Xəbər lenti
Bazarlarda zəhərli uşaq geyimləri satılır - SOS
Eyyub Hüseynov: “Bunların çoxu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir”; Vaqif Qarayev: “Qəpik-quruşa satılan keyfiyyətsiz geyimlər sağlamlığa ziyandır”
Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə azyaşlılar üçün istehsal edilən ayaqqabıların sağlamlığa zərərli olduğu təsbit edilib. İtaliyanın Milan şəhəri və ətraf rayonlarında aparılan araşdırmalar zamanı məlum olub ki, zərərli tullantılar qeyri-qanuni şəkildə yenidən istehsala qaytarılır.
Zərərli tullantılardan əldə edilən xammaldan isə uşaq ayaqqabılarının və bir sıra üst geyimlərin istehsalında istifadə edilir. Bu səbəbdən Türkiyədə tullantıların toplanması ilə məşğul olan şirkətlərdə monitorinqlər aparılıb.
Bu tullantılardan əldə edilən saxta “PVC” xammallar normal bazar qiymətindən 3 dəfə ucuz satıldığı üçün Türkiyə, Meksika, Kanada, Mərakeş və bir çox başqa ölkələrdə şirkətlər bundan plastik sənayedə, uşaq ayaqqabısı və rezin çəkmə kimi çox sayda məhsulların istehsalında istifadə edir.
Sovetlər dövründə Rusiya istehsalına üstünlük verilsə də müstəqillikdən sonra Azərbaycanda seçimlər daha çox türk malından yana olur. Paltarın etiketinə baxır, “Made in Turkey” yazılıbsa, parçanın keyfiyyətli olduğuna tərəddüd etmədən alırıq.
Nəzərə alsaq ki, bizdə də əksər valideynlər övladlarına geyim alarkən Türkiyədə istehsal olunan geyimlərə üstünlük verirlər, onda yuxarıda sözügedən zərərli materialdan hazırlanmış geyim və ayaqqabıların Türkiyədən Azərbaycan bazarına nüfuz etdiyini ehtimal edə bilərik. Habelə, son vaxtlar Azərbaycana Mərakeş, Pakistan malları da nüfuz edib.
“Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, uşaq geyimləri bağlı şikayətlər daim gəlir: “Baxmayaraq ki, uşaq geyimlərinin üzərində 100 faiz pambıq yazılıb, lakin yandıranda pambıq qoxusu verməməyi, uşaq geyimlərinə yaş tənzif sürtərkən, eləcə də yuyan zaman rənginin çıxması kimi şikayətlər ilboyu daim gəlir. Bazarda bu sahədə vəziyyət heç də yaxşı deyil. Ölkədə biznes qurumları üçün kifayət qədər şərait yaradılıb. Əfsus olsun ki, bu biznes qurumlarda istehlakçını aldatmaq məsələsi lap pik nöqtəyə çatıb. Ölkədə istehlakçı hüquqlarını qoruyan təşkilat, dövlət qurumu yox dərəcəsindədir. Qanunların olmasına baxmayaraq, istehlakçılar, əmtəə bazarı bunları qorumur. Ona görə də təhlükəli mallar, uşaq geyimləri Azərbaycan əmtəə bazarında satılır və bunların çoxu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir. Heç onun keyfiyyətinə də nəzarət yoxdur. Bu da Azərbaycan körpələrinin, uşaqlarının sağlamlığında öz mənfi izini tapır. Bir neçə ay öncə ölkə prezidentinin sərəncamı ilə Bazara Nəzarət üzrə Dövlət Agentliyi yaradılıb. Lakin bu günə kimi onun əsasnaməsi yoxdur ki, onlarla işləyək. Şikayətləri göndəririk İqtisadiyyat Nazirliyinə, oradan da cavab alırıq ki, məhkəməyə müraciət edin. Bu da onu göstərir ki, bazara nəzarət yoxdur. Nəzarət olmayan yerdə cinayət baş verir, təhlükəli mallar, o cümlədən uşaq geyimləri də satılır”.
Pediatr Vaqif Qarayev valideynləri xəbərdarlıq edir ki, ucuz geyimlər uşaq orqanizminə ziyandır: “Metro stansiyalarının giriş-çıxışında Çində istehsal olunan keyfiyyətsiz geyimlər var. Ayaqqabı, köynək, şalvar və s. qəpik-quruşa satılır, amma materialı həddindən artıq keyfiyyətsizdir. Bu geyimlər uşaqların sağlığına birmənalı ziyandır. Yay ayaqqabıları da, qış ayaqqabıları da, köynəkləri, şalvarları da dəridə müxtəlif allergik xəstəliklər, səpkilər yaradır. Hətta bəzi materiallarda deyirlər, cüzi də olsa, şüalanma da olur. Nə dərəcədə doğrudur, bilmirəm. Amma dəqiq bilirəm ki, ucuz geyimlər uşaq orqanizminə ziyandır. Xüsusən də allergiyadan əziyyət çəkən uşaqlarda sintetik materiallar allergiya verəcək. Dəridə yaralar da yarada bilir. Yoxlama vaxtı mən görürdüm, uşağın dərisində müxtəlif yaralar var, sintetik paltarla təmas kəsiləndən sonra yaralar öz-özünə keçirdi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar