Xəbər lenti
Seymur Baycanla QHT-çilərin davası
Mətanət Əzizova: “Sən bu “qeheteşniklər”dən maaş alırdın, QHT sektorunda bilinməyən sektorun eksperti idin”
Seymur Baycan: “Qeheteşnikin şəxsi fikri, zövqü yoxdur. Onun zövqünü, şəxsi fikrini donorlar, fond rəhbərləri, səfirlik işçiləri müəyyən edir”
Hazırda Praqada yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova yazar Seymur Baycanın QHT sektoru ilə bağlı “Qeheteşnik əxlaqı” adlı yazısına etiraz edib.
Manevr.az xəbər verir ki, M.Əzizova sosial şəbəkədəki statusunda yazıb ki, S.Baycanın sözügedən yazısına çox hirslənib: “Daxili dialoqda - a bala, sən nə bilirsən layihə nədir, donor kimdir, sən deyildin layihələrdə iştirak edən? Sən deyildin tədbirlərdə sülhdən, münaqişələrdən çıxış edən, sən bu “qhtşnik”lərdən maaş alırdın, QHT sektorunda bilinməyən sektorun eksperti idin. Çıxışların, təkliflərin, qucaqlaşmaların, yeni layihə, yeni QHT axtarmaların… Bəs, nə oldu sana, nə oldu böylə?”
Bununla yanaşı, M.Əzizova S.Baycanın yazısındakı kiçik həqiqətlərə də toxunub. Yazıb ki, əsas həqiqət bəzilərinin həqiqətən də QHT-yə pula görə gəlməsidir: “Həqiqət odur ki, hansı əl bunlara pul uzatsa, o əl öpüləcək. Onlar uçün dəyər yoxdur. Günorta insan alverinə qarşı mübarizə aparıb, axşam dostlar arasında qurbana “fahişə” deyən “qhtşnik”lərimiz var. KİV-də Avropa dəyərlərindən danışıb, evdə Avropanı əxlaqsız adlandıran aktivistlərimiz var. Ailə zorakılığına qarşı layihələr keçirir, özü isə həyat yoldaşını it kimi çırpır. Yüzlərlə nümunə yazmaq olar. Ona görə də, Seymuru söyməkdən vaz keçdim. Həqiqət odur ki, bizim “qhtşnik”lər arasında mənəvi əxlaqsız, zir-zibil çoxdur, amma neyləyə bilərik”.
S.Baycan sözügedən yazısında QHT sektorunun nümayəndələri haqqında sərt fikirlər səsləndirib: “Qeheteşnikin şəxsi fikri, zövqü yoxdur. Onun zövqünü, şəxsi fikrini donorlar, fond rəhbərləri, səfirlik işçiləri müəyyən edir. Qeheteşnik heç bir dəyərə hörmət etməməli, hər bir dəyərdən öz xeyrinə istifadə etməyi, öz simasında bir neçə zidd anlayışları birləşdirməyi, şəraitə uyğun olaraq müxtəlif təbəqələrə mənsub adamların hörmətini qazanmağı bacarmalıdır. Məsələn, seminarlarda, konfranslarda sülhdən, barışıqdan danışdığı halda lazım gəldiyi anda müharibə tərəfdarına, alovlu vətənpərvərə çevrilməlidir. Başqalarının problemləri, göz yaşları onu bir qram da narahat etməməli, heç bir halda hissə qapılmamalı, tam tərsinə, gəzməsi, yeyib-içməsi, kef çəkməsi, ümumiyyətlə uğur qazanması üçün vasitə olmalıdır. Əsl qeheteşnik öz yaltaqlığını, simasızlığını mədəniyyət, tərbiyə, nümunəvi davranış, tolerantlıq, işgüzarlıq kimi təqdim etməklə bərabər, bir az mövqeyi olan, sözünü deyən, prinspial adamlara da mədəniyyətsiz, tərbiyəsiz damğasını vurmağı, onları gözdən salmağı bacarmalıdır. Görünür biz burda bacarmaq sözündən bir neçə dəfə istifadə etməli olacağıq. Ona görə ki, qeheteşniklərin həyatı başdan-başa bacarmaqdan ibarətdir. İncəsənətə heç bir adiyyatı olmadığı halda, özünü incəsənət vurğunu kimi göstərməyi bacarmaq... İnsana heç bir dəyər vermədiyi halda, özünü insanpərvər kimi göstərməyi bacarmaq. Savadı olmadığı halda, özünü savadlı kimi göstərməyi bacarmaq. Dadsız yeməkləri fövqəladə dadlı yemək kimi yeməyi bacarmaq. Kədərlənmədən kədərlənməyi, sevinmədən sevinməyi bacarmaq. Bacarmaq, bacarmaq, yenə də bacarmaq!
Bilənlər bilir, bilməyənlər bilsin ki, Avropada, həmçinin Amerikada şəxsi tanışlıq çox böyük gücə malik bir vasitədir. Bu şəxsi tanışlıq sayəsində xeyli "avara", heç bir bəşəri, insani dəyərə hörmət etməyən, fürsətcil adamlar müxtəlif fondlarda, səfirliklərdə çalışmaqdadırlar. Bu adamlar özlərini Qafqazda fövqəladə bir zat kimi aparır, səmərəsiz, mənasız seminarlar, konfranslar təşkil edib pullarını qazanıb, keflərini çəkirlər. Fondların, təşkilatların Qafqazda fəaliyyət göstərən nümayəndələrinin, səfirlik işçilərinin arasında prinsipial, dəyərlərə hörmət edən, işinə vicdanla yanaşan adamlara rast gəlmək çətin məsələdir. Fəaliyyət göstərdikləri məkanda demokratiyanın və bəşəri dəyərlərin taleyi onları bir qram da narahat etmir. Bu adamlardan bir az prinsipiallıq tələb edənlər avtomatik olaraq, qara siyahıya düşürlər. Çünki onlara ümumiyyətlə, problem lazım deyil. Necə yaşamaq, necə işləmək lazım olduğunu özləri çox yaxşı bilirlər. Bu gəlmə fürsətcillərlə yerli fürsətcillər, gəlmə canavarlarla yerli canavarlar birləşərək demokratiya, insan haqları adına milyonların altından girib, üstündən çıxdılar. Nəticədə işləri əslində, demokratiyanı dəstəkləmək, bəşəri dəyərləri yaymaq olan bu adamlar, onların fəaliyyət göstərdikləri fondlar, təşkilatlar öz "fəaliyyətləri" ilə demokratiyanı və bəşəri dəyərləri də gözdən saldılar”. (Musavat.com)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar