Xəbər lenti
Azərbaycanda bu evdə bir dahi dünyaya gəlib, indi özü dünyadan köçmək üzrədir
Azərbaycanın səfalı diyarı olan Xızı təbiəti, füsunkarlığı ilə yanaşı, həm də bir çox dahi şəxsiyyətimizin doğulub boya-başa çatdığı rayonlarımızdandır. Bu torpaqda Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi dahilər dünyaya göz açıb.
Bu dəfə qərara gəldik ki, yaşadıqları çox qısa ömürlərində qiymətli yaradıcılığa və böyük şöhrətə imza atmağı bacarmış dahilərimizin yurduna səfər edək. Bənzərsiz istedad sahibi, dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Əməkdar incəsənət xadimi olmuş Cəfər Cabbarlının Xızıdakı izlərini ziyarət edək. Manevr.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, cəmi 35 il ömür sürmüş Cəfər Cabbarlının 1899-cu ilin 20 martında Xızıda dünyaya gəldiyi ev hazırda eksponat kimi qorunub saxlanılır. Bu ev 1956-cı ildən muzey kimi fəaliyyətə başlayıb. Ancaq muzeyə rəsmi status 1961-ci ildə verilib.
Kasıbçılıq və yoxsulluq üzündən ailəsi 1903-cü ildə Bakıya köçsə də, C.Cabbarlı ara-sıra Xızıdakı evlərinə gəlirmiş. Orada yaşayan və yaradıcılıqla məşğul olan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürmüş.
Həmin muzeydə olduğumuz zaman düşünürdük ki, Bakıdan cəmi 110 kilometr uzaqlıqda yerləşən bu evin varlığından, bəlkə də, çoxları xəbərsizdir. Bir çoxları bu xatirələrlə dolu evin yanından keçsə də, yəqin ki, əhəmiyyət verməyib. Buna səbəb isə ev muzeyinin hündür villalar arasında itib-batmasıdır.
Cəfər Cabbarlı bu evdə cəmi iki il yaşayıb. Buna baxmayaraq, evin hər bir daşında dahi dramaturqun silinməz izləri görünür. Kim bilərdi ki, bir kömürçünün tikdiyi bu koma gələcəkdə tarixi muzeyə çevriləcək, illər keçsə belə, qonaqlı-qaralı olacaq.
Muzey C.Cabbarlının həyat yoldaşı Sona xanımın təşəbbüsü ilə yaradılıb. Lakin SSRİ dövründə yazıçılarmıza qarşı münasibətin birmənalı olmadığına görə baxımsız qalıb. Muzeyin sökülüb-tökülməsi heç kimi maraqlandırmayıb.
1978-ci ildən qorunan muzeyin ümumi sahəsi 30 kvadratmetrdir. Şüşəbəndlə mühafizə edilən ev 2 otaqdan, bir dəhlizdən ibarətdir. Mədəniyyət ocağında 8000-dən çox eksponat qorunub saxlanılır. Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər, fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir.
Yataq otağında ədiblə vidalaşma mərasimində və dəfnində çəkilmiş fotoşəkillər var. Xatırladaq ki, Cəfər Cabbarlı Novruz bayramı gecəsi - 20 martda dünyaya göz açıb və bir xristian bayramı günü - 31 dekabrda son mənzilə yola salınıb.
Cabbarlının Xızıdakı ev muzeyi hal-hazırda çox qəzalı vəziyyətdədir. Muzeyin işçisi Anaxanım Kərimovanın sözlərinə görə, yağış yağan zaman evin damından su içəriyə tökülür: "Yağış, qar yağanda eksponatlar zərər görməsin deyə çox əziyyət çəkirik. Günü-gündən qəzalı vəziyyət daha da genişlənir. Belə getsə, muzey tez zamanda tamamilə sıradan çıxacaq. Təmir-bərpa işlərinə isə gücümüz çatmır".
A.Kərimovadan onu da öyrəndik ki, evin vəziyyəti barədə dəfələrlə indiki Mədəniyyət Nazirliyinə məlumat veriblər. Lakin hər dəfəsində hələ ki, bu muzeyin təmirinin nəzərdə tutulmadığı cavabını alıblar.
Cəfər Cabbarlı kimi dahi şəxsiyyətin dünyaya gəldiyi evin yerli və xarici turistlərə belə acınacaqlı, qəzalı vəziyyətdə təqdim etmək heç də ürəkaçan deyil. İnanırıq ki, bir gün bu ocağa da dönüb baxan, onu bu vəziyyətdən xilas edən tapılacaq. Beləliklə də Cabbarlının ruhu şad olacaq.
Xızıda ev muzeyindən əlavə, C.Cabbarlı adına salınmış park da fəaliyyət göstərir. Parkda dahi dramaturqun 1999-cu ildə Cəlal Qaryağdıoğlu tərəfindən hazırlanmış heykəli də qoyulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar