Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Serbiyalı nümayəndələr əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Serbiya respublikalarının Dövlət himnləri səsləndirilib. Cənab B.Qaşiç protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
General-polkovnik Z.Həsənov cənab B.Qaşiçi 2024-cü ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Cənab B.Qaşiç isə öz növbəsində ölkəmizə rəsmi səfərindən məmnunluq ifadə edib. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Serbiyanın müdafiə naziri Vətən müharibəsində əldə edilmiş Qələbə münasibətilə azərbaycanlı həmkarını təbrik edib. Azərbaycan ilə Serbiya arasında bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını xüsusi vurğulayıb.
Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.