Xəbər lenti
Dünya ayağa qalxdı – İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq – Müqavilə QÜVVƏSİNİ İTİRİB
Bir müddət öncə beynəlxalq platforma olan Change.org saytında başladılan “Zəngəzuru Azərbaycana qaytarın” adlı petisiyaya səsvermə başa çatıb.
Petisiyada tarixi Azərbaycan torpağı olan Zəngəzurun da azad olunması, azərbaycanlı qaçqınların Dağlıq Qarabağ və digər rayonlarla yanaşı, bu bölgəyə də qayıdışının təmin olunması tələb olunur.
“Zəngəzuru Azərbaycana qaytarın!”
Bu petisiya Zəngəzurun tarixini, o cümlədən XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıları yenidən gündəmə gətirir.
XX əsrin ilk illəri: soyqırımı başlandı
1905-1907-ci və 1914-1920-ci illərdə erməni silahlı dəstəkləri azərbaycanlılara qarşı Zəngəzurda, Qarabağda, Şamaxıda, həmçinin, Bakıda soyqırımına başladı
Məqsəd azərbaycanlıları millət olaraq məhv etmək və “Böyük Ermənistan” xülyasını həyata keçirmək idi.
Bu qondarma xülyanı ermənilərin beyninə salanların biri də ABŞ –ın həmin vaxt prezidenti olmuş Vudro Vilson idi. “14 bənd” tezisinin müəllifi “yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamış, əvəzində Azərbaycan və Türkiyə torpaqları hesabına “Böyük Ermənistan” “yaratmışdı”. Sevr müqaviləsi baş tutmadı, lakin ermənilərin soyqırımı siyasəti ayaq tutub yeridi.
“Daşnaksütyunun diktatorluğu dönəmində (1918-1920) qeyri-erməni əhalisinə qarşı qanunsuzluqlar baş verirdi. Daşnaksütyunun “fikri” erməni torpaqlarında yaşayan azərbaycanlıları və kürdləri məhv edərək ölkəni “erməniləşdirməkdi”. İki il yarımlıq hökmranlıqları dövründə daşnaksütyun Ermənistanda yaşayan azərbaycanlıları öldürüb yağmalayaraq, kənd və qəsəbələrə od vurub yandırdılar.
1918-1919-cu illərdə daşnak hökuməti “dövlətin tələblərini yerinə yetirmədilər” bəhanəsi ilə azərbaycanlı və kürd kəndlərinin insanlarını bombaladı (həmçinin erməni kəndlərini də bombaladı). 1920-ci ildə isə ermənilər fəhlə və kəndlilərinin may qiyamının yatırdılmasından sonra daşnaksütyun “müsəlmanlar bizim düşmənimizdir” şüarı altında azərbaycanlı və kürd kəndlərini bombalayaraq sadə insanları məhv etdi.”
(A.A.Lalayan, “Kontrrevolyutsionnaya rol partii daşnaksutyun”, istoriçeskie Zapiski, N. 2, s. 101, 1928.)
Ermənilərin özləri də azərbaycanlılara qarşı soyqırımını etiraf edirlər.
T.Haçikoğlyanın Sovet Ermənistanı Qızıl Ordu atıcı diviziyasının 10-cu il dönümü münasibətli ilə Qızıl Ordu tərəfindən nəşr edilən kitabçasında belə deyilir:
“Şərəfsiz daşnak “cümhuriyyəti”nin qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə türkü məhv etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur, Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib. Əsgərlərdə yaltaqlıq, keyfiyyətsizlik, çalıb-çapmaq, başqasının hesabına yaşama, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı.
(T.Haçikoğlyan, 10 let Armyanskoy Streklovoy Divizii, s. 4-6, iz datelstvo Polit Uprav. KKA, Tiflis, 1930).
“Daşnaksütyun” partiyasının təhdidləri də dolayısı ilə soyqırımı faktlarını təsdiq edir.
Partiyanın orqanı olan “Orizon” qəzetində 1912-ci ildə nəşr edilən məqalədə deyilir: “Türk dövlətinin səlahiyyətliləri və iqtidar sahibləri bilsinlər ki, nə bir türk, nə də bir Türk dövləti bundan sonra erməni üçün heç bir dəyər daşımır. Varlıqlarını qorumaq üçün başqa yollar düşünsünlər…”
(“Orizon” N-196, 1912-ci il. Yazan K.N.Karamyan, Polojenie Zapadnıy Armyan, “Armyanskiy Vopros”i Mejdunarodnaya Diplomatiya v Poslednıy Çetverti XIX veka i naçala XX veka, s. 81, Yerevanski qosudardtennıy universitet, Erivan, 1972.)
Bu soyqırımının nəticəsi olaraq ermənilər Zəngəzuru, İrəvanı və digər tarixi Azərbaycan torpaqlarını işğal etdilər.
Zəngəzurun ermənilərə verilməsi
Erməni soyqırımı nəticəsində təkcə Zəngəzur mahalında 115 müsəlman kəndi yer üzündən silindi, yarım milyon insan həlak oldu. Bu ərazilər Osmanlı İmperiyası ilə bağlanan müqaviləyə görə, fevral inqilabından sonra yaranan Ermənistan Demokratik Respublikası ərazisinə daxil deyildi. Lakin müqaviləni tanımayan Andraniz Ozanyan bölgəni işğal etdi və qətliamlar törətdi.
Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalı idi. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.
1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Lakin bölgədə daşnaklar fəaliyyətini dayandırmadılar.
1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərəlyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
Prezident İlham Əliyev də bildirib ki, nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. “XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq… Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur”.
İrəvanın verilməsi
Bu gün ermənilərin özlərinə paytaxt etdikləri İrəvanın 1918-ci ilin 11 may-4 iyun tarixlərində imzalanan Batum müqaviləsinə əsasən onlara verildiyi tarixi faktdır.
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu barədə yazır:
“Batum danışıqlarının lap başlanğıcındaca məlum oldu ki, həqiqətən də, Osmanlı Türkiyəsi “erməni təhlükəsini” özündən uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeridir. Bununla bağlı olaraq, Batum konfransında aparılan danışıqların gedişi barədə danışıqlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Usubbəyov Zaqafqaziya seyminin sabiq üzvlərinin 27 may 1918-ci il tarixli fövqəladə iclasında məlumat verdi. Batumdan yenicə qayıdan Nəsib bəy Usubbəyov fövqəladə iclas iştirakçılarına bildirdi ki, “Türkiyə nümayəndə heyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki, buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə getməlidir”. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinəydilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda “Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin, Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaqdır. Yeri gəlmişkən, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımılarını dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaqdır”.
Bütün bunların qarşılığında ermənilər üzərlərinə öhdəliklər götürmüşdü.
1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Stepan Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü.
2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır.
3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.
4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.
5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.Lakin İrəvanı və digər əraziləri alandan sonra ermənilər öhdəliklərindən imtina etdilər və Azərbaycan torpaqlarının işğalı prosesini davam etdirdilər.
1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonradan digər ərazilərin işğalına başladı: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı.
Y. Mahmudov qeyd edir ki, ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdu, işğalçılıq siyasətini davam etdirdilər: “Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itiribdir. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.
/publika.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar