Xəbər lenti
"QAÇQINKOM" QAÇQINLARIN KƏFƏN PULUNA DA GÖZ DİKDİ
Məcburi köçkün İbrahim Quliyev: “Qarabağda erməni yurdumuzu-yuvamızı, ev-eşiyimizi dağıtdı, burada da Əli Həsənov bizə divan tutur”
Füzuli rayon sakini, məcburi köçkün Quliyev İbrahim Cəmil oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Onun şikayət məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:
“Biz 1993-cü ildən məlum səbəblərdən doğma yurd-yuvamızdan didərgin düşüb, bütün əmlakımızı itirib Bakıda məskunlaşmalı olmuşuq. Elə həmin ildən də Bakı Dövlət Universitetinin 8 saylı yataqxanasında qalırıq. Həyat yoldaşım, mən və iki oğlum - hər ikisi ailəlidir, hər ikisinin iki övladı var - qəzalı şəraitdə olan yataqxananın bir darısqal otağında yaşayırıq. Əslində buna yaşamaq deməyə də dilim gəlmir, çünki biz orada yaşamırıq, zülm çəkirik.
Dövlətimiz qaçqın və köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 2013-cü ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 ailəlik yaşayış massivi inşa etdirdi. Baki şəhərindəki yataqxanalardan həmin binalara 7 mindən çox ailə köçürüldü. Füzuli rayonunun Horadiz qəsəbəsində 3 otaqlı kommunal mənzilləri, 5 otaqlı böyük həyət evləri bərpa və təmir edilən ailələr də həmin binalarda ailə üzvlərinin sayına görə mənzillərlə təmin edildilər. Özü də Horadiz qəsəbəsinin sakinlərinə yalnız Müşfiqabadda deyil, 7-ci mikrorayon ərazisində, Mehdiabadda da mənzillər verilib.
Bizim yataqxanadan 18 ailə Müvfiqabad qəsəbəsindəki binalara köçürüldü. Bizə çatanda isə 10 nəfərdən ibarət üç ailəyə bir ədəd dörd otaqlı mənzil təklif edildi. Biz də bundan imtina etdik.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ətrafına yığdığı komanda ilə birgə mənzillərimizi satıb, bizi isə evsiz qoyub. Bunu istənilən vaxt sübut etməyə hazıram və qadirəm, əlimdə faktlar var. Ölkədəki məmur özbaşınalığı bütün sərhədləri aşıb, “Qaçqınkom”un sədri Baş nazirin müavini olduğuna görə, heç kəsin bu işə müdaxilə etməyə cürəti çatmır.
Müxtəlif instansiyalara - Daxili İşlər Nazirliyinə, Baş prokurorluğa (şəxsən baş prokurora) Qafqaz Müsəlmanları idarəsinə (şəxsən Allahşükür Paşazadəyə), səfirliklərə, Qırmızı Xaç Komitəsinə, Ombudsman Elmira Süleymanovaya şikayət məktubları ilə müraciət etmişəm. Demək olar ki, yazmadığım bir yer qalmayıb. Amma təəssüf ki, heç bir nəticəsi yoxdur.
Mənim fikrimcə, dövlət başçısı ümumiyyətlə “Qaçqınkom”u ləğv etməlidir. Çünki başda komitənin sədri Əli Həsənov olmaqla, bunlar bir qrup quldur dəstəsidir, işləri də qaçqınlarla köçkünlərin haqqını yeməkdir. İndiyə qədər yardımlarımızı satıb yeyirdilər, indi də dövlət vəsaitinə bizimçün tikilən mənzilləri açıq-aşkar satırlar, mənə də deyirlər ki, “bizi şikayət məktubları və teleqramları ilə qorxudursan? İstəyirsən, (o vaxt hələ Barak Obama idi ABŞ prezidenti) lap Barak Obamaya teleqram vur, satırıq, yaxşı edirik, özümüz cavab verəcəyik”.
Əli Həsənovun müavini Gəray Fərhadov 40 ilin müəllimi olan həyat yoldaşıma deyir ki, sən də həyasızlıq edib ev alaydın. Yoldaşıma dedim, gərək ona cavab verəydin ki, həyasızlıq etmək mənə yaraşmaz, amma siz həyasızlıq edib haqqımız olan mənzilləri satdınız, bizi də qoydunuz çöldə.
Bunların arxasında kim durub, nəyin hesabına belə azğınlaşıblar, bilmirəm, bircə onu bilirəm ki, Qarabağda erməni yurdumuzu-yuvamızı, ev-eşiyimizi dağıtdı, burada da Əli Həsənov bizə divan tutur. Əlimizdə bütün rəsmi, hüquqi sənədlər olmağına baxmayaraq, heç bir günahımız, cinayətimiz olmadığı halda, 5 ildir bizi uçulub-sökülməkdə olan yatqxanada, şəraitsiz otaqda saxlayırlar. Onların cinayətkar əməllərini mətbu orqanlarda, saytlarda işıqlandırdığıma görə (bütün qəzetlərin nüsxələrini saxlamışam), müxtəlif instansiyalara şikayət məktubları ilə müraciət etdiyimə görə, mənə ev vermirər. Əli Həsənovun qohumu, “Qaçqınkom”un departament direktoru Elman İsmayılov mənə deyir ki, sən bizi “Yeni Müsavat” qəzetində rüsvay eləmisən, buna görə də bizdən ev-filan gözləmə. Ümumiyyətlə, Əli Həsənovun başına yığdıqlarının hamısı qohumlarıdır.
Necə olur ki, Əli Həsənov bizim yardımlarımızdan, evlərimizdən qazandığı pulla nəvəsinə bahalı maşın alır, nəvəsi həmin maşınla dörd adamın həyatına son qoyur, buna görə ona cəmi 5-6 il iş verirlər, amma heç bir cinayət əməlimiz olmaya-olmaya 5 ildir ki, bizi şəraitsiz otaqda saxlayıb bizə cəza verir? Soruşmaq istəyirəm, bu halda onun ermənilərdən fərqi nədədir?
Bu səbəbdən deyirəm ki, “Qaçqınkom” ümumiyyətlə ləğv edilsə, yaxşıdır. Bu komitənin qaçqınlara, köçkünlərə heç bir faydası yoxdur, əksinə yarandığı gündən bizim haqqımızı yeyir, bizə zülm edir.
Tələbim odur ki, mənim iştirakımla vicdanlı insanlardan ibarət komissiya təşkil olunsun, Müşfiqabad qəsəbəsində ilkin-ibtidai yoxlanılma aparılsın və “Qaçqınkom”un cinayət əməlləri üzə çıxarılsın. Söz verirəm ki, onların satdığı mənzilləri bir-bir göstərəcəyəm. Kimə satılıb, necə satılıb, hansı qiymətə satılıb-hamısını faktlarla açıb deyəcəyəm.
Hazırda da orada böyük alver gedir. Evə ehtiyacı olmayan adamara müxtəlif yollarla verdikləri (hətta mənzil sahibi etmək üçün rəsmi qaydada boşatdırdıqları şəxslər də var) evlər bu gün satılır və əldə olunan məbləğ “Qaçqınkom”la həmin mənzillərin sabiq sahibləri arasında bölüşdürülür və mənzillər dəllalar vasitəsi ilə yeni sahiblərin adına keçirilir(bu əməliyyatın qiyməti 5 min AZN-dir).
Qaçqın və köçkünlərə yardım etmək üçün yaradılan bir komitə hətta onların (yəni, biz qaçqın və köçkünlərin) kəfən puluna da göz dikdi. “Qaçqınkom”un fəaliyyəti vicdanla, qanuni şəkildə araşdırılsa, komitə əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki ilk növbədə dövlət əmlakını dağıdırlar, ikinci növbədə də xalqın haqqını yeyirlər. Özü də bunu müharibə şəraitində olan bir ölkədə, qaçqın və köçkün həyatı yaşayan insanlara qarşı edirlər, düşünürəm ki, bundan ağır cinayət ola bilməz.
Bütün bu əhvalatda ən qəribə olan bilirsiniz nədir? Biz -10 nəfərdən ibarət olan 3 ailə 1 ədəd dörd otaqlı mənzilə köçməkdən imtina edəndə bizə dedilər ki, bəs bu vaxta qədər bir otaqlı mənzildə necə yaşamısınız? Sanki kefimizdən bu cür darısqallığa sığınmışıq. Əlacımız olmayıb, yaşamışıq.Tək biz yaşamamışıq ki, bizimlə birgə yurd-yuvasından didərgin düşmüş soydaşlarımız da eyni şəraitdə yaşayıb bütün bu illər. Necə olur ki, onlara ailə üzvlərinin sayına uyğun mənzillər verilir, bizə isə bir mənzilə sığınmaq təklif edilir?
Artıq qeyd etdiyim kimi, yerlimiz olan əksər qonşularımızın Füzuli rayonunun Horadiz qəsəbəsindəki mənzilləri və şəxsi evləri bərpa və təmir olunaraq özlərinə təhvil verilib. Buna baxmayaraq, hamısı ailə üzvlərinin sayına görə mənzillərlə əmin edilib. Mənim isə Horadiz qəsəbəsində 17 kv. metr sahəsi olan bir otaqlı mənzilim var. Necə olur ki, 5 otaqlı evi olanlara Bakıda mənzil verilir, mənə isə deyilir ki, Horadiz qəsəbəsində evin var, get orada yaşa? Mən də cavbında deyirəm ki, nə vaxt ki, Ali Baş Komandan müharibənin bitdiyini elan edəcək, sərhədlər çəkilib sülh sazişi imzalanacaq, Horadiz qəsəbəsində mənzillərlə, evlərlə təmin edilənlər oraya qayıdacaq, mən də onlarla birgə qayıdacağam doğma yurduma. Ondan sonra Əli Həsənov istədiyini edər, burada qalan mənzillərimizi satıb bir az da varlanar.
Xahiş edirəm ki, hökumət səviyyəsində bu özbaşınalığa son qoyulsun, haqqımız özümüzə qaytarılsın, bizi də layiq olduğumuz mənzillərlə təmin etsinlər, cinayətkarlar isə haqlı cəzasını alsınlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar