Xəbər lenti
Azərbaycanın bu hissəsində yaşamaq təhlükəlidir -Rəsmi
Keyrəki palçıq vulkanı ətrafındakı tikililər sökülməlidir. Orada yaşamaq təhlükəlidir.
Manevr.az bildirir ki, bunu lent.az-a açıqlamasında ETSN-nin Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.
C. Paşayev bildirib ki, Keyrəki palçıq vulkanı ərazisinin 31,35 hektarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir: “Azərbaycanda 400-ə yaxın palçıq vulkanı var, 43-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. Keyrəki vulkanı 2011-ci ilin sentyabr ayında bizim qoruğun tabeliyinə verilib. Oradakı yaşayış evlərinin əksəriyyəti 2011-ci ilə qədər tikilənlərdir və ətrafdakı yaşayış məskəni ilə bağlı məsələ hər zaman aktual olaraq qalır. Nazirliyə məxsus olan 31,35 hektar ərazidə bir dənə də olsun kənar tikili yoxdur. Bizə məxsus olan ərazidə 20-yə qədər “Palçıq vulkanı təhlükəlidir!”, “Əraziyə zibil atmaq qadağandır!”, “Əraziyə giriş qadağandır!” kimi xəbərdarlıq lövhələri yerləşdirilib. Vulkanın dörd tərəfində 500-700 metr xəndək qazmışıq.
Bundan başqa da bizim əməkdaşlar mütəmadi olaraq orada yaşayan insanlar arasında maarifləndirmə işləri aparır. Hər həftə əhali ilə görüş keçirilir və onlara bildirilir ki, yaşadıqları ərazi təhlükəlidir. Bizdən tələb edilən insanları daimi olaraq təhlükə ilə bağlı məlumatlandırmaqdır”.
C.Paşayev qeyd edib ki, həmin ərazi ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılıb və bəzi tədbirlər görülməsi istənilib: “Qeyd etdiyimiz ərazinin vəziyyəti ilə bağlı 2011-ci ildən bu yana müvafiq qurumları məlumatlandırmışıq və bildirmişik ki, ərazidə olan neqativ halları aradan götürmək üçün müəyyən tədbirlər görülməlidir. Mən özüm bilavasitə bu işlə məşğulam və orada yaşamağın təhlükəli olduğunu da bilirəm.
Vulkan ərazisi bizim qoruğa verildikdən sonra şəxsən özüm vulkana ən yaxın evlərlə bağlı aidiyyatı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarı ilə 3 vaqon tipli evi köçürtmüşük və bir ev də sökülüb. Yerdə qalan evlərlə bağlı və ərazidə vəziyyətin stabil saxlanması üçün tədbirlər görülsün deyə aidiyyatı qurumlara müraciət etmişəm.
Ən azından həmin yaşayış massivinin genişləndirilməsinin qarşısı alınsın. Ərazidə 5 yaşayış evi varsa, sayının artmasına, yeni evlərin tikilməsinə qarşı çıxmaq lazımdır. Sakinin bir mərtəbə evi varsa, onun ikinci mərtəbəsini qaldırmasına, 5 kvadrat ərazisini 15 kvadrat etməsinə icazə vermək olmaz. Bu, bizim səlahiyyətimizdə olmadığından müdaxilə edə bilmirik. Ancaq hansısa vətəndaş gəlib bizə məxsus olan 31,35 hektar ərazidə ev tikmək istəsə, o zaman mən onu cərimə edə, üstəlik evini sökdürə bilərəm. Qətiyyən imkan vermərəm ki, bizə aid olan ərazidə hansısa tikinti işi aparsın. Mümkün deyil, çox təhlükəlidir. Bizim ərazidən kənar yerlərdə ev tikilən zaman sadəcə o insana məsləhət verə bilərik ki, bu ərazi təhlükəlidir. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm ki, burda belə qanunsuzluq olur”.
ETSN əməkdaşı xüsusi vurğulayıb ki, palçıq vulkanlarının yaxınlığında yaşayış məskəni salmaq olmaz: “Palçıq vulkanlarının yaxınlığında nə yaşayış məskənləri, nə də sənaye-istehsalat fabrikləri salına bilər. Hətta orda kommunikasiya xətləri də çəkmək doğru deyil. Qaz xətləri, neft kəmərləri çəkmək qadağandır. Vulkan püskürməsi tektonik prosesdir və vulkanın nə zaman püskürəcəyini təxmin etmək mümkün deyil. ETSN-nin mövqeyi bu məsələdə birmənalıdır və palçıq vulkanlarının yaxınlığında ev tikərkən ən azından 1 km məsafəni gözləmək lazımdır”.
C.Paşayev əlavə edib ki, həmin ərazidə məskunlaşan sakinlər imkan daxilində ordan köçsələr, yaxşı olar: “Ora təhlükəli yerdir. Bizim əməkdaşlar hər dəfə xəbərdarlıq edir ki, təhlükəlidir. Son püskürmə zəif olmuşdu, heç bir evə ziyan dəyməmişdi. Hazırda vulkan ərazisində əlavə axıntı olmayıb, heç bir aktivlik müşahidə olunmayıb, durum sabitdir. Püskürmə zamanı ətrafa yayılan tullantıların 70-80%-i artıq quruyub. Ancaq imkan daxilində ordan köçmək daha yaxşı olardı. Bundan başqa, vulkan olan ərazilərdə yaşayanlar bəzi qaydalara də əməl etməlidir. Vulkanı zibilləmək, tapdalamaq, vulkanın yaratdığı formaları dağıtmaq olmaz”.
Xatırladaq ki, bir neçə gün əvvəl Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşən Keyrəki palçıq vulkanı püskürmüşdü. Keyrəki Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. İlk dəfə vulkan 1824-cü ildə, indiyədək isə cəmi 17 dəfə püskürüb. Ən böyük püskürmə isə 1952-ci ildə baş verib. Püskürmə həmin vaxt 30 hektar ərazini əhatə edib. Yeni minilliyin başlanması Keyrəki vulkanının aktivləşməsi ilə də yadda qalıb. 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verib. Püskürmə müəyyən fasilələrlə 2 saat davam edib.
Rəsmi informasiyada deyildiyi kimi, vulkanın püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metrdir.
Püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar