Xəbər lenti
Rusiyanın ermənilərlə bağlı 105 il öncəki – Planı
Oktyabrın 18-i Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunmasının 26-cı ildönümüdür.
Politoloq Asif Mehdiyev Axar.az-a müsahibəsində bu tarixi hadisə ilə bağlı fikirlərini bölüşüb və bəzi məqamlara işıq tutub.
- Asif müəllim, müstəqilliyi əldə etmək asandırmı?
- Kim düşünürsə ki, müstəqilliyi qazanmaq asandır, yanılır. Yer üzündə 2 mindən artıq xalq var, lakin onlardan təqribən 180-nin müstəqil dövləti var. Bu dövlətlərin 193-ü BMT-nin üzvüdür və BMT binasının qarşısında bayrağı dalğalanır. Fəxr edə bilərik ki, bu bayraqlardan biri də bizim aylı-ulduzlu üçrəngli bayrağımızdır.
Azərbaycan xalqının həmişə öz dövləti olub. Bu da həqiqətdir ki, dövlətimiz müxtəlif dövrlərdə bəzən parçalanıb, bəzən də güclü dövlətlər tərəfindən işğala məruz qalıb. Dövlətçilik tariximizin XIX-XX əsr dövrü baş vermiş hadisələrə görə həm fəxr ediləsi, həm də qanlı hadisələrlə yaddaşlarda qalıb. Məsələn, XVIII əsrin ortalarından başlayaraq Azərbaycanın feodal dövlətləri olan xanlıqlar təşəkkül tapmağa başlayır. Lakin XIX əsrin birinci yarısında bu dövlətlərin heç biri Rusiya İmperiyası qarşısında müstəqilliyini qoruyub saxlaya bilmir, işğal olunur və ən nəhayətdə Azərbaycan torpaqları Rusiya və İran arasında bölüşdürülür. Çox keçmir və tarix üçün elə də böyük bir vaxt olmayan bir əsr keçir, Rusiya imperiyası çökür. Azərbaycan xalqı itirilmiş dövlət müstəqilliyini XX əsrdə ilk dəfə bərpa edərək birinci respublikanı qurur.
Lakin bu, sadə bir hadisə deyildi. Altı il əvvələ dönsək, bunun adi bir hadisə olmadığını görərik. Deməli, 1912-ci ildə Rusiya İmperiyasının Xarici İşlər naziri Sazonov Nazirlər Kabinetindəki məruzəsində “Rusiyanın məqsədi, nəyin bahasına olursa-olsun, türklər, kürdlər və bizim tatarlar (azərbaycanlılar) arasında olan səddi – Ermənistanı yaratmaqdır”, - söyləməklə ermənilərlə, bizimlə bağlı plan və məqsədlərini açıqlayıb. İndi təsəvvür edin, 1912-ci ildə heç kim Rusiya İmperiyasının beş ildən sonra dağılacağını təsəvvür belə edə bilməzdi. Amma ölkənin Xarici İşlər naziri fikirləşir ki, birdən ölkə parçalanarsa, elə etmək lazımdır ki, türk dünyasının bir-biri ilə coğrafi əlaqəsi kəsilsin. Bax, belə bir çətin zamanda Azərbaycan xalqı XX əsrdə birinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi. Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti o dövr üçün bir ilkə də imza ataraq qadınlara da seçib-seçilmək hüququ verdi. Bu həm də müsəlman şərqində ilk demokratik, parlamentli respublika idi.
- Amma bu, çox da uzun sürmədi.
- Elədir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Sovet Rusiyası dövlətimizi işğal etdi. Bunun başqa adı yoxdur. Bu, işğal idi. Bildiyiniz kimi, SSRİ-nin tərkibində olan respublikaların formal da olsa XİN-i və sərhədləri var idi. Diqqətinizə bir məqamı çatdırmaq istəyirəm. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin mübahisəsiz ərazisi 97 min kvadratkilometr idi. Mübahisəli ərazilərlə birlikdə isə 114 min kvadratkilometrə yaxın ərazimiz var idi. Təsəvvür edin, Ermənistan KP MK-nın katibi Arutyunov 1945-ci ilin noyabrında ÜİK(b)P MK-nin rəhbərliyi qarşısında məsələ qaldırır ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir. Əsas üçün onu bildirir ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycandan çox, Ermənistana bağlıdır. Bu tələb baxılmaq üçün Azərbaycan rəhbərliyinə göndərilir. Azərbaycan rəhbərliyi isə bu tələb qarşısında əks tələblə çıxış edir ki, “DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır”. Bu cavabdan sonra məsələnin arxivə verilməsi qərara alınır. İndi baxın, 1991-ci ildə SSRİ dağılanda ölkənin ərazisi 86,6 min kvadratkilometr idi. Baxmayaraq ki, 70 illik sovet dönəmində müəyyən uğurlarımız da oldu, lakin Stalin idarəçiliyi illərində milli ziyalılarımızın mütləq əksəriyyəti fiziki cəhətdən məhv edildi, həm də torpaq itkisi ilə üzləşdik. Beləcə 70 illik ikinci respublika dövründə böyük itkilərə məruz qaldıq.
- Heç ikinci dəfə də müstəqilliyimizi əldə etmək asan olmadı.
- Əlbəttə, 1991-ci ildə müstəqilliyə aparan yol elə də asan olmayıb. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, bu xalqı yerində oturtmaq üçün 1990-cı ildə 20 Yanvar hadisəsi törədildi. Bu gün də həllini tapmayan Dağlıq Qarabağ problemi yaradıldı. Bu, SSRİ rəhbərliyinin proyekti idi. Lakin xalqımız bu ağır faciələrdən sonra toparlana bildi. Görün vəziyyət nə yerdə idi ki, bu xalqa öz silahlı qüvvələrini yaratmağa belə imkan vermirdilər. Deyirdilər ki, bu silahlı qüvvələri Milli Ordu adlandırmaq olmaz. Olsa-olsa Milli Qvardiya demək olar buna. Nəhayət, xalqımız bütün bu çətinliklərə sinə gərərək 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa edərək XX əsrdə üçüncü respublikasını qurdu. SSRİ dağılandan sonra postsovet məkanında iqtisadi-siyasi vəziyyət çox pis idi. 1992-ci ildə AXC hakimiyyətə gəldi. Lakin yeni hakimiyyətin idarəetmə təcrübəsi olmadığından daxili və xarici qüvvələrin təsiri nəticəsində ölkədə siyasi böhran yarandı. Böhranı aradan qaldırmaq üçün böyük idarəetmə təcrübəsi olan və xalqın qəbul etdiyi liderə ehtiyac var idi. Bu lider Heydər Əliyev idi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi və prezident seçildi.
- Heydər Əliyev hansı mühüm addımları atdı?
- Heydər Əliyevin idarəetmə təcrübəsi öz sözünü dedi. Qısa müddət ərzində çox böyük işlər görüldü, o cümlədən qeyri-qanuni silahlı birləşmələr ləğv edildi. Ordu quruculuğu başladı, ölkədə siyasi sabitlik təmin edildi. Bunun da nəticəsində dövlətçiliyin iqtisadi əsaslarını möhkəmlətmək üçün xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Daha sonra isə hamımızın bildiyi kimi, enerji daşıyıcılarını dünya bazarlarına çıxaracaq boru kəmərləri inşa edildi. Hazırda isə enerji daşıyıcılarını dünya bazarlarına çıxaran xətlərin şaxələndirilməsi həyata keçirilir.
Oktyabrın 18-də müstəqilliyin elan olunmasının 26 ili tamam olur. Bir dövləti həyat qabiliyyətli varlığa çevirmək, onun müstəqilliyini elan etməkdən qat-qat çətindir. Bu gün tam inamla deyə bilərik ki, Azərbaycan Respublikası tarix üçün bir an olan bu zaman kəsiyində həyat qabiliyyətli bir dövlət olduğunu sübut etdi. Bu münasibətlə xalqımızı təbrik edirəm!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar