BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində G20 liderlərinə müraciət edib.
Manevr.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində Parlamentlərarası İttifaq (IPU) və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən birgə təşkil olunan Parlament görüşündə deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.
O, iqlim dəyişikliyinin yaratdığı qlobal böhranın həlli istiqamətində təcili və daha təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
"Gələn həftə Rio-de-Janeyroda keçiriləcək G20 Zirvəsi önəmli bir mesaj üçün fürsətdir. İqlim böhranı dünyanın ən böyük iqtisadiyyatlarının əsas gündəlik məsələsi olmalıdır. Əks halda, bu böhran bütün ölkələrə dərin iqtisadi və sosial təsir göstərəcək", - deyə Saymon Stil bildirib.
BMT rəsmisi deyib ki, Bakıda keçirilən COP29 çərçivəsində yeni iqlim maliyyəsi hədəfi üzərində danışıqlar davam edir.
"COP-da hamı məsuliyyətin böyüklüyünü anlayır. Gecə-gündüz işlər gedir", - deyə o qeyd edib.
G20-nin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayan S.Stil liderləri daha çox qrant və güzəştli maliyyənin ayrılmasına, çoxşaxəli inkişaf banklarının islahatlarının sürətləndirilməsinə və borc yüklərinin yüngülləşdirilməsinə çağırıb. O qeyd edib ki, həssas ölkələr borc ödəmə yükündən azad olmadan daha cəsarətli iqlim tədbirləri həyata keçirə bilməz.
"Bu qeyri-sabit dövrdə beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olmaq üçün yeganə şansıdır. G20 liderləri birmənalı mesaj verməlidirlər ki, birlikdə işləməkdən başqa çıxış yolu yoxdur", - deyə Saymon Stil əlavə edib.
Qeyd edək ki, G20 liderlərinin Rio-de-Janeyroda keçiriləcək sammiti noyabrın 18-19-da baş tutacaq.
Əlavə edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar