Xəbər lenti
TƏCİLİ!!! İLHAM İSMAYIL OD PÜSKÜRDÜ: Bunlar vətən xainləridir – DTX nəzərə almalıdır
Xüsusi xidmət orqanlarında agentlərin fəaliyyətini yönəldən əməliyyat işçisindən tələb olunur ki, hər hansı bir tapşırığı yerinə yetirən agenti konkret bir əməliyyatda çox yükləyəndə, yəni məlumatların əldə olunması üçün səbrsizlik edəndə, tələsik yolla informasiyanı əldə etmək tapşırığı veriləndə agent ifşa oluna bilər. Biz bunu müasir dövrümüzdə açıq görürük. Xüsusilə bəzi KİV-lərdə elə informasiyalar gedir ki, bir balaca təhlil qabiliyyəti olan şəxs aydın görür ki, bu informasiyanın əsl mənbəyi xüsusi xidmət orqanı, ya ora ilə bağlı məsul şəxs ola bilər. Mənim də sıx əməkdaşlıq etdiyim Moderator.az saytında Tahir Cəfərli adında bir şəxsin bir neçə dəfə müsahibəsini hövsələmi basıb oxuyanda hiss edirdim ki, adam son vaxtlar tez-tez işlədilən “beşinci kalon” un çoxsaylı nümayəndələrindən biridir və diqqət yetirməyə dəyməz. Amma, son müsahibə “agent”in yüklənməsinin bariz nümunəsi təsirini bağışladı. Oktyabr İnqilabının 100 illiyi yaxınlaşdıqca Azərbaycanın müstəqilliyini qəbul etməyən, 13-cü Qızıl Ordunu Yalamada qarşılamağa hazır olanların başında durmağa hazır olanlar özlərini büruzə verməkdən belə çəkinmirlər. Tahir Cəfərli kimdir, nəçidir.., umrumda deyil. Amma, son müsahibəsində bütövlükdə Azərbaycan xalqı, onun tarixi şəxsləri təhqir olunub, Qarabağ bölgəsinin adamlarını ittiham edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmmədəmin Rəsulzadəni təhqir edərək” bir saatlıq xəlifə” adlandırıb.
T.Cəfərli adlı bu adamı bu təhqirlərə görə çox güman ki, məhkəməyə vermək barəsində şəxsən tərəfimdən konkret addımlar atılacaq, amma bəzi sərsəmləmələrə indidən cavab verməyi məqsədəuyğun hesab edirəm.
Tahir Cəfərlinin dediklərini olduğu kimi verməyə məcburam. Bu adam deyir:
”Başlayaq Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə bağlı məsələdən. İndiyədək tariximiz düzgün yazılmadığından bu işğalın səbəblərini anlamırıq. Əvvəla, unutmayaq ki, o zaman Azərbaycan xanlıqları bir-birini qırırdılar. Qarabağ xanı İbrahim xanın satqınlığı nəticəsində Azərbaycanın qüdrətli şahı Qacar öldürüldü. Qacar öldürüləndən sonra isə Qarabağ xanının vəziri Molla Pənah Vaqifə II Yekaterina qızıl əsasını hədiyyə etdi. Bütün bunlar xanlıqların bir mərkəzə tabe olmamalarının, ölkədə qarşıdurma yaratmalarının nəticəsidir ki, ruslar Qafqazı işğal etdilər”.
Obyektivlik deyib, ondan çox uzaq olan bu “analitik”ə tarixi kobud şəkildə təhrif edir. Birincisi Qacar Azərbaycan şahı deyildi, İran şahı idi və onun öldürülməsinin İbrahim xanla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, Qacar öz adamları tərəfindən qətlə yetirilib. Qacar öldürüləndə İbrahim xan Balakəndə idi. Bu barədə tarixçi dostlarım bu üzdəniraq adama daha müfəssəl cavab verəcəklər. İbrahim xanı satqınlıqda itiham etmək, ən azı tərbiyəsizlikdir. Vaqifin əsasının da (yeri gəlmişkən, əsa Cəfərlinin dediyi kimi “qızıl” olmayıb, qızıl suyuna çəkilib) Qacarın öldürülməsinə Qarabağın Rusiya tərəfindən işğalına aidiyyatı yoxdur. Rusiyanın bütüb cənubi Qafqazı işğal etməyinin səbəbini bu adam bu qədər bəsit izah edir. Məqsəd məlumdur-rusa, Rusiyaya yaltaqlanmaq, tapşırığı yerinə yetirmək.
T.Cəfərli davam edir:” Ermənilərin Qarabağa köçürülməsində də günahkar yalnız Rusiya deyildi. Buna əsas səbəb Qarabağ xanlarının ……. oldu. A.S.Qriboyedov I Nikolayın tapşırığı ilə İrandan erməniləri Rostov ətrafında salınan Naxçivani qəsəbəsinə köçürtməli idi. O, birinci partiyanı köçürə bildi. İkinci partiyanı köçürdəndə Hərbi Qafqaz yolunu qar basdı. Odur ki, ermənilər köçləri ilə Qarabağda qaldılar. 5-6 aydan sonra yol açılanda Qarabağdan erməniləri Rostov ətrafına köçürtmək istəyən A.S. Qriboyedovun adamlarının qarşısına Qarabağ bəyləri silahla çıxaraq ermənilərin köçünün qarşısını kəsdilər. A.S. Qriboyedovun bu haqda I Nikolaya yazdığı məktub bizim bəylərin biqeyrətliyini göstərən sənəddir. 1828-ci ildə erməni köçünün qabağını alan və Qarabağa yerləşdirən …. Qarabağ bəyləri olublar”.
Nə qədər Qarabağa, Azərbaycana düşmən, Rusiyaya, erməniyə məhəbbət mövqeyində olmaq lazımdır ki, bu sözləri deyə biləsən. Guya Qriboyedoun adamlarının qabağını silahla kəsib deyiblər ki, amandır qoy erməni Qarabağda qalsın. Əvvələn, Qarabağı işğal edən Rusiya Ordusu necə ola bilər ki, imperiya qüvvələrinin qarşısını ermənidən ötrü silahala kəsən iki-üç silahlı bəyin qarşısında təslim olub geri çəkilr, imperatora da məktub yazır ki, əlacsız qalmışıq, bizi bəylər öldürür, qoy erməni Qarabağda qalsın. Gülməli yox, səfehlikdir. Bəhanəyə bax, Hərbi Qafqaz yolunu qar basmışdı, ona görə ermənini Rostova yox Qarabağa köçürdük. Bu adam onu da bilmir ki, 1811-ci ildən Hərbi- Gürcüstan yolu bütün il boyu ekspress-poçta xidmətinə keçmişdi və at, araba üçün 5 ay dayanmaq problemi yox idi. Qriboyedovun Rusiya imperatoruna tamam başqa məzmunda , erməni əleyhinə olan məktubları var və ümumiyyətlə, hansısa hava şəraiti imperiya planına təsir edə bilməzdi. Hər kəlməsində Rusiyanı sudan quru çıxarmağa çalışan, erməni Şaumyana rəğbət bəsləyən bu bolşevik tör-töküntüsü, həddini aşıb, bizim babalarımızı, konkret olaraq öz babalarımı da nəzərdə tuturam, təhqir etməsinin vətənə xəyanətdən başqa adı yoxdur.
Rusiyanın Azərbaycanı işğal etməsinə baxın bu “analitik” necə sevinir:
”Ümumiyyətlə, gerçəkliyə baxsaq, o dövrdəki Azərbaycan xanları arasında müsbət şəxsiyyət göstərmək çox çətindir. Arxivləri təhlil etsəniz, xanlarımızın yalnız naqisliklərinin üstünü açarsız. Onlar zəhmətkeş xalqa həqiqətən zülm edirdilər. Yaxşı olar ki, susaq… Ruslar Azərbaycana girəndən sonra xalqımız rahat nəfəs aldı”
Yaxşı olardı ki, həqiqətən Tahir Cəfərli susaydı. Azərbaycanın bütün xanlarını Rus mujikinin mədəniyyətinə qurban verən bu adamcığaz sussa yaxşıdır. Cavad xan kimi tariximizdə Rusiya imperiyasına qarşı müharibə edən şəxsiyyəti Kuzmanın sapoqlarına qurban verməyin bir adı var:-DÜŞMƏNÇİLİK!
Azərbaycanın mədəniyyətini, dövlətçiliyini yalnız Rusiya amili ilə bağlayan bu adam, tarixi şəraiti deyil, rus amilini önə çəkərək bizim Rusiyaya borclu olduğumuzu da unutmur. Yadınızdadırsa, yaxın keçmişdə eyni ilə deputat Arif Rəhimzadə də bu mövqedən çıxış edib bu günkü dövlətçiliyimizi rusların yaratdığını demişdi. Məntiqləri də bu idi ki, niyə cənubdakı soydaşlarımız da dövlət qurmayıblar. Tahir Cəfərli də eyni ilə bu mövqeni söyləyir. Tahir Cəfərlidən soruşmaq lazımdır ki, sizlərin dediyi məntiqə görə, çardan sonra bütün xalqlar dövlət qura bilərdilər. Elə isə niyə Rusiyanın tərkibində olan tatarlar, çuvaşlar, başqırdlar, Qafqazın digər xalqları da 1918-ci ildə bizim kimi müstəqil dövlətlər qurmadılar? Boş məntiqinizlə Rusiyaya xidmətinizi nə qədər istəyirsiniz bağırın. Belə deyil!
Cəfərli cəfəngiyyatını davam etdirir:
“İrəvanın Ermənistanın paytaxtı olması fərmanını ruslar verməyib, bir saatlıq xəlifə kimi M.Ə.Rəsulzadəni “prezident” edib, ona qol çəkdirən Osmanlı tərəfi olub. Zəngəzuru da verən ruslar yox, Azərbaycanın xalqlar dostluğuna inanan rəhbərləri olub. Allah M.Bağırova rəhmət eləsin, bunu edənləri xalq düşməni edərək güllələtdirib. Düz iş görüb…”
Sən kim olursan da, Azərbaycan tarixinin şərəfli səhifəsini yazan şəxsi- M.Ə.Rəsulzadəni təhqir edirsən?. Bu gün siyasi mənsubiyyətindən asılı olmayaraq-dövlət başçısından tutmuş, müxalifət nümayəndəsinə qədər Şərqdə ilk demokratik dövlətin yaradılması ilə fəxr etdiyimiz bir zamanda, onun yaradıcısını təhqir etməyi sənə Zyuqanov tapşırıb, FTX, yoxsa şəxsən Putin?. Cəllad Stalinin, başkəsəni Mircəfər Bağırova – yüzminlərlə soydaşımızı repressiya edib, öldürən bir qatilə, Cavid, Müşfiq və başqa yazıçılarımızı, mədəniyyət xadimlərini güllətdirməyinə haqq qazandırıb, ona “Allah rəhmət eləsin” deyən adam birmənalı olaraq Azərbaycan Respublikasının düşmənidir.
Sayıqlamalara baxın: “Azərbaycanın qeyrətli oğlu Mircəfər Bağırov olmasaydı, indi Azərbaycan yox idi.” Rus-sovet imperiyasına bu cür xidmət göstərən şəxslərin əlinə səlahiyyət keçsə bilin ki, sabah Rusiya ilə müqavilə bağlayıb Sibirin Kolımasını icarəyə götürər və bizim hamımızı Sibirə sürgün edər. Perspektiv vətən xainlərini DTX nəzərə almalıdır.
Bu adam Ermənistanın 1948-ci ildə Azərbaycan türklərinin deportasiya edilməsini Moskvaya aid etmir, Mikoyanı günahlandırır. Bütöv bir siyasi repressiyanı bir şəxsin boynuna atıb, Ermənistanı, Moskvanı günahsız hesab etmək.., erməni düşmənçiliyinə bundan artıq kim bəraət verə bilər?
20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda şərəfli bir səhifəsidir. T.Cəfərlinin 20 Yanvar haqqında dedikləri:
”Qorbaçov kim idi? Qərbin, ABŞ-ın agenti… Deməli, məntiqlə 20 Yanvarın törədilməsində Amerikanın əli var. Amma biz 20 Yanvarda küçələrə çıxmamalı idik. Onsuz da azad olacaqdıq. Baxın, Ukrayna, Belarus, Türkmənistan, Özbəkistan, Tacikistana və s. də müstəqillik verildi. Onlar küçələrə çıxmadılar, xalqı boş-boşuna tankların qarşısına vermədilər. Ancaq Azərbaycanda Kremlin yaratdığı Xalq Cəbhəsini ortaya atdılar ki, SSRİ-ni saxlamaq istəyən qüvvələrin intiqamını Azərbaycan xalqından alsın.”
20 Yanvarda Moskvanı yox, Amerikanı günahlandırmaqla Cəfərli hazırkı Amerika-Rusiya münasibətlərinin gərginliyi fonunda Rusiya ağalarına ən yaxşı xidmət etdiyini düşünə bilər, amma bilməlidir ki, məhz 20 Yanvar Bakı, 9 aprel Tbilisi, sonra Vilnüs və neçə-neçə qətliamlar, mübarizələr olmasaydı, SSRİ dağılmazdı, dediyin, Türkmənistan da azad olmazdı. On il əvvəl niyə dağılmırdı, çünki 20 Yanvarlar olmurdu. Xalq Cəbhəsini də Kreml yartmışdı ki, SSRİ –ni dağıtsın?Absurd olar, amma bu qədər də yox. Bütün milli-azadlıq hərəkatınını üstündən xətt çəkmək, azadlıq uğrunda şəhid olanlarımıza qarşı ən böyük sayqısızlıq kimi dəyərləndirilməlidir.
T.Cəfərlinin dediklərini sitat gətirməkdə məcburam ki, oxuyanlar bilsinlər ki, Azərbaycana düşmənçiliyin buynuzu olmur. Diqqət edin:
“Xocalı faciəsinin səbəbi də ölkə daxilində hakimiyyət uğrunda mübarizə idi. Müxalifətin ölkə idarəçiliyini heçə endirməsindən bəhrələnən ermənilər başsız qalmış 366-ci sovet alayını Xocalıya soxdular. Müxalifət erməniləri kənarda qoyub, Bakıda B.Yeltsinin tapşırığı ilə dövlət çevrilişi etdilər ki, Azərbaycanın payına düşən ümumittifaq sərvətini xalqımızın əlindən alsınlar… Bundan sonra Şuşa, Laçın, demək olar ki, müqavimətsiz boşaldıldı. Başda kimlər idi günahkar, xalqımız çox yaxşı bilir. Hakimiyyətə gələn AXC Qarabağda ermənilərə qarşı vuruşan əfqanıstanlı, pakistanlı və Cənubi azərbaycanlı döyüşçüləri bu bölgədən çıxardılar, İranı Azərbaycana düşmən etdilər. Dərinə getsək, Qarabağı ermənilərə özümüzün hakimiyyət aşiqləri verib, çünki Qarabağ, Şuşa, Laçın, Kəlbəcər işğal olunanda orada artıq rus qoşunları yox idi..”
Erməniyə, erməni işğalçılığına, Xocalı soyqırımında düşmənə bəraət verməyin, “Qarabağı ermənilərə özümüzün hakimiyyət aşiqləri verib” deyən adamın mövqeyi kimin mövqeyi ilə üst-üstə düşür? Əlbəttə erməninin! Bu bütöv bir milləti satqınlıqda ittiham etməkdir. İranın tarixən Azərbaycana hansı mövqedə olduğunu hamı bilir. Cəmi 11 aylıq hakimiyyətində Xalq Cəbhəsimi İranı bizə düşmən edib? Bəs bu gün Ermənistana ən böyük yardımlar edən, Qarabağı ermənilərlə bir yerdə talan edən İranı kim düşmən edib? Necə yəni , Şuşa, Kəlbəcər, Laçın işğal olunanda rus qoşunları yox idi. Bədbəxt adam bilmir ki, Rusiya qoşunları hələ də Ermənistandadır.
Mən T.Cəfərlinin müsahibəsinin yalnız ikinci hissəsinə cavab yazdım və Azərbaycanın uzaq və yaxın keçmişini, bu gününü təhrif və tənqid edən, söyən, xəyanət edən (dəqiq bilmirəm, bəlkə Azərbaycan vətəndaşı deyil) birinə başqa cavablar da olacağına inanıram. Bu mövqedə olan və gizlənən xeyli insanlar var. Bu adamlar ölkənin müstəqilliyinə böyük təhlükədirlər.
İlham İsmayıl
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar