Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyevin Ağcabədi səfəri - FOTOLAR (YENİLƏNDİ)

Tarix: 29-11-2017 14:17     Baxış: 5984 A- / A+
İlham Əliyevin Ağcabədi səfəri


"Azərbaycan iqtisadiyyatı bu gün güclü iqtisadiyyatdır və bizim qarşımızda heç bir maliyyə problemimiz yoxdur. Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək".

Bunu Prezident İlham Əliyev noyabrın 28-də Ağcabədi Olimpiya İdman Kompleksinin açılış mərasimində bildirib.
Prezident rayonda aparılan tikinti və təmir işlərinə toxunub:
"Növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur. Çoxmənzilli yaşayış binalarının təmiri məsələsi də gündəlikdədir, abadlıq işlərinə əlavə vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi inkişafı əminəm ki, bundan sonra da uğurla təmin ediləcək".
Dövlət başçısı bildirib ki, Ağcabədidə kənd təsərrüfatı ilə bağlı yaxşı nəticələr var:
"Aqroparklar salınır, böyük taxılçılıq təsərrüfatları yaradılır. Bilirsiniz ki, mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl iri fermer təsərrüfatlarının yaradılması haqqında qərar verildi və ilk belə təsərrüfat - “Qarabağ Taxıl” müəssisəsi Ağcabədidə yaradılıb. Mən o müəssisənin fəaliyyəti ilə tanış olmuşam. Müəssisə öz fəaliyyətini genişləndirir və heyvandarlıq, bitkiçilik sahələrində də böyük imkanlar var. Ağcabədi heyvandarlıq sahəsində ənənəvi mərkəzlərdən biridir, bitkiçiliyə gəldikdə isə, pambıqçılığın da şöhrəti Ağcabədidə bərpa edilir. Sovet vaxtında Ağcabədi iri pambıqçılıq rayonlarından biri idi. İndi biz bu statusu qaytarırıq. Builki nəticələr də yaxşıdır, ağcabədililər müəyyən edilmiş hədəfə çatıblar. Əminəm ki, növbəti illərdə əlavə tədbirlərin, o cümlədən meliorativ tədbirlərin görülməsi nəticəsində məhsuldarlıq daha da artmalıdır və artacaq. Biz növbəti illərdə, ilk növbədə, məhsuldarlığa fikir verməliyik. Bunun üçün bütün tədbirlər vaxtında görülməlidir ki, məhsuldarlıq artsın".
"Biz Ağcabədi rayonunun timsalında ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını görürük. Həm sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı, emal sənayesi sahələrində nəticələr göz qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Həm iqtisadi sahədə, xarici siyasət sahəsində, hərbi sahədə çox böyük nailiyyətlərimiz var. İlin sonunda biz belə gözəl idman mərkəzinin açılışını da qeyd edirik. Bu gün açılışda idmançılar da iştirak edirlər, ilk növbədə, onları təbrik edirəm və tövsiyə edirəm ki, hər bir insan idmanla müntəzəm surətdə məşğul olsun", - deyə İlham Əliyev əlavə edib.
***
Noyabrın 28-də Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyevin yürütdüyü sənayeləşmə siyasətinə əsasən, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlətimizin başçısının tapşırığına uyğun olaraq, ölkəmizdə dövlətin güzəştli kreditləri hesabına ən müasir texnologiya və avadanlıqlar əsasında çörək istehsalı müəssisələrinin yaradılmasıdır. Beynəlxalq standartlara cavab verən qabaqcıl texnologiyaların tətbiqi çörəkbişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, keyfiyyətin yüksəlməsinə və çeşidin artmasına imkan yaradır. Son illər dövlətin güzəştli kreditləri hesabına müasir çörək zavodlarının yaradılması onu deməyə əsas verir ki, ölkədə çörəkbişirmə sənayesi dünyanın ən son texnologiyaları əsasında yenidən qurulur. Bu müəssisələrdə istehsal edilən məhsullar keyfiyyəti ilə seçilir, tez bir zamanda istehlakçıların rəğbətini qazanır. Bu layihələr ölkəmizin iqtisadi potensialını artırmaq, bölgələrdə mövcud sosial-iqtisadi infrastrukturu inkişaf etdirməklə yanaşı, həm də yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayır. Ağcabədidə yeni çörək və un məmulatları zavodu da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 113,3 milyon manat, gündəlik istehsal gücü 827,6 ton olan 30 çörək zavodunun tikintisinə, müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 54 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən gündəlik istehsal gücü 443,6 ton olan 13-ü Bakının qəsəbələrində, gündəlik istehsal gücü 384 ton olan 17-si isə regionlardadır. Regionlarda yaradılan və müasir avadanlıqla təchiz olunan çörək zavodlarından biri də “Cahidoğlu” MMC-nin Ağcabədi çörək və un məmulatları zavodudur.
Bildirildi ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir.
Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesinə və hazır məhsullara baxdı.
Diqqətə çatdırıldı ki, zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Belə ki, xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək anbara boşaldılır. Bundan sonra istehsal prosesində xəmirin mayalanması üçün süd emalından alınan pendir suyundan istifadə olunur ki, bu da istehsal edilən çörək və müxtəlif çeşidli un məmulatlarının daha dadlı və keyfiyyətli olmasına, eləcə də məhsulların saxlanma müddətinin artmasına şərait yaradır. Xəmirin mayalandırılmasında istifadə olunan pendir suyunun xammal bazasının yaradılması üçün gələcəkdə süd emalı sahəsinin təşkili nəzərdə tutulur. İstehsal olunan məhsulların istehlakçılara çatdırılması üçün kifayət qədər nəqliyyat vasitələri alınıb. Zavodda 50-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 400 manat təşkil edir.
Sonda xatirə şəkli çəkdirildi.
***
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Bu gün Azərbaycan dünyada həm də peşəkar ordusu olan ölkə kimi tanınır. Şübhəsiz ki, bu cür ordusu olan xalqın müstəqilliyi də əbədi və sarsılmazdır. Azərbaycanda ordu quruculuğu istiqamətində işlər ardıcıl surətdə aparılmaqla yanaşı, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Milli Ordunun formalaşması və bu sahədə inkişafın təməlinin qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Bu tədbirlər Ordumuzun gücünü daha da artırıb. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən amillər sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Ordu quruculuğu istiqamətində həyata keçirilən layihələr arasında yeni hərbi hissələrin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması mühüm yer tutur. Belə hərbi hissələrdən biri də Ağcabədi rayonunda yaradılan “N” saylı hərbi hissədir.
Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. Qərargah binasında hərbi hissənin döyüş bayrağının yerləşdiyi xüsusi guşə yaradılıb, idarə heyətinin xidməti otaqları, konfrans zalı və digər zəruri otaqlar istifadəyə verilib. Qərargah binasında komandanlığın yüksək səviyyədə çalışması və istirahəti üçün bütün zəruri şərait mövcuddur.
Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında oldu, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxdı.
Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. Hərbi hissənin ərazisində çörək sexi, hamam-camaşırxana-istixana kompleksi, texniki nəzarət və yanacaqdoldurma məntəqələri, avtomobil parkı və idman şəhərciyi yaradılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verildi. Bildirildi ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.
Azərbaycanda son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, son illər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib və haqlı olaraq, dünyanın ən güclü ordularından biri kimi tanınır. Son dövrlərdə Ordumuzun əldə etdiyi qələbələr, qazandığı uğur və nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
***
Noyabrın 28-də Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arealda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Buna dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya İdman kompleksləri, idman qurğuları və stadionlar tikilir. Belə nəhəng idman qurğularından biri də Ağcabədidə inşa olunub. Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkə idmançılarının ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir.
Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və fitnes zalları, yay kafesi, mağaza, bilet satışı kassası var. Binada, həmçinin məşq zalları, VIP loja, nəzarətçilər, məşqçilər, hakimlər üçün otaqlar, dopinq-nəzarət, soyunub-geyinmə və digər zəruri otaqlar yaradılıb. Baş plana əsasən, kompleksdə uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.
Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Üçmərtəbəli 50 yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada üç birnəfərlik, iki ikinəfərlik, iki VIP, 13 üçnəfərlik otaqlar və 95 yerlik konfrans zalı mövcuddur.
Qeyd olundu ki, buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Zalda üzgüçülük yarışlarını 100-dən çox tamaşaçı izləyə biləcək. Binada restoran da fəaliyyət göstərəcək. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Ətrafda geniş yaşıllıq zolaqları salınıb, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşdü.
Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli Cəfərov ölkəmizdə idmanın inkişafına, o cümlədən rayona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına ağcabədililərin minnətdarlığını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
***
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu baxımdan vacib əhəmiyyət daşıyır. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramından da görünür. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan körpələr evi-uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə edir.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək. Balacaların qidalanması və istirahəti üçün də burada gözəl şərait yaradılıb. Bina bütün zəruri sosial infrastrukturla tam təchiz edilib. Burada təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları da quraşdırılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacalar üçün maraqlı attraksionlar quraşdırılıb, yaşıllıq zolağı salınıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Prezidenti muzeydə yaradılan şəraitlə tanış oldu.
Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirəlayiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir.
Azərbaycanın bölgələrindəki Tarix-Diyarşünaslıq muzeylərinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə muzeylərdə həm ölkəmizin, həm də müxtəlif rayonların tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanır. Azərbaycan tarixinin əsrlərin dərinliklərindən qaynaqlanan izlərini yaşadan belə muzeylərin başlıca üstünlüklərindən biri də ölkəmizin bölgələrinə xas mədəniyyət elementlərinin qorunub saxlanması ilə bağlıdır. Prezident İlham Əliyev qədim və zəngin mədəniyyət abidələrimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasına xüsusi diqqət yetirir. Bu, bir daha Azərbaycan dövlətinin milli mənəvi dəyərlərimizə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Ağcabədidəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması da bu həqiqəti təsdiq edən amillərdən biridir.
Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Əsaslı surətdə yenidən qurulan ikimərtəbəli binanın birinci mərtəbəsində fond otaqları, dəftərxana və digər inzibati otaqlar var. Burada, həmçinin 60 yerlik konfrans zalı da yaradılıb. İkinci mərtəbə isə ekspozisiya zallarından ibarətdir. Ekspozisiya zallarında “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü” və “Görkəmli şəxsiyyətlər” adlı altı bölmə var. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Diqqətə çatdırıldı ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır. Bütövlükdə şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini bir daha nümayiş etdirir.
***
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də müvafiq tədbirlər görülür. Paytaxtımızla yanaşı, ölkənin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir. Azərbaycan bayrağı dövlətimizin suverenliyinin rəmzlərindən biri, milli mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür. Məhz ölkəmizdə dövlət bayrağına ehtiram bəslənməsi ilə bağlı aparılan məqsədyönlü və kompleks işlərin məntiqi nəticəsi olaraq indi Azərbaycanın üçrəngli bayrağı müxtəlif mötəbər beynəlxalq tədbirlərdə, o cümlədən ən nüfuzlu idman yarışlarında yüksəklərdə dalğalanır. Bu da Azərbaycan dövlətinin gücünün və durmadan artan nüfuzunun əyani göstəricisidir. Təqdirəlayiq haldır ki, hər bir azərbaycanlı Vətənimizin bayrağının əbədiliyi və daim ucalarda dalğalanması naminə əlindən gələni əsirgəmir. Ağcabədi rayonunda bir il ərzində tikilmiş bayraq muzeyi də dövlət bayrağımızın tarixi haqqında dolğun məlumatlarla zəngindir.
Dövlətimizin başçısı muzeydə yaradılan şəraitlə tanış oldu.
Muzeyin sərgi zalında ümumilikdə üç bölmə yaradılıb. Burada Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur.
Muzeyin ikimərtəbəli binasında akt və konfrans zalları, elektron kitabxana və digər inzibati otaqlar yaradılıb.
Yeni muzeyin yerləşdiyi Bayraq Meydanı da gözəlliyi ilə diqqəti cəlb edir. Son vaxtlar meydan genişləndirilib, burada əsaslı yenidənqurma işləri görülüb. Meydanda hündürlüyü 65 metr olan bayraq dirəyinin postament hissəsi abadlaşdırılıb, ətrafda yaşıllıq zolaqları salınıb. Burada quraşdırılan yeni işıqlandırma sistemi və fəvvarə də ərazinin gözəlliyini daha da artırıb.
***
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, son dövrlərdə Ağcabədidə abadlıq-quruculuq işləri geniş vüsət alıb.

İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri
İlham Əliyevin Ağcabədi səfəri


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar