəzli olmaqda ittiham edən T.Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib.
A. Xuduyevin Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi Bakıda birmənalı qarşılanmayıb, hazırkı səfir tənqid olunub.
Xatırladaq ki, T.Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. Hazırda Ukraynada Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar